İlham Əliyevin Milli Məclisin
işi ilə bağlı verdiyi tövsiyələr bundan
sonra da ardıcıl yerinə yetiriləcək
Sahibə QAFAROVA: "Parlament Azərbaycanın
dayanıqlı inkişafının təmin edilməsinə
yönələn strateji xəttin həyata keçirilməsinə
öz töhfəsini verəcək”
Aprelin 17-də Milli Məclisin növbəti plenar
iclası keçirildi. İclası açıq elan edən
Milli Məclisin Sədri Sahibə Qafarova ilk olaraq 2020-ci ilin
birinci rübünün sosial-iqtisadi yekunlarına həsr
olunan müşavirə ilə bağlı fikirlərini
bildirdi.
Düşünülmüş
siyasət insanlarımızın
sağlamlığını qorumağa imkan verəcək
Sahibə
Qafarova qeyd etdi ki, bu müşavirə bir çox vacib məqamları
ilə diqqəti cəlb edir: "Möhtərəm
Prezidentimiz özünün dərin məzmunlu nitqində
ölkə iqtisadiyyatının vəziyyətini və
inkişaf perspektivlərini ətraflı təhlil etdi.
Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün
göstəricilərinə görə ölkə
iqtisadiyyatının əldə etdiyi nəticələr
bütövlükdə müsbətdir.
Əlbəttə, dünyanın bütün ölkələrində
yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməmişdir
və sosial-iqtisadi həyatımıza mənfi təsir
göstərməkdə davam edir. Amma mən əminəm
ki, həyata keçirilən qabaqlayıcı tədbirlər
və düşünülmüş siyasət həm
insanlarımızın sağlamlığını
qorumağa, həm də iqtisadiyyatımıza dəyən
ziyanın sürətlə aradan qaldırılmasına imkan
verəcəkdir”.
Milli Məclisin
Sədri bildirdi ki, cənab Prezident öz
çıxışında ölkədə struktur
islahatlarının davam etdirilməsi məsələlərinə
də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini
qeyd etdi: "Dövlət başçısı belə bir
fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər
Kabinetində və Milli Məclisdə aparılan ciddi
islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf
mərhələsinə inamla qədəm qoyur və idarəetmədə
təkmilləşmə göz qabağındadır.
Mən əmin
etmək istəyirəm ki, altıncı
çağırış Milli Məclisin birinci iclasında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi
tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək
və ölkə parlamenti Azərbaycanın dayanıqlı
inkişafının təmin edilməsinə yönələn
strateji xəttin həyata keçirilməsinə öz
töhfəsini verəcəkdir”.
AŞ
PA-nın saxta seçkilərə münasibət bildirməməsi
qəbulolunmazdır
Müşavirədə cənab Prezident beynəlxalq
ictimaiyyətin gündəmində olan bir çox
mühüm məsələlərlə bağlı əsaslandırılmış,
ciddi arqumentlərə söykənən münasibətini
diqqətə çatdırdı. O cümlədən Avropa
Şurası Parlament Assambleyasının Azərbaycanın
işğal olunmuş ərazilərində
yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi
saxta seçkilərə münasibət bildirməməsini
haqlı olaraq kəskin tənqid etdi. Bu barədə
danışan Sahibə Qafarova dedi: "Hörmətli həmkarlar,
siz bilirsiniz ki, mən son on il AŞPA-da Azərbaycan nümayəndə
heyətinin üzvü olmuşam, həmin qurumun Büro
üzvü və Komitə sədri kimi fəaliyyət
göstərmişəm. Bu dövr ərzində
mən və mənim hörmətli həmkarlarım bir
çox hallarda qurumda ölkəmizə qarşı qərəzli
münasibətin şahidi olmuşuq. Avropa
Şurası Parlament Assambleyasında cəmləşmiş
ermənipərəst dairələrin Azərbaycana böhtan
atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr
və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini
dəfələrlə müşahidə etmişik. Bəzən təşkilatdakı antiazərbaycan,
ermənipərəst qüvvələr ermənilərdən
də artıq onların maraqlarını müdafiə ediblər.
Bu gün isə Parlament Assambleyasının qondarma
"Dağlıq Qarabağ”dakı cinayətkar rejimin
keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi,
susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm
ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox
böyük hörmətsizlikdir. Ona
görə də biz AŞ PA-nın bu
davranışını qəti şəkildə pisləyirik
və bununla əlaqədar Milli Məclis tərəfindən
Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu
göndərilmişdir”.
Dövlətə
qarşı düşmənçilik edənlərin məqsədi
ölkədə gərginlik yaratmaqdır
Müşavirədəki
nitqində Prezident İlham Əliyevin ölkəmizdə yeni
formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq
mühitinin gücləndirilməsi istiqamətində
atılan addımları təqdir etməsinə münasibət
bildirən Sahibə Qafarova dedi: "Azərbaycanda milli mənafedən,
dövlətçilik maraqlarından çıxış edən
bütün sağlam müxalifət partiyaları bu dialoqda
iştirak edir, prosesə töhfə vermək
üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan
dövlətçiliyinə, müstəqilliyimizə
qarşı çıxış edən bəzi marginal
qruplar bu dialoqdan imtina edərək xarici amilə bel
bağlayıblar. Dövlətə
qarşı düşmənçilik edən belə
qrupların əsl məqsədi ölkəmizdə gərginlik
yaratmaqdır. Özlərinə radikal
müxalifət adını verən bu cür
dağıdıcı qüvvələr hətta bütün
bəşəriyyəti sarsıdan pandemiyadan və
koronavirusdan belə öz məkrli niyyətlərini həyata
keçirmək üçün istifadə etmək istəyirlər.
Təbii ki, Azərbaycan cəmiyyəti,
xalqımız bu cür davranışları görür və
onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə
pisləyir. Azərbaycan xalqının
mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni
formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə
yer yoxdur”.
Milli Məclis
Mehriban Əliyevanın təşəbbüsünə
qoşulur
Sahibə
Qafarova onu da bildirdi ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə xeyirxah bir kampaniya başlanmışdır: "Xəstə
insanlara kömək üçün qanvermə aksiyaları
keçirilir. Mən belə
düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə
qoşulmalıdır. Biz bunun
üçün Milli Məclisdə xüsusi yer
ayırmışıq və həkim briqadası dəvət
etmişik. Sabah (bu gün) Milli Məclisin
binasında Milli Məclisin deputatları və Aparatın əməkdaşları
könüllü qan verə bilərlər”.
O da diqqətə
çatdırıldı ki, ötən iclasda Nazirlər
Kabinetinin hesabatı dinlənildi. Ölkədə
yaranmış epidemioloji vəziyyətlə əlaqədar
olaraq Azərbaycan Respublikası Baş Nazirinin məruzəsi
videoyazı şəklində təqdim edildi. Milli Məclisin iclasının bu hissəsinin
stenoqramı və videoyazısı, eləcə də
çıxış edə bilməmiş 31 deputatın
çıxışlarının və suallarının
yazılı mətnləri Nazirlər Kabinetinə göndərilib.
Sahibə Qafarova bildirdi ki, əgər kiminsə
əlavə çıxışı, təklifi və ya
sualı varsa, onu Nazirlər Kabinetinə göndərmək
üçün bizə təqdim etsin.
Bələdiyyə
üzvlərinin 39,9 faizi gənclər,
38,8 faizi qadınlardır
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. Əvvəlcə bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın illik məruzəsi dinlənildi.
Məruzəni ədliyyə nazirinin müavini
Vilayət Zahirov diqqətə çatdırdı. 2019-cu ildə sosial-iqtisadi tərəqqinin təmin
olunduğunu deyən Vilayət Zahirov ölkə həyatının
bütün sahələrində olduğu kimi, yerli
demokratiyanın inkişafında da uğurların əldə
edildiyini bildirdi. Yerli özünüidarəetmənin
təşkili və bələdiyyələrin
formalaşmasının 20 ilinin tamam olması, eləcə də
növbəti bələdiyyə seçkilərinin
keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında
baş verən mühüm hadisələrdəndir.
Qeyd olundu ki, son seçkilər nəticəsində 1597
bələdiyyə üzrə 15075 bələdiyyə
üzvü seçilib. Onlardan 5847 nəfər (38,8 faiz)
qadınlar, 6012 (39,9 faiz) nəfər gənclərdir. Bələdiyyə üzvlərinin tərkibinin xeyli
hissəsinin yeniləndiyi nəzərə alınaraq məqsədyönlü
hüquqi maarifləndirmə işinin aparılması
üçün xüsusi tədbirlər planı
hazırlanaraq həyata keçirilib. "Bələdiyyələrin
statusu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən,
bələdiyyələrin fəaliyyətinin təşkilinə
kömək və onlara metodoloji yardım göstərilməsinin
hüquqi əsası ilk dəfə qanunla təsbit olunub.
Ötən
il Ədliyyə Nazirliyi tərəfindən
yerli özünüidarəetmə məsələləri ilə
bağlı bir sıra normativ hüquqi aktların layihələri
hazırlanıb və başqa tədbirlər
görülüb. "Azərbaycan ədliyyəsinin
inkişafına dair 2019-2023-cü illər üçün
Dövlət Proqramı”nın icrası məqsədilə
hazırlanmış "Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsi baxılması üçün Nazirlər
Kabinetinə göndərilib. Ədliyyə
Nazirliyi Kollegiyasının qərarı ilə "Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin təşkili
haqqında” Təlimatda dəyişikliklər edilərək
müvafiq qanuna uyğunlaşdırılıb.
İl ərzində
80261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə
aktı, o cümlədən Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyində 1796 akt
hüquqi ekspertizadan keçirilib. 77427 akt
qanunvericiliyə uyğun hesab edilib. Normativ
hüquqi aktların tələblərinə zidd olan 2765
aktın dəyişdirilməsi və ya ləğv edilməsi
üçün aidiyyəti bələdiyyələrə təkliflər
verilib. Bu təkliflər əsasında bələdiyyələr
tərəfindən 1285 akt ləğv edilib, 1274 akt dəyişdirilib.
Bələdiyyələr tərəfindən təmin
olunmayan 19 təklif üzrə məhkəmələrdə
iddia qaldırılıb, onlardan 8-i məhkəmə tərəfindən
təmin edilib, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə
icraatında olub. Qanunsuz verilmiş 7019 ha torpaq sahəsinin bələdiyyə
mülkiyyətinə və ya sahibliyinə qaytarılması
təmin edilib (ötən illə müqayisədə 18,5 faiz çox).
112 bələdiyyə
sədri inzibati məsuliyyətə cəlb edilib
Bələdiyyə
aktının ekspertiza üçün vaxtında təqdim
edilməməsinə görə bələdiyyələrin vəzifəli
şəxsləri barəsində 131 (2018-ci ildə 143)
inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə
göndərilib, 112 bələdiyyə sədri inzibati məsuliyyətə
cəlb edilib, 19 protokol isə ilin sonunda məhkəmə
icraatında olub. Aparılmış 24 inzibati
araşdırma üzrə toplanmış materiallar hüquqi
qiymət verilməsi üçün prokurorluq orqanlarına
göndərilib. 17 material üzrə cinayət
işi başlanılıb, 1-i üzrə cinayət işinin
başlanması rədd edilib, digərləri isə
baxılmaqdadır.
Bələdiyyələrin fəaliyyəti ilə
bağlı daxil olmuş 3304 müraciətdən 140-ı təmin
və ya qismən təmin olunub (ötən illə müqayisədə
71 faiz çox). Hüquq pozuntularının və
nöqsanların aradan qaldırılması və ya təkrar
törədilməsinin qarşısının
alınmasına önəm verilərək ayrı-ayrı bələdiyyələrə
müxtəlif məsələləri əhatə edən
9264 tövsiyə göndərilib (ötən illə
müqayisədə 55 faiz çox).
İl ərzində 235 bələdiyyədə
kargüzarlıq və sənədlərin arxivləşdirilməsi
işi öyrənilib, bu sahədə bələdiyyələrə
zəruri kömək göstərilib. Sahibkarlığın
inkişafı sahəsində bələdiyyələr tərəfindən
22 yeni müəssisə təsis edilib, fəaliyyətə
başlamış 7 müəssisəyə 100-ə yaxın
işçi cəlb edilib. 4 bələdiyyəyə
dövlət büdcəsindən 1 milyon manat subvensiya ayrılıb
və layihələr icra edilib. Bunun nəticəsində
140-dan çox iş yeri
açılıb.
Mədən
vergisinin, habelə mehmanxana, sanatoriya-kurort və turizm xidməti
göstərən şəxslərdən ödənişlərin
yerli büdcələrə ödənilməsi, icarəyə
ayrılmış bələdiyyə torpaqlarının məqsədli
təyinatına uyğun istifadəsi və icarə
haqlarının bazar məzənnələrinə
uyğunluğunun təmin edilməsi, o cümlədən bələdiyyələr
tərəfindən sosial sığorta borclarının
ödənilməsi məsələləri ilə
bağlı bir sıra tədbirlər görülüb. Qeyd olundu ki, 2019-cu ildə də bələdiyyələrin
milli assosiasiyaları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı
da davam etdirilib.
Məruzə ilə bağlı Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov fikirlərini bildirdi və
təkliflərini diqqətə çatdırdı. Təkliflərdən
biri bələdiyyə seçkilərinin Seçki Məcəlləsindən
çıxarılması və onunla bağlı ayrıca
qanunun qəbul olunması haqda oldu. Eyni
zamanda prezident və parlament seçkilərindən fərqli
olaraq bələdiyyə seçkilərinin yerli əhəmiyyət
daşıdığı üçün hissə-hissə
keçirilməsini və bu işlə yalnız dairə
seçki komissiyalarının məşğul
olmasını məqbul saydı.
Parlamentin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev,
deputatlardan Tahir Kərimli, Azər Badamov, Aydın Mirzəzadə
məruzə ilə bağlı fikirlərini bildirdilər. Yekunda məruzə səsə qoyularaq nəzərə
alındı.
Karantin
zamanı hərəkət məhdudiyyətləri deputatlara
şamil edilməyəcək
Milli Məclis
Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə (üçüncü oxunuş) Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında (üçüncü oxunuş) və
"Azərbaycan Respublikası Milli Məclisinin komitələri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə (üçüncü oxunuş) qanun
layihələrini müzakirəyə təqdim etdi. Qeyd olundu
ki, dəyişikliklər karantin rejiminin tətbiq edilməsi,
sanitariya-epidemioloji və bu kimi məsələlərlə əlaqədar
olaraq Milli Məclisin və Milli Məclisin komitə və
komissiya iclaslarının müəyyən dövr
üçün videokonfrans sistemi vasitəsilə
keçirilməsi, həmçinin karantin rejiminin tətbiqi
ilə əlaqədar ölkə ərazisində sərbəst
hərəkətə qoyulan məhdudiyyətlərin deputata,
onun şəxsi və xidməti nəqliyyat vasitələrinə
şamil edilməməsi məsələləri ilə
bağlıdır.
Qanun layihələri təsdiq
olundu
"Böyük
Vətən Müharibəsində Qələbənin 75 illiyi
(1945-2020)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsi də
üçüncü oxunuşda təsdiq olundu.
Komitə
sədrləri Hicran Hüseynova, Ziyafət Əsgərov və
Bəxtiyar Əliyevin məlumatından sonra "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
və "Sərhəd mühafizə orqanları
haqqında”, "Təhsil haqqında” və "Peşə təhsili
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə qanun layihələrinə də
deputatları müsbət münasibət bildirdilər.
Fasilədən sonra işini davam etdirən parlamentdə
3 qanun layihəsi - Cinayət Məcəlləsi və
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi, "Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi (hər 3-ü birinci oxunuş) birgə
müzakirəyə çıxarıldı.
Sənədlərlə bağlı geniş məlumat
verən parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Kamal Cəfərov
bildirdi ki, layihə Prezidentin "Məhkəmə-hüquq
sahəsində islahatların dərinləşdirilməsi
haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə
verilmiş tapşırığın icrası çərçivəsində
hazırlanıb.
Prezident
İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü
Bu layihə Prezident İlham Əliyevin humanist siyasətinin
təzahürü olmaqla, həyata keçirilən sistemli və
genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Təklif edilən
dəyişikliklər cinayət təqibi və cəzaların
icrası sahələrində hüquqi islahatların növbəti
mərhələsidir.
Belə
ki, dövlət başçısının müvafiq fərman
və sərəncamları ilə bu günə qədər
9 mindən artıq şəxs cinayət məsuliyyətindən
azad edilib, 3 minə qədər şəxsin cəzası
yüngülləşdirilib, 800-ə qədər şəxs
azadlıqdan məhrumetmə cəzasından azad olunub.
Milli Məclisə təqdim edilən yeni layihədə
200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin
dekriminallaşdırılması nəzərdə tutulur, 10
cinayət əməli Cinayət Məcəlləsindən
çıxarılır, 25 cinayət əməlinə
görə məsuliyyət yaradan hədd artırılır.
3 cinayətə görə zərərçəkmiş
şəxslə barışma və ziyanın ödənilməsi
şərti ilə cinayət məsuliyyətindən azadetmə
müəyyən olunur. 30 cinayətə
görə sanksiyalara azadlıqdan məhrumetməyə
alternativ cəzalar (cərimə, islah işləri və
azadlığın məhdudlaşdırılması) daxil
edilir. 60 cinayətə görə cərimə
və ya azadlıqdan məhrumetmə cəzasının
yüngülləşdirilməsi nəzərdə tutulur.
Hərbi xidmət əleyhinə cinayətlər bölməsində
edilən dəyişikliklərin məqsədi isə orduda məhkumluqların
sayının azaldılmasından ibarətdir. Belə ki, məhkumluqdan
irəli gələn hüquqi nəticələr hərbi
qulluqçuların gələcək karyerasına mənfi təsir
göstərə bilər. Bununla belə
orduda ciddi nizam-intizamın təkmilləşdirilməsi
üçün Cinayət Məcəlləsində
dekriminallaşdırılan əməllərə görə
İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət
müəyyən edilir.
Müzakirələr
zamanı çıxış edən deputatlardan Fazil Mustafa,
Azay Quliyev, Qüdrət Həsənquliyev, Rəşad
Mahmudov, Jalə Əliyeva, Zahid Oruc, Sədaqət Vəliyeva,
İlham Məmmədov, Arzu Nağıyev
çıxış edərək fikir və təkliflərini
səsləndirdilər. Qeyd edildi ki, bu dəyişikliklər
onu deməyə əsas verir ki, Azərbaycanda cəza siyasəti
yenə də humanistləşdirilir.
Çıxışlardan sonra sənədi təqdim edən
deputat Kamal Cəfərov bəzi məsələlərə
aydınlıq gətirdi və bildirdi ki, səslənən
bütün fikir və təkliflər qanun layihələri ilə
bağlı yaradılmış işçi qrupuna təqdim
ediləcək. Sonra sənədlər
ayrı-ayrılıqda səsverməyə
çıxarılaraq birinci oxunuşda qəbul edildi.
İclasda həmçinin Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci
oxunuşda müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən
ölkəmizin ali və orta ixtisas təhsili
müəssisələrində əyani formada və ümumi
təhsil müəssisələrində təhsil alan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərlə
yanaşı, peşə təhsili müəssisələrində
təhsil alan şəxslərə də ölkəmizin ərazisində
müvəqqəti yaşamaq icazəsinin verilməsi təklif
edilir. Sənəd səsverməyə
çıxarılaraq ilk oxunuşda təsdiqləndi.
"Dövlət
rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsinə (birinci oxunuş) təklif olunan dəyişiklik
isə Miqrasiya Məcəlləsinə uyğun olaraq
hazırlanıb və ölkəmizdə peşə təhsili
müəssisələrində təhsil alan
əcnəbilərə verilən icazə vəsiqəsinin təqdim
edilməsinə görə dövlət rüsumunun məbləğinin
tənzimlənməsini nəzərdə tutur. Dəyişiklik
müsbət qarşılandı, sənəd səsə
qoyularaq qəbul edildi.
Deputatlar
həmçinin "Dövlət satınalmaları
haqqında”, "Dövlət vergi orqanlarında xidmət
haqqında Əsasnamə”də və "Nağdsız hesablaşmalar
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsini birinci oxunuşda qəbul etdilər.
Azərbaycanda
kimyəvi silaha dair qadağalar müəyyənləşir
Prezident İlham Əliyev tərəfindən Milli Məclisə
bir paketdə daxil olan 2 sənəd - 16-cı və 17-ci məsələlər
parlamentin 6 komitəsində müzakirəyə
çıxarılıb. Bu sənədlər - "Yol hərəkəti
haqqında”, "Sosial sığorta haqqında”, "Tibbi
sığorta haqqında”, "İşsizlikdən
sığorta haqqında”, "Məşğulluq
haqqında”, "Dövlət rüsumu haqqında”,
"Əhalinin sağlamlığının qorunması
haqqında”, "Ətraf mühitin mühafizəsi
haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti
haqqında” və "Yeyinti məhsulları haqqında”
qanunlarda və "Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında (birinci oxunuş), həmçinin
Əmək Məcəlləsində, Torpaq Məcəlləsində,
Vergi Məcəlləsində, Gömrük Məcəlləsində
və Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci
oxunuş) idi.
Sənədləri
təqdim edən Milli Məclis Sədrinin birinci müavini,
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər
bu sənədlərin tələblərinin pozulduğu halda
yazılacaq cərimə rüsumları ilə
bağlıdır. Məsələn, yol hərəkəti təhlükəsizliyini
təmin etmək və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanların
(qurumların) işçilərinin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə
qaydalarının pozulmasına görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə
əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat
vasitələrinin müşayiət olunması və
haqqı ödənilən digər əlavə xidmətlərdən
daxil olan vəsaitlərin 7 faizi dövlət büdcəsinə
köçürüləcək.
Müzakirələrdə iştirak edən deputatlardan
Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fəzail
Ağamalı çıxış edərək dəyişikliyə
müsbət münasibət bildirdilər. Sənədlər
səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda "Kimyəvi silahın hazırlanması,
istehsalı, artırılması (yığılması) və
tətbiq edilməsinin qadağan olunması və onun məhv
edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda
müzakirəyə çıxarıldı.
Sənədi təqdim edən parlamentin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri
Ziyafət Əsgərov məlumat verərək bildirdi ki,
qanun layihəsinə əsasən bəzi fəaliyyətlər
qadağan olunacaq. Bunlar kimyəvi silahın tətbiqi, kimyəvi
silahın tətbiq edilməsi ilə bağlı hərbi
hazırlıq keçirmək və ya hər hansı hərbi
hazırlıqda iştirak etmək və digər müddəalardır.
Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, ölkə
hüdudlarından kənarda yaşayan vətəndaşlara
da şamil edilir. Bu qanunun tələblərinin
pozulması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur. Layihə səsverməyə
çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Kütləvi
informasiya vasitələrinin dilinə dair yeni tələb
İclasda
həmçinin "Hərbi qulluqçuların statusu
haqında”, "İnzibati icraat haqqında”, "Təhsil
haqqında” və "Elm haqqında” qanunlarda, "Hərbi
xidmətkeçmə haqqında” Əsasnamə”də və
İnzibati Prosessual Məcəlləsində dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında (birinci
oxunuş), həmçinin Mənzil Məcəlləsində,
İnzibati Xətalar Məcəlləsində, "Uşaq
hüquqları haqqında”, "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında”, "Gənclər
siyasəti haqqında”, "Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət
haqqında”, "Bədən tərbiyəsi və idman
haqqında”, "Reklam haqqında” və "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təsdiqləndi.
Deputatlar həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” və "İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə müsbət münasibət bildirdilər.
Qeyd edək ki, "Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. İndiyə qədər "Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı. Sənəd birinci oxunuşda qəbul edildi.
"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və "İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), həmçinin "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) "Reklam haqqında” qanunda edilən dəyişikliyə uyğunlaşdırmaq məqsədi daşıyır. Sənədlər səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi və Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad
CƏFƏRLİ,
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 18 aprel.- S.1;4.