Müdrik lideri olan xalq xoşbəxtdir

 

Azərbaycan Prezidenti daim ölkənin hər bir vətəndaşının yanındadır

 

 

Dünyada gedən tarixi proseslər bir daha göstərir ki, müdrik lideri olan xalq xoşbəxtdir. Biz bu müdrikliyi Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən Ulu Öndər Heydər Əliyevin timsalında görmüşük. Ümummilli Lider xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdarkən "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək necə mübarizə meydanına atıldısa, ölkəni vətəndaş müharibəsi astanasından, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək necə demokratikhüquqi bir dövlət qurdusa, Azərbaycan Prezidenti İlham Əliyev də 2003-cü ildə hələ vəzifəsinin icrasına başlamamış bədniyyətlilərdən müstəqilliyimizi qorumaq naminə özünü sipər etdi: Azərbaycanı böyük təhlükələrdən qorudu.

Son 17 ildə Azərbaycan gündən-günə inkişaf etmiş, iqtisadiyyatımızın yüksəlməsi, əhalinin həyat tərzinin yaxşılaşması, şəhər və rayonlarımızın abadlaşması, təhsilimizin inkişafı, Avropaya inteqrasiya prosesinin yüksəlməsi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması bilavasitə cənab Prezidentin adı ilə bağlıdır.

Bütün bunlar Azərbaycan xalqı, onun ziyalıları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün dövlət başçısının timsalında uğurla davam etdirilir. Ölkəmizdə yeni islahatlar aparılır. Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasəti davam etdirilir. Yüksək intellektli, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər ölkənin ictimai-siyasi həyatında əsas rol oynayırlar.

Dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş tədbirlər, xalqımızın sağlamlığının qorunması üçün gördüyü işlər ziyalılar tərəfindən də yüksək dəyərləndirilir. Dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilk olaraq özünün birillik əməkhaqqını ora köçürməsi, virusun geniş yayılmaması üçün xalqa müraciəti, bu çətin günlərdə hamını bir olmağa, özünütəcrid qaydalarına əməl etməyə çağırması vətəndaşlarımızı ürəkləndirdi. Bu da Azərbaycan xalqının qarantı və hər bir vətəndaşın Prezidenti olmasını bir daha sübut etdi.

Dövlət başçısının həmişə olduğu kimi, bu çətin günlərdə də ölkəmiz və xalqımız üçün göstərdiyi fədakarlıq, qəbul etdiyi qərarlar, keçirdiyi videogörüş-konfranslar, açılışını etdiyi obyektlər bir daha xalqın yanında olduğunun təzahürü və təsdiqidir. "Yeni klinikatibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, açılışındakı səmimi çıxışı, tövsiyələri, tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, daha 6 xəstəxananın tikilməsinə göstəriş verməsi dövlət başçısının xalqın yanında olmasını və daim ölkə vətəndaşlarını düşünməsinin göstəricisidir. Bunlarla yanaşı ölkə rəhbəri yalnız Azərbaycanda yox, bütün dünyada yaşayan və səfərlərdə olan soydaşlarımızın da qayğısına qaldığı, onlara ən yüksək səviyyədə dayaq durduğu üçün ziyalılar ona minnətdarlıq edir. Dövlət başçısının ünvanına gələn çoxsaylı təşəkkür məktubları, əhalinin ürək sözləri bir daha bunları təsdiqləyir.

Görülən tədbirlərin həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək səviyyədə dəyərləndirilməsi və təqdir edilməsi hamımızı məmnun edir. Azərbaycan Prezidentinin ünvanına gələn, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəkkür məktubu söylədiklərimizi əsaslandıran faktlardandır.

Pandemiyanın geniş yayılmasının qarşısını almaq haqqında Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar məsuliyyətlə yerinə yetirilir. Bütün vətəndaşlara, xüsusilə yaşlılara, köməyə ehtiyacı olanlara diqqət və qayğı göstərilir. Xalqımızın genefondunu təşkil edən gənclərin, tələbələrin və orta məktəb şagirdlərinin qayğısına qalaraq tədris prosesinin dayandırılması, işləməyən ailələrə maddi yardım göstərilməsi bu qayğının bariz nümunəsidir.

Çalışdığım Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə kollektivi inanır ki, bu uzaqgörənlik və müdrik rəhbərliklə dövlətimiz və xalqımız tezliklə bu xəstəlikdən ən az itki ilə xilas olacaq.

 

 

Şikar QASIMOV,

Azərbaycan Texniki Universitetinin professor

Azərbaycan.-2020.- 19 aprel.- S.2.