COVID-19-un Azərbaycanda yarada biləcəyi təhlükənin
qarşısı alınır
Vətəndaşların
sağlamlığının qorunması məqsədilə
zəruri tədbirlər görülür
Dünyanın nizamını pozan yeni növ koronavirus, COVID-19 virusu ilə mübarizə davam edir. Qlobal pandemiyanın qarşısını almaq üçün bütün ölkələrdə profilaktik tədbirlər görülür, sosial izolyasiya qaydaları tətbiq olunur.
Azərbaycanda da COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar əsaslı işlər həyata keçirilir.
Bu məqsədlə xüsusi
karantin rejiminin 2020-ci il 20 aprel
saat 00:00-dan 2020-ci il 4
may saat 00:00-dək uzadılmasına
qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən
yükdaşımaları istisna
olmaqla, Azərbaycan Respublikası ərazisinə
yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa,
yerli hava uçuşlarına tətbiq
olunan məhdudiyyətlər,
eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə
prosesinin dayandırılması
2020-ci il 4 may saat
00:00-dək uzadılır. Bununla belə, uzadılmış
karantin rejimindən mərhələli çıxış
planı hazırlanaraq,
növbəti həftə
ərzində ictimaiyyətə
təqdim olunacaq.
Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət
təhlil edilərək
uzadılmış karantin
rejimi dövründə
ayrı-ayrı sahələrdə
tətbiq olunan məhdudiyyətlərin yumşaldılması
da istisna edilmir.
COVID-19 virusuna yoluxma
dinamikası və xəstəliklə əlaqədar
ölkədəki ümumi
vəziyyət təhlil
edilərək zərurət
olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də
mümkündür.
Tətbiq olunan bütün tədbirlər vətəndaşların
təhlükəsizliyinin təmin
edilməsi, Azərbaycanın
hər bir sakininin sağlamlığının
qorunması məqsədilə
həyata keçirilir.
Koronavirus pandemiyasının Azərbaycanda
yayılmasına qarşı
görülən tədbirlərə,
virusa yoluxanların müalicəsinə, sahibkarlara,
sosial həssas ailələrə, eləcə
də sadə insanlara göstərilən
diqqət və qayğıya görə dövlət başçısı
İlham Əliyevə
vətəndaşlar tərəfindən
minnətdarlıq məktubları
gəlməkdə davam
edir.
İcazələrin statusu "myGov” portalına köçürülüb
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların
işlərini asanlaşdıran,
resurslarına qənaət
edərək şəffaf
və operativ xidmət göstərən
"myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün
təsdiqlənmiş icazələr
inteqrasiya edilib. Belə
ki, vətəndaşlar
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin
Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin
statusuna "myGov” portalında baxa bilərlər.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və İnnovasiyalar üzrə
Dövlət Agentliyindən
verilən məlumata görə, bunun üçün vətəndaş
"myGov” portalına
daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım”
bölməsini seçir,
açılan pəncərədə
"İcazələrin Alınması
və Monitorinqi Sistemindən arayış”ın
üzərinə sıxılır.
Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə” düyməsinə
sıxaraq elektron formasını kompüterinə
və ya telefonuna yükləyə
bilər.
Alternativ
olaraq portalın "Bütün xidmətlər”
bölməsində "Qurumlar
üzrə” altbölməsinə
keçid edərək
açılan siyahıdan
"Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi”ni
seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması
və Monitorinqi Sistemindən arayış”
seçimini edərək
yenə icazə haqqında arayışı
əldə etmək mümkündür.
"myGov” portalına
əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa
icaze.e-gov.az portalı üzərindən
verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.
Elektron Hökumətin
İnkişafı Mərkəzi
tərəfindən icazələrin
"myGov” platformasına
inteqrasiya edilməsi vətəndaşların işini
xeyli asanlaşdırmış
olur. Belə ki, icazə.e-gov.az
portalında verilən
və ləğv edilən icazələr haqqında vətəndaşların
çoxu məlumatsız
olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov” portalına daxil olaraq icazə
arayışını yoxlaya
bilər.
Karantin rejimini pozanlar məsuliyyətə cəlb
olunurlar
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il
00:00-dək olan müddət
ərzində respublikanın
avtomobil yollarında nəqliyyat vasitələri
ilə hərəkətdə
olan 1874 nəfər Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi
ilə inzibati məsuliyyətə cəlb
edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən
verilən məlumata görə, ümumilikdə
01.04.2020-ci il tarixindən bu günədək respublikanın,
o cümlədən paytaxtın
avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət
iştirakçısı inzibati
məsuliyyətə cəlb
edilib.
Dünyanın koronavirus mənzərəsi
Almaniyada 1775 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə xəstəliyə yoluxanların
sayı 141 672 nəfərə
çatıb. Robert Kox
İnstitutunun məlumatına
görə, Almaniyada
son sutka ərzində
110 nəfər COVID-1 virusundan
vəfat edib. Ölkədə xəstəlikdən
ölənlərin sayı
4404 nəfərə yüksəlib,
sağalanların sayı
91,5 min nəfərdir.
Fransanın Baş Naziri Edur Filip ölkəsində
koronavirusla bağlı
vəziyyətin tədricən
yaxşılaşdığını, lakin eyni zamanda
səhiyyə sahəsindəki
böhranın hələ
bitmədiyini vurğulayıb. Onun sözlərinə
görə, xəstəxanalarda
epidemiyanın yüngülləşməsinin
ilk əlamətləri ortaya
çıxıb, koronavirus
pandemiyasının səbəb
olduğu iqtisadi böhran isə yeni başlayır və çox sərt olacaq.
Son məlumatlara görə,
Fransada koronavirusdan 20 minə yaxın insan ölüb. Ölkədə beşhəftəlik karantin
tətbiq edilsə də, mayın 11-dən etibarən məhdudiyyətlərin
bir qədər yumşaldılması planlaşdırılır.
Belçikada koronavirusa yoluxanların sayı 1 478 nəfər artıb. Ölkədə virusa yoluxanların
ümumi sayı 39
983-ə çatıb. Son sutkada 168 nəfər
COVID-19-un qurbanı olub.
Ümumilikdə krallıqda koronavirusdan
5 828 nəfər ölüb.
Avropa İttifaqına 1,5 trilyon avro məbləğində
fondun yaradılması
təklif ediləcək
Son statistikaya əsasən,
İspaniyada yeni növ koronavirusdan daha 399 nəfər vəfat edib. Ölkənin Səhiyyə Nazirliyindən
verilən məlumata görə, bununla da koronavirusdan ölənlərin sayı
20 852 nəfərə çatıb.
Qeyd olunub ki, İspaniyada
son sutka ərzində
koronavirusa 4266 yeni yoluxma faktı qeydə alınıb və indiyə kimi xəstəliyə yoluxanların sayı 200
210 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı isə 80 587 nəfərdir.
İspaniya koronavirus pandemiyasından
daha çox əziyyət çəkən
ölkələrin bərpası
üçün Avropa
İttifaqına 1,5 trilyon avro məbləğində
fondun yaradılmasını
təklif edəcək.
İspaniyanın Baş Naziri
Pedro Sançes belə
təkliflə bu həftə Aİ-nin sammiti zamanı çıxış edəcək.
Madridin planına əsasən, yeni yaradılacaq fond
Aİ-nin 27 üzv ölkəsi tərəfindən
tələb olunan müddətsiz borc hesabına maliyyələşdiriləcək.
Eyni zamanda ayrı-ayrı dövlətlərə
verilən vəsait borc yox, köçürmə
olaraq nəzərə
alınacaq.
İsraildə koronavirusa yoluxanların sayı son sutka ərzində 129 nəfər
artaraq 13 491-ə çatıb. Ölənlərin sayı 1 nəfər artaraq 172-yə yüksəlib.
Ümumilikdə isə 3754 nəfər
sağalıb.
Rusiyada son sutka
ərzində daha 4268
nəfər koronavirusa
yoluxub və ölkə ərazisində
COVID-19-a yoluxanların ümumi
sayı 47 121 nəfərə
çatıb.
Koronavirusdan ölənlərin sayı
isə 405-ə çatıb. Sağalanların sayı 3446 nəfərdir.
Türkiyədə COVID-19-a yoluxma sayı 86 304 nəfərə, virusdan ölənlərin sayı
isə 2017-yə çatıb.
Gürcüstanda yeni növ koronavirusa
yoluxanların sayı
399 nəfər olub. Ölkə
üzrə karantində
4782 nəfər saxlanılır,
stasionar müalicədə
isə 503 nəfər
var. Virusa yoluxmuş şəxslərdən 93-ü sağalıb, 4 nəfər
isə vəfat edib.
İranda son 24 saat ərzində yeni növ koronavirusdan
daha 91 nəfər vəfat edib. Bununla da
ölkədə bu virusdan ölənlərin
sayı 5209 nəfərə
çatıb.
Ermənistanda son sutka ərzində daha 48 nəfər yeni növ koronavirusa
yoluxub və bununla da ümumi
yoluxanların sayı
1339 nəfər olub. Son sutka ərzində isə ölkədə daha 2 nəfər ölüb və koronavirusdan ölənlərin
sayı 22 nəfərə
yüksəlib.
Son sutka ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb, ölən yoxdur. Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib ki, yoluxanlardan 12 nəfər xaricdən gəlib və bununla da xaricdən gələn yoluxanların ümumi sayı 1583 nəfərə çatıb.
Çinin daxilində isə daha dörd yeni koronavirus infeksiyası aşkar edilib: Heylutsyan vilayətində (3 nəfər) və Daxili Monqolustan muxtar rayonunda.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 82 747 nəfərə çatıb, onlardan 77 084-ü sağalıb, 4 632-si ölüb. Daha 1031 nəfər müalicə alır və 81 nəfərin isə vəziyyəti ağır qiymətləndirilir.
Hamı maska taxmalıdır
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov söyləyib ki, əvvəlcə maskanın yalnız xəstələr tərəfindən istifadəsi deyilirdisə, indi hamının taxması tövsiyə edilir: "Bununla bağlı təşviqat bütün dünya ölkələrində aparılır. Karantin tədbirləri yumşaldılsa belə, insanlar hələ bir müddət maskadan istifadə etməli və əllərin gigiyenasına əməl etməlidirlər. Koronavirus pandemiyasının nə vaxt qurtaracağı barədə isə heç kim proqnoz verə bilmir. Ona görə də bu hələ çox uzun müddət bizim həyatımızın normasına çevriləcək”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da bildirib ki, bir il boyunca koronavirus gündəmdən çıxmayacaq: "Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil”.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 21 aprel.- S.5.