Xalq Sizinlə
həmrəydir, cənab Prezident!
İlham
Əliyevin "Biz birlikdə güclüyük!”
çağırışı ölkə vətəndaşlarının
devizinə çevrilib
Dünya dəhşətli bəla ilə üz-üzədir. "Gözəgörünməz düşmən”ə qarşı vaksin tapılmayana qədər yəqin ki, vəziyyət heç də ürəkaçan olmayacaq.
Ancaq hər kəs şahiddir ki, əksər dövlətlərdən fərqli olaraq Azərbaycan Respublikası bu qlobal problemdən az itki ilə çıxmaq üçün çox ciddi addımlar atır. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmaması üçün həyata keçirdiyi effektiv tədbirlərin nəticəsidir. Görülən bu işlər, dövlət başçısının göstərdiyi diqqət və qayğı ölkə əhalisi tərəfindən də rəğbətlə qarşılanır. Prezidentin ünvanına respublikanın hər yerindən gələn və ardı-arası kəsilməyən təşəkkür dolu məktublar bunu bir daha təsdiqləyir. Həmin məktublardakı sətirlər onu deməyə əsas verir ki, xalq dövlətinə və onun rəhbərinə hər zaman güvənib.
Xalq hər zamankı kimi Prezidentə inanır, güvənir
Cəbhə bölgəsindən, Ağdam rayonunun Xındırıstan kəndindən Nurlan Baxşəliyev, Məzahir Qasımov və Aqil Hümbətov adından dövlət başçısına ünvanlanan minnətdarlıq məktubunda qeyd edilir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın tezliklə koronavirus bəlasını da dəf edəcəyini, bu mübarizədə qalib gələcəyini deməyə tam əsas verir:
"Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi”, - deyən məktub müəllifləri pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə və vətəndaşlara "Evdə qal” şəraitində yaşadıqları halda yardım göstərildiyinə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.
Mingəçevir şəhər sakini Bəhmən Paşayevin məktubunda isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və onun əhatə dairəsinin məhdudlaşdırılması istiqamətində mühüm addımların atıldığı vurğulanır.
B.Paşayev yazır ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, koronavirusun yayılmasının qarşısının alınması, tibbi maska istehsalı müəssisəsinin açılması dövlət başçısının yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha təsdiqləyir: "Cənab Prezident, əminik ki, "Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər”.
Vətəndaş sağlamlığını hər şeydən üstün tutan lider
Gəncə şəhərindən Mətləb Məhərrəmov və digərlərindən Prezidentə ünvanlanan məktubda vurğulanır ki, dövlət başçısının koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığı addımlar öz nəticəsini verməkdədir. Çünki bir neçə gündür ki, bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidləri və inamı daha da artırır.
Müəlliflər Prezidentin vaxtında gördüyü qabaqlayıcı tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözlədiklərini söyləyirlər və inanırlar ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.
"Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz”.
Bu fikirlər isə Salyan rayon sakini Qabil Bağırov və Marışlı, Seyidsadıqlı kəndinin bir qrup sakininin dövlət başçısına ünvanladığı məktubda yer alıb. Müəllif deyir ki, koronavirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Prezidentin gördüyü qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyi tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi.
Müxtəlif
sosial təbəqələrdən olan insanlara kömək
edilməsi, bu məqsəd uğrunda hamının səfərbər
olması cənab İlham Əliyevin bu gərgin və məsuliyyətli
günlərdə söylədiyi "Biz birlikdə
güclüyük!” çağırışının sayəsində
oldu.
Prezident hər zamankı kimi bu ağır dönəmdə də vətəndaşın yanındadır
Dövlət başçısının hər zaman həyata keçirdiyi siyasəti dəstəkləyən və hazırkı qlobal böhrana qarşı apardığı mübarizəni alqışlayan Şirvan şəhər sakini Taclı Mustafayeva hesab edir ki, koronavirusla mübarizə bir daha təsdiq edir ki, Prezident hər zaman olduğu kimi bu ağır dönəmdə də xalqın yanındadır və onun hər bir probleminə həssaslıqla yanaşır, onları həll edir.
"Cənab Prezident, siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız. Mən bir vətəndaş olaraq Sizin gördüyünüz bütün işləri dəstəkləyir və buna görə də Sizə minnətdarlığımı bildirirəm. Sizi çox sevirik. Tutduğunuz yolda Sizə daim uğurlar arzulayıram. Uca Rəbbim hər bir işinizdə Sizə yardımçı olsun”.
Neftçala rayonu, Xolqaraqaşlı kənd sakinləri İlham Məcidov və Eyvaz Quliyevin Prezidentə ünvanladıqları məktubda bildirilir ki, dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Bütün ölkələrdə koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır:
"İnşallah, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq. Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır və yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uğurlar arzulayırıq”, - deyə məktub müəllifləri qeyd edirlər.
İlham Əliyevin vətənpərvərliyi hər bir insan üçün nümunədir
Füzuli rayonundan Milli Qəhrəman ailəsinin üzvü Ülviyyə Quliyevanın məktubunda vurğulanır ki, Prezident İlham Əliyevin vətənpərvərliyi hər bir insan üçün nümunədir:
"İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Belə çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən işlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyir və hər zaman arxanızdayıq”.
Füzuli
rayonunun digər sakini Cəmalə Məmmədova, Bərdədən
Yusif Vahidi, Xaçmazdan Pənah Ələsgərov, Qubadan Sərxan
Mirzəyev, İsmayıllıdan Əhmədağa Ələkbərovun
Prezidentə ünvanladıqları məktublarda da bildirilir
ki, pandemiya dövründə dövlət
başçısının gördüyü tədbirlərin
effektini və nəticəsini xalq açıq-aydın
görür və verilən hər bir qərarı dəstəkləyir.
Qeyd edilir ki, cənab Prezidentin "Biz birlikdə güclüyük!” çağırışı bu gün xalqın devizinə çevrilib. Ölkə gəncləri isə əmindirlər ki, dövlət başçısı tərəfindən həyata keçirilən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə Azərbaycan bu bəladan qurtulacaq.
Prezidentin
çağırışı vətəndaşlara mənəvi
stimul olub
Bakı şəhər sakinləri Fuad Heydərli, Telman Əzimzadə, Vidadi Hüseynov və başqalarından dövlət başçısına gələn məktublarda qeyd edilir ki, ölkə rəhbəri hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışır:
"Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza etdiyiniz müraciətlər xalqımızda yüksək əhvali-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub”.
Bu günlərdə həm maddi, həm də ərzaq yardımı alan Telman Əzimzadə hesab edir ki, bütün bunlar ona və onun kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi dayaqdır”. Məktublarda qeyd edilir ki, görülən işlər Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir: "Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək və Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq”.
Yüzlərlə digər insanlar da bu fikirdədirlər. Hər kəs Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əsasən də əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirdiyi addımları alqışlayır. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir.
Bütün bunlar Azərbaycandakı xalq-hakimiyyət birliyinin bariz təcəssümüdür. Hər zaman xalqa arxalanan dövlət başçısı bu çətin günlərdə də vətəndaşın sağlamlığının qorunması üçün bütün lazımi addımları atır. Bunları görən hər bir kəs də reallığı söyləyir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 18 aprel.- S.1;5.