Həmrəylik, məsuliyyət
və nizam-intizam
Azərbaycan yalnız regionda deyil, dünyada koronavirusa
qarşı zamanında qabaqlayıcı tədbirlər
görən azsaylı dövlətlərdən biridir
Koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlər mütəşəkkil, məqsədyönlü xarakter daşıyır. Demək olar ki, bütün sahələrdə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində intensiv işlər görülməkdədir.
Nazirlər Kabineti yanında Operativ qərargahın elan etdiyi xüsusi rejim və tətbiq olunan sosial izolyasiya tədbirləri virusun ölkədə yayılma ehtimalının qarşısını almağa xidmət edir. Yəni hökumətin vaxtında atdığı uğurlu addımlar, Prezident İlham Əliyevin verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparmaqdadır.
Bu gün pandemiya dövründə dünyanın mənzərəsinə nəzər yetirsək görərik ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə dövlət əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir.
Aprelin 20-dək ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.
Pandemiyanın fəsadlarından az itki ilə çıxmaq üçün dövlət əlindən gələni əsirgəmir. Prezident İlham Əliyev də xalqa müraciətində bildirmişdir ki, məhz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, hər kəs üçün dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdür: insan həyatını, sağlamlığını qorumaq və xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməmək. Bu günə qədər görülmüş bütün tədbirlər isə öz səmərəsini verir. Görülən işlərə nəzər yetirsək, çox maraqlı duruma şahidlik etmiş olarıq.
İlk olaraq xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük irəliləyişlər əldə edildi. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insan məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar eyni zamanda Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu hotellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir.
Bütün regionlarda sərhəd-keçid məntəqələrində yüksək səviyyəli karantin yerləri yaradılıb. Oradakı şərait də qənaətbəxşdir. Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olur.
Bu gün ölkədə 3000-dən çox müayinə aparılıb və bununla da 57 mindən çox test icra olunub. Hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar.
Dövlət başçısının sərəncamı ilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına da start verilib. Bu məqsədlə dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrılıb.
Müxtəlif qeyri-hökumət təşkilatları, dövlət qurumları həssas təbəqədən olan ailələr üçün sosial izolyasiya tədbirləri haqqında məlumatlandırma aksiyasını keçirir. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarla tətbiq olunan preventiv və müdafiə xarakterli sosial izolyasiya tədbirlərinin mahiyyəti və yerinə yetirilməsinin vacibliyi insanlara izah olunur.
Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun azadlığa buraxılması da həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.
Əlavə edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar.
Ancaq pandemiyanın qarşısının alınması ilə bağlı ciddi tədbirlər görən Prezident İlham Əliyev ölkəmizdə maska qıtlığının aradan qaldırılması ilə bağlı məsələni də həll etdi. Dövlət başçısının tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu və Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni tibbi avadanlıqlar və maska istehsal edən müəssisə açıldı.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha ölkə əhalisinə müraciət edərək pandemiyadan az itkilərlə çıxmaq üçün karantin rejiminə əməl etməyə çağırdı.
Dövlət başçısı bəyan etdi ki, vətəndaşlar indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq nizam-intizam nümayiş etdirməlidirlər. Belə olarsa, Azərbaycan pandemiyaya qalib gələ biləcək: "Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə, onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.
Bir
sözlə, Azərbaycanda pandemiyanın qarşısının
alınmasına əsaslanan yanaşmalar Ümumdünya Səhiyyə
Təşkilatının standartlarına
uyğunlaşdırılıb, dövlət
başçısının göstərişlərinə
uyğun olaraq təxirəsalınmaz tədbirlər davam
etdirilir, preventiv və effektiv tibbi xidmətlərin təşkili
işi gücləndirilməkdədir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 16 aprel.- S.4.