Sorğu: Azərbaycan vətəndaşlarının
94.5 faizi Prezident İlham Əliyevə inanır və etimad
göstərir
Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib. Bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.
Sosial Tədqiqatlar Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təqdim edilən növbəti hesabat, 2020-ci ilin ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Rəy
sorğusunda dövlət başçısının həm
daxili, həm də xarici siyasət sahəsində
çoxşaxəli fəaliyyətini izləməyə imkan
verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və
xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə
də yerli və xarici mediada geniş
işıqlandırılan hadisələr əksini tapıb.
2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib.
Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:
Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir.
Təqdim
edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan
analitik hesabat həmin qənaəti təsdiq edir.
Sorğunun metodoloji prinsipləri
❖ Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib.
❖ İctimai rəy sorğusu klaster seçmə metoduna əsaslanıb. Ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil edilib.
❖ Sorğuda iştirak üçün ailədə doğum günü sorğu keçirilən vaxta yaxın olan şəxs seçilib.
❖ Sorğunun nəticələri 95 faiz əminlik intervalı, statistik xəta əmsalının 3 faiz olması nəzərə alınaraq təhlil edilib.
❖ Sahə işi 2020-ci ilin
mart ayı ərzində keçirilib.
Regionlar.
Sorğu aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata
keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq
Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı
Qarabağ, Lənkəran. Sorğu
Naxçıvan Muxtar Respublikasında və işğal
edilmiş regionların ərazisi istisna olmaqla bütün
ölkəni əhatə edib. Eyni zamanda,
işğal edilmiş rayonların etnik azərbaycanlı əhali
qrupu da sorğuya cəlb olunub.
Nəticə
❖ 2020-ci ilin birinci rübü ərzində
Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində
həyata keçirdiyi fəaliyyətə ictimai rəyin
münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi
ilə bağlı keçirilmiş sorğunun nəticələrinin
təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin
inam və etibarı, onun həyata keçirdiyi düzgün
siyasət nəticəsində daha da artıb,
xalqımızın rifahı və
firavanlığının daha da yaxşılaşmasına
yönələn islahatlar kursuna dəstək yüksələn
xətt üzrə davam edib.
❖ Hakimiyyətin digər
qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə
müqayisədə respondentlərin mütləq əksəriyyəti
(94.7 faiz) Prezidentə etibar edir.
❖ Prezidentə “tam etibar edirəm”
deyənlər respondentlərin mütləq çoxluğunu
(90.8 faiz) təşkil edir.
❖ Respondentlərin 57.4 faizi
parlamentə, 46.2 faizi yerli icra hakimiyyətinə, 49 faizi məhkəməyə
etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən
aşağı etibarlılıq icra hakimiyyətinədir.
Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi
hakimiyyətin digər strukturları ilə müqayisədə
Prezidentə daha çox etibar edir.
❖ Ölkə
başçısının hərbi, siyasi və
sosial-iqtisadi sahələrdəki fəaliyyəti ümumilikdə
böyük əksəriyyət tərəfindən müsbət
dəyərləndirilib. Prezidentin ordu quruculuğu və silahlı
qüvvələrin modernləşdirilməsi (96 faiz) və
xarici siyasət (95 faiz) sahələrindəki fəaliyyəti
respondentlərin mütləq əksəriyyəti tərəfindən
daha çox müsbət qiymətləndirilir.
❖ 2019-cu ildə keçirilən
tədqiqatın nəticələri ilə yeni nəticələri
müqayisə etdikdə aydın olur ki, keçən bir
neçə ay ərzində Prezidentin müxtəlif sahələrdəki
fəaliyyətinə əhalinin münasibəti müsbətə
doğru daha da yüksəlib. Digər önəmli
məqam odur ki, Prezidentin müxtəlif istiqamətlərdəki
fəaliyyətini “çox yaxşı” qiymətləndirənlər
nəzərəçarpacaq dərəcədə artıb.
❖ Əhalinin gündəlik həyatına
birbaşa təsir edən, yaxud təsiri hiss edilən məsələlərin
sosial-iqtisadi sahədə korrupsiyaya qarşı mübarizə
səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin
nisbətən aşağı olması bu sahənin, eləcə
də işsizlik və sosial vəziyyətin
yaxşılaşdırılması kimi məsələlərin
yaxın dövr üçün dövlət siyasətinin əsas
hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət
edir.
❖ 2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik
Konfransındakı çıxışında (“Valday” Beynəlxalq
Diskussiya Klubunda Prezidentin çıxışının
davamı kimi) Ermənistanın baş nazirini və
işğalçılıq siyasətini tarixi həqiqətlərlə
ifşa etməsi ictimai rəydə vətəndaşların
Prezidentə olan münasibətinə müsbət təsir
göstərməklə bərabər, ərazi
bütövlüyümüzün bərpa edilməsinə
olan inamı da yüksəltmişdir.
❖ Prezidentin Münxen Təhlükəsizlik
Konfransındakı çıxışı Ermənistanın
baş nazirinin növbəti dəfə aciz duruma düşməsi
(56.7 faiz), Prezidentin növbəti diplomatik qələbəsi
(48.5 faiz), Dağlıq Qarabağ probleminin həlli istiqamətində
yeni bir mərhələ (44.3 faiz ) kimi qiymətləndirilib.
❖ Rəyi öyrənilən respondentlərin
əhəmiyyətli bir hissəsi (75,9
faizi) dünya neft bazarlarındakı volatillik fonunda valyuta məzənnəsinin
sabit saxlanılması istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirləri əhəmiyyətli
dərəcədə səmərəli hesab edir.
❖ Ölkədə maliyyə-bank
sektorundakı sabitliyin təmini ilə bağlı nəticə
əsaslı tədbirləri müvafiq olaraq respondentlərin
63,1 faizi kifayət qədər səmərəli
hesab edir.
❖ COVID-19 pandemiyasının və
eləcə də qlobal neft böhranının (neft qiymətlərindəki
kəskin eniş) dərinləşdiyi bir dövrdə
ölkədə ərzaq təhlükəsizliyi ilə təminat
sahəsində reallaşdırılmış
genişmiqyaslı işləri vətəndaşlar yüksək
dəyərləndirir (87.8 faiz).
❖ Rəyi öyrənilənlərin
87.8 faizi müvafiq dövlət qurumlarının sosial-iqtisadi
islahatlarla bağlı ictimaiyyəti periodik məlumatlandırmasını
səmərəli qiymətləndirir.
❖ 89.2 faiz respondent ölkə
Prezidentinin milli genofondun qorunması, sosial səhiyyə və
sağlamlığın daha da möhkəmləndirilməsi
məsələlərinə xüsusi həssaslıqla
yanaşmasını, daima diqqət mərkəzində
saxlamasını olduqca yüksək qiymətləndirərək
bu istiqamətdə dövlət siyasətini təqdir edir.
❖ Respondentlərin mütləq
əksəriyyəti (93 faiz) dövlətin koronavirusla
bağlı ilkin mərhələdə həyata
keçirdiyi tədbirləri müsbət dəyərləndirərək
yetərli sayır.
❖ Respondentlərin
böyük əksəriyyəti (87.8 faiz) pandemiyanın
mövcud olduğu vəziyyətdə hər hansı problemlə
qarşılaşdığı zaman dövlətin onlara dəstək
göstərəcəyinə inanır.
❖ Respondentlərin
böyük əksəriyyəti pandemiyaya qarşı
mübarizə tədbirləri çərçivəsində
atılan addımlara karantin məhdudiyyətlərinin tətbiq
edilməsinə, bir sıra qonşu ölkələrlə sərhədlərin
bağlanmasına (85.6 faiz), kütləvi tədbirlərin
qadağan edilməsinə (84 faiz) tədrisin
dayandırılmasına (82.4 faiz) daha müsbət münasibət
bildirib.
❖ Ümumilikdə, respondentlərin
mütləq əksəriyyəti (92.8 faiz) ictimai qınağa
səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə
həmrəydir.
❖ Respondentlərin əksəriyyəti
(88.9 faiz) yerlərdə baş verənlər barədə
Prezidentin ümumilikdə məlumatlı olması fikrindədirlər. Lakin nə dərəcədə
məlumatlı olub-olmaması barədəki fikri birmənalı
deyil – “tam məlumatlıdır” (44.3 faiz) və “qismən məlumatlıdır”
(44.6 faiz) cavablarını seçənlərin çəkisi
demək olar ki, eynidir.
❖ Qeyd etmək lazım gəlir
ki, respondentlərin 10 faizinin Prezidentin yerlərdə baş
verənlər barədə tam məlumatsız olduğunu hesab
etməsi düşündürücü məqamdır. Bu nəticəyə
əsasən ölkə rəhbərinin
çıxışlarında tez-tez vurğuladığı
ictimai nəzarətin vacibliyi ilə bağlı fikrinin əhəmiyyətli
olduğunu bir daha görə bilərik. Sorğunun
nəticəsi bunu da deməyə əsas verir ki, yerlərdə
gedən proseslərin və mövcud problemlərin ən
yuxarı instansiyalara çatdırılması mexanizmlərinin
bir daha nəzərdən keçirilməsinə, təkmilləşdirilməsinə
ehtiyac var. Məsələn, vətəndaşların
müraciətlərinin müvafiq ünvana çatmaması
bu cəhətdən əsas problemlərdən biridir.
❖ Respondentlərin nəzərində
Prezidentin yerlərdə baş verənlərlə
bağlı məlumatlılığı onun qərar qəbul
etməsində əsasən qanunazidd hərəkətlərə
yol verən məmurların cəzalandırılmasında
(67.5 faiz), korrupsiyaya qarşı mübarizədə (48.7 faiz)
və kadr islahatlarında (43.2 faiz) özünü büruzə
verir.
❖ Sosial problemlərin həllində
və onlara çevik reaksiya verilməsində Prezidentin məlumatlılıq
səviyyəsinin mühüm əhəmiyyətə malik
olmasını yalnız hər üç respondentdən
birinin ifadə etməsi düşündürücü məqam
hesab edilə bilər.
❖ Əhalinin böyük əksəriyyəti
(81.8 faiz) “tam əminliklə” bu qənaətdədir ki, yerli
icra hakimiyyəti başçılarının Prezident tərəfindən
vəzifədən azad edilməsində ictimai fikrin birbaşa
təsiri var. Bu fikirdə olanların ümumi göstəricisi
isə 95.2 faiz təşkil edir. Əhali
arasında belə qənaətin yayılması Prezident-vətəndaş
münasibəti cəhətdən müsbət səciyyələndirilə
bilər.
❖ Ümumilikdə, respondentlərin
üçdə ikisindən bir qədər çox hissəsi
ölkə rəhbərinin ictimai qınağa səbəb
olan məsələlərə reaksiyasından tam
razıdırsa, dörddə biri qismən razıdır. Nəticələrə
əsasən, insanlar ölkə başçısının
özünün fəaliyyətində ictimai rəyə həssas
olduğunu düşünür.
❖ İslahatlar və
korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən
yerli icra başçılarına qarşı aparılan əməliyyatlar
xüsusilə regionlarda yaşayan vətəndaşlarda
müsbət gözləntilərin yaranmasına səbəb
olub. Bəzi hallarda vəziyyətin dəyişməyəcəyi,
məmur özbaşınalığının davam edəcəyini
düşünənlərin belə fikirləri dəyişməkdədir.
İnsanlar bu kimi addımları da
islahatların əsas qolu kimi qiymətləndirir və bunun
davamlı olmasını arzulayırlar.
❖ Həmçinin Prezidentin
etimadını doğrultmayan məmurların bu şəkildə
cəzalandırılması onu göstərir ki, islahatlar
dönməz və ardıcıl xarakter daşıyır,
xalqa xidmət fəaliyyətin yeganə meyarıdır. Eləcə də,
qanun qarşısında hər kəs bərabərdir. İnsanlarda da qanunun aliliyinə inam artmaqdadır.
❖ Respondentlərin yarıdan
çoxu (54.4 faiz) bu əməliyyatlardan sonra rayon icra hakimiyyəti
başçılarının korrupsiyaya yol verməkdən
çəkinəcəyini düşünür. Bir o qədər
də respondentdə vətəndaşların qanunun aliliyinə
inamının artacağı gözləntisi (50.3 faiz) var.
❖ Respondentlərin əksəriyyəti
(85 faiz) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən
aparılan əməliyyatların Prezidentin imicinə müsbət
təsir etdiyini düşünür. Vəzifələrindən sui-istifadə
edən məmurların cəzalandırılaraq vəzifədən
uzaqlaşdırılması başlanan islahatlara heç kimin
mane ola bilməyəcəyini göstərir.
❖ Həyata keçirilən
kadr dəyişiklikləri vətəndaşların əsaslı
hissəsinin nəzərində Prezidentin nüfuzuna müsbət
təsir göstərən əsas amillərdən biridir.
❖ Respondentlərin mütləq
əksəriyyəti (91 faiz) son dövrlər yerli icra hakimiyyəti
orqanlarına daha gənc kadrların təyin olunmasını
bu və ya digər dərəcədə müsbət (75.2
faiz “çox yaxşı”, 15.8 faiz “əsasən
yaxşı”) qiymətləndirir.
❖ Respondentlərin əhəmiyyətli
hissəsi (63.9 faiz) Milli Məclisin yeni tərkibinin Prezidentin
islahatlar kursuna dəstək və töhfə verə biləcəyini
düşündüyü halda, 21.1 faiz respondent bu haqda fikir
bildirməkdə çətinlik çəkib.
❖ Respondentlər Prezidentin təhlükəsizlik
orqanlarında həyata keçirdiyi kadr dəyişikliklərinin
ümumi islahatların effektivliyinə (79.5 faiz), milli təhlükəsizliyin
gücləndirilməsinə (85.5 faiz), xalqın təhlükəsizlik
orqanlarına olan inamına (81.9 faiz) müsbət təsir edəcəyi
fikrindədir.
❖ “Hansı sahədə daha
çox islahatlara ehtiyac var?” sualına verilən cavablara əsasən
deyə bilərik ki, icra hakimiyyəti (53.7 faiz) və məhkəmə
(45.7 faiz) hakimiyyətində islahatların olması əhali tərəfindən
ən çox ehtiyac duyulandır. İcra hakimiyyəti
sahəsində islahatların vacibliyini deyənlər içərisində
icra hakimiyyətinə etibar etməyənlər
üstünlük təşkil edir. Bu nəticə
onu deməyə əsas verir ki, hələ də yerlərdə
icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş
deyil və vətəndaşlar tərəfindən səmərəli
qiymətləndirilmir.
❖ Respondentlərin təxminən
yarısının məhkəmə sahəsində də
islahatların zəruriliyini bildirməsi bu istiqamətdə də
islahatların aparılmasının vətəndaşların
gözləntisində olduğunu göstərir. Yuxarıda da
qeyd edildiyi kimi, məhkəmələrə etibar əhali
arasında o qədər də yüksək deyil (49 faiz).
Bu iki fikir arasındakı əlaqəyə baxdıqda
aydın olur ki, məhkəmələrdə islahatların
olmasını istəyənlər içərisində məhkəmə
orqanlarına etibar etməyənlər üstünlük təşkil
edir.
❖ Digər iki sahə ilə müqayisədə
respondentlər qanunverici sahədə (24.5 faiz) islahatların
vacibliyinə daha az ehtiyac duyur. Bu,
qanunverici hakimiyyətdə köklü islahatların 2020-ci
ildə aparılması ilə bağlı ola
bilər. Həmçinin, respondentlərin əhəmiyyətli
hissəsi parlamentin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək
verəcəyi fikrindədir. Bu məqam da,
yuxarıda vurğulandığı kimi, ictimai rəydə
parlamentin yeni tərkibi ilə bağlı gözləntilərin
olması ilə izah edilə bilər.
❖ Rəyi soruşulanların 77.6
faizinin nəzərində “Prezidentin
çıxışlarında bütün hakimiyyət təmsilçilərinə
xalqa xidmət etməyi və xalqa yaxın olmağı
tapşırması” ölkə başçısının
nüfuzuna “ən çox təsir” göstərən amil kimi
irəli çıxır ki, bu da məmurların cəzalandırılması
və kadr dəyişikliklərinin vətəndaşlar
üçün yüksək əhəmiyyət kəsb
etdiyini göstərir.
❖ Təsir dərəcəsinə
görə növbəti pillələrdə “xalqa xidmət
etməyən məmurlara qarşı qətiyyətli
davranışı” (71.8 faiz), “xalqın içərisində
olması” (71.6 faiz) və “sadə və təvazökar
olması” (71.3 faiz) amilləri dayanır.
❖ Respondentlərin mütləq
əksəriyyəti (94.2 faiz) Prezidentin öz sadəliyi və
təvazökarlığı ilə məmurlara örnək
olması fikrindədir. Ölkə başçısının
bir çox tədbirlərdə, görüşlərdə
olan davranışları, səmimi ünsiyyəti,
insanları sonadək dinləməsi vətəndaşlarda bu
fikri formalaşdırır.
❖ 2020-ci ilin birinci rübündə vətəndaşların Prezidentə olan inam və etimadının dinamikasına baxdıqda aydın olur ki, bu istiqamətdə yüksəlmə var. Belə ki, STM tərəfindən 2019-cu ildə keçirilən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksində oktyabr ayı üzrə bu göstərici 54.6 faiz idisə, mart ayında bununla müqayisədə göstərici 58.1 faizdir. Ümumilikdə 2020-ci ilin mart ayına olan göstəricilərə əsasən deyə bilərik ki, respondentlərin mütləq əksəriyyəti (94.5 faizi) ölkə başçısına inanır və etimad göstərir.
❖ Vətəndaşlar Prezidentin fəaliyyəti ilə bağlı məlumatları televiziyadan (81.1 faiz) və sosial şəbəkələrdən (41.7 faiz) alırlar. Prezident.az saytından (7.3 faiz) və Prezidentin sosial şəbəkə hesablarından (8.4 faiz) istifadə göstəricisi o qədər də yüksək deyil. Respondentlərin demoqrafik təhlili göstərir ki, hər iki elektron ünvana ali təhsilli şəxslər və Bakıda yaşayanlar daha çox daxil olur.
❖ Vətəndaşların
digər sosial şəbəkələrdən deyil,
birbaşa mənbənin özündən Prezidentin sosial
şəbəkə hesablarından məlumat alması daha
düzgün informasiyaya çıxış baxımından
səmərəli sayıla bilər.
Azərbaycan.-2020.- 18 aprel.- S.1;3.