Xalq-iqtidar birliyinin təcəssümü
Koronavirusla
mübarizə həm də Azərbaycandakı milli həmrəyliyin, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin
təsdiqi oldu
Bəzən
dünyada elə hadisələr baş verir ki, insan onun
qarşısını almaqda aciz qalır. Belə
fövqəladə hallardan, fors-major situasiyalardan yaxa qurtarmaq, salamat çıxmaq üçün
insan düşünməyə, yollar axtarmağa,
ağlına, zehninə güc verməyə
məcbur və məhkumdur.
Bu gün dünya ölkələrini və bəşəriyyəti çıxılmaz vəziyyətə salan koronavirus epidemiyasına, gözlə görünməyən, gizli düşmənə qarşı mübarizə də məhz ağılla hərəkət etməyi, birləşməyi, qayda-qanunu gözləməyi, deyilənləri sözsüz yerinə yetirməyi tələb edir. Çünki başqa yol yoxdur. Qarşısında aciz qaldığımız bu bəladan yalnız təmkinlə, dövlətin köməyi ilə, insanların bir-birinə qayğısı və diqqəti əsasında çıxmaq mümkündür. Bu isə hər bir vətəndaşın məsuliyyətindən, reallıqları düzgün qiymətləndirməsindən, üzərinə düşən vətəndaş təəssübkeşliyini yerinə yetirməsindən asılıdır.
Azərbaycan hökuməti koronavirus infeksiyasının qeydə alındığı ilk gündən onunla qətiyyətli mübarizə aparır və virusun yayılmasının qarşısının alınması üçün ciddi qabaqlayıcı tədbirlər görür. Həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin nəzarətindədir. Bunun nəticəsidir ki, bir çox inkişaf etmiş dünya ölkələrindən fərqli olaraq, ölkəmizdə virusa yoluxanların sayı üstünlük təşkil etmir və ölüm halı yüksək deyil. Son günlər isə sevindirici xəbərlər almaqdayıq, ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunmaqdadır. Həmçinin sağalanların, evə buraxılaraq normal həyatlarına dönən insanların sayında artım yaşanmaqdadır. Yəni Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah ölkədəki vəziyyəti daim nəzarətdə saxlamaqla xəstəliyin genişlənməməsi, təhlükəli hal almaması üçün lazım olan bütün tədbirləri görür və lazımi tapşırıqlar verir.
Martın 3-dən ölkənin bütün təhsil müəssisələrində dərslər dayandırılıb, kütləvi tədbirlər təxirə salınıb. Martın 14-dən ölkədə sosial izolyasiya, 24-dən sonra xüsusi karantin rejimi tətbiq olunub. Ticarət, əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Park və ictimai istirahət yerlərinə insanların girişinə icazə verilmir. Şəhərlərarası nəqliyyat və metropoliten fəaliyyət göstərmir. Aprelin 5-dən isə ölkədə hərəkətə məhdudiyyətlər qoyulub və 15 günə yaxındır xüsusi karantin rejimində yaşamaqdayıq. Həmçinin əksər iş yerləri öz fəaliyyətini müvəqqəti dayandırıb.
Belə çətin, həssas günlərdə həm insanların sağlamlığını qorumaq, həm də onların sosial müdafiəsini təmin etmək, iqtisadiyyata, mənəviyyata dəyən ziyanı aradan qaldırmaq ikiqat zəhmət, uzaqgörənlik, təşkilatçılıq bacarığı tələb edir. Ulu Öndər Heydər Əliyevin daim xatırlatdığı "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır!” kəlamı bu gün böyük əhəmiyyət kəsb edir. Faktlar, görülmüş tədbirlər sübut edir ki, bu gün dövlət və dövlətimizin rəhbəri xalqın yanındadır.
Xalq da öz Prezidenti ilə həmrəy olduğunu, onu dəstəklədiyini nümayiş etdirir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna az bir müddətdə yüz milyon manatdan artıq vəsaitin keçirilməsi yalnız Prezidentin təşəbbüsünün ifadəsi deyil, həm də xalqın öz rəhbərinə, onun çağırışına ehtiramının təcəssümüdür. Bu hörmət və ehtiram, həmrəylik qarşılıqlıdır. Və dövlət başçısının imzaladığı qərarlarda, sərəncamlarda, Nazirlər Kabinetinin "Tədbirlər Planı”nda öz əksini tapıb. Belə ki, makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması üçün 2,5 milyard vəsait ayrılıb. Əvvəl ayrılmış bir milyard manat vəsait isə pandemiyanın vurduğu ziyanın qaldırılmasına yönəldilib. 44 min sahibkarlıq subyektində çalışan 300 min nəfərdən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsi dövlət tərəfindən ödəniləcək. 290 min nəfərdən çox mikro və fərdi sahibkar da dövlət dəstəyindən faydalanacaq, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin ediləcək. Həmçinin 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Qeydiyyata düşmüş işçilər üçün birdəfəlik 190 manatın ödənilməsinə başlanılıb.
"Tədbirlər Planı”nda nəzərdə tutulmuş bir çox əlavə məsələlər də bilavasitə insanların sosial müdafiəsinin təmin olunmasına xidmət edir. Elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətində artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi haqqındakı qərarlar da müvafiq planın tərkib hissəsidir. Vəziyyətlə əlaqədar digər əlavə tədbirlərin görülməsi də istisna edilmir. İqtisadiyyatın, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün imzalanan son sərəncamlar bunun nümunəsidir.
Göründüyü kimi, dövlət öz vətəndaşının sosial müdafiəsinin gücləndirilməsinə, iqtisadiyyatının inkişafına birinci dərəcəli vəzifə kimi yanaşır və bu sahədə tədbirlər görülməkdədir. Prezidentimiz İlham Əliyev bunu bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransda bir daha əsaslandıraraq, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən ətraflı danışdı. Öncə onu xatırlatmaq yerinə düşər ki, cəmi bir neçə gün öncə dünya tarixində ilk dəfə olaraq videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Daha doğrusu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri kimi Prezident İlham Əliyev bu təşəbbüslə çıxış etdi və Türk Şurasının üzvü olan ölkələrin dövlət-hökumət başçılarının tarixi fövqəladə Zirvə görüşü baş tutdu. Bununla da Azərbaycan Prezidenti daha bir ilkə imza atdı, həmçinin bu görüşü təşkil etməklə Türk Şurasının sözdə deyil, əməldə əməkdaşlıq, həmrəylik təşkilatı olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Aprelin 14-də videokonfrans vasitəsilə bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Ölkə rəhbəri bu videokonfransda da xalqın birliyi sayəsində bütün çətinliklərin aradan qaldırılacağını, 2020-ci ilin də dərin islahatlar ili olacağına, insanların sosial rifah halının yaxşılaşması sahəsində yeni layihələrin həyata keçiriləcəyinə əminliyini bildirdi. "Biz həssas təbəqəyə sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik. İndi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik” fikrini ifadə edən ölkə başçısı həm də bu sahədə hər bir vəzifə sahibinin, vətəndaşın vəzifəsini müəyyənləşdirdi.
Təəssüflər olsun ki, görülmüş böyük işlərə, aradan qaldırılan çətinliklərə, insanlara ödənilən bu təminatlara, edilən köməkliklərə kölgə salmağa, vətəndaşlarımızı çaşdırmağa, yaranmış vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan qüvvələr var. Adını müxalifət qoyan bu qüvvələr iqtidara deyil, belə çətin bir vaxtda, əslində, xalqa müxalif olduqlarını bir daha nümayiş etdirirlər.
İnsanların işdən, vəzifədən, normal həyatdan təcrid olunduqları, koronavirus kimi bir bəlaya qarşı mübarizə apardıqları, bir-birinə arxa durduqları, kömək etdikləri bu günlərdə aqressiv müxalifətin nümayəndələri kiminsə dadına çatmaq, kiməsə yardım etmək əvəzinə ara qarışdırmaqla, yalançı bəyanatlarla, saxta faktlar səsləndirməklə insanları çaşdırmağa çalışırlar. Sanki onlar insanların qarşılaşdığı bəlanı, yaranmış çətinlikləri görmürlər. Ölkə rəhbərinin videokonfransda onlarla bağlı səsləndirdiyi fikir bütün ölkə ictimaiyyətinin yekdil rəyini ifadə etdi: "Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən”.
Hər kəs bu nadanları tanıyır. İnsanlar xalqın qara günündən, faciəsindən, bəlalarından ləzzət alan bu adamların iç üzünə bələddir və haqlı olaraq onları koronavirusdan da betər düşmən adlandırırlar. Belələri üçün təəssüflənməyə dəyməz. Azərbaycan isə inkişaf yolundadır. Xalqımız müdrikdir, yekdildir və öz rəhbəri ətrafında səfərbərdir. Ona görə xalqımıza və dövlətimizə düşmən kəsilən sapı özümüzdən olan baltaların niyyətləri həmişə gözlərində qalacaq.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri
Azərbaycan.-2020.- 18 aprel.- S.6.