Milli Kitabxana fəaliyyətini
virtual rejimdə davam etdirir
Bu gün bütün
dünyanı bürüyən
yeni koronavirus (COVID-19)
infeksiyası ölkəmizdə
də insanlar üçün böyük
çətinliklər yaradıb. Əhaliyə ictimai yerlərə getməmək, mümkün
olduğu qədər
evdə oturmaq tövsiyə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən qabaqlayıcı
tədbirlər sayəsində
hamı bu təhlükədən ən
minimum zərərlə qurtarmaq
üçün əlindən
gələni edir.
Həmin tədbirlər çərçivəsində
məktəblər, kitabxanalar,
muzeylər, teatrlar, konsert salonları bağlanmışdır. İnfeksiyanın yayılmasının qarşısını
almaq məqsədilə
bir çox müəssisələr müvəqqəti
olaraq bağlansalar da, öz fəaliyyətlərini
onlayn rejimdə davam etdirirlər. Ölkə Prezidentinin
"Evdə qal, özünu qoru” çağırışına səs verərək Milli Kitabxananın kollektivi də Mədəniyyət Nazirliyinin
"Evim, mənim yeni iş yerim”
çağırışına qoşularaq onlayn rejimdə oxuculara xidmət göstərir.
Son dövrlərdə ölkə başçısı
kitabxanaların səmərəli
fəaliyyət göstərməsi,
onların maddi-texniki bazasının möhkəmləndirilməsi,
fondların zənginləşdirilməsi
üçün bir sıra xüsusi əhəmiyyətli sənədlər
imzalamışdır. Həmin sənədlərin
icrası nəticəsində
kitabxana-informasiya sahəsində
yeni texnologiyalar tətbiq edilmiş, müasir kitabxana-informasiya
infrastrukturu yaradılmış
və istifadəçilərə
göstərilən xidmətlərin
sayının və keyfiyyətinin artırılması,
əhalinin intellektual potensialının, bilik səviyyəsinin inkişafı,
habelə fasiləsiz təhsilin təmin edilməsi üçün
əlverişli zəmin
yaradılmışdır.
Respublikanın baş kitabxanası olan Milli Kitabxana
"Elektron hökumət”
Konsepsiyasının icrası
ilə əlaqədar
oxuculara kitabxana-informasiya
xidmətinin elektronlaşdırılması,
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, oxuculara virtual xidmət üçün müvafiq
infrastrukturun və proqram təminatının
yaradılması istiqamətində
bir sıra kreativ yönlü layihələr həyata keçirmişdir. Məhz bu tədbirlərin
icrası nəticəsində
istifadəçilərə onlayn rejimdə informasiya-biblioqrafiya xidmətləri
göstərilməsi üçün
real şərait yaranmışdır.
Milli Kitabxananın
Elektron kataloq və Elektron kitabxana resurs bazalarında toplanmış
materiallar haqqında məlumatların sosial şəbəkələrdə təbliği istifadəçilərin
kitabxanalara cəlb olunmasına, onların imicinin yüksəlməsinə
və mütaliəyə
marağın artmasına
səbəb olur. Oxucuların şəbəkələrdə
məhz kitabxana saytlarından istifadə edərək, özlərinə
faydalı və dəqiq məlumatları əldə etmələri,
həmçinin kitabxana
işçiləri ilə
dialoqa girmələri,
şərhlər yazıb
müxtəlif məsələlərə
aid öz fikirlərini
bildirmələri bu gün qarşıda duran vəzifələrdəndir.
Koronavirus dövründə kitabxana resurslarının
sosial şəbəkələrdə
təqdim edilməsi isə kitaba, mütaliəyə olan marağı daha da artırmışdır.
Milli Kitabxananın əməkdaşları
Mədəniyyət Nazirliyi
və "Kreativ Azərbaycan” portalı tərəfindən irəli
sürülən "Evdə
qal, evdə yarat” təşəbbüsünə
qoşularaq, vətəndaşların
bu müddətdə vaxtlarını səmərəli
keçirmələri məqsədilə
hazırladıqları informasiya
resurslarını kitabxananın
"Facebook” səhifəsində
yerləşdirirlər.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə
elan edilən "Könüllülər ili”
ilə əlaqədar
kitabxananın nəzdində
fəaliyyət göstərən
Açıq kitabxananın
"Könüllülər qrupu” vəziyyətlə əlaqədar insanların
ev şəraitində
səmərəli vaxt
keçirmələri üçün
maraqlı kitabların
linklərini, video görüntülərini
və xülasələrini
kitabxananın "Facebook”
səhifəsi vasitəsilə
onlayn şəkildə
oxuculara təqdim edir. Onu da qeyd edək ki, bu
təşəbbüs çox
bəyənilir. Onlar hətta
oxumaq istədikləri
kitabları bu gün artıq bizə sosial şəbəkələr vasitəsilə
yazırlar.
Qlobal internet şəbəkəsi
yaranana qədər
biz mütaliə üçün
seçmək istədiyimiz
ədəbiyyat haqqında
məlumatı yaxınlarımızdan,
dostlarımızdan və
kitabxanaçılardan əldə
edirdik. Hazırda oxunmuş kitablar
haqqında diskussiyalar,
kitabxanaçıların məsləhətləri,
kitab buktreylerlərinin
yerləşdirilməsi, əsərlərdən
olan sitatlar, elektron kitabxanalara və müxtəlif növ xidmətlərə
istinadlar istifadəçiyə
ürəyincə olan
kitabları seçməyə
imkan yaradır və bu da,
öz növbəsində,
sosial mediada kitabxana səhifələrinin
vacib atributudur.
Son zamanlar gənc
nəslin öz fikirlərini istər yazılı, istərsə
də şifahi formada düzgün ifadə edə bilməməsi haqqında
fikirlər çox tez-tez səslənir. Bu mənada
kitabxana bloqlarında verilən şərhlər
öyrədici bir vasitə ola
bilər və savadlı kitabxana kadrlarının şərhləri
istifadəçi üçün
bir nümunəyə
çevrilər. Əgər istifadəçi
müxtəlif mesencerlərlə
ünsiyyətdə səhvlərə
yol verirsə və bunun şəxsi
xarakter daşıdığını
deyib özünə bəraət qazandırırsa,
kitabxana saytlarında və bloqlarında isə o, öz fikirlərini daha düzgün ifadə etməyə çalışacaqdır.
Məhz buna görə də indi qlobal
internet və digər
sosial şəbəkələr
insanların, xüsusilə
gənclərin yaxın
məsləhətçisinə çevrilirlər.
İnformasiyalı cəmiyyət şəraitində
elm və texnika çox sürətlə
inkişaf edir və bu sürətli
inkişaf ilə əlaqədar olaraq kitabxanaların siması dəyişir. Müasir kitabxanaların oxucuları
yalnız qiraət zallarında mütaliə
edənlər deyil, həm də onlayn istifadəçilərdir.
Buna görə də onlayn istifadəçilərin kitabxana
haqqında, onların
təqdim etdiyi xidmətlər, o cümlədən
virtual xidmətlər barədə
istənilən şəkildə
məlumatlı olmalarına
şərait yaratmaq lazımdır. Bu məramı yerinə yetirməyə çalışan
və respublikamızda
yaranan şəraitlə
əlaqədar Milli Kitabxana qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya
xidmətini onlayn rejimdə təqdim etmək üçün xidmət miqyasını genişləndirib, kitabxananın
saytında yeni "Onlayn xidmətlər” pəncərəsi yaratmışdır.
Gün ərzində kitabxananın
oxu zallarında mütaliə edən, elmi tədqiqatlar və araşdırmalar aparan alimlərimiz, tədqiqatçılarımız, gənclərimiz, kitabsevərlərimiz
artıq bu gün kitabxanamızın
onlayn xidmətlərinə
müraciət edirlər
və onlara lazım olan resurslar tez bir
zamanda istifadəçilərin
elektron ünvanlarına
göndərilir. Kitabxananın
aşağıdakı onlayn
xidmətləri tam qüvvəsi
ilə oxucular üçün aktivdir:
Biblioqrafik sorğu http://anl.az/new/az/ask-us/21/43,
Sənədlərin sifarişi və elektron çatdırılması
http://anl.az/new/az/pages/75,
Virtual sərgi http://anl.az/new/az/pages/79
,
Metodiki xidmət
(kitabxanalar üçün)
http://anl.az/new/az/methodical-service/20.
Milli Kitabxananın əməkdaşları
öz evlərini yeni iş yerlərinə
çevirərək, onlayn
kitabxana-informasiya xidməti
fəaliyyətlərini xeyli
gücləndirərək mart ayının 11-dən tam şəkildə
bu rejimdə istifadəçilərə kitabxana
xidmətinin təşkilinə
start vermişlər. Həmin gündən
aprelin 14-dək Milli Kitabxana onlayn xidmətlər pəncərəsi
vasitəsi ilə 2387
istifadəçiyə sənədlərin
elektron çatdırılması
xidmətini göstərmişdir.
Bu müddət ərzində həmin istifadəçilərə 3906 kitab və 7828 məqalənin elektron verilməsi işi təmin olunmuşdur.
Biz kitabxanamızın "Onlayn xidmətlər” pəncərəsinə sifariş
göndərən istifadəçilərin
Milli Kitabxananın Elektron resurslar bazasında mövcud olmayan sorğularını
da cavabsız qoymuruq və onların sifarişi ilə 5 nəfər əməkdaşımız növbə
ilə hər iki gündən bir kitabxanaya gələrək həmin
informasiya resurslarını
rəqəmsallaşdıraraq birbaşa oxucuların elektron ünvanlarına göndərirlər. İndiyədək bu yolla 74 kitab
və 465 məqalə
rəqəmsallaşdırılaraq oxuculara göndərilmişdir.
Milli Kitabxana "anl.az” saytındakı
"Elektron kataloq və elektron kitabxana” bölməsi vasitəsilə oxuculara
virtual xidmətlərini də
davam etdirmişdir. Bu bölməyə 388 323 nəfər yalnız kitabları onlayn oxumaq üçün müraciət etmişdir.
Bu dövr ərzində
bütövlükdə kitabxananın
saytına daxil olanların sayı 482 630 nəfər olmuşdur.
Milli Kitabxananın saytında respublika kitabxanalarından gələn virtual sifarişlərin qəbulu üçün fəaliyyət göstərən onlayn "Metodik xidmət” bölməsinə gün ərzində yüzlərlə onlayn sifariş daxil olur. Bu sifarişlərin ödənilməsi bölgələrdə oxuculara kitabxana-informasiya xidmətini təmin edir. Milli Kitabxananın elektron bazasından istifadə etməklə bölgələrdə oxuculara verilən rədd cavablarının qarşısı alınır.
Hamıya bəllidir ki, Milli Kitabxana görkəmli şəxsiyyətlərə və əlamətdar tarixi hadisələrə dair daim ənənəvi sərgilər təşkil edir və bu da geniş oxucu kütləsinin marağına səbəb olur. Vəziyyətlə əlaqədar kitabxananın işgüzar kollektivi bu gün ənənəvi kitab sərgilərini virtual sərgilərlə əvəzləndirib. Bu məqsədlə onlar evdə qalaraq Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi ilə əlaqədar "Süleyman Rəhimov-120”, "Yurdumuza bahar gəlir”, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun doğum günü münasibətilə "Xalq şairi Səməd Vurğun”, "31 Mart - Azərbaycanlıların soyqırımı günü”, "Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı "İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150”, "Azərbaycanın tarixi abidələri” adlı elektron məlumat bazaları və virtual kitab sərgiləri hazırlamış, sosial şəbəkələr və Milli Kitabxananın saytı vasitəsilə istifadəçilərə təqdim etmişlər. Təqdim olunan bu bazalarda mövzuya dair kitab və məqalələrin tam elektron mətni, videogörüntülər və digər sənədlər nümayiş olunmuşdur.
Azərbaycan Milli Kitabxanası hər il çoxlu sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat nəşrləri hazırlayıb kitabxana ictimaiyyətinə, oxucularına təqdim etməklə onların mütaliəyə marağının artırılmasına kömək edir və öz sahələri üzrə istiqamətlənmələrində, axtarışlarının operativləşdirilməsində əhəmiyyətli rol oynayır. Vəziyyətlə əlaqədar bu gün Milli Kitabxananın metodik nəşrlərinin də virtual rejimdə təqdimatına başlanılıb. Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək tövsiyələrini kitabxanaçılara onlayn rejimdə təqdim edir.
Dəyərli oxucularımız, xalqımız üçün bu çətin günlərdə də Milli Kitabxananın əməkdaşları oxucularının yanındadır və var qüvvəsi ilə çalışırlar. Xahiş edirik, sizlərə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın.
Ədibə
İSMAYILOVA,
Milli Kitabxananın
Kitabxana-informasiya xidməti üzrə direktor müavini,
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun doktorantı
Azərbaycan.-2020.- 19 aprel.- S.6.