Regional mədəniyyət
idarələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib
Aprelin
16-da Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi
ilə xüsusi karantin rejimi dövründə nazirliyin idarələrinin
fəaliyyətinə həsr olunmuş videokonfrans
keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, regional idarələrin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlər göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb.
Mədəniyyət sahəsinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin sürətləndirilməsinin zəruriliyini vurğulayan nazir elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, əməkdaşların texnoloji vasitələrdən istifadə bacarıqlarının daha da artırılmasının vacib olduğunu bildirib: “Xüsusi karantin rejimində ölkəmizin mədəni həyatı qaynar olub. Onlayn dərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual ekskursiyaların təşkili, kitabxanaların elektron xidmətlər göstərməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Bu müddət ərzində 3500-ə yaxın distant dərs keçirilib, mədəniyyətlə bağlı 8500-dən çox videoçarx hazırlanıb, eləcə də 300-ə yaxın onlayn tədbir keçirilib. Bu müddətdə mədəniyyət müəssisələrində dezinfeksiya işləri də davam etdirilib. Eyni zamanda, əməkdaşlar tərəfindən tənha, yaşı 65 və daha yuxarı, sosial dəstəyə ehtiyacı olan insanlara baş çəkilib və onlara yardımlar edilib”.
Nazir,
həmçinin vurğulayıb ki, mədəniyyət sahəsində
elektron xidmətlərin daha da inkişaf etdirilməsi məqsədilə
nazir müavini Rafiq Bayramovun rəhbərliyi ilə
işçi qrupu yaradılıb. İşçi qrupu elektron mədəni
xidmətlərin inkişafı ilə bağlı fəaliyyəti
təmin edəcək.
Əbülfəs
Qarayev sosial şəbəkələr üzərindən fəaliyyətin
daha da genişləndirilməsi, fəallığın
artırılması, izləyicilərə mədəniyyət
sahəsində baş verən yeniliklərin
çatdırılması, elektron xidmətlərin əhatəsinin
və səviyyəsinin yüksəldilməsi istiqamətində
tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək xüsusi karantin günlərində muzeylərin fəaliyyətindən söz açıb. Bildirib ki, həm paytaxt, həm də region muzeyləri bu müddətdə öz fəaliyyətini onlayn formada davam etdirərək vətəndaşlara xidmət göstərir.
Nazir müavini muzeylərdə elektron xidmətlərin inkişafı, pandemiyadan sonrakı dövrdə də bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra videokonfrans Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə davam edib. Mədəniyyət sahəsinin idarə olunmasında yeni texnologiyaların tətbiqi, göstərilən bütün mədəni xidmətlərin elektron versiyalarının yaradılmasının vacibliyindən danışan Rafiq Bayramov bildirib ki, bu istiqamətdə həyata keçirilən işlər pandemiya təhlükəsi aradan qalxdıqdan sonra da davam etdiriləcək: “Mədəniyyət sahəsinin idarə olunmasında müasir yanaşmaların daha geniş tətbiqi günün tələbinə çevrilib. Bu istiqamətdə beynəlxalq təcrübədən də istifadə olunmalıdır. Son illər elektron mədəni xidmətlərin göstərilməsi istiqamətində müəyyən işlər həyata keçirilib. Bu gün isə qarşımızda duran əsas məsələlərdən biri də mədəniyyət sahəsində göstərilən bütün xidmətlərin rəqəmsallaşdırılmasıdır. Göstəriləcək xidmətlərin audiovizual variantları yaradılmalı, hər bir mədəniyyət müəssisəsinin elektron bazası formalaşdırılmalıdır”.
Daha sonra çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, İqtisadiyyat və planlaşdırma şöbəsinin müdiri Sima Həsənova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov mövcud vəziyyətdə mədəniyyət idarələrinin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.
Sonda
ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə
dövlət tərəfindən həyata keçirilən tədbirlərin
əhəmiyyəti bir daha qeyd olunub. Sosial
təcrid dövründə mədəniyyət sahəsinin
üzərinə mühüm vəzifələrin
öhdəsindən layiqincə gəlməsinin vacibliyi vurğulanıb.
Azərbaycan.-2020.- 17 aprel.- S.4.