Cənab Prezident, biz sizinlə güclüyük!
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının
direktoru, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, tanınmış
rejissor Əliqismət
Lalayev rəhbərlik
etdiyi teatrın kollektivi adından ölkə başçısı
İlham Əliyevə
dünyanı sarsıdan
koronavirus pandemiyasının
respublikamızda geniş
yayılmasının qarşısının
alınması istiqamətində
apardığı uzaqgörən
siyasətə, əhalinin
sağlamlığının qorunması naminə həyata keçirdiyi qabaqlayıcı tədbirlərə
görə təşəkkürünü
bildirib.
O, dövlət başçısına
ünvanladığı müraciətində
minnətdarlığını belə ifadə edib:
"Möhtərəm Prezident,
dünyanı sarsıdan,
milyonlarla insanın qorxu kabusuna çevrilən koronavirus dəhşətinin respublikamızda
yayılmasının qarşısının
operativ surətdə alınması istiqamətində
Sizin rəhbərliyinizlə
aparılan təxirəsalınmaz
tədbirlər ölkə
əhalisinin müxtəlif
təbəqələri arasında
birmənalı olaraq belə qarşılanır:
Azərbaycan qüdrətli
dövlətdir və
onun çox uzaqgörən, xalqın qayğısına qalan, böyükdən kiçiyə
hər kəsin sağlamlığını nəzarətdə
saxlayan bir lideri var! Sizin humanistliyiniz,
şəfqətiniz, körpə
uşaqlardan tutmuş
yaşlı vətəndaşlarımıza
qədər hər bir ailəni düşünməyiniz bəlkə
də dünyanın heç bir siyasi liderində yoxdur. Hələ yaxın günlərədək
parıltısı ilə
göz qamaşdıran
bəzi dövlətlərdə
pandemiyanın ikinci- üçüncü günü
qocalardan, kimsəsizlərdən
üz çevirdilər,
minlərlə insanı
taleyin amansız imtahanı ilə baş-başa buraxdılar.
Siz isə bütün ailənizlə birlikdə
xalqın yanındasınız!
Sizin bu gözlənilməz bəlaya qarşı vaxtında başladığınız səmərəli mübarizə tədbirləri barədə indi xarici ölkə mətbuatı da yazır, gənc dövlətimizi, onun rəhbərini - sevimli Prezidentimizi nümunə göstərirlər. Əlbəttə, bu, bizim üçün, Sizə hər zaman arxa, dayaq olan, Sizi ümid, pənah yeri bilən ölkə vətəndaşları üçün qürurverici bir duyğudur. Biz buna görə Sizə borcluyuq. Məqamında verdiyiniz sərəncamlar, açılan yeni xəstəxanalar, virusun qarşısının alınmasına kömək edən gigiyenik ləvazimatlar hazırlayan yeni müəssisənin qısa müddətdə işə başlaması, bütün ölkə ərazisində aparılan dezinfeksiya tədbirləri, ölkədə karantin rejiminin vaxtında elan edilməsi, onlarla digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə nəzarətə nail olmanız Sizin zəhmətinizin bəhrəsidir! Siz bu ağır və səksəkəli günlərdə bir daha bütün bədxahlarınıza sübut etdiniz ki, Vətəni, xalqı populist çağırışlarla yox, işlə-əməllə sevərlər. Koronavirus dalğasının dünyada və Azərbaycanda yavaş-yavaş səngiməsinə baxmayaraq, gözəgörünməz düşmənlə müharibə hələ də davam edir. Bu çətin sınaqdan az itkilərlə və alnıaçıq çıxmaq üçün atdığınız bütün addımlar xalqın yaddaşına yazılır və əminəm ki, bir millət olaraq bu gün ölkəmizdə yaşayan hər bir vicdanlı insan Sizə, eləcə də ailənizə hörmət və ehtiramını ifadə etmək, minnətdarlığını bildirmək arzusundadır. Xalq-rəhbər birliyinin, dövlət-cəmiyyət yekdilliyinin təntənəsidir bu, cənab Prezidentim! İnanıram ki, bu birlik, bu yekdillik yaxın gələcəkdə Qarabağımızın azadlığına nail olacaq Ali Baş Komandanımızı da alqışlayacaq!
Sizinlə yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xalqa səmimi və təsirli çağırışları, sözün əsl mənasında, bizə yaşamaq, daha gözəl günlər haqqında düşünmək üçün bir stimul verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın təşəbbüsü ilə aztəminatlı ailələrə yardım kampaniyasına yüzlərlə insan qoşulub. Bu ağır və imtahan dolu günlər bir daha xalqımızın xeyirxahlıq, yardımlaşmaq, bölüşmək kimi milli xüsusiyyətləri unutmadığını sübut etdi.
O xalq böyükdür ki, körpəsinə mərhəmət, böyüyünə ehtiram göstərsin! Biz bunun nümunəsini, millətin, ölkənin müqəddəs xeyirxahı kimi Sizin simanızda gördük.
Uca Allah Sizi qorusun!
Biz birlikdə güclüyük, cənab Prezidentimiz! Xalq sizinlədir! Azərbaycan vətəndaşları bu əzmkarlığınız, bu yorulmaz mübarizə əzminiz, qayğı və diqqətiniz üçün Sizi çox sevir, ürəkdən alqışlayır, Sizə uzun ömür, cansağlığı arzulayır.
Tanrı sizi qorusun! Tanrı millətimizi, Vətənimizi qorusun!”