Xalq Prezidentinə tam güvənir

 

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına davamlı şəkildə yazılan minnətdarlıq məktublarından bu daha aydın hiss olunur

 

 

Dünyanı çənginə almış koronavirus pandemiyasının qarşısının alınması üçün görülən profilaktik və qabaqlayıcı tədbirlər artıq öz bəhrəsini verməkdədir. Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı son rəqəmlərin hər saat dəyişməsinə rəğmən konkret nəticə söyləmək hələ tezdir.

Hər gün dəyişilən rəqəmlər situasiyanın artan-azalan şkalasında "rəqs etməkdə”dir. İlk dəfə virusun peyda olduğu Çin Xalq Respublikasının Uhan əyalətindən bütün dünyaya yayılması - qitələri bürüməsinin yaratdığı təşviş qismən aradan qaldırılmaqdadır. Bunun da bəzi səbəbləri var. Onlardan biri də təbii ki, pandemiyanın qarşısını alan qabaqlayıcı tədbirlərin görülməsi, insanların açıq havada və bir-biri ilə sıx təmasdan uzaqlaşdırılması, yoluxmaların dəqiq siyahısının çıxarılması üçün əhalinin testlərdən keçirilməsi, səhiyyənin və tibbin ən son nailiyyətlərinin tətbiqi, o cümlədən xəstəxana və poliklinikaların ciddi iş rejiminə keçirilməsi kimi vacib amillərdir.

 

 

 

Prezident imkansız ailələrə yardım göstərənlərə təşəkkür etdi

 

 

"Həssas təbəqənin qorunması hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”.

Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bəzi gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirir: "Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı həssas təbəqədən olan tələbələrə, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın”.

 

 

Əhalinin məşğulluq imkanlarının artırılması sosial güc deməkdir

 

 

Azərbaycan Prezidentinin Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirləri ilə keçirdiyi videogörüşdə bir daha qeyd edildi ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib.

Bütün bu görülmüş xüsusi təyinatlı tədbirlər, ilk növbədə, ölkə əhalisinin sağlamlığının qorunması, vətəndaşların, xüsusən də həssas təbəqənin, sosial müdafiəyə ehtiyacı olanların pandemiyadan az zərər çəkməsinə hesablanan humanitar siyasət diqqətdən kənarda qalmır. Azərbaycan Prezidenti İlham Əliyevə yazılan və sosial şəbəkələrin gündəmini təşkil edən məktubların ünvanları müxtəlif, məna və məzmunları eynidir: dövlət başçısının ətrafında daha sıx birləşməklə bu bəladan xilas olmaq, görülən və davam etdirilən özünütəcrid kampaniyasına qoşulmaq.

Tünzalə Nəbiyeva Ağdamdan məcburi köçkündür. Yazır ki, hörmətli Prezident, dünyada geniş yayılmış koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz xalqının yanındadır: "Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Bu mübarizə tədbirləri üçün imzaladığınız sərəncamlar, açılan yeni xəstəxanalar, fabriklər göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar, o cümlədən ağdamlılar adından təşəkkürümü bildirir, ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.

 

 

Xalqımız böyük qəlbli, uzaqgörən Prezidenti ilə fəxr edir

 

 

Belə məzmunlu məktublardan birinin müəllifi də Azərbaycan Texniki Universitetinin tələbəsi Nuriyev Orxan Rövşən oğludur. Məktubda deyilir: "Cənab Prezident! Azərbaycanımızda həyata keçirdiyiniz məqsədyönlü sosial-iqtisadi siyasətinizə, strateji hədəflərə istiqamətlənən addımlarınıza, yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm, çünki bir gənc olaraq bu, məni çox qürurlandırır.

Dünyada tüğyan edən COVID-19 pandemiyası ölkəmizdə də əsas müzakirə mövzusudur. Bir çox dövlətlərdən fərqli olaraq, Sizin müdrik, uzaqgörən siyasətiniz sayəsində Azərbaycanda pandemiyanın geniş yayılmasına qarşı tez reaksiya göstərildi: Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Hörmətli Prezident! Tapşırığınıza əsasən, ölkəmizdə inşa edilən, müasir standartlara cavab verən "Yeni klinika”nın açılması, tibbi maskaların, dezinfeksiya vasitələrinin istehsalına başlanılması, karantin rejimində aztəminatlı ailələrə, həmçinin yaranmış vəziyyətdən əziyyət çəkən sahibkarlara lazımi dəstəyin verilməsi ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, yaşlı insanlara yardım göstərilməsi onların sosial rifahının, sağlamlığının, təhlükəsizliyinin sizin üçün hər şeydən vacib olduğunun göstəricisidir. Bunun üçün Sizə ailəmiz adından sonsuz minnətdarlığımızı bildirirəm. Xalqımız sizin kimi böyük qəlbli, müdrik, uzaqgörən Prezidenti ilə fəxr edir”.

 

 

Cənab Prezident! Sizinlə qürur duyur və Sizinlə birgəyik

 

 

Bakı şəhərinin Xətai rayonundan Nuranə Məmmədzadənin göndərdiyi məktub da maraqlı və səmimidir: "Mən bir gənc olaraq dövlət başçısının həyata keçirdiyi islahatları və ölkəmizin rahatlığı üçün etdiyi çıxışları sosial media və televiziyalar vasitəsilə yaxından izləyirəm. Bu sadəcə məlumat almaq və ya gündəmdən xəbərim olmaq üçün deyil. Cənab Prezident, bunu Sizin idarəetmə sisteminizə olan pərəstişkarlığım kimi qəbul edirəm. Burada xarici ölkələrin dövlət xadimləri ilə aparılan danışıqlarda uzaqgörənliyiniz və hələ bu yaşda müdrikliyiniz məni bir vətənpərvər gənc olaraq qürurlandırır. Hər dəfə Sizi televiziyada müəyyən məsələlərlə bağlı çıxış edərkən görən şəxslərin, ya da gənc kadrların dövlətçiliyə, millətə olan bağlılığı bir daha artır. Sizin kimi rəhbərimiz olduğu üçün qürur duyur və gördüyünüz işləri hər zaman dəstəkləyirik”.

Məktubda daha sonra qeyd edilir ki, son bir neçə ay ərzində dünyanı öz əsarəti altına almış COVID-19 adlı virus təəssüf ki, Azərbaycanımızın da başını qara bulud kimi örtməyə başladı: "Lakin, möhtərəm Prezidentimiz, Sizin düşünülmüş uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə digər dövlətlərə nisbətən tez karantin elan edilməsi COVID-19 virusuna yoluxanların sayının az olması ilə nəticələndi. Bu çətinlikdə bizə, ölkəsinə hər cür maddi və mənəvi dəstəyi əskiltməyən, hər bir işdə, problemimizin həllində yanımızda olan hörmətli Prezidentimiz, Sizə təşəkkür edirik. Sizə uğurlu fəaliyyətinizdə sonsuz nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi bütün bəlalardan hifz etsin”.

 

 

Atılan uğurlu addımlar, verilən müdrik qərarlar...

 

 

Ənvər Əsgərov isə Azərbaycan Prezidentinə ünvanladığı təşəkkür dolu məktubunu ölkəmizin qonşu Gürcüstan Respublikası ilə sərhədində yerləşən Ağstafadan yazıb. Məktubda qeyd edilir ki, bir yaradıcı gənc olaraq mən, cənab Prezident, Sizin gördüyünüz bütün tədbirləri diqqətlə izləyir və buna görə də minnətdarlığımı bildirirəm: "Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bundan da qalib ayrılacağıq.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram!”

 

 

 

Biz birlikdə bu pandemiyaya da qalib gələcəyik!

 

 

Bakının Xətai rayonundan məktub yazan Elvira Bayramovanın fikrincə, ölkə başçısının bu çətin günlərdə yürütdüyü siyasət əsasən əhalinin pandemiyadan sağ-salamat, az itki ilə çıxmasına hesablansa da, bütün sahələrə öz müsbət təsirini göstərir. Bu gün xalqımız daha sıx birlik və həmrəylik nümayiş etdirir. Azərbaycan Prezidentinin hər bir çağırışı qeyd-şərtsiz, birmənalı şəkildə qəbul olunur: "...Hörmətli Prezident! Ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlər artıq dünyanın nəzər-diqqətini çəkir və nümunəyə çevrilir. Pandemiyanın vaxtında qarşısının alınması ölkənin nəinki əhalisinin sağlamlığı baxımından, həm də sonrakı dövrdə iqtisadiyyatın iflic olmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycana sevginizdən, xalqımıza məhəbbətinizdən biz də nümunə götürürük! Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayırıq.

Əlbəttə, son vaxtlar yaşanan hadisələrdə vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz məqsədyönlü qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, biz qalib gələcəyik.

Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla ehtiyacı olanlara sosial-humanitar yardımlar göstərilir. Aztəminatlı, eləcə də sosial müdafiəyə ehtiyacı olan ailələrə birdəfəlik 190 manat vəsaitin verilməsi inkişaf etmiş Avropada təəccüb və heyranlıqla qarşılandı. Xalqımıza bu sınaq günlərində bir daha sübut edirsiniz ki, Siz daim xalqın yanındasınız! Sizi xalq buna görə çox sevir və siyasətinizi dəstəkləyir. Biz sizinləyik! Biz birlikdə bu pandemiyaya da qalib gələcəyik! Gördüyünüz qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər vətəndaşın qayğısına qalırsınız.

İndiki ağır günlərdə daim xalqın yanında olduğunuz və vətəndaşların qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Qürur duyur, fəxr edirik ki, Sizin kimi dövlət başçımız var”.

Azərbaycan Prezidentinin ünvanına göndərilən təşəkkür və minnətdarlıq dolu məktubların arasında Ermənistanın işğalçılıq siyasətinin qurbanlarına çevrilmiş məcburi köçkünlərin sayının çox olması da diqqətçəkən məqamlardandır. Göygöl rayonunun ərazisində salınmış 600 ailəlik qəsəbədən bir qrup kəlbəcərli məcburi köçkünün - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 600 ailəlik yeni qəsəbə üzrə səlahiyyətli nümayəndəsi İbrahim Sadıqovun, qocaman müəllim İqbal İsmayılovun, 99 nömrəli Kəlbəcər tam orta məktəbin direktoru İsmət Nəcəfovun, müəllimlərdən Nazim Ələsgərovun, Əli Şirinovun, Səfər İlyasovun, Gülşən Məmmədovanın, Əhliman Alıyevin, eləcə də kənd ağsaqqallarından - 85 yaşlı Nəsib Nəcəfovun, Məhəmməd Novruzovun, yaşı 90-nı keçən Əli İlyasovun, Səfər Mürsəlovun, Uğurlu Xəlilovun və digər cəmi 56 nəfərin imzaladığı məktub da Azərbaycan Prezidentinin son günlər əhaliyə birbaşa müraciəti ilə bağlıdır. Məktubda qeyd edilir ki, biz məcburi köçkünlər dövlət başçısının nəinki bu gün, ümumiyyətlə, Azərbaycan Prezidenti kimi ilk andiçmə mərasimindən xalqa verdiyi vədə layiqincə əməl etməsinin şahidiyik: "Azərbaycan Prezidenti dövlətimizin iqtisadi, siyasi, humanitar, sosial-mədəni sahələrdə inkişafına məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsi ilə nail olub! Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin bir hissəsini itirsək də, bütün sahələrdə, xüsusən iqtisadi və hərbi gücümüz Ermənistanı dalana dirəyib. Sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmağa çalışan Ermənistan 2016-cı il aprel ayının cəmi 2-3 günü ərzində ordumuzun nəyə qadir olduğunu hiss elədi. Bu gün də nəinki ölkəmiz, bütün dünya koronavirus pandemiyası ilə üz-üzə qalıb.

Təəssüfedici haldır ki, hələ bu gözəgörünməz bəlanın vaksini, dərmanı tapılmayıb. Buna görə də biz ölkə vətəndaşları, o cümlədən də illərdir ki, dövlətin humanitar yardımları ilə dolanan məcburi köçkünlər qəbul edilən qərarlara, qoyulan qadağalara tam və ciddiyyəti ilə əməl edirik. Qəsəbəmizdə dezinfeksiya işləri davamlı şəkildə görülür, həmçinin təbliğat və təşviqat el-oba qaydası ilə aparılır. "Evdə qal-sağlam qal” bizim üçün düşünülmüş bir kampaniyadır. Biz dövlətimizin və onun başçısının yürütdüyü siyasətlə bu bəladan xilas olacaq və həyatımıza davam edəcəyik”.

 

 

 

Mehriban xanım Əliyevanın xalqa müraciəti bizi kövrəldib!

 

 

1986-cı ildə Kəlbəcərdə dünyaya göz açan Samirə İbrahimova 1993-cü ilin qanlı aprel günlərində ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşənlərdən biridir. Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən 21 saylı tam orta məktəbində çalışan, burada bədii tərtibat işləri ilə məşğul olan S.İbrahimovanın Azərbaycan Prezidentinə ünvanladığı məktub digərlərindən bir qədər fərqlənir - üslub və faktlarına, fikir və mülahizələrinə görə. Müəllif yazır: "...Hörmətli Prezidentimiz! Sizin qayğınızı hər vaxt hiss etmişik. Gecə-gündüz yorulmadan çalışırsınız. Ailəmiz 5 nəfərdən ibarətdir. Yoldaşımla mən əlillik dərəcəsi ilə sosial yardım alanlardanıq. Qızım Fatimə ilə oğlum İbrahim 117 nömrəli Kəlbəcər tam orta məktəbinin şagirdidir. Hər ikisi də koronavirus pandemiyasının qarşısının alınması üçün "Evdə qal-dərsdən qalma” kampaniyasına qoşulub. Beş yaşlı Polad da özünə iş tapır: maraqlı köhnə oyuncaqlarından yeni nəsə düzəldir. Mahnı oxuya-oxuya əllərini tez-tez yuyub, videorolik çəkərək internetdə paylaşmağımızı xahiş edir. Deyir ki, hamımız sağlam olmalıyıq. Onu da bilirik ki, evdə qalmaq heç də o demək deyil ki, əllərini bir-birinin üstünə qoyub hansısa bəlanın gəlməsini, fəlakəti gözləyəsən! Yox! Biz ailəliklə "evdə qal-işsiz qalma” yaratmışıq. Hər birimizin məşğuliyyətimiz var. Nənələrimizdən bizə miras qalan qadın əl işləri ilə bu gün məşğul olmaq üçün yaxşı fürsətdir. Mən qızım Fatiməyə corab toxuma, biçmə-tikmə, rəsm çəkmə öyrədirəm. Həyat yoldaşım isə İbrahimin dərsləri ilə məşğuldur. Bir sözlə, biz işsiz deyilik. Arzumuz xalqımızın bu bəladan sağ-salamat qurtarmasıdır. Bu yolda Sizin ailəyə də cansağlığı diləyirik. Mehriban xanım Əliyevanın xalqa müraciəti bizi çox kövrəldib! Qəbul olunan qaydalara və qadağalara əməl etmək də bizim borcumuzdur”.

 

 

 

Bugünkü ön cəbhənin sosial müdafiəsi

 

 

Laçın rayonundan olan məcburi köçkün Əkbər Nəcəfovun yazdığı məktubdan sətirlər: "Hörmətli cənab Prezident! Respublikamıza Sizin kimi alicənab, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə son zamanlar ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində mühüm addımlar atılır, vətənpərvər, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Biz gənclər də Sizə güvənir, gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və ürəkdən alqışlayırıq.

Hörmətli cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış COVID-19 pandemiyası əfsus ki, Azərbaycanda da yayılmağa başladı. Ölkəmizdə Sizin diqqətiniz və rəhbərliyinizlə bu bəlanın Avropadakı kimi daha geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan sistemli addımlar göz önündədir. Biz bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun lazımi addımların atılması, insanların sosial müdafiəsinin bütövlükdə təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Laçın gəncləri adından Sizə təşəkkür edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Azərbaycan xalqı yaxşı görür ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər aparılır, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 aprel tarixində Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə dövlət büdcəsindən 600 milyon manat vəsait ayrılıb.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Əmək müqaviləsi sayında azalma deyil, artım baş verib.

Bütün bunlar insanları razı salır, onlar xeyirxah və əməli fəaliyyətlərinə görə dövlət başçısına təşəkkürlərini bildirirlər.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 19 aprel.- S.1-2.