Azərbaycan qlobal böhrana qalib gəlmək üçün bütün qüvvələrini səfərbər edib

 

Görülən tədbirlər pandemiyanın fəsadlarını azaldır və bu tendensiya müsbət istiqamətdə inkişaf edir

 

 

Çinin Uhan şəhərindən dünyaya yayılan yeni növ koronavirus, COVID-19 infeksiyası hələ də ram edilməyib. Virusa qarşı peyvənd hazırlanmasına başlanılsa da, mütəxəssislər bunun başa gəlməsi üçün zaman lazım olduğunu söyləyirlər. Elə buna görə də hazırda bütün ölkələrdə peyvənd hazırlanana qədər bu virusa yoluxmamaq və ondan qorunmaq ən vacib məsələ kimi qəbul edilir.

Azərbaycanda da koronavirusun geniş vüsət almasına imkan verməmək, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsi genişləndirilir. İnfeksiyaya yoluxmanın sürətini azaltmaq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. Həmçinin aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

Görülən izolyasiya tədbirləri qlobal pandemiyanı nəzarətdə saxlamağa imkan verir və yoluxmanın tempini aşağı salır. Həmçinin xəstəliyin erkən aşkarlanması üçün xeyli sayda testlərin edilməsi, yoluxan insanların sağaldılması, karantin müddətində aztəminatlı, kimsəsiz və yaşı 65-dən yuxarı olan tənha insanlara yardım edilməsi, koronavirusun birbaşa təsir etdiyi sahələr üzrə sahibkarlara dəstək verilməsi ölkəmizdə pandemiyanın fəsadlarını xeyli azaldır və bu tendensiya müsbət istiqamətdə inkişaf edir.

Dövlət tərəfindən görülən bütün bu tədbirlər, eləcə də əhaliyə göstərilən diqqət və qayğıya görə ölkənin müxtəlif yerlərindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanır.

 

 

 

"Biz birlikdə güclüyük!” - Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir

 

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. Fonddan verilən məlumata görə, "Biz birlikdə güclüyük!” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd edilən kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Fondun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir. Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini "Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

 

 

Sərnişindaşıma fəaliyyəti göstərən sürücülərdə yoluxma qeydə alınmayıb

 

 

Xüsusi karantin rejimi dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin Bakı-Sumqayıt, Bakı-Abşeron və Sumqayıt-Abşeron avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

DANX-dən verilən məlumata əsasən, avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin olunması məqsədilə xidmətin əməkdaşları gündəlik nəzarət tədbirlərini davam etdirirlər.

Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Paytaxtın kommunal strukturlarından verilən məlumata görə, bununla əlaqədar olaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları xahiş edilir.

 

 

Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunurlar

 

 

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2543 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 6 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.

Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 23 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.

Ümumilikdə isə martın 17-dən bu günə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar olaraq 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati qaydada həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.

 

 

Dünyanın koronavirus mənzərəsi

 

 

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 95 mindən çox insan yoluxub, təxminən 7 min nəfər bu virusun qurbanı olub.

16 aprel tarixli statistikaya görə, dünyada indiyədək 2 181 308 nəfər yeni növ koronavirusa yoluxub, 145 470 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 95 022 insanda koronavirus aşkarlanıb və ölənlərin sayı isə 6996 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 015 507 yoluxma və 92 224 ölüm. Sutka ərzində burada yoluxanların sayı 44 750, ölənlərin sayı isə 3905 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 724 560 nəfər təşkil edir, indiyədək 36 709 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır - 67 591 yoluxma və 3057 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 345 970 yoluxma, 12 426 ölüm faktı qeydə alınıb.

İndiyədək dünyada 547 069 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır - 677 570 nəfər. Onun ardınca İspaniya (184 948), İtaliya (168 941), Fransa (165 027), Almaniya (137 698) və Böyük Britaniya (103 093) gəlir.

 

 

 

Ölkələr üzrə yoluxma və ölüm halları artır

 

 

 

İspaniyada son 24 saat ərzində yeni növ koronavirusa 5252 yoluxma qeydə alınıb və bununla da ölkədə yoluxanların sayı 188 068 nəfərə çatıb.

Fransada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son bir gündə təxminən 17 min nəfər artaraq ümumilikdə 165 mini keçib. Respublika Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib ki, Fransada hazırda COVID-19 testi müsbət nəticə vermiş 114 295 nəfər var. Virus qurbanlarının sayı 17 920 nəfərdir, onlardan 11 mindən çoxu tibb müəssisələrində dünyasını dəyişib. Gün ərzində xəstəxanalarda 753 nəfər ölüb.

Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 28 379-dan 30 106 nəfərə yüksəlib. Ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb ki, bu müddətdə virusdan ölənlərin sayı 185 nəfər artıb və ümumilikdə 1195-ə çatıb. 9729 nəfər isə sağalıb.

Almaniyada daha 3380 nəfər koronavirusa yoluxub. Bununla da bu ölkədə virusa yoluxanların sayı 133830-a çatıb.

Son bir gündə Almaniyada koronavirusdan 299 nəfər ölüb. Ümumilikdə bu ölkədə virus qurbanlarının sayı 3868 nəfər təşkil edir.

Hindistanda da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində koronavirusa daha 1000 nəfər yoluxub və yoluxanların ümumi sayı 13387-yə çatıb. Hazırda Hindistanda 11201 nəfər koronavirusdan müalicə alır, 1748 nəfər sağalıb, 437 nəfər isə dünyasını dəyişib.

Belçikada son sutka ərzində 313 nəfər yeni növ koronavirusdan vəfat edib. Ölkədə koronavirusdan ölənlərin sayı 5136 nəfərə çatıb. Daha 1329 nəfərdə COVID-19 aşkarlanıb və ümumilikdə yoluxanların sayı 36 138 nəfərə yüksəlib.

 

 

Koronavirusun "beşiyi”ndə COVID-19-dan yeni ölüm faktları üzə çıxıb

 

 

Koronavirus pandemiyasının yarandığı Çinin Uhan şəhərində virusdan ölənlərin sayı təkrar nəzərdən keçirilib. Şəhərdə bundan əvvəl daha 1 290 nəfərin virusun qurbanı olduğu üzə çıxıb. Bununla da Uhanda koronavirusdan ölənlərin sayı 3 869 nəfər təşkil edib. Bundan əlavə, 325 yeni yoluxma qeydə alınıb.

Ümumilikdə Çində 82 692 nəfər koronavirusa yoluxub, 4 632 nəfər ölüb, 77 944 nəfər isə sağalıb.

Özbəkistanda koronavirusa yoluxanların sayı 1380 nəfərə çatıb. Hazırda Özbəkistanda 90 min nəfər karantindədir.

 

Gürcüstanda daha 22 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 370-ə çatıb. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5079 nəfər saxlanılır, stasionar müalicədə isə 558 nəfər var. Virusa yoluxmuş şəxslərdən 77-sı sağalıb, 3 nəfər isə vəfat edib.

İranda son sutka ərzində 89 nəfər yeni növ koronavirusdan vəfat edib. Bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib. O bildirib ki, ölkədə koronavirusdan vəfat edənlərin sayı 4958 nəfərə çatıb. Son sutka ərzində 1499 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların ümumi sayı 79 494 nəfərdir.

İndiyədək virusa yoluxanların 54 064 nəfəri sağalıb. Hazırda virus daşıyıcısı olan 3563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

Ermənistanda koronavirusa yoluxanların sayı 1 201 nəfərə çatıb. Son sutkada 42 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Ölkədə həmçinin bir nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 19 nəfər koronavirusdan ölüb.

 

 

17 ölkə Ümumdünya Səhiyyə Təşkilatına dəstək verib

 

 

Aralarında Almaniya və Fransanın da olduğu 17 ölkə koronavirusun yayılması və ABŞ Prezidenti Donald Trampın tənqidləri fonunda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dəstək verib.

Bu barədə Almaniyanın təşəbbüsü ilə 2018-ci ildə multirateralizmə (çoxtərəfliliyə) dəstək üçün təşkil edilən tanınmamış Alyansın 17 ölkəsinin XİN rəhbərlərinin iştirakı ilə keçirilmiş videokonfransın nəticələrinə dair birgə bəyanatda deyilir.

Nazirlər pandemiya böhranı ərəfəsində BMT-nin qlobal həmrəylik çağırışını dəstəklədiklərini qeyd edərək "xüsusi olaraq epidemiyanın qarşısının alınmasında ÜST-nin rolunu” vurğulayıblar. Videokonfrans zamanı tibbi ləvazimatlara çıxışın təmin edilməsi, dezinformasiya ilə mübarizə və səhiyyə sisteminin gücləndirilməsi kimi mövzular da müzakirə olunub.

 

Danışıqlarda Argentina, Belçika, Almaniya, Dominikan Respublikası, İrlandiya, Kanada, Meksika, Hollandiya, Norveç, Peru, Sinqapur, Finlandiya, Fransa, Çili, İsveç, Estoniya və CAR-ın xarici işlər nazirləri iştirak ediblər.

 

 

 

 

COVID-19-un dərmanını tapan mükafatlandırılacaq

 

 

 

 

Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq birliyə xitabən "virusu nəzarətdə saxlamaq, dayandırmaq, onunla mübarizə aparmaq, yayılmasını əngəlləmək və təsirini azaltmaq üçün hər fürsətdən istifadə etmək” çağırışına cavab olaraq, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) COVID-19 ilə mübarizəyə dair mükafat elan edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mükafatın təsis edilməsində məqsəd bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmaların stimullaşdırılmasıdır.

Mükafat olaraq 200 000 ABŞ dolları məbləğində mükafat məbləği və xüsusi medal nəzərdə tutulub.

Mükafata namizədliyini təqdim etmək üçün COVID-19-a qarşı effektiv dərman vasitəsi və ya peyvənd tapdığını iddia edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi Komitənin Katibliyinə müraciət göndərməlidir.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 18 aprel.- S.7.