Prezident İlham Əliyevin uğurları antimilli dairələrin niyyətini alt-üst edir

 

 

Uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Təsadüfi deyil ki, şəffaf idarəçiliyi hökumətin qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Prezident İlham Əliyevin idarəçilik konsepsiyasında bu prinsip rəhbər tutulur və dövlət başçısı ictimaiyyətin görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumatlandırılmasını zəruri sayır. Reallıq da göstərir ki, bu cür hesabatlar o cümlədən hər rüb üzrə əldə edilmiş sosial-iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilib. Bu zaman diqqəti çəkən həm də o olur ki, praqmatik idarəetmənin bariz təcəssümü kimi, Prezident İlham Əliyev ictimaiyyət qarşısına yeni iqtisadi uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır.

Dövlət başçısının yanında keçirilən iqtisadi müşavirələr bu baxımdan xüsusi əhəmiyyətə malikdir və təsadüfi deyil ki, daim ictimaiyyətin dərin marağına səbəb olur. Aprelin 14-də növbəti iqtisadi müşavirə də yeni müzakirələrə yol açan aktual məsələlərlə yadda qaldı. Ən əsası, "2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır” deyən Prezident İlham Əliyev 2020-ci ilinçox dərin və geniş islahatlar ili olacağını bəyan etdi.

Ümumiyyətlə, cari ilin ötən dövrünün yekunları Azərbaycanda iqtisadi inkişafla bağlı elan olunan prioritetlərin reallaşaraq həyata vəsiqə aldığını göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində, əsasən də qeyri-neft sektorunda artımın baş verməsidir. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. Müşavirədə səslənən rəqəmlər də Azərbaycan iqtisadiyyatındakı artım templərinin davamlı olmasından xəbər verir. Belə ki, bu ilin 3 ayında qeyri-neft sektoru 3 faizdən çox, qeyri-neft sənayesi 23 faiz artıb. Bu da onu göstərir ki, bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. Üç ayda vergigömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. İnflyasiya 3 faiz səviyyəsində, əhalinin gəlirləri isə 7 faizə yaxındır. Yaxın keçmişimizdə baş vermiş iqtisadi və maliyyə çətinliklərindən ötən qısa müddətdə iqtisadiyyatda müşahidə olunan belə pozitiv dinamika özlüyündə çox böyük iqtisadi hadisədir. Bu kimi nailiyyətlər ölkədə düzgün istiqamətdə aparılan iqtisadi islahatların, o cümlədən sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Bu göstəricilər həm də onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirilir.

Əlbəttə, hər kəs etiraf edir ki, iqtisadi uğurlarımız daha böyük olardı, əgər dünyanı bürümüş koronavirus infeksiyası Azərbaycana ayaq açmasaydı. Müasir tibbin hələ ki, qarşısında aciz qaldığı koronavirus şərqdən-qərbə, şimaldan-cənuba bütün ölkələri çənginə alaraq pandemiya halını alıb. Başda ABŞ olmaqla, Avropanın inkişaf etmiş dövlətləri virusun əsirinə çevriliblər. ABŞ-da virusa yoluxanların sayı 600 mini, İtaliya, İspaniya, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələrdə isə 100 mini ötüb. Ümumilikdə bütün dünya üzrə bu infeksiyaya yoluxan 2 milyondan artıq, eləcə də vəfat edən 133 mindən çox insanın böyük əksəriyyəti inkişaf etmiş Qərb ölkələrinin sakinləridir.

Fevralın sonunda koronavirusun ilk dəfə Azərbaycanda qeydə alınmasından sonra hökumət dərhal çevik reaksiya verdi və vaxtında təxirəsalınmaz addımlar atıldı. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu. Qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, parkictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Bunun nəticəsidir ki, Azərbaycanda, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, faciəvi tendensiya baş vermədi. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır: "Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

Xüsusilə qeyd etmək istərdim ki, ölkə ictimaiyyəti koronavirusun yayılmasının qarşısının alınması və onun sosial-iqtisadi sferaya mənfi təsirlərinin azaldılması istiqamətində ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyini görməkdədir. Dövlət başçısı həm koronavirusla mübarizədə, həm aztəminatlı insanların, həm sahibkarların və bütövlükdə iqtisadiyyatın bu qlobal pandemiya dövründə çətinlik çəkməməsi üçün nə lazımdırsa, hər birini artıqlaması ilə yerinə yetirir. Məhz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə virusun yayılmasının qarşısının alınması, təsirinin məhdudlaşdırılması istiqamətində təxirəsalınmaz addımlar atılıb. Ölkə vətəndaşlarının sağlamlığının təmin olunması yolunda atılan addımlar, xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə və işsizlərə yardım edilməsi xalqımıza diqqət və qayğının göstəricisidir.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və buraya Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, 575 çarpayıdan ibarət olan "Yeni klinika” xəstəxanasının virusa yoluxan xəstələrin ixtiyarına verilməsi, Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumun əfv edilməsi, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manatın ayrılması Prezident İlham Əliyevin bir lider kimi, ilk növbədə, öz xalqının yanında olduğunu göstərən mühüm faktorlardır.

O cümlədən bu müddətdə minlərlə Azərbaycan vətəndaşı məhz İlham Əliyevin təşəbbüsü ilə dövlət hesabına xarici ölkələrdən təxliyyə edildi. Bəli, bu dar gündə Azərbaycan Prezidenti xaricdə olan vətəndaşlarımızı da unutmadı, onlara arxa durdu. Bununla da bir daha cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq etdi.

Bütün bu addımlar, Prezidentin insanların sağlamlığı və təhlükəsizliyi naminə dövlətin imkanlarını səfərbər etməsi Azərbaycan ictimaiyyəti tərəfindən təqdir edilir, böyük razılıqla qarşılanır. Təsadüfi deyil ki, bu günlərdə İlham Əliyev cənablarının ünvanına minlərlə təşəkkür məktubu gəlib. Bu məktubların hər birində Prezidentə dərin minnətdarlıq hissi ifadə olunur, ən xoş, ən səmimi arzular səsləndirilir. Ən əsası, bu məktubların hər biri xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin və bu çətin günlərdə milli həmrəylik nümayiş etdirməsinin göstəriciləridir.

Təəssüf ki, bu kritik günlərdə öz xalqı ilə həmrəy olmayanlar, hətta respublikamızda koronavirus infeksiyasının yayılmasına və insanların vəfat etməsinə sevinənlər də tapıldı. Bəli, ağa qara deməyə öyrəşən, Azərbaycanın uğurlarına qara yaxmağı özünün əsas vərdişinə çevirən, ona görə də mövcud olduqları dövrdə hakimiyyətə deyil, dövlətə və xalqa qarşı müxalifətçilik edən ünsürlər koronavirusun yayıldığı indiki dövrdə də siyasi əxlaqsızlıqlarını və rəzilliklərini ortaya qoyurlar.

Öncə onu qeyd edim ki, dünyanın bütün demokratik dövlətlərində siyasi idarəçiliyin xarakterindən asılı olmayaraq, iqtidar-müxalifət münasibətləri mövcuddur. Çünki müxalifətin mövcudluğu demokratik sistemin təkzibolunmaz elementidir. Azərbaycan da demokratik inkişaf yolu seçdiyindən müxalifət partiyaları ölkənin siyasi həyatında iştirak edir, parlamentdə təmsil olunurlar.

Müxalifətçilik heç bir halda dövlətə və xalqa qarşı yönəlməməlidir. Azərbaycanın siyasi tarixində hələ 90-cı illərin əvvəllərində Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi ortaya qoyduğu böyük təcrübə var. Müxalifət dövlətin milli maraq və mənafelərini hər şeydən üstün tutmalı, öz proqramları ilə hakimiyyətin fəaliyyətinin canlanmasına, alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidir. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, "Bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”.

Təəssüf ki, bu gün Azərbaycan gerçəkliyində bəzi müxalifət partiyalarının timsalında bunun tamamilə əksi müşahidə olunur. İndiyədək Azərbaycan cəmiyyəti həmin müxalifətdən dağıdıcılığa meyl etmək və yalan danışmaqdan başqa bir şey görməyib. Bu mənada onların fəaliyyəti daim sağlam müxalifətçilik prinsipləri ilə tamamilə ziddiyyət təşkil edib. Ona görə AXCP və ona bənzər partiyalar xalq arasında qəzəblə "dağıdıcı müxalifət” kimi tanınır. Düzdür, sıralarında adam da qalmayıb ki, dağıdıcılıqla məşğul olsunlar. Əslində, müxalifətçiliyi antimilli platformaya çevrilmiş belə qaragüruh qruplaşmalardan başqa nəsə gözləmək də sadəlövhlük olardı.

Birillik iqtidarlarına son qoyulmasından sonra onlar öz fəaliyyətlərini antiazərbaycançı dairələrlə əlaqələndiriblər. AXCP sədri Ə.Kərimlinin, Cəmil Həsənlinin antiazərbaycançı dairələrlə əməkdaşlığı, onlardan sifarişlər aldığı zaman-zaman təkzibolunmaz faktlarla ifşa olunub.

Azərbaycan hakimiyyəti hər zaman müxalifət partiyalarını sivil siyasi münasibətlərə dəvət edib. Siyasi dialoq təşəbbüsü də daim iqtidardan gəlib. Reallıq göstərir ki, AXCP və onun ətrafında cəmləşənlər heç vaxt siyasi dialoq çağırışını dəstəkləməyiblər. Çünki sivil siyasi münasibətlərin qurulması onların qaragüruhçu fəaliyyət prinsiplərinə tamamilə ziddir. Ona görə də Prezidentin dediyi kimi, bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz.

Azərbaycanın koronavirusa qarşı uğurla mübarizə apardığı indiki dövrdə bu antimilli bədxahlar yenidən fəallaşaraq görülən işlərə qara yaxmağa, ictimai rəyi çaşdırmağa çalışır, əvvəldə qeyd etdiyim kimi, vəfat edənlərə görə sevinirlər. Azərbaycan hökumətinin koronavirusun təsirlərinin azaldılması ilə bağlı atdığı sosial-iqtisadi addımlara onlar qara don geydirməyə cəhd göstərirlər. Müşavirədə Prezident İlham Əliyev çox haqlı olaraq belələrinin dövlətə qarşı düşmənçilik apardığını bəyan etdi.

Təbii ki, onlar heç vaxt niyyətlərinə çatmayacaq, istəkləri elə xülya olaraq qalacaq. Çünki Azərbaycan cəmiyyətinə onların hansı məzhəbə xidmət etmələri yaxşı məlumdur. Əslində, indiki situasiyada xalqa və dövlətə qənim kəsilmiş ünsürlərin yenidən canlanması keçirdikləri narahatlıqla bağlıdır. Bəli, sivil müxalifətçilikdən və demokratik mübarizədən uzaq olan dağıdıcı müxalifət təmsilçiləri ciddi sarsıntı keçirirlər. Onları bu hala salan isə inkişaf edən və yüksələn Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur onların onsuz da antimilli müstəvidə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin və siyasi iflasdan çıxış yollarının qarşısını alır. Eyni zamanda cənab İlham Əliyevin uğurlarının nəticəsidir ki, Qərbdə mənzilləşmiş antiazərbaycançı dairələr belə sapı özümüzdən olan bu antimilli bədxahlarla əməkdaşlıqda artıq maraqlı görünmürlər.

 

Ziyafət ƏSGƏROV,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və

 korrupsiya ilə mübarizə komitəsinin sədri

Azərbaycan.-2020.- 17 aprel.- S.5.