Prezidentdən xalqa
növbəti möhtəşəm dəstək
İlham Əliyev
qlobal pandemiya dövrü üçün
təqdim etdiyi genişmiqyaslı iqtisadi və sosial paketin maliyyə həcmini 3,5 milyard
manatadək artırır
Dünya dövlətlərinin koronavirus pandemiyası ilə mübarizəsi davam edir. Hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklər qarşısında aciz qalıblar. Bəzi ölkələrdə ölüm və yoluxma faktları artsa da, qabaqlayıcı tədbirlər görən dövlətlərdə müsbət dinamikanın ilk təzahürləri özünü göstərir. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır.
Ölkədə artıq koronavirusdan sağalanların sayının yoluxanların sayından çox olması onu göstərir ki, görülən qabaqlayıcı tədbirlər effektiv nəticələrini verir. Ancaq buna baxmayaraq, hökumət daha müsbət dinamikanın əldə edilməsi üçün aprelin 20-dək elan edilən karantin rejiminin müddətini daha 2 həftə uzatdı.
Prezident
İlham Əliyev karantin rejiminin uzadılması təklifini dəyərləndirərək
müsbət dinamikanın dayanıqlı olması
üçün vaxtın uzadılmasını yeganə
düzgün qərar adlandırdı.
Karantin rejimi - 1 milyona yaxın insan işləmir, amma dövlət maaşlarını
verir
Hələ karantin rejiminin tətbiqindən öncə
ölkə əhalisinin
sosial müdafiəsinin
gücləndirilməsi ilə
əlaqədar olaraq böyük iqtisadi-sosial paketini təqdim edən Prezident İlham Əliyev bir daha humanist siyasətinə sadiqliyini göstərdi. Dövlət başçısının təşəbbüsü ilə
hazırlanan dəstək
proqramlarına əsasən
karantin dövründə
işsiz qalan insanların sosial durumunun yaxşılaşdırılması,
muzdla işləyənlərin
əməkhaqlarının dövlət tərəfindən
ödənilməsi həyata
keçirildi.
Maliyyə tutumu 2,5 milyard manat olan
bu paket müstəqillik dövrünün
ən böyük sosial dəstək proqramı oldu.
Belə ki, pandemiyadan ən çox zərər çəkən
sahələrdə işləyən
insanların əməkhaqlarının
əhəmiyyətli hissəsi
dövlət tərəfindən
qarşılandı. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çox idi. Eyni zamanda 300 minə
yaxın mikrosahibkarın
maliyyə vəziyyətinin
təmin edilməsi üçün dövlət
böyük maliyyə
vəsaiti ayırdı.
Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək aldı.
Artıq
12 mindən çox vergiödəyicisinə - toplam
sayda 123 min 343 nəfər
muzdlu işçisi olan müəssisələrə
və 23 min fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
Prezidentin tapşırığına uyğun
olaraq Vergi Məcəlləsinə dəyişikliklər
paketi hazırlanıb. Dəyişikliklər 3 istiqamət üzrədir.
Birinci istiqamətə
əsasən pandemiyanın
bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə
vergiödəyicilərinə 2021-ci il yanvarın
1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və
vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam
məbləğdə vergi
güzəştlərinin verilməsi,
əldə edilən mənfəətin, gəlirin
75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən
daşınmaz əmlakın
icarəsi üzrə
ödəmə mənbəyində
tutulan verginin dərəcələrinin 50 faiz,
yəni 14 faizdən 7
faizə endirilməsi,
ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti
üzrə sadələşdirilmiş
vergi məbləğinə
50 faiz güzəştin
verilməsi və digər tədbirlər.
İkinci
istiqamət, mikrosahibkarlıq
subyektlərinə 2020-ci il
yanvarın 1-dən 2021-ci il
yanvarın 1-dək sadələşdirilmiş
vergi üzrə 50 faiz vergi güzəştinin,
yəni 2 faiz dövriyyədən 1 faiz
dövriyyəyə endirilməsi, həmçinin
vergilərin, cari vergiödəmələrin hesablanması
və ödənilməsi
üzrə vergi tətillərinin verilməsidir.
Üçüncü istiqamətin bütün sahibkarlıq subyektlərinə
şamil edilməsi proqnozlaşdırılır. Belə
ki, 2021-ci il
yanvarın 1-dək olan
dövr üzrə onlara bir çox
vergi güzəştləri
nəzərdə tutulur.
Bunlar epidemiyanın qarşısının alınması,
əhalinin həyat və sağlamlığının
qorunması məqsədilə
vergi-ödəyiciləri tərəfindən
həyata keçirilən
zəruri profilaktik, o cümlədən dezinfeksiya
tədbirlərinə görə
çəkilmiş xərclərin
məhdudiyyəti nəzərə
alınmadan gəlirlərdən
çıxarılması, həmçinin əhalinin
bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri
olan və siyahısı, Prezident tərəfindən təsdiq
olunan bəzi məhsul növlərinin idxalının əlavə
dəyər vergisindən
müddətli azad edilməsidir.
Sahibkarlıq subyektləri ilə yanaşı, həmçinin
dövlət vətəndaşın
sosial rifah halının yaxşılaşdırılması
istiqamətində işsiz
insanlara da kifayət qədər vəsait ayırıb. Belə ki,
aprel ayı üçün dövlət
200 min işsiz insana
190 manat yardım ayırıb.
Bununla yanaşı,
dövlət sektorunda
işləyənlərin əməkhaqları
da tam ödənilir. Hazırda bir
milyona yaxın insanın böyük əksəriyyəti işləmir,
ancaq dövlət onların maaşını
verir. Bu da dövlətin humanist siyasətinin bariz təcəssümüdür.
Dövlət 600 min işsiz insana
2 ay (aprel-may) 190 manat ödəyəcək
Karantin rejiminin
mayın 4-dək uzadılması
isə o deməkdir ki, dövlət insanların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində daha
əlavə vəsait
ayırmalıdır. Aprelin
17-də Prezident İlham
Əliyev İqtisadiyyat
naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin
iştirakı ilə
keçirdiyi iclasda bu məsələyə toxunaraq bildirdi ki, dövlət ilk olaraq aztəminatlı ailələrin problemlərini
daha geniş şəkildə həll etməlidir.
Prezident bildirdi ki, yardım
edilən işsiz vətəndaşların sosial
müdafiəsini gücləndirmək
üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılmalıdır. Yəni 200 min əvəzinə, 600 min insana
dövlət iki ay ərzində hər ay 190
manat vəsait verməlidir.
Əlavə edək ki, bu
kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir,
eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul
olan insanlardır. Onların da
problemlərini dövlət
öz üzərinə
götürür.
Beləliklə, aprelin 17-də Prezident
tərəfindən elan
edilən yeni dəstək tədbirləri
ilə 2,5 milyon vətəndaşı
əhatə edən məşğulluq və sosial rifah istiqamətinə
600 milyon manat vəsait ayrılıb.
Ancaq Prezident
təklif etdi ki, bu vəsaiti
alacaq vətəndaşlar
ikinci ödənişi
almaq üçün
bank hesabları açsınlar. Yəni birinci
ödəniş bu ay
veriləcək, ona görə yəqin bəzi insanların bank hesabı açmağa imkanı olmayacaq. Ancaq ikinci ödəniş
may ayında veriləcəyi
üçün bank hesabı
açmağa vaxt
var. Əlbəttə ki,
dövlətin ayırdığı
vəsaitin köçürülmə
yolu ilə təqdim edilməsi ilk növbədə şəffaflığın
göstəricisidir. Prezident
də məhz bunun üçün aidiyyəti təşkilatlara
göstəriş verdi.
İqtisadi və sosial paketin maliyyə tutumu daha da
böyüyəcək
Bu tədbirlərin həyata
keçirilməsi ilə
dövlət həm əhalinin sosial müdafiəsini gücləndirəcək,
eyni zamanda, sahibkarlara əlavə dəstək verəcək
və ən önəmlisi, insanların
həyatını, sağlamlığını
qoruyacaq.
Təbii ki, bütün bunları şərtləndirən
amil dövlətin imkanlarının göstəricisi,
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların uğurlu nəticələridir. Dövlətin iqtisadi qüdrəti gücləndikcə, əhalinin
rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır, pensiya və maaşlar, təqaüdlər
artırılır.
Pandemiya dövründə Azərbaycan
dövlətinin həyata
keçirdiyi həm qabaqlayıcı tədbirlər,
həm izolyasiya prosesi əlbəttə ki, böyük maliyyə vəsaiti tələb edirdi.
Prezident İlham Əliyev düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanın bu bəladan az itkilərlə çıxması üçün bütün imkanlarından istifadə edir. Dövlət başçısı üçün insan amili, vətəndaşın sağlamlığı hər şeydən üstündür. Ona görə də Prezidentin ən böyük sosial və iqtisadi paketini məhz pandemiya dövründə təqdim etməsi xalqa xidmət nümunəsinin əyani göstəricisidir.
Əlavə edək ki, dövlət başçısının çoxşaxəli iqtisadi və sosial paketinin maliyyə dəyəri 2,5 milyard manat həcmində idi. Aprelin 17-də Prezidentin verdiyi tapşırıqlar isə göstərdi ki, bu paketin maliyyə tutumu daha da böyüyəcək. Dövlət başçısının dediyi kimi, paketin maliyyə həcmi 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək.
Prezident İlham Əliyev dövlətin bu istiqamətdə atdığı addımları dəyərləndirərək vurğuladı ki, hökumət nə qədər lazımdırsa, o qədər vəsait ayıracaq. Bir sözlə, Azərbaycan dövləti bu vəziyyətdən az itkilərlə çıxmaq, insanların həyatını qorumaq və postpandemiya dövrünə hazır olmaq üçün bütün imkanları səfərbər edib.
Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. Dövlət başçısına ünvanlanan minlərlə məktubda sadə vətəndaşların onlara göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissələri ifadə olunur.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 21 aprel.- S.1;5.