Biz dövlət başçısının çağırışlarına könüllü “hə” deyirik!

 

Hazırda dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə ən qabaqcıl ölkələr də çətinlik çəkirlər. Bizim ölkəmizdə isə vəziyyət nəzarət altındadır. Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət nəticəsini göstərir.

Ölkə başçısının "Biz birlikdə güclüyük!” və "Evdə qal” çağırışları günün əsas şüarlarına çevrilib. Bu səbəbdən həkimlərimiz, daxili qoşun hissələrinin xidmətçiləri, hərbçilərimiz və polislərimiz ölkə vətəndaşlarını bu virusdan, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri görür. Ən mühüm olanı bu çətin günlərdə xalqımızın həmrəylik nümayiş etdirməsidir. Cəmiyyətimizin fəal vətəndaşları bir araya gəlib milli birlik yaradaraq, xeyirsevər insanlarımızın dəstəyi ilə ehtiyacı olan minlərlə ailələrə ərzaq və müxtəlif yardımlar göstərirlər. Bu da bizim xalqın nə qədər böyükxeyirxah olduğunun bariz nümunəsidır. Görülən tədbirlər, atılan addımlar təbii ki, ölkəmizin hazırkı ağır dönəmdən ən az itkilərlə çıxacağına əminlik yaradır.

Koronavirus səbəbindən yaranmış vəziyyətlə əlaqədar gündəlik işini itirən bəzi internat məzunlarının vəziyyəti hər gün bir az da çətinləşir.

Bu dar günlərdə insanlarımıza qarşı mərhəmətli və qayğıkeş olmaq vacibdir. Bizilk olaraq işini itirmiş, kirayədə yaşayan, xəstəsi və qayğıya ehtiyacı olan internat məzunlarına dəstək verməyə, yardım göstərməyə çalışdıq. Dəstəyimiz əsasən bu cür ailələr haqqında məlumatları toplayıb xeyirsevər dostlara göndərmək və onları birbaşa ehtiyacı çox olan ailələrlə əlaqələndirmək oldu. Nəticədə lazım olan dərmanlar alınıb həmin ailələrə çatdırıldı. Ümumilikdə birliyimizin könüllülərinin iştirakı ilə 300-ə yaxın ailəyə birdəfəlik ərzaq payları verildi. Bu məsuliyyətli və xeyirxahlıq missiyasında yanımızda olduqlarına görə Nadir Adilmana, Zumrud Rüstəmliyə, Zülfiyyə Mustafayevaya, eləcə də adlarının çəkilməsini istəməyən digər xeyirxahlarımıza təşəkkür edirik. "Evdə qal-biganə qalma”, "Xızı Baba”, "ProgressKlub” və "RotarayClubkönüllü yardım aksiyalarının təşkilatçı komandalarının dəstəyi nəticəsində yalnız internat məzunu olan ailələri birdəfəlik ərzaq payı və lazım olan dərmanlarla təmin edə bildik. Bu səbəbdən ianələr edən və bu sahədə könüllü çalışaraq həmin əmanətləri ehtiyac sahiblərinə çatdıran dostlarımızın hər birinə təşəkkür edirik.

Əlbəttə, ən əsası bu ərzaqların təhlükəsizlik qaydalarına riayət edərək ailələrə çatdırılmasıdır. Bu, böyük məsuliyyətdir. Həmin məsuliyyəti öz üzərinə götürən böyük bir könüllülər ordusu var ki, gecə-gündüz çalışır: ailələrə bir-bir gedərək onların sevincinə səbəb olurlar. Belə könüllü gənclər arasında ilk günlərdən aksiyalara qoşulan Tural Əlizadə, Rəşad Əhmədov, Yalçın Abbasov, Ağalar Paşazadə, İbrahim Abzatov, Fizuli Həsənov və s. kimi bizim internatın da məzunları var. Bəli, dövlət başçısının bildirdiyi kimi, "Biz birlikdə güclüyük!” Biz vaxtında gördüyü tədbirlərə görə dövlət başçısına minnətarıq.

 

Araz ƏHMƏDOV,

"İnternat Məzunlarının Sosial İnteqrasiyası”

 Gənclər İctimai Birliyinin rəhbəri

Azərbaycan.-2020.- 21 aprel.- S.3.