Total” Azərbaycanda həyata keçirilən layihələrə sadiqdir

 

Pandemiya dövründə əməkdaşlığın səmərəli davamı üçün tədbirlər görülür

 

 

 

"Total” şirkəti Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı "Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut bəyan edib. Görüşdə qlobal pandemiya dövründə uğurlu "Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı səmərəli səviyyədə davamlı olması üçün görülən tədbirlərdən bəhs olunub.

Görüşdə eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə "Total”ın planları barədə məlumat verilib. Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə edilib.

"Total” Fransanın tanınmış şirkətlərindəndir. Perspektivli "Abşeronbloku Azərbaycanla neft-qaz sektorunda çoxdandır əməkdaşlıq edən bu şirkətin ölkəmizdəki fəaliyyətini daha da genişləndirib.

1996-cı ildə "Total” Bakıda öz ofisini açmış və həmin vaxtdan kəşfiyyat layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı üçün qarşılıqlı şəkildə faydalı olan strateji layihələrə qoşularaq Azərbaycanla uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur. Belə ki, 1997-ci ildə "Total” şirkəti "Lənkəran-Talış-Dəniz” blokuna daxil olmuş və "Abşeronda kəşfiyyat işləri aparmaq üçün "Şevronla tərəfdaşlıq qurmuşdur. Lakin ilkin kəşfiyyatın nəticələri müsbət olmamışdır. Sonralar "Total” şirkəti "Şevron” tərəfindən təhvil verilmiş "Abşeronblokuna yenidən qayıtmışdır.

Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində yerləşən və zəngin ehtiyatlara malik olan "Abşeronbloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) SOCAR-la "Total” arasında 2009-cu il fevralın 27-də imzalanmışdır.

2011-ci il sentyabrın 1-də isə "Abşeronun Kəşfiyyat, İşlənmə və HPBS-yə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən "Total E & P Absheronblokda iri qaz yatağının aşkarlandığını bildirmişdir. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edilmişdir.

Xatırladaq ki, "Abşeronbloku Bakı şəhərindən 100 kilometr aralıda suyun 500 metr dərinliyində yerləşir. İlk quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri burada zəngin qazkondensat ehtiyatlarının olduğunu göstərmişdir. Ərazidə hərəkət edən layların, qaz tərkibli dayaz təbəqələrin, dərinliklərdə yüksək təzyiqin və palçıq vulkanlarının olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitinə nail olmaq üçün bu amillərlə bağlı tektonik hərəkətlər xüsusi dizayn və mühəndis işləri tələb edir. "Totalbu çətinliklərin öhdəsindən gəlmək üçün dünyanın müxtəlif ölkələrində topladığı bilik və səriştəsindən məharətlə istifadə edir.

Şirkət yatağın gələcəkdə işlənməsi üçün dəniz və quruda geotexnikigeofiziki, eləcə də meteorolojitopoqrafik məlumatlar toplamağa başlamışdır. Bu araşdırmalar həyata keçirilərkən sosial sahəyə və ətraf mühitin mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.

 

Tədqiqatlar aparıldıqdan sonra "Abşeron” yatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərara alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı qəbuledici platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, mavi yanacaqkondensat SOCAR-ın mövcud infrastrukturu ilə nəql olunacaq. Qaz yerli bazara göndəriləcək, kondensat BTC kəməri ilə xaricə ixrac ediləcək.

2018-ci ilin fevral ayında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeron” yatağında işə başlamışdır.

"Total” şirkəti eyni zamanda üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir. Şirkət burada 5 faiz iştirak payına malikdir.

Qeyd edək ki, uzun illərdir Azərbaycanın mühüm layihələrində iştirak edən "Totaldünya bazarında yanacaq, təbii qaz, aşağı karbon tərkibli enerji istehsal edən və satan şirkət kimi tanınır. Onun 100 min nəfərdən çox işçisi insanlara təhlükəsiz, təmiz və sərfəli enerji çatdırmaq amalı ilə çalışır. 130-dan çox ölkədə fəaliyyət göstərən "Total”ın məqsədi ən məsuliyyətli və əsas enerji təminatçılarından biri olmaqdır. Rusiya, Almaniya, Belçika, Hollandiya, Lüksemburq, Qazaxıstan şirkətin işlədiyi ölkələr sırasındadır.

Çalışdığı ölkələrdə "Total” önəmli layihələrdə tərəfdaş olmaqla yanaşı, cəmiyyətin həyatında da fəal iştirak edir. Azərbaycanda da belədir. Məsələn, BTC-nin keçdiyi ərazilərdə yerli icmalara dəstək məqsədilə özünün təşəbbüs göstərdiyi sosial layihələri maliyyələşdirir.

"Total” ölkəmizdə təhsilə də dəstək verir. Belə ki, Azərbaycanın və Fransanın neft elmləri üzrə ixtisaslaşmış məktəb və universitetləri arasında əlaqələr yaradır. Şirkət bir neçə il SOCAR-ın mütəxəssisləri üçün fransız dilinin tədrisini maliyyələşdirib. Ölkəmizdə mədəniyyət və incəsənətə də biganə qalmır. Yerlixarici ifaçıların iştirakı ilə klassik musiqi konsertləri təşkil edərək Bakının mədəni həyatına öz töhfələrini verir.

Bütün bunlar bir daha təsdiqləyir ki, "Total” təkcə ölkəmizdə iştirak etdiyi neft-qaz və ixrac layihələrinə deyil, həm də Azərbaycanla hərtərəfli əməkdaşlığa və tərəfdaşlığa, mehriban dostluğa sadiqdir.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 21 aprel.- S.6.