Siyasi partiyalar bəyanat qəbul ediblər
Siyasi partiyalar COVID-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat qəbul ediblər. AZƏRTAC bəyanatı təqdim edir:
"Biz,
bu bəyanatı imzalayan siyasi partiyalar COVID-19 pandemiyasının
bütün dünyada tüğyan etdiyi, yüz minlərlə
insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində
son onilliklərin ən dərin böhranının meydana gəlməsi
təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın
çox ciddi təsirlərə məruz qaldığı,
pandemiyanın fəsadlarının Azərbaycanda da
özünü göstərdiyi bir zamanda koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması, insanların
sağlamlığının qorunması, meydana
çıxan sosial-iqtisadi problemlərin aradan
qaldırılması sahəsində ölkəmizdə həyata
keçirilən kompleks və qabaqlayıcı tədbirlərin
əhəmiyyətini və onların müsbət nəticələrinin
əldə olunmasında siyasi partiyaların məsuliyyətini
dərk edərək, milli birliyin və həmrəyliyin daha
da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini
vurğulayaraq, aşağıdakıları bəyan edirik:
1. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən
həyata keçirilən:
a) COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri;
b) virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini;
c) xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri;
d) sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını;
e) əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri;
f) aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini;
g) pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramını;
h) fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələri;
i) iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanmasını;
j) makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirləri;
k) pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılmasını;
l) COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə əhalinin səfərbər olunmasını, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsini;
m) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfərin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əfv olunmasını müsbət qiymətləndiririk.
2. Təmsil olunduğumuz təşkilatların üzvlərini:
a) hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə;
b)
koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində
sosial məsuliyyət nümayiş etdirməyə;
c) pandemiyaya qarşı mübarizənin vacib şərti olan milli birlik və həmrəylik çağırışlarına qoşulmağa;
d) təşkilat vəzifələrinin yerinə yetirilməsi məqsədilə istənilən toplantılardan imtina etməyə, partiyadaxili fəaliyyətdə və ünsiyyətdə yalnız müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməyə səsləyirik.
3. Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şayiələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik.
4. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVID-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli anti-Azərbaycan təbliğatına son qoyulmasını tələb edirik.
5. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik.
6. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk.
7.
Bütün siyasi partiyaları, ictimai təşkilatları və
vətəndaş cəmiyyəti qurumlarını COVID-19
pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi
nəticələrin tezliklə aradan qaldırılması
naminə Azərbaycan hökuməti tərəfindən həyata
keçirilən tədbirləri dəstəkləməyə,
həmin tədbirlərin uğurla həyata keçirilməsinə
öz imkanları daxilində kömək göstərməyə
dəvət edirik.
Yeni Azərbaycan Partiyası
"Ana Vətən” Partiyası
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Demokratik
İslahatlar Partiyası
Demokratik
Maarifçilik Partiyası
Vəhdət Partiyası
Vətəndaş Birliyi Partiyası”
Azərbaycan.-2020.- 18 aprel.- S.1;4.