Zirvə toplantısı qlobal çağırışlara həmrəyliklə cavab verdi

 

 

Azərbaycan pandemiyanın tüğyan etdiyi çətin zamanda belə beynəlxalq fəaliyyətini davam etdirməklə bir daha sülhə, əmin-amanlığa və qardaşlığa sadiqliyini təsdiqləyir. Bütün sərhədlərin, hava və dəmir yollarının bağlandığı, əlaqələrin qırıldığı, dövlətlərin özlərinə qapandığı bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu, onu sübut edir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulmuş və çətin məqamlarda təcili toplaşaraq ümumbəşəri çağırışlara cavab vermək və bu vəziyyətdən çıxış yollarını axtarıb tapmaq gücünə qadirdir.

Azərbaycan sədr ölkə kimi dünyada təşkilatın nüfuzunun daha çox artmasına, qarşılıqlı əməkdaşlığın ən yüksək mərhələyə çatdırılmasına çalışır. Burada onu da əlavə etmək lazımdır ki, Bakı son illər beynəlxalq əhəmiyyətli tədbirlərə, forumlara, konfranslara, supergüclərin diplomatik danışıqlarına evsahibliyi edən şəhər kimi artıq Şərqin Cenevrəsi titulunu qazanmışdır. Sonuncu Zirvə görüşünə 7 dövlət başçısının və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun qatılması da tədbirin beynəlxalq əhəmiyyətinin vacibliyini büruzə verir. Prezident İlham Əliyev Türk Şurasının Zirvə toplantısının dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir olduğunu qeyd etmişonu nümunəvi həmrəyliyin növbəti bariz təzahürü kimi dəyərləndirmişdir.

Dövlət başçısı koronavirus pandemiyasının qlobal təhlükə kimi qlobal cavablar tələb etdiyini diqqətə çatdırmış və həmkarları ilə Azərbaycan təcrübəsini bölüşmüşdür.

Bəzi ölkələr, beynəlxalq təşkilatlar bu bəla qarşısında aciz qalaraq özünə qapananda Prezident İlham Əliyev islahatçı və ehtiyatlı liderlərə məxsus uzaqgörənliklə çevik və zəruri qabaqlayıcı addımlar atmış, sərəncamla Nazirlər Kabineti yanında Operativ Qərargah yaratmış, həmin qərargahın qərarları ilə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılmış, bütün kütləvi tədbirlər təxirə salınmış və ləğv edilmişdir. Martın 14-dən xüsusi, 24-dən isə xüsusi karantin rejimi tətbiq olunmuş, səhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmış, aprelin 5-dən bütün ölkədə hərəkət məhdudiyyəti tətbiq olunmuş, vətəndaşların yaşayış yerini tərk etməsinə müəyyən vaxt çərçivəsində SMS-lə icazə verilməyə başlanmışdır.

Həmçinin Azərbaycan koronavirusla mübarizədə özünü təcrid edən bir sıra ölkələrdən fərqli olaraq qlobal həmrəylik nümayiş etdirir. Ölkəmiz bu çərçivədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmış, həmin qurumla donor sazişi imzalamış, eyni zamanda bir sıra ölkələrə köməyini əsirgəməmişdir.

Bu gün ölkəmizdə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Prezidentin sərəncamı ilə qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər biri 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət başçısı videokonfransdakı çıxışında səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4 və 5 misli məbləğində artırılması barədə məlumat vermiş, müxtəlif ölkələrdən təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmiş bütün vətəndaşlarımızın dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində karantinə yerləşdirildiyini bildirmişdir.

Xəbər verildiyi kimi, aprel ayının əvvəlində Sumqayıtda tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Bundan əlavə, ölkə iqtisadiyyatına dəyən ziyanın qarşısını almaq, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 2,5 milyard manat həcmində vəsait ayrılmış, sahibkarlara yerlərini ixtisar etməmələri ilə bağlı müraciət edilmişdir. Özəl sektorda çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsinin ödənilməsini dövlət öz boynuna götürmüş, həmçinin 290 mindən çox fərdi sahibkarın dövlət yardımı ilə əhatələnməsinə qərar verilmişdir. Ümumilikdə isə dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilmiş, qeydiyyata düşmüş işsizlərə birdəfəlik ödəmələrə start verilmişdir. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək və bu kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

Dövlət başçısı fövqəladə Zirvə görüşünün əsas məqsədinin milli səviyyədə atılan addımların və səylərin həmrəyliyin möhkəmləndirilməsinə istiqamətləndirilməsindən ibarət olduğunu bildirmişqlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin özlərinə qapanmadıqlarını məxsusi qeyd edərək, bir sıra vacib məqamlara toxunmuşdur: "Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımalar fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus çıxışında pandemiyanın göstəricilərinin qripdən 10 dəfə yüksək, yoluxanların sayının 1,5 milyon, ölənlərin sayının isə 8100 min olduğunu bildirmişdir: "Əməkdaşlıq Şurasının üzvü olan 5 dövlət 36 min yoluxma və 750 ölüm faktı barədə məruzə ediblər. Bu, pandemiyadır. Bu, səhiyyə böhranından da artıqdır”. ÜST-ün Baş direktoru hətta zəngin dövlətlərin ciddi zərər çəkdiklərini, pandemiyaya son qoymaq üçün əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsinin zəruriliyini önə çəkdi: "Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır - həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.

Tədbirdə çıxış edən dövlət başçıları Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirmişlər. Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türk Şurasının üzvü olan dövlətlərin - Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin rəhbərliklərinə göstərdikləri köməyə görə təşəkkür edərək, Azərbaycanın sədrliyi müddətində iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığın dərinləşəcəyinə əmin olduğunu bildirmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu çətin günlərdə Türkiyənin öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışdığını, əməkdaşlığın gücləndirilməsinin marağında olduğunu qeyd edərək demişdir: "Əlbəttə ki, koronavirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq”.

Tədbirə qatılan Macarıstanın Baş Naziri Viktor Orban da Azərbaycan tərəfindən onlara göstərilən köməyə görə dərin minnətdarlığını bildirmiş və etiraf etmişdir ki, bir çox Avropa ölkələrinin müəssisələri ağır vəziyyətdədir, işsizlik geniş miqyas alıb, sənayenin müəyyən sahələri çöküb, böhrandan sonra ölkələrin borclarının qalaqlanıb artması gözlənilir.

Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev əsl islahatçı və uzaqgörən lider kimi nikbin yekun vurmuşdur: "Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir”.

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 17 aprel.- S.1;6.