Prioritetlərdən biri də iqtisadi fəallığı
artırmaqdır
Prezident İlham ƏLİYEV:
"Addımlarımızı elə atmalıyıq ki, postkarantin rejiminə daha hazırlıqlı olaq”
"Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bu fikri bir daha vurğulamışdır.
Dövlət başçısı eyni zamanda qeyd etmişdir ki, COVID-19-la bağlı yaranmış şəraitdə iqtisadi sahəyə də böyük diqqət yetirilməlidir. Çünki yalnız güclü iqtisadi imkanlar olduqda uğurlu sosial siyasət həyata keçirmək mümkündür. Xüsusilə pandemiyadan irəli gələn fəsadlar böyük həcmdə maliyyə vəsaiti tələb edir.
Beləliklə, Prezident günümüzün prioritet təşkil edən üç mühüm məsələsini bir daha nəzərə çatdırmışdır. Bunlar insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.
Pandemiya davam etdiyi üçün bununla əlaqədar aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll edilməsi önə çəkilmişdir. Dövlət başçısı bu barədə demişdir: "İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”.
Aztəminatlı ailələrə önəmli
bir dəstək mexanizmi
kimi ünvanlı sosial
yardım proqramı yenə də müvəffəqiyyətlə
icra edilir. Prezidentə
məlumat verilmişdir ki,
artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial
yardım proqramı ilə əhatə olunub.
Aprelin 1-i ilə müqayisədə artım
10 min ailə və ya 36 min şəxsdir. Dövlət başçısının tapşırığına
uyğun olaraq onların sayı mütəmadi şəkildə
artırılacaq.
İşsiz və qeyri-formal
məşğul olan,
xüsusi karantin rejimində iş yerini itirmiş insanlarla bağlı bir sıra digər
proqramlar da həyata keçirilir. Bunlardan biri Prezident İlham Əliyevin təşəbbüsü
ilə elan edilmiş haqqı ödənilən ictimai iş yerləri proqramıdır. Dövlət
başçısının tapşırığına əsasən,
bu proqramın əhəmiyyəti xeyli artırılmış, əlavə
50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Artıq
proqramın icrasına
başlanmışdır. İndiyədək beş min işsiz şəxs bu işlərə cəlb edilmişdir.
Lakin pandemiya ilə bağlı vəziyyət ictimai iş yerlərinin sayının daha da artırılmasını gündəmə gətirmişdir. Videobağlantı formatında keçirdiyi iclasda dövlət başçısı bununla əlaqədar bildirmişdir ki, cari ildə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu sahəyə ciddi nəzarət olmalıdır.
Hazırkı dövrdə həmçinin özünüməşğulluq proqramının əhəmiyyəti daha da artır. Məlum olduğu kimi, bu proqrama Dünya Bankı cəlb edilib. Proqrama eləcə də fəal şəkildə Azərbaycan bankları qoşulub. Bu il 12 min ailə üçün mikro təsərrüfatın yaradılması planlaşdırılır.
Azərbaycan dövlətinin atdığı inamlı addımlar hazırkı çətin şəraitdə iqtisadi fəallığı qoruyub saxlamağa yönəldilib. Sözügedən tədbirdə qeyd edilmişdir ki, indi demək olar bütün ölkələr pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar. Ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir. Düzdür, ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Dövlətin iqtisadi sahədə apardığı siyasət və yaratdığı iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə ölkəmiz üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyev pandemiya bitəndən sonrakı dövrdə hər sahədə işləri uğurla davam etdirmək üçün indidən məqsədyönlü fəaliyyət göstərməyi qarşıya məqsəd kimi qoyur: "Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda bizim iqtisadi sahəyə də aiddir... Biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq”.
Flora SADIQLI
AzərbaycaN.-2020.- 19 aprel.- S.1;5.