Dövlət
başçısı koronavirusla
mübarizədə dünyaya örnək
olan mövqe nümayiş etdirir
Əksər ölkələr gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında aciz qalmışlar. Bu səbəbdən sərhədlər, limanlar və yollar bağlansa da, təyyarələr qalxmasa da, qatarlar şütüməsə də xəbərlər ildırım sürəti ilə sərhədləri aşır, ən ucqar nöqtəyə belə gedib çatır. Hamı nəyin baş verdiyini və pandemiyanın qarşısının necə və nə vaxt alınacağını düşünür. Bəşəriyyətin sınağa çəkildiyi belə bir məqamda xəbər hər şeydən qiymətli olur. Hər bir kəs məlumatları izləyir və hansı dövlətin daha düzgün qərar verdiyini, daha səlis addım atdığını özlüyündə aydınlaşdırmağa cəhd edir.
Bu baxımdan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.
Əslində İlham Əliyev bir neçə gün əvvəl bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransla kifayətlənə bilərdi. Çünki bütün məsələlərə münasibət bildirmişdi və həm sosial, həm iqtisadi sahələrdə prioritetləri təyin etmiş və vacib tapşırıqlarını vermişdi. Buna baxmayaraq Prezident həmin videokonfransdan bir neçə gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirmək qərarına gəlmişdir. Bu tədbirdə Prezident videokonfransda dedikləri fikirləri təkrar etmədən daha yeni və daha qətiyyətli mövqe nümayiş etdirmiş, bütün dövlətin və hər bir vətəndaşın qayğılarını çiyninə götürmək əzmində olduğunu bir daha hamının diqqətinə çatdırmışdır.
Dövlət başçısı videobağlantıdakı çıxışında birinci rübün yekunlarının müzakirəsində verdiyi bütün tapşırıqların yerinə yetirilməsinin vacibliyini qeyd edərək, pandemiyanın davam etməsi ilə bağlı əlavə tapşırıqların veriləcəyini də bildirmişdir: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.
Pandemiya bütün bəşəriyyəti, bütün dövlətləri və ayrı-ayrılıqda hər bir kəsi sınağa çəkmişdir. Dünyada 150 min nəfərdən çox adam həyatını itirmiş və 2 milyondan çox insan bu virusa yoluxmuşdur. Buna baxmayaraq sərt və qabaqlayıcı tədbirlər Azərbaycanda vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Son günlərin statistikası dövlət başçısının atdığı addımların və verdiyi qərarların nə dərəcədə düzgün olduğunu əyani şəkildə sübut edir. Yoluxanların sayı azalır, sağalanlar isə artır. Əgər Azərbaycan Prezidentinin qətiyyətli addımları olmasaydı, belə geniş miqyasda qabaqlayıcı tədbirlər görülməsəydi, xəstələrin sayı minlərlə ölçülə bilərdi.
Dövlət başçısının uzaqgörən və çevik siyasəti nəticəsində yoluxma zənciri qırılmış, müsbət dinamika əldə edilmişdir. Operativ qərarlar, sosial məsələlərin həllinin önə çəkilməsi Azərbaycanda milli həmrəyliyi misli görünməmiş ucalıqlara qaldırmış, xalq-iqtidar birliyinin möhtəşəm gücə çevrildiyini sübut etmişdir.
Təsadüfü deyil ki, İlham Əliyev videobağlantıda ən vacib məsələnin insanların sağlamlığı ilə bağlı olduğunu bildirmiş, səhiyyə sistemimizin böyük sınaqdan keçdiyini qeyd etmişdir. Təsadüfi deyil ki, dövlət başçısı Azərbaycanda xəstəliyin yayılma sürətinin nəzarət altında saxlanıldığını qeyd edərək digər ölkələrdə səhiyyənin vəziyyəti ilə əlaqədar olaraq vurğulamışdır: "Bu gün inkişaf etmiş bəzi ölkələrin, - indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, - insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı”.
Prezident İlham Əliyev 200 min əvəzinə, 600 min insana iki ay ərzində 190 manat məbləğində vəsait verilməsini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir tələb kimi qoymuş, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olanların problemlərini dövlətin öz üzərinə götürdüyünü bəyan etmişdir.
Videobağlantıda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev artıq 80 min ailənin, yəni 330 mindən çox insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunduğu barədə məlumat vermiş, İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş müəssisələrə və mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesinin uğurla getdiyini bildirmişdir. Artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilmiş, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanmışdır.
Azərbaycan Prezidenti verdiyi tapşırıqların operativ, şəffaf şəkildə yerinə yetirilməsini tələb etmiş, insanların sağlamlığı və həyatı üçün bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini bildirmişdir: "İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 21 aprel.- S.1;5.