Zamanların yaddaşından soraq verən sərvət

 

Abidələr, qalalar - tarixin yaddaşında daş salnaməyə çevrilən xəzinə min illərdir ki, dövr və zamanın, dəyişilən hakimiyyətlərin, quruluş və müharibələrin qurbanlarına çevrilir, itib-batır, yer üzündən silinir.

Ona görə də 18 aprel (1984-cü ildən) Tarixi abidələrin mühafizəsi günü kimi qeyd olunur. UNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş bu qərarının əsas məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Hər il aprelin 18-də bu əlamətdar günlə bağlı tədbirlər, konfranslar, "dəyirmi masalar keçirilir, fərqli mövzular seçilir.

Azərbaycan 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunub. Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Azərbaycandakı abidələrin bəziləri UNESKO-nun İrs siyahısına əlavə edilib ki, bu da onların beynəlxalq səviyyədə mühafizəsi baxımdan çox əhəmiyyətlidir.

Tarixi yadigarların bir çoxu zamanların səmim küləyinə tab gətirməyərək məhv olub gedib, qalanlar isə bir sıra təbii və süni problemlərin qurbanlarına çevrilib. Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmışlar. Belə ki, ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponat talan olunmuş, 44 məbəd və 18 məscid dağıdılmışdır. Yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitabnadir incilərdən sayılan əlyazmaların külü göylərə sovrulmuşdur.

Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki zaman dəyişmiş (keçmiş sovetlər dönəmindəki dəyərlər artıq öz əhəmiyyətini itirdiyi üçün mal-mülkün də qiymətləri maya dəyərinə uyğunlaşdırılmışdır), qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 19 aprel.- S.7.