Dissertasiya işləri və elmi məqalələrin
yazılması tam nəzarətdədir
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu öz fəaliyyətini Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə,
eləcə də
"Evdə qal, lakin elmi fəaliyyətdən
kənarda qalma” çağırışlarına uyğun olaraq onlayn rejimdə davam etdirir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə
AMEA-nın vitse-prezidenti,
Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova məlumat verib.
İradə Hüseynova
institutun şöbə
və laboratoriya müdirləri ilə hər səhər onlayn formada əlaqə saxlayaraq onların fəaliyyəti
ilə maraqlandığını,
tapşırıq və
tövsiyələrini verdiyini,
distant dərslərdə
iştirak etdiyini bildirib. O, həmçinin
rəhbəri olduğu
doktorant və magistrantlara məsləhətlərini
verdiyini, dissertasiya işləri və elmi məqalələrin yazılmasının tam nəzarətdə olduğunu
söyləyib.
İnstitut əməkdaşlarının
COST proqramı üzrə
meqalayihəyə qoşulduqlarını
deyən akademik İ.Hüseynova Fransanın
koordinatorluğu ilə
həyata keçirilən,
22 Avropa ölkəsinin
iştirak etdiyi "Oksigen zondlama - meyvələrin keyfiyyətinin
biologiyası və texnologiyası üçün
yeni vasitə” adlı bu layihədə
rəhbərlik etdiyi qurumun əməkdaşlarının
Azərbaycanı təmsil
edəcəklərini nəzərə
çatdırıb. Bununla
əlaqədar, layihə
iştirakçılarının e-COST sistemində qeydiyyatdan keçərək öz profillərini aktivləşdirdiyini
vurğulayıb.
Alim bildirib ki, hazırda institutun elmi işçiləri elmi-tədqiqat nəticələrinin
analizi və məqalələrin yazılması
üzərində intensiv
işləyirlər: "Son günlərdə 4 məqalə
hazırlanaraq, "Journal of Agricultural
Sciences”, "Bulgarian Journal of Agricultural Science”, "Journal of
International Microbiology”, "International Journal of Molecular Sciences”
kimi yüksək impak faktorlu beynəlxalq jurnallara təqdim edilib. "Gene” jurnalına çap üçün təqdim
olunan məqaləyə
gələn resenzent rəylərinin cavablandırılması
üzrə işlər
isə yekunlaşmaq üzrədir. Hüceyrənin
membran sistemləri laboratoriyasının əməkdaşlarının
apardıqları tədqiqatların
nəticələrini əks
etdirən məqalə
2.327 impakt faktora malik "Functional Plant Biology” jurnalında
çapa qəbul olunub”.
O, öz
elmi redaktorluğu ilə hazırlanan
"Ali bitkilərdə karbonun
ilkin assimilyasiyasının
tənzimlənmə xüsusiyyətləri”
adlı monoqrafiyanın
tamamlanması üzrə
işlərin davam etdirildiyini də bildirib.
İ.Hüseynova
institutun doktorant və dissertantlarının
tədqiqatlarının nəticələrini
müxtəlif bioinformatik
proqramlarla analiz etdiyini, onlar tərəfindən buğdadan
və onun yabanı formalarından ayrılan Dreb geninin nukleotid ardıcıllıqlarının NCBİ beynəlxalq biotexnoloji məlumat bazasında yerləşdirildiyini bildirib.
Qeyd edib ki, son günlərdə gənc alimlər molekulyar biologiya sahəsində bir neçə beynəlxalq vebinarda iştirak ediblər. Aprelin 11-də Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən
"Dünya və gənclər yeni şəraitdə” onlayn forumuna institutun 5 gənc alimi qatılıb.
İnstitut direktoru Bioinformatika
və Beynəlxalq Hesablama struktur biologiyası laboratoriyalarının
fəaliyyətində heç
bir ləngimənin baş vermədiyini, plan üzrə nəzərdə
tutulan tədqiqatların
tam şəkildə yerinə
yetirildiyini diqqətə
çatdırıb. O, həmçinin
Beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının müdiri,
Kembric Universitetinin professoru Qərib Mürşüdovun həmişə
olduğu kimi, onlayn rejimdə struktur biologiyanın əsasları və statistika sahəsində laboratoriya işçilərini
istiqamətləndirməyə davam etdiyini vurğulayıb. Qeyd edib ki, institutun
Təhsil şöbəsi
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "AMEA-nın magistrantları üçün
distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamının icrası
ilə əlaqədar
qısa müddət ərzində institutun
professor-müəllim heyəti
ilə magistrantlar arasında müxtəlif telekommunikasiya vasitələri
ilə əlaqə yaradıb, tədris planlarında nəzərdə
tutulan bütün ixtisas fənləri üzrə distant dərslərin
aparılması təmin
edilib. Eyni zamanda, II kursda təhsil alan magistrantlar distant olaraq elmi-pedaqoji təcrübəyə
başlayıblar və
elmi rəhbərləri
ilə birgə onlayn rejimdə dissertasiya işlərinin yekunlaşdırılması üzərində
işləyirlər.
"İnstitutun Beynəlxalq və İctimaiyyətlə
əlaqələr şöbəsi
də xüsusi karantin rejimində öz fəaliyyətini uğurla davam etdirir”, - deyən akademik İ.Hüseynova
əməkdaşların gördüyü
işlər, apardıqları
araşdırmalar, distant təhsil,
virtual dərslər, dünyada
və ölkəmizdə
koronavirus pandemiyası
ilə bağlı
son məlumatlar, bu virusla mübarizə məqsədilə görülən
tədbirlər haqqında
məlumatların müntəzəm
olaraq imbb.az saytında
işıqlandırıldığını
vurğulayıb.
Akademik bildirib ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Elmi Əsərləri”nin IV cildinə məqalələrin
toplanmasına başlanılıb.
Redaksiyanın elektron ünvanına daxil olan məqalələr rəyə göndərilir
və redaksiya üzvlərinin onlayn müzakirəsinə təqdim
olunur.
Akademik İ.Hüseynova,
həmçinin rəhbərlik
etdiyi qurumun alim və mütəxəssislərinin
kütləvi informasiya
vasitələrində koronavirus
pandemiyası ilə əlaqədar çoxsaylı
çıxışlar etdiyini,
müsahibələr verdiyini
bildirib.
Azərbaycan.-2020.- 19 aprel.-
S.6.