Heydər Əliyev Fondundan
koronavirusla mübarizəyə dəstək
"REACT-C19 layihəsi fondun hər
zaman səhiyyəmizlə birgə olduğunu bir daha sübut
edir”
2020-ci il başlayandan dünyanın demək olar ki, əsas müzakirə mövzusu koronavirusdur. Bir neçə aydır ki, bütün bəşəriyyət gözəgörünməz bu kiçik virusla mübarizəyə atılıb.
İndi bütün ölkələr, bütün insanlar qlobal pandemiyaya qarşı savaş açıb. Amma təəssüf ki, hələ də bu savaşda COVID-19 adlı bəla irəlidədir.
Hazırda dünyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatıb.
Planetin 2 083 607 sakini bu infeksiyanın daşıyıcısıdır. 510 666 nəfər isə xəstəlikdən sağalıb.
COVID-19-un ayrı-ayrı ölkələr üzrə yayılması
statistikasına nəzər yetirək.
ABŞ
birinciliyi saxlayır
ABŞ koronavirusa yoluxanların və ölənlərin
sayına görə dünyada birinci yerdə qalmaqda davam edir. Ölkə az
qala pandemiyanın əsarəti altındadır. Burada virusa yoluxanların sayı 637 716 nəfər təşkil
edir. Ölənlərin sayı isə 31
minə yaxınlaşır. Ölüm
hallarından 10 899-u Nyu Yorkda qeydə alınıb. Bu şəhərdə koronavirusdan ölən polis əməkdaşlarının
sayı 27 nəfərə çatıb.
Çində koronavirusa 46 yeni yoluxma halı qeydə
alınıb.
Son sutka ərzində ölən olmayıb, 76 nəfər
sağalıb. Ölkədə koronavirusa yoluxanların
94,5 faizi sağalıb. Ümumilikdə,
yoluxma hallarının sayı 82,3 mini
ötüb, 3,3 mindən artıq insan ölüb.
Fransada
COVID-19 ötən sutka ərzində 1,4
mindən artıq insanın canını alıb. Aprelin 15-i axşam saatları üçün
ölkədə 106 206 təsdiqlənmiş koronavirusa yoluxma
halı var. Ölənlərin sayı isə 17 167 nəfər
təşkil edir.
İtaliyada koronavirusa yoluxanların ümumi sayı 165
min nəfərdən çoxdur. Ötən sutka ərzində
578 nəfər infeksiyanın qurbanı olub. Bununla ölənlərin sayı 21 645 nəfərə
çatıb. Sağalanların sayı
962 nəfər artaraq 38 min nəfəri ötüb.
İranda daha 92 nəfər koronavirusun qurbanı olub. İnfeksiyadan
ölənlərin ümumi sayı 4869-a çatıb. Daha 1606 nəfərdə koronavirus aşkarlanıb və
bununla da infeksiya daşıyıcılarının sayı
77995 nəfərə yüksəlib. 52229
nəfər sağalaraq xəstəxanalardan buraxılıb.
Almaniyada son bir gündə 2866 nəfər koronavirusa
yoluxub. Beləliklə, ölkədə qeydə alınan
koronavirus hallarının sayı 130450 nəfərə
çatıb. Ölənlərin sayı
daha 315 nəfər artaraq 3569-ə yüksəlib.
İsraildə son sutkada koronavirusdan daha 14 nəfər
ölüb, 391 nəfər COVID-19-a yoluxub. Bununla da
yoluxanların sayı 12591-ə çatıb. İsraildə koronavirusdan ümumilikdə 140 nəfər
ölüb.
Türkiyədə son 24 saat ərzində daha 115 nəfər
yeni növ koronavirusdan dünyasını dəyişib. Qardaş
ölkədə virus qurbanlarının sayı 1518 nəfərə
çatıb. Yoluxanların ümumi
sayı 69392 nəfərdir. Sağalanlar
5674 nəfərdir.
Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti
dəfə rekord vurub. Ölkədə son sutka ərzində
3448 nəfər koronavirusa yoluxub, daha 34 nəfər virusdan həyatını
itirib. Bu günə qədər Rusiyada
27938 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı
isə 232 nəfərə çatıb. Ümumilikdə
2304 nəfər sağalıb, 25402 nəfərin müalicəsi
davam edir.
Ukraynada daha 8 nəfər koronavirusun qurbanı olub və
ölənlərin sayı 116-ya yüksəlib. Ölkədə
qeydə alınan koronavirus hallarının sayı 397 nəfər
artaraq 4161-ə çatıb. Sağalanların
sayı isə 186-dır.
Özbəkistanda daha 47 nəfərdə koronavirus
aşkarlanaraq yoluxma hallarının sayı 1349-a
çatıb.
4 nəfər virusun qurbanı olub.
Qırğızıstanda son sutkada 17 nəfərə
koronavirus diaqnozu qoyulub. Hazırda ölkədə qeydə
alınmış yoluxma hallarının sayı 466-ya
çatıb. Koronavirusa yoluxmuş həkimlərin
sayı isə 104-ə yüksəlib.
Qazaxıstanda koronavirus qurbanlarının sayı 17 nəfərə
çatıb.
Ölkədə indiyədək qeydə
alınmış yoluxma hallarının sayı 1341 nəfərdir.
Ermənistanda koronavirusa yoluxanların sayı 1159, ölənlərin
sayı 18-dir. 358 nəfər sağalaraq xəstəxanadan evə
buraxılıb.
Gürcüstanda koronavirusa yoluxanların sayı son 24
saat ərzində 30 nəfər artaraq 336 nəfər olub. Hazırda karantində 5000 nəfər,
stasionarda isə 494 nəfər var. Bu günədək
ölkədə koronavirusa yoluxmuş 74 nəfər
sağalıb, 3 nəfər isə dünyasını dəyişib.
Azərbaycanda
sağalma faizi yüksəkdir
Azərbaycanda aprelin 14-nə kimi təsdiq edilən
yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə
görə sayı məlum olub. TƏBİB-in İdarə Heyətinin
sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın
keçirdiyi mətbuat konfransında deyib ki, indiyədək
Azərbaycanda koronavirusa ən çox yoluxma faktı 50-59
yaşları arasında rast gəlinib. Belə
ki, bu yaş qrupunda 248 nəfər koronavirusa yoluxub. Bundan əlavə, ikinci ən çox yoluxma halı
30-39 yaşları arasında qeydə alınıb - 214 nəfər.
Doqquz yaşadək uşaqlar arasında 66, 10-19 yaşları
arasında 60, 20-29 yaşları arasında 175, 40-49
yaşları arasında 198, 60-69 yaşları arasında 157,
70-79 yaşları arasında 56, 80 yaş və ondan yuxarı
isə 23 nəfərdə yoluxma qeydə alınıb. Ölkədə virusa yoluxanlardan 640 nəfəri qadın,
557 nəfəri isə kişidir. Ümumilikdə,
indiyədək ölkəmizdə koronavirus
infeksiyasının müəyyənləşdirilməsi məqsədi
ilə 75 min 397 test icra olunub.
R.Bayramlı bildirib ki, hazırda Azərbaycanda koronavirusa
yoluxmuş 836 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda
davam etdirilir.
Həmin şəxslərdən 17 nəfər
reanimasiyadadır, onların da 6-sı süni nəfəs
aparatına qoşulub.
Sədrin sözlərinə görə, Azərbaycanda
görülən tədbirlər və tibb işçilərinin
fədakarlığı nəticəsində sağalma faizi
bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Belə ki, hazırda Azərbaycanda
koronavirusdan sağalma 25 faiz təşkil edir: "Lakin
sağalmış şəxslərin yenidən koronavirusa
yoluxması da mümkündür. Sadəcə
onlar xəstəliyi yüngül keçirə bilərlər.
Ona görə də heç kəsin
arxayınlaşmaması lazımdır”.
COVID-19-a
qarşı REACT-C19 layihəsi
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü,
Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, TƏBİB və Səhiyyə
Nazirliyinin dəstəyi ilə ölkəmizdəki xəstəxanalarda
COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar
olaraq əsas bacarıqları gücləndirmək
üçün REACT-C19 layihəsinə start verilir. Layihədə
Türkiyədə çalışan 19 azərbaycanlı həkim
iştirak edəcək. Layihənin məqsədi
hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicə
edilməsi üçün bölgələrdəki
seçilmiş xəstəxanalarda virusla bağlı əsas
bacarıqları sürətlə inkişaf etdirməkdir.
Layihə
çərçivəsində bölgələrdə yerləşən
xəstəxanalarda çeşidləmə "triaj”
sisteminin tətbiqi, infeksiyaların qarşısının
alınması və nəzarət, xəstəlik
hallarının idarə olunması, reanimasiya sistemlərinin
qurulması, xəstəxanalardakı heyətə lazımi
sistemlərin yaradılması və uzunmüddətli
saxlanılması ilə bağlı sürətli təlimlər
keçmək, bu xəstəxanalarda yeni təlim
keçmiş kadrları dəstəkləmək
üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar
yaratmaq nəzərdə tutulur.
Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən
formalaşdırılmış dörd heyətin hər
birində infeksiyanın qarşısının
alınması və nəzarət, triaj, yoluxma
hallarının idarə olunması və Ağır Kəskin
Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər
təmsil olunur. Bu həkimlər Bakıda fəaliyyət göstərən
4 tibb müəssisəsində - "Yeni klinika”, Mərkəzi
Neftçilər Xəstəxanası, Azərbaycan Tibb
Universitetinin Tədris Terapevtik və Cərrahiyyə
klinikalarında, eləcə də bölgələrdə
karantin üçün ayrılan xəstəxanalarda fəaliyyət
göstərəcəklər.
Qeyd edək ki, bu mütəxəssislər Türkiyənin
seçilmiş universitetlərində təlimlər
keçib, sözügedən sahələr üzrə
praktiki təcrübələr əldə edib və
müvafiq təlimat alıblar. Bununla yanaşı,
onlar dəyişikliklərin idarə olunması və streslə
mübarizə ilə bağlı biliklərə də yiyələniblər.
Xəstəxana hazırlıq heyətləri
seçilmiş xəstəxanaların direktorları və
baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada
2 həftə ərzində təlim keçəcəklər. Hər komanda
növbəti xəstəxanada fəaliyyətə
başlamazdan öncə cari xəstəxanadakı heyətə
sistemi idarəetmə məsuliyyətini təhvil verəcək.
Layihə çərçivəsində tibb
işçiləri üçün onlayn platforma da istifadəyə
veriləcək və bu platforma vasitəsilə onlar təlimlər
və təqdimatlar, mentorlardan video dərslər və
statistik məlumatlar əldə edə biləcəklər.
"Heydər
Əliyev Fondu hər bir vətəndaşa lazımi yardım
göstərməyə hazırdır”
"Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın tapşırığı ilə
Ümumdünya Səhiyyə Təşkilatı ilə
sıx əməkdaşlıq edirik. Koronavirus epidemiyası
ilə mübarizənin ilk günlərindən TƏBİB və
Səhiyyə Nazirliyinə dəstək göstərməyə
başlamışıq”.
Bunu REACT-C19 layihəsinin təqdimatında Heydər
Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri,
millət vəkili Soltan Məmmədov bildirib. O bildirib ki, bu istiqamətdə
ölkədə laboratoriya sisteminin gücləndirilməsi
üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində
Almaniya istehsalı olan 4, Sumqayıt və Şəki şəhərlərində
2 tam avtomat laboratoriya qurularaq istifadəyə verilib. Yüksək
keyfiyyətli müayinələrin aparılması
üçün Almaniya və İngiltərə istehsalı
olan test kitləri ilə təmin edilib. Xəstəxanalarda
çalışan tibb personalının təhlükəsizliyini
təmin etmək məqsədi ilə maska, tibbi geyim, eynək,
əlcək və digər qoruyucu vasitələr
alınıb. Tibb müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi üçün
süni nəfəs aparatları, tibbi monitorlar və
hemofiltrasiya cihazları təmin olunub: "Fondun Prezidenti
Mehriban xanımın tapşırığı ilə beynəlxalq
təşkilatlarla əməkdaşlıq çərçivəsində
əhalinin maarifləndirilməsi üçün birgə
kommunikasiya planı hazırlanıb və bu istiqamətdə
mətbuat, ictimaiyyət və dövlət qurumları ilə
əlaqələndirici iş aparılır. Koronavirusla
mübarizədə həkimlərimizə dəstək məqsədi
ilə digər ölkələrlə təcrübə
mübadiləsi üçün virtual təlimlərin təşkili
və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı
ilə birgə 3 ay müddətində bizim həkimlərlə
birgə çalışacaq 20 nəfərdən ibarət
müxtəlif ixtisaslı mütəxəssislərdən
ibarət qrupun Azərbaycana səfərinin təşkil
olunmasına dəstək vermişik”.
S. Məmmədov
Heydər Əliyev Fondu tərəfindən ölkədə
uğurla həyata keçirilən sosial siyasətə dəstək
olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi
də göstərildiyini əlavə edib: "Ölkədə
fəaliyyət göstərən uşaq evləri, körpələr
evi, internat məktəbləri, qocalar evi, sağlamlıq
imkanları məhdud uşaqlar üçün sosial xidmət
müəssisələrində tələb olunan profilaktik tədbirlər
görülüb, lazımi qoruyucu vasitələr təmin
olunub”.
Deputatın sözlərinə görə, Heydər
Əliyev Fondu öz sosial missiyası çərçivəsində
hər zaman ölkədə səhiyyənin inkişafına
dəstək göstərib. Səhiyyə sahəsində illər
boyu qazanılan təcrübə və beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində əldə
edilən uğurlar bu mübarizədə səhiyyəmizə
lazım olan dəstəyi göstərməyə imkan
yaradır: "Fondun rəhbərliyinin dəstəyi ilə
biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq
edirik. Bu gün başlanmasını elan etdiyimiz
bu layihə Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə
birgə olduğunu bir daha sübut edir. Fondumuz
bu çətin günlərdə 24 saat ərzində
bütün səhiyyəmizə və hər bir vətəndaşımıza
lazımi yardım göstərməyə hazırdır”.
22 859 hərəkət
iştirakçısı inzibati məsuliyyətə cəlb
edilib
Dövlət koronavirusun Azərbaycanda geniş vüsət
almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini
azaltmaq, vətəndaşının
sağlamlığını qorumaq üçün lazımi
tədbirlər həyata keçirsə də, bəzi vətəndaşlar
hələ də qaydalara riayət etmirlər. Nəticədə
xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz
davranış sərgiləyən, həmçinin icazə
sistemindən sui-istifadə edən şəxslər müəyyən
olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər
davam etdirilir.
COVID-19
infeksiyasının yayılmasının
qarşısının alınması məqsədi ilə tətbiq
edilən xüsusi karantin rejiminin pozulmasına görə,
15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət
ərzində respublikanın avtomobil yollarında nəqliyyat
vasitələri ilə hərəkətdə olan 2923 nəfər
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb
edilib.
Baş
Dövlət Yol Polisi İdarəsinin məlumatına görə,
ümumilikdə 01.04.2020-ci il tarixindən
bu günədək respublikanın, o cümlədən
paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin
pozulmasına görə 22859 hərəkət
iştirakçısı inzibati məsuliyyətə cəlb
edilib.
Bundan başqa, 8103 nömrəsinə həqiqətə
uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə
rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər
sakininin futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər
Lənkəran Şəhər Polis Şöbəsinə gətirilib
və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsi ilə protokol tərtib edilərək 100
manat məbləğində cərimə olunublar.
"Karantin
tədbirlərində laqeydliyə yol verilməməlidir”
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq aprelin 12-də müsbət statistika qeydə alındığını bildirib. Həmin gün sağalma yoluxmanı üstələyib. Aprelin 14-də də müsbət nəticə əldə olunub: "Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə müsbət statistika mənfi statistikanı əvəzləyir. Bu vaxta qədər əksinə idi. Bu, o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək”.
İbrahim Məmmədovun sözlərinə görə, sabitləşmənin davam etməsi istiqamətin müsbətə doğru yönəlməsi deməkdir. Lakin karantin müddətinin yaxın vaxtlarda başa çatması və tədrisin bərpa olunması hələlik müzakirə mövzusu deyil. Məktəblərin başlanması yalnız karantin rejimindən çıxdıqdan sonra mümkündür: "Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da qeyd edib ki, karantin tədbirlərini tədricən və nəzarətdə saxlamaqla yumşaltmaq olar. Karantin rejiminin tədricən yumşaldılması növbəti uzadılmadan sonra mümkündür: "Ancaq karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır. 20 apreldən sonra karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanır. Onlar Nazirlər Kabinetinə təqdim ediləcək və qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq”.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 17 aprel.- S.1;6.