Vətənpərvərlik və
şəhidlik zirvəsi
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən "Azərbaycan naminə” adlı esse yazı müsabiqəsində 1-ci yerə layiq görülən yazını sizlərə təqdim edirik.
Bu yazıya başlarkən çoxlu suallar qarşıma çıxdı. Vətən nədir? Yurd nədir? Haradan, nədən, kimdən başlanır Vətən?
Qəlbimdən gələn sözlər sətirlərə düzüldü.
Vətən məndən, səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən, döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz-gözümüzün əzildiyi çınqıl daşından başlanır. Vətən kollarından böyürtkən yığıb yediyimiz, bənövşələri dərib sinəmizə taxdığımız, çaylarında, göllərində uşaq kimi oynadığımız, qarğı atımızı çapdığımız, ağaclarının budaqlarından sallandığımız ormanından başlanır.
Vətən əvvəlcə evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda Vətənimiz dediyimiz andan başlanır. O an ki, torpaq qoynunda böyütdüyü övladının qanı ilə - şəhid qanı ilə suvarılır. Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid qanının laləliyə çevirdiyi Lələtəpədə üçrəngli bayrağın sancıldığı yerdən başlanır. Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün Vətən şəhid xanımının dilindən süzülən "Vətənim sənsən” kəlməsindən başlanır. O kəlmə ki, bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək. O kəlmə ki, çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə dözərək qəlbindəki ağrıları ovudacaq.
Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” demişlər babalarımız. Torpağı qoruyarsan, əzizləyərsən, uğrunda fədakarlığa hazır olarsan, Vətən olar.
Bu yurdun uğrunda, bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki... Şah babamızın miras qoyduğu Azərbaycan üçün necə canlar şəhid oldular. Raquflar, Asiflər, Şirinlər, Yaqublar, Pəncəlilər, Rasimlər, Ramizlər, Canpoladlar, Əbdülməcidlər, Müşfiqlər, Ziyalar, Muradlar, Samidlər, Təbrizlər daha kimlər, kimlər... Necə hərbçilər, komandirlər, oğullar, atalar, həyat yoldaşları... Hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidlər... Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər... Körpə balalarının gözündəki sevinci əbədi dondurub "Vətən sağ olsun” deyərək torpağın bağrına köçənlər...
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Ölməzliyi düşünmək boşuna bir əməkdir,
Qəhrəmanlıq, vuruşub, bir daha dönməməkdir!
Onlar vuruşub dönməməyi seçdilər. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər. Şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər.
Bəlkə də, borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil, bir
də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın
artsın.
Şəhidlər tapdaladığımız bu
qara torpağın müqəddəs olduğunu
bizə anlatdılar. Şəhidlər düşmən əlində
inləyən elin, obanın bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Şəhid komandir
anasının əsirlikdə
olan qəbrini ziyarət etməklə ana sevgisinin ucalığını bizə
göstərdi. Ana olan yerdə ölümü də gözə almağın mümkün olduğunu bildirdi. Şəhidlər bizə ölümdən
sonra da həyatın var olduğunu, yaşamağın
mümkünlüyünü göstərdilər. Sanki bizə dedilər:
Basdığın yerləri "torpaq”
deyərək keçmə,
tanı,
Düşün altındakı minlərcə
kəfənsiz yatanı.
Ey vətənimin mərd oğulları! Ey cənnət qoxulu şəhidim! Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı?
Unutsaq, nələri unudaq gərək...
Keçmişimizi - Zəngəzuru, Borçalını,
20 Yanvarı, Qarakənd
faciəsini, Xocalını,
Şuşanı, Laçını,
Kəlbəcəri, Ağdamı,
Zəngilanı, Qubadlını,
Cəbrayılı, Xankəndini,
2016-nın aprelini unudaq
gərək.
Haray çəkib gücüm
yetdiyi qədər bağırmaq istəyirəm,
duymayanlara eşitdirmək
istəyirəm: "Axı
mənim bütöv Vətənim vardı?! Parçalanmayan, hissə-hissə qoparılmayan məmləkətim
vardı?! "Səndən qeyri biz hər şeyi bölə bilirik, səndən qeyri biz hamımız ölə bilirik - dediyimiz Azərbaycanımız, Qarabağımız
vardı!”
Həyatına didərginlik yazılmış
analarımızın laylası
qulaqlarımda cingildəyir,
sanki Qarabağa ağı deyir: Bir zamanlar musiqi
beşiyi, gözəllər
diyarı, mərd igidlər oylağı Qarabağım oy...
Bir vaxtlar haqqında "Külli Qarabağın abi-həyatı, nərmə-nazik
bayatıdır, bayatı”
deyilən yurdum oy...
Düşmən əlində əsir
qalan, nalə çəkən elim oy...
Övladları pərən-pərən, uğuruna canını qurban verən Raqufum, Şirinim, Asifim, Muradım, Qabilim, Vaqifim, Mehmanım oy, oy...
Yox... Yox... Ağlama şəhid anası! Ağlama şəhid yadigarı! Bizə ağlamaq, unutmaq
yaraşmaz. Bizim "bu
gün gərək hər anımız Vətən desin”. Vətən desin ki, onu qoruyaq,
uğrunda fədakarlığa
hazır olaq. Düşmən sevinməsin ki,
Qarabağımızı əsir
alıb. Gec-tez biz Qarabağda
üçrəngli bayrağımızı
sancacağıq. Məhz bu
inam bizi yaşadır, yeni işlər görməyə
vadar edir.
Əgər bu gün Qarabağın
əlimizdə olan kiçik bir kəndində Şuşanın
saflığını, təmizliyini
əks etdirən səslər - Qarabağ bülbülləri yetişirsə,
demək ki, yol yaxındır. Tezliklə o bülbüllər
Cıdır düzündə,
Topxana meşəsində
cəh-cəh vuracaqlar.
Əgər şəhid anası əlinə silah alıb, "mən də döyüşə
hazıram” deyirsə,
bu millətin qarşısında kimsə
dura bilməz. Aprel döyüşlərində
ordumuzun ən adlı-sanlı komandirləri
öndə getmişdisə,
əsgərlərini qorumaq
üçün özünü
qurban verən, əsgərini övladı
kimi sevən komandirlərimiz vardırsa,
düşmən qorxsa
yaxşıdır. Əgər bu
gün şəhid komandirin kiçik yaşlı oğlu yaralı oyuncaq əsgərini sağaltmaq
üçün çalışırsa,
deməli, bu millətin qəlbinin sevgisi, mərhəməti
tükənməzdir. Əgər bu gün dövlət
başçımız siyasi
arenada mənfur erməniləri cavabı ilə çıxılmaz
duruma salırsa, deməli, biz Varıq, yenilməzik. Biz gənclər dövlətimizlə
bir olmalı, "Hər şey Vətən üçün”
deməli, gücümüzü
göstərməliyik.
Ona görə də:
Sən ey mənim mərd
xalqım!
Qalx, qalx, qoy yer
titrəsin məhvərindən!
Rəşad ƏHMƏDOV,
Bakı Ali Neft Məktəbinin
Kimya Mühəndisliyi
fakültəsinin III kurs
tələbəsi
Azərbaycan.-2020.-
16 aprel.- S.7.