Mart soyqırımında Bakıda dağıdılan memarlıq abidələri

 

 

1918-ci il martın 30-da şəhərdə atəş açıldı. Bu, erməni daşnak-rus bolşevik birləşmələrinin Bakı Sovetinin rəhbərliyi altında törədəcəkləri dəhşətli qırğınların, böyük faciələrin ilk səsi, sədası oldu. Bununla da Bakının və onun qədim sakinlərinin qara günləri başladı. Sonrakı günün səhərisi erməni daşnak-rus bolşevik birləşmələri azərbaycanlıların yaşadıqları məhəllələrə, evlərə hücuma keçdilər. Çoxdan planlaşdırılan soyqırımı aktı xüsusi amansızlıqla həyata keçirilirdi. Günahsız insanlara işgəncələr verilir, diri-diri yandırılır, evlərinə od vururdular.

Düşmənin hədəfində yalnız Bakının müsəlman əhalisi deyildi. Mart qırğınlarında həm də bu şəhərin maddi-mədəni sərvətləri də talanırdı. Ermənilər qədim, gözəl Bakının sinəsinə dağ çəkir, mənəvi dəyəri böyük, gözoxşayan, hərəsi bir tarix olan tikililərini dağıdırdılar.

 

 

 

Edamına qərar verilmiş "İsmailiyyə”

 

 

İndi bu barədə tarixi sənədlər, həmin faciəli günlərdə çəkilmiş fotoşəkillər "danışır”. Hadisələrin tədqiqinə hələ yaralar isti ikən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanıldı. Bu məqsədlə Nazirlər Şurası 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyanın o zaman topladığı çoxsaylı materiallar daşnak-bolşevik birləşmələrinin soyqırımı törətdiklərini təsdiqləyən təkzibedilməz faktlardır.

Sənədlərdən birində 1918-ci ildə Bakıda azərbaycanlılara qarşı aparılan soyqırımda başı bəlalar çəkən "İsmailiyyə”dən bəhs edilir. Bildirilir ki, bir dəstə daşnak əsgəri Şaumyanın adamları ilə "Cəmiyyəti-xeyriyyə”nin qarşısına gəlib o binayi-müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya xainanə bir surətdə od vurdular, onu yandırdılar.

Seyid Hüseyn xain düşmənlərin, erməni milli polkunun "İsmailiyyə”ni işğal etdiyini yazırdı: "...oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırır, bəzi şeylər arayırdılar. Bu qədər müxtəlif təşkilatlardan bir kərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədən basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu”.

BazarQubernski küçələrinin tinində yerləşən "İsmailiyyə”yə ermənilər elə zərər vurdular ki, bu möhtəşəm tikili uçmaq təhlükəsi ilə üzləşdi. 1919-cu ildə binanı bu səbəbdən sökmək istədilər. Seyid Hüseyn həyəcanla yazırdı: "Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxırsan? İsmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl! Onu səndən ayırırlar! Onu lüzumsuz bir meyit kimi dəfn edirlər. Həm də sənin gözünün qabağında dəfn edirlər!”

Yaxşı ki, o zaman "İsmailiyyə”ni məhv etmədilər. 1921-ci il mayın 21-də binanın təmirinə başlanıldı...

 

 

Yandırılan, dağıdılan məscidlər...

 

 

 

Müsəlman əhalisinə qarşı soyqırıma başlayan daşnak-bolşevik birləşmələri martın 31-də "İsmailiyyə” binası ilə yanaşı, "Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, mətbəədə Qurani-Kərimin yenicə çap olunmuş 5 min nüsxəsini yandırıb külə döndərdilər. Uzaqvuran toplarla Təzəpir məscidini atəşə tutdular. Tədqiqatçı Anar İsgəndərov yazır ki, Erməni Milli Şurası, "Daşnaksütyun” rəhbərliyi və Bakı Soveti Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdilər: "Belə ki, türk-müsəlman əhalisinə qarşı soyqırıma əvvəldən hazırlıq görən erməni-daşnak qüvvələri şəhərdə şayiə yaydılar ki, guya din xadimlərinin fitvası ilə müsəlmanlar rus millətindən olanları qırır, evlərini yandırırlar. Ermənilər rus matroslarını bu şayiəyə inandıra bildilər. Şayiəyə inanan rus matrosları gəmilərdən Bakının müsəlman məhəllələrinə bir neçə top atəşi açdılar. Çəmbərəkənddə bir neçə tikili, o cümlədən məktəb, hərbi xəstəxana və yetim uşaqların evi top atəşi ilə dağıdıldı. Ermənilər rus matroslarını Təzəpir məscidini top atəşinə tutmağa çağırırdılar. Matroslardan biri gəmidəki uzaqvuran topla Təzəpiri atəşə tutmağa başladı. Birinci top mərmisi Təzəpirin həyətində partladı. Məscidin həyətində çaxnaşma başlayanda din xadimlərindən biri adamları sakitləşdirib, bayraq götürüb məscidin damına sancmaq üçün yuxarıya qalxdı. İkinci top mərmisi məscidin lap qabağına düşdü, ətrafa səpələnən qəlpələrdən məscidin pəncərə şüşələri çilik-çilik olub yerə töküldü. Üçüncü mərmi isə məscidin yan divarına dəyərək onu möhkəm zədələdi. Məscidin həyəti xarabalığı xatırladırdı. Matroslar şəhərdə ruslara qarşı heç bir qırğının törədilmədiyini yəqin edəndən sonra top atəşini dayandırdılar”.

Fövqəladə İstintaq Komissiyasının sənədlərində Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyantsın Təzəpir məscidinə pənah aparmış əliyalın azərbaycanlı əhaliyə qarşı hər cür zorakılıqlar etməyi, hətta lazım gələrsə, məscidi belə yandırmağı əmr etdiyi qeyd olunur. Kinli, qəddar daşnaklar bu məkrli planı həyata keçirə bilmədilər...

Həmin faciəli günlərdə Şirvanşahlar sarayı da ziyan gördü. Ermənilərin atdığı top mərmiləri Şah məscidinin minarəsini zədələdi. Şirvanşahlar Sarayı Kompleksinə daxil olan Keyqubad məscidi isə məhv edildi.

Şirvanşahlar Sarayı Kompleksinin yuxarı həyətində, Şirvanşahlar sarayı binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən bu tikilinin XIV əsrin yadigarı olduğu bildirilir. Tədqiqatçılar məscidin sifarişçisinin - 1317-1343-cü illərdə hakimiyyətdə olmuş Şirvanşah I Keyqubadın adı ilə adlandırıldığını qeyd edirlər. Bu tarixi məscidi ermənilər 1918-ci ildə yandırdılar.

Mart soyqırımı zamanı daşnak-bolşevik birləşmələri on iki mindən çox dinc əhalisini qətlə yetirdikləri, nadir, milli memarlıq nümunələrini, məktəblərini, xəstəxanalarını, məscid və digər abidələrini dağıtdıqları Bakının xeyli hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər yerlərdə də eyni qəddarlıqla həyata keçirildi, dinc əhali kütləvi şəkildə məhv edildi, kəndlər yandırıldı, tikililər, milli abidələr dağıdıldı.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2020.- 19 aprel.- S.7.