Vəhdətin zəfəri
Dünya böyük bir gərginlik içindədir...
Çox yox, cəmi bircə il əvvəlin elə bugünkü günlərində kimə desəydin ki, Yer üzü COVID-19 adlı qəribə bir kabusun əlində naçar qalacaq, yəqin hamı gülüb keçərdi.
İnformasiya texnologiyalarının inkişafı, elmi mərkəzlərin bəşəriyyətə təqdim etdikləri möcüzəvi innovasiyalar bizi o qədər arın-arxayın salmışdı ki, elə bilirdik, daha insanın zəkası qarşısında, elmi-texnoloji yeniliklərin təsir gücü önündə heç nə duruş gətirə bilməz.
Amma budur, yeni bir reallıq ortaya çıxan kimi belə iddialı təsəvvürlərimizin çoxu COVID-19 gerçəyinə dəyib çilik-çilik yerə ələndi.
Məlum oldu ki, dəvası tapılmayan adicə bir xəstəlik bəşəriyyətin tarix boyu qazandığı elmi nailiyyətlərə, təbabətin zərrə-zərrə əldə etdiyi uğurlara meydan oxuyub çox şeyi yenidən öz ibtidasına qaytara bilər.
Biliklərin, texnologiyaların gücü ilə təbiəti özünə ram etmək iddiasına rəğmən, insan övladının həyatda aciz qaldığı məqamlar az qala ömrümüzün anlarının sayı qədər hesabsızdır.
Biz düşünürdük ki, son onilliklərdə görünməmiş sürət götürən və insanları da öz ağuşuna alıb aparan zamanı, dünyanın inkişaf axınını daha hansısa məqamda dayandırmaq mümkün deyil. Amma çox yanılmışıqmış...
COVID-19 dünyanın əyləcini basdı, sanki zaman bir yerdə donub durdu. Dünyanın hər bir yerində insanlar təhlükəli virusdan qorunmaq və başqalarını da qorumaqdan ötrü günün qlobal tələbinə çevrilmiş "Evdə qal!” çağırışına əməl edib evlərində qalmaqla həm də öz vicdanları, mənəvi dünyaları ilə baş-başa qaldılar.
Koronavirus pandemiyasının çox az sayda faydalarından biri də bəlkə elə bəşəriyyəti və onun ayrı-ayrı üzvləri olaraq hər birimizi vicdanımız, mənəviyyatımız, keçmişimiz, bu günümüz, gələcək haqqında təsəvvürlərimizlə rubəru əyləşdirib özümüzün və dünyamızın taleyi haqqında ətraflı düşüncə fürsəti verməsidir, kim bilir...
Alber Kamyunun 1947-ci ildə çapdan çıxmış "Taun” əsərini oxuyanda hələ xeyli gəncdim. Sonradan tənqidçilərin rəyləri ilə tanış olub biləcəkdim ki, Kamyu bu romanda sətiraltı mənalarla taun epidemiyası adı altında əslində bir zamanlar qara bəla kimi Avropada yayılmış faşizmi anladırmış. Amma ilk dəfəsində, yeniyetmə yaşında, nə gizlədim, bu romanı elə sırf taun haqqında yazılmış təsirli bir əsər kimi oxuyurdum.
Romanı diqqətlə mütaliə etmiş oxucuların yadında olar, epidemiya vaxtilə Fransanın müstəmləkəsi olmuş Əlcəzairin şəhərlərindən birində - Oranda başlanır. Bu hekayətin izi ilə dahi Kamyu öz oxucularını adi vaxtlarda, əhvalımızın şad-xürrəm vədələrində çoxumuzun bəlkə heç fərqində belə olmadığımız yalın həqiqətlər mənzərəsindən keçirir.
Oxucu insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyətlə üz-üzə qalır. Onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını eşidib-duyur. Həyatın adi axarı ilə davam etdiyi zamanlarda o qədər də etina etmədiyimiz xırdalıqların əslində bizim üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir.
Təsəvvür edək ki, dünənə kimi əlimizi uzatsaq, çata biləcəyimiz doğmalardan gözlənilmədən ayrı düşmüşük. Bizə ən doğma olan adamları günlərdir ki, görüb bağrımıza basa bilmirik. Nə qədər can atsaq da, onlara yetişə bilməməyin yaratdığı ayrılıq qorxusundan adamı vahimə basır.
Hələ bir vaxtlar adamlarla dolub-daşan küçələrin, meydanların indi daş kimi səssizliyi, qaynarlığını, qələbəliyini itirmiş gündəlik həyatın qərib tənhalığı...
Kamyu insanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiklərini həyatımızın ən acı etiraflarından biri kimi üzümüzə çırpır.
Amma keşkə bu bəzi olanları tək belə sınaqlar vaxtında yox, həyatmızın bütün məqamlarında nəzərə alsaq, onları diqqətdən kənarda qoymasaq, sonradan peşmanlığını yaşayacağımız yanlışlara yol verməsək...
***
"Taun” romanı bəşəriyyətin üzləşdiyi bəlalardan sovuşmağın yeganə yolunu da göstərir: yaxşı insanların öz güclərini birləşdirməsi. Bu birləşən güc ən böyük bəlalardan da daha üstündür. İnsanın hansı məzhəbə qulluq etməsi, hansı əqidənin sahibi olması fərq etmir, əsas odur ki, o, qəlbini yaxşılıqlara açsın, yaxşı insanların qalib gəlməsindən ötrü özü də əməlləri ilə onlardan biri olsun.
Kamyunun "Taun”undakı bütün yaxşı insanlar Oran şəhərində tüğyan edən, hər gün yüzlərlə can alan bu bəlaya qarşı birlikdə mübarizə aparır və sonda qalib gəlirlər. Nə qədər də tanış mənzərədir, deyilmi?!
Biz də dünyamızdakı bütün yaxşılıqları birləşdirsək və bu birliyi indən sonra həmişəlik qorusaq...
İnanın ki, bu xəyal etdiyimizdən də daha asan başa gələ bilər...
***
Bu gün Yer üzündə bəşəriyyətin COVID-19 pandemiyasına qarşı maraqlı bir vəhdətini görürük. Maraqlı olansa budur ki, sərhədlər açıq olanda qəlblər bir-birinə bağlı idi, amma indi sərhədlər qapalı, qəlblər açıqdır...
Ümumi bəla, qorxulu aqibət, bütün insanları mənən bir-birinə yaxın edib. Hər kəs dünyamızın bu mərəzdən tezliklə qurtulmasına çalışır. Ən azı öz gündəlik həyat tərzini müəyyən edilmiş normalara uyğunlaşdırması ilə xəstəliyə qarşı mübarizə tədbirlərinə bir adam sayı qədər kömək göstərmək istəyir.
Dünyada silah səsləri də səngiyib elə bil...
Lənətə gəlmiş işğalçı qonşularımızın cəbhə xəttində ara-sıra yol verdikləri təxribat əməllərindən, atəşkəs rejimini pozma cəhdlərindən savayı, neçə gündür müharibələrlə bağlı elə bir xəbər rastıma çıxmır. Çünki özünə hörmət edən hansısa ölkə dünyanın bu qarışıq vaxtında insanlıq üçün əlavə problem yaratmaq istəmir. Dünyanın sözü-söhbəti koronavirus pandemiyasıdır, xəstəliyin artım və azalma dinamikasıdır, ona qarşı görülən tədbirlərdir.
Bu gün dünyada müşahidə olunan mənzərə əslində belə bir reallığın təsdiqidir ki, bəşəriyyət istəsə, zəruri saysa, başqa zamanlarda da bir araya gələ bilər, başqa bəlalara qarşı da gücünü birləşdirməyi bacarar, bu bəlaları da həyatından birlikdə qoparıb ata bilər.
Yetər ki dünyamızda bunu istəyənlərin sayı həmişə indiki kimi çox olsun...
***
COVID-19 böhranı başqa həqiqətləri də gün işığına çıxarır.
Son illər dünyada sanki bir dəyərsizləşdirmə təbliğatı gedirdi. Belə bir düşüncə aşılanırdı ki, gələcəkdə insanların dəyərlərə ehtiyacı qalmayacaq. Yaxud ehtiyac qalacaqsa da belə, bu daha dədə-babalarımızın yaratdıqları ənənəvi dəyərlər olmayacaq. Guya gələcək özü öz dəyərlərini formalaşdıracaq. Eyni zamanda dünyada dövlətsizləşdirmə düşüncəsinə doğru ardıcıl bir meyillə də qarşı-qarşıya idik. O qədər də uzaq olmayan gələcəkdə qloballaşma proseslərinin guya bütün sərhədləri ortadan götürəcəyi, klassik mənada dövlətçilik institutlarının öz əhəmiyyətini itirəcəyi ilə bağlı illüziya formalaşdırılırdı.
COVID-19 böhranı isə bu yalançı təbliğatı sabun köpüyü kimi partlatdı. Mənəvi və dövlətçilik dəyərlərinin həyatımızda əslində necə böyük əhəmiyyət daşıdığını göstərdi. Güclü bir dövlətə sahibliyin keçmiş qədər bu gün və gələcəkdə də xalq üçün necə mühüm önəm kəsb etdiyini ən azı Azərbaycan nümunəsində gördük. Və o dövlətin daim güclənməsinə çalışmağın hər birimiz üçün bir ömürlük borc olduğunu bir daha dərk etdik.
Məhz güclü dövlət və güclü lider amili bu bəlanın ölkəmizdə başqa ölkələrlə müqayisədə o qədər də geniş yayılmasına imkan vermədi. Şükür ki, bu sətirlərin qələmə alındığı günlərdə vəziyyət daha da yaxşılığa doğru dəyişməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, vaxtında verdiyi qərarlar sayəsində bütün dövlət institutları, ümumən cəmiyyətimiz bu qlobal bəlaya qarşı səfərbərliyə alındı, lazımi karantin tədbirləri həyata keçirildi və bu tədbirlər yenə də davam etdirilməkdədir.
Azərbaycan başqa ölkələrin koronavirus pandemiyasına qarşı yol verdiyi heç bir səhvi təkrarlamadı. Əksinə, bu səhvlərdən faydalı təcrübə formalaşdırdı. Bu da görülən tədbirlərin düzgünlüyünə, məqsədyönlülüyünə və müsbət nəticələrinə təminat yaratdı. Başqa ölkələrdə yaranmış dəhşətli mənzərə onu söyləyirdi ki, bu bəladan mümkün qədər itkisiz çıxmağın ən düzgün yolu güclü və güzəştsiz karantin tədbirləridir. İnsanları bir-birindən uzaq tutmaqla epidemiyanın öz hüdudlarını genişləndirməsinə imkan verməməkdir. Yoxsa hər yoluxan bir nəfər onlarca insanın eyni mərəzə mübtəla olması, xəstəxanaların dolub-daşması və faciə saylarının artması demək olar.
Azərbaycan koronavirusla mübarizə sahəsində bu günə qədər atılmış bütün addımları düzgün istiqamətə yönəltməyə və nəticədə vəziyyəti tez bir zamanda nəzarət altında saxlamağa nail olması ilə bir çox ölkələr üçün də nümunəyə çevrildi. Təsadüfi deyil ki, bu gün bir çox ölkələr koronavirusa qarşı mübarizə tədbirlərində məhz Azərbaycan təcrübəsindən faydalanır.
***
Bəşəriyyət qorxulu bir röyadadır sanki...
Bəlkə kimlərsə durumun nə dərəcədə ciddiliyini hələ də lazımi qədər anlaya bilməyib. Amma fərqində olmaq lazımdır ki, söhbət hansısa sıradan bir xəstəlikdən getmir. Bu o qədər miqyaslı bir pandemiyadır ki, heç bir döşünə döyən dövlət ondan özünü sığortalaya bilməyib. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikası qarşısında duruş gətirmək gücündə deyil.
Koronavirus bəlası inkişaf səviyyələrinə görə dünyanın ən öncül ölkələrindən sayılan, uzun illər ərzində mükəmməl səhiyyə infrastrukturu formalaşdırmış, güclü təbabətə, ən yüksək peşəkarlıq səviyyəsinə malik həkimləri olan ölkələrdə hər gün minlərlə can alır. İraq olsun, Azərbaycanda da geniş yayılsaydı, virus bizdə hansı faciələrə gətirib çıxara bilərdi, adam bu barədə düşünmək belə istəmir.
Amma dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər ölkəmizdə nəticələrin aradan qaldırılması ilə yanaşı, səbəblərin qarşısının alınmasına doğru atılan addımlar bizi genişmiqyaslı faciələrdən də sovuşdurdu. Arzu edək ki, prosesin davamında da bu belə olsun.
Bu günlərdə xəstəxanalarda böyük gərginlik içində gecə-gündüz çalışan, günlərdir evə gedib doğmalarının üzünü görə bilməyən həkimlərimiz, tibb işçilərimiz qədər karantin rejimini yüksək ciddiyyətlə qoruyan polis əməkdaşlarımız, əsgər və zabitlərimiz, karantin rejimində cəmiyyətin cari tələbatlarını, ehtiyaclarını təmin edən digər peşə sahiblərimiz də böyük hünər göstərirlər. Bu, əsl qəhrəmanlıqdır.
Hər birinə nə qədər minnətdarlıq etsək, yenə azdır.
Allah bu fədakar
insanlarımızı qorusun!..
***
Bəllidir ki, koronavirus pandemiyasının gətirdiyi bəlalar
təkcə insanların həyat və
sağlamlığı ilə məhdudlaşmır. Bu virusun ən
böyük zərbələrindən biri də qlobal
iqtisadiyyata dəyib. Dünya
iqtisadiyyatı demək olar ki, iflic vəziyyətinə
düşüb və yaranmış durumdan tezliklə
çıxış yolu əfsus ki, hələ
görünmür.
Azərbaycanda koronavirusa qarşı aparılan
mübarizə tədbirlərinin özünəməxsusluğu
isə həm də ondadır ki, bu tədbirlər fərd
olaraq hər bir vətəndaşımızın həyat və
sağlamlığı ilə yanaşı, sosial
rifahını, ölkənin sosial-iqtisadi həyatının ən
müxtəlif seqmentlərini də əhatə edir.
Dövlətimiz, Prezidentimiz insanların həyat və
sağlamlığı qayğısına qaldığı
kimi, iqtisadiyyatın da ayaqda qala bilməsindən, vətəndaşlarımızın
güzəranının təmin olunmasından ötrü
addımlar atır və bu sahədə də nümunə
yaradır.
Cənab
İlham Əliyevin sərəncamı ilə ölkə
iqtisadiyyatının müxtəlif seqmentlərinə dövlət
dəstəyi üçün 3,5 milyard
manata yaxın proqramlar hazırlanıb. Bu,
iqtisadiyyatın həcmi ilə müqayisədə MDB məkanında
və regionda dövlətin yaranmış yeni şəraitlə
bağlı ölkə iqtisadiyyatına ən böyük dəstək
paketidir.
Proqramlar qısa müddətdə hazırlansa da, ən
incə detal belə diqqətdən kənarda qalmayıb. Dövlət ədalət
prinsipini qoruyub. Fəaliyyət sahələri
təsnifləşdirilib, yəni ən çox zərər
çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli
dərəcədə məruz qalmış sahələr,
minimal təsirə məruz qalmış və ya təsirə
məruz qalmamış sahələr müəyyən edilib.
Bunların hər birinə dövlət dəstəyi
pandemiyanın təsirinə adekvat olacaq. Bu
da məsələyə yüksək peşəkarlıqla
yanaşmanın, hər bir nüansın nəzərə
alınmasının göstəricisidir.
***
Bir qədər
də rəqəmlər danışsın:
hazırlanmış proqramlar, ümumilikdə, 600 minə
yaxın insanı əhatə edir. Qırx
dörd min sahibkarlıq subyektində çalışan 300
mindən çox işçinin əməkhaqqının əhəmiyyətli
hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən
290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.
İşsiz şəxslərin sosial müdafiəsi
üçün 50 min ödənişli ictimai iş yeri
yaradılacaq. Banklar tərəfindən
sahibkarlara yeni ayrılan 500 milyon manat həcmində kreditlərin
60 faizinə dövlət zəmanəti veriləcək.
Zəmanət verilən kreditlər üzrə
faiz dərəcəsinin yarısı dövlət büdcəsinin
vəsaitləri hesabına subsidiyalaşdırılacaq.
Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində
mövcud bank kreditləri üzrə faiz dərəcəsinin
10 faiz bəndi subsidiyalaşdırılacaq. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən
faizlərin ödənilməsində çətinliklərlə
üzləşmiş sahibkarlara kömək etməkdir.
Bu proqramlar COVID-19-un ölkə iqtisadiyyatına zərərlərini
minimallaşdıracaq, iqtisadiyyatımız qısa zamanda vəziyyətdən
çıxıb yenidən normal inkişaf axarına davam edəcək.
Ona qədər isə məşğulluğa və
sosial rifaha dəstək məqsədi ilə də fəal
siyasət həyata keçirilir. Cənab İlham Əliyevin 19 mart
2020-ci il tarixli sərəncamına uyğun olaraq
reallaşdırılan Tədbirlər Planı, aprelin 17-də
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
elan olunan və 2,5 milyon vətəndaşı əhatə edən
yeni dəstək tədbirləri, insanlarımızın məşğulluğu
və sosial rifahı üçün müvafiq həcmdə
vəsaitin ayrılması bunun təzahürüdür. Ümumilikdə dövlət sektoru üzrə 900
mindən artıq işçinin, qeyri-dövlət sektoru
üzrə isə 690 min işçinin əməkhaqqı
saxlanmaqla məşğulluğu təmin edilib. Qeydiyyata düşmüş işsizlər
üçün birdəfəlik ödəmələrə
başlanıb.
Dövlət
və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və
işçilərin əməkhaqqı gəlirlərinin
qorunması üçün digər məqsədyönlü
addımlar da atılır. Özünüməşğulluq
proqramı genişləndirilir, bu proqramın icrası sürətləndirilir.
Xüsusi həssas təbəqələrin
sosial müdafiəsi məqsədi ilə işlər
görülür. Tənha yaşlılara
sosial xidmətlər təşkil olunur, xüsusi əhali
qrupları üçün digər dəstək tədbirləri
reallaşdırılır. Aztəminatlı
ailələrdən olan tələbələrin təhsil
haqları ödənilir. Vətəndaşlarımıza
müəyyən kommunal xidmətlərin ödənişində
güzəştlər edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi
karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində
iştirak edən işçilərin sosial müdafiəsinin
gücləndirilməsi haqqında” 2020-ci il 14 aprel tarixli Sərəncamı
da xüsusi karantin rejimi dövründə vətəndaşlara
sosial xidmətlərin səmərəli təşkilinə
xidmət edən şəxslərə, ümumiyyətlə,
sosial xidmət işçilərinin əməyinə verilən
yüksək dəyərin və onlara xüsusi
qayğının ifadəsidir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan
dövlətinin dəstək əli yenə də öz vətəndaşlarının
üzərindədir. Bu da Prezident İlham Əliyevin "Azərbaycanda həyata
keçirilən siyasətin mərkəzində vətəndaş
dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşın
yanındadır” fikirlərinin real əməllərə
söykənməsinin daha bir bariz örnəyidir.
***
Bu dövrdə yaşananlar Azərbaycanın ən
çətin vədələrdə belə təmkinli
mövqeyini, strateji baxışlarını qoruduğunu, yeni
vəziyyətlərə çox tez bir zamanda və
çevik şəkildə uyğunlaşmaq
imkanlarını, cəmiyyəti toparlamaq gücünü
ortaya qoydu.
Bütün bunlar isə təbii ki, Prezident İlham
Əliyevin xalqımızın Ümummilli Lideri Heydər
Əliyevdən əxz etdiyi keyfiyyətlərdən, liderlik
bacarıqlarından, istənilən vəziyyəti idarə
etmək gücündən, problemləri imkanlara çevirə
bilmək müdrikliyindən, ən əsası isə
xalqın ona olan inamından irəli gəlir.
Pandemiyanın
ölkəmiz üçün ən gərgin
çağlarında Azərbaycanın təşəbbüsü
ilə Türk Şurasının videokonfrans vasitəsilə
fövqəladə Zirvə görüşünün
keçirilməsi cənab İlham Əliyevin bu əzminin, bu
günə və gələcəyə aydın strateji
baxışının, başqalarını konkret məram və
məqsədlər ətrafında bir araya gətirə bilmək
qüdrətinin təzahürü idi. Bircə
məqamı xatırladaq ki, Türk Şurası dünya
miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət
başçıları səviyyəsində COVID-19
pandemiyasına həsr olunmuş Zirvə görüşü
keçirdi. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına sədrliyi
dövründə dünyada təşkilatın nüfuzunun
daha da artırılması, üzv ölkələr
arasında əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində səylər
göstərən Azərbaycan bu addımı ilə Türk
Şurasını həm də dar günün
qardaşlığı formatı kimi dünyaya təqdim etdi.
Müasir siyasət və diplomatiya anlamında zirvə
görüşünün əsas məqsədi pandemiyaya
qarşı milli səviyyədə atılan addımlara dair
təcrübə mübadiləsinin aparılması, lazım
olan anda bir-birinə dəstək göstərilməsi və
xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi
idi.
Mənsə o toplantıdan görüntüləri izlədikcə
türkün Ana Kitabı olan "Kitabi-Dədə Qorqud”
dastanlarının konkret epizodları keçirdi
ağlımdan. Ellərin xoş günündə də, dar
günündə də uca dağ başında tonqallar
qalayıb bir-biri ilə xəbərləşən, türk
ellərinin sevincinə, dərdinə, qayğılarına
şərik olan, kömək təklif edən, kömək
istəyən, dar ayaqda göz qırpımında
atını çapıb qardaş köməyinə tələsən,
birgə toplantılar keçirib ümumi qərarlar qəbul
edən ərənlərimiz keçirdi yaddaşımdan...
Azərbaycan dövləti, Prezident İlham Əliyev,
onun təşəbbüslərinə dəstək verən
digər türkdilli ölkələrin dövlət rəhbərləri
bu mənəvi dəyəri, ucalığı, əxlaqı
tarixin indiki çağlarına qədər gətirməyi
bacarıblar.
Ululardan gələn belə dəyərlərə, hər
cür diplomatiyanın, siyasətin fövqünə
ucalmış bu mənəviyyata pandemiyadan sonrakı
dünyamızda çox ehtiyac olacaq.
Bu mənada Prezidentimizin irəli sürdüyü
"Biz birlikdə güclüyük!”
çağırışı təkcə Azərbaycan cəmiyyətini
deyil, həm də böyük türk dünyasını,
ümumilikdə isə dünyanın xoşbəxt gələcəyi
üçün çalışmağı özünə
mənəvi borc bilən bütün insanları əhatə
edir.
Dövlət rəhbərimiz düzgün qənaətdədir
ki, bu çağırış gələcəkdə də
öz aktuallığını qoruyacaq.
***
COVID-19 həm
də bir ibrət dərsidir...
Bu dərsdən hələ çox şeylər öyrənəcəyik. Düşünürəm
ki, dünya bundan sonra mənəvi dəyərlərə daha
çox tapınmağa başlayacaq. Zahiri
parıltılardan, mənasız təmtəraqlardan bir qədər
usanacaq, bəlkə... Təbiətin
qayğısına qalacaq. Ola bilər ki,
şəxsi gigiyena məsələlərinə bundan
sonrakı həyatımızda daha ciddiyyətlə
yanaşacağıq. Əllərin
dezinfeksiyası da çoxları üçün gündəlik
adətə çevriləcək. Əllə
salamlaşmaqdan, görüşəndə qucaqlaşıb
öpüşməkdən bəlkə hansımızsa
çəkinəcək.
Yaxud salamlaşanda bir-birimizdən məsafə
saxlayacağıq. Nə biləsən, bəlkə adətlərimiz
sırasına yaponsayağı salamlaşma etiketləri də
daxil oldu yavaş-yavaş. Əlbəttə,
bu, dəyərli oxucularımın ovqatını yüksəltmək
üçün bir yumordur.
Nəticə çıxarmağı bacarsaq, bu dərs
bizə çox şeyləri qazandıracaq. Açıq
etiraf edək, son onilliklərdə qloballaşan
dünyamızın sel-suyuna verib yavaş-yavaş unutmaqda
olduğumuz, mərhəmət, paylaşma, yardımlaşma,
qarşılıqlı kömək kimi dəyərlərimizi,
əslində bizi biz edən bu duyğularımızı yenidən
həyatımıza daxil edəcəyik. Necə
ki, pandemiya günlərinin sınaqları bu dəyərlərimizi
gün işığına çıxardı.
Günlərdir sosial şəbəkələrdə
böyük qürurla izləyirəm ki, dövlətin
insanların rifahı üçün atdığı
addımlar öz yerində, adi vətəndaşlarımız
da əllərində torbalar aztəminatlı insanlara
yardım daşıyırlar. Birdən kimsə bu
çətin günlərdə ərzaq
qıtlığı çəkər deyə, əl-ayağa
düşüblər.
Bakıdan
başlamış ölkənin ən ucqar rayon və kəndlərinə
qədər bir çox mağazalarda üzərinə
"Ehtiyacın var götür, imkanın var əlavə et” lövhəsi asılmış ərzaq rəfləri
qoyulub. Şəkillərinə baxıram və
müxtəlif mağazalarda çəkilmiş bu rəflərin
hamısını zəruri ərzaq məhsulları ilə
dolu görürəm. Deməli, imkanı
olub başqaları üçün rəfə ərzaq
alıb qoya bilənlərimiz, ehtiyacı olub rəfdən ərzaq
götürənlərimizdən daha çoxdur,
şükürlər olsun.
Və bu çoxluq həm də xeyirxahlığın
hüdudlarını genişləndirir. Xeyir əməlləri
bir dəyər kimi təqdim və təbliğ edir. Görən hər kəs xeyir əməl sahibi
olmağın insanı da, cəmiyyəti də necə
gözəl yöndən təqdim etdiyinə şahid olur və
bacardığı yaxşılıqlarla bu xeyirxahlıq
aynasında özünü də görmək istəyir.
Bu xeyir
işdə, savab əməldə sıravi insanlardan rayon icra
hakimiyyəti orqanlarının nümayəndələrinə,
bələdiyyə təmsilçilərinə, iş
adamından tələbəyə, cavanından yaşlıya
qədər hər kəs və hamı var.
Bu, Azərbaycan
Prezidentinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın illərdən bəri öz şəxsi
nümunələri ilə cəmiyyətimizdə səpdikləri
xeyirxahlıq toxumunun barı, bəhrəsidir.
Qoruya bilsək, həyatımızın əbədi
dəyərinə çevirməyi bacarsaq, qısa müddətdən
sonra dünyanın ən öndə gedən toplumlarından
biri də biz olacağıq, əmin olaq buna.
***
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva hər zaman olduğu kimi, karantin rejimi dövründə
də cəmiyyətimiz üçün böyük bir dəyər
yaradır. Onun insanlarımızın həyat və
sağlamlığından dolayı narahat duyğularla və
vətəndaşlarımıza qayğıkeş münasibətlə
hər birimizə ünvanladığı müraciətlər
böyük mənəvi motivasiyadır. Günlərdir
ki, doğmalardan uzaq qalan, gündəlik həyat tərzindən
kənar düşən, pandemiya ilə bağlı
qeyri-müəyyənlikdən canı sıxılan hər kəsin
qəlbini isidən, sıxıntılarını ortadan
götürən ruhani gücdür.
Bu durumda
Mehriban xanım dövlətimizin Ana simasıdır...
Tarixən
Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərindən
birinə çevrilmiş qayğıkeşliyi,
narahatlığı, doğmalarının
cansağlığından yana sevgi dolu əndişəni
ana simasında təqdim edən Mehriban xanım bununla cəmiyyətdəki
vəhdəti, həmrəyliyi daha da gücləndirir. Hər hansı anlaşılmazlıqları aradan
qaldırır. Atılan bütün
addımların vətəndaşların həyat və
sağlamlığı üçün olduğunu qəlbinin
sevgisi ilə anladır və bizi özümüzü, eləcə
də başqalarını qorumağa çağırır.
Bəllidir ki, karantin rejiminə hamılıqla riayət
olunması dövlətin həyata keçirdiyi
qabaqlayıcı tədbirlərdən irəli gələn
prinsipial tələbdir. Bu tələbə hamının əməl
etməsindən ötrü dövlət qurumları yeri gələndə
qanunun ən sərt üzünü göstərməlidirlər.
Mehriban xanım Əliyevanın tutduğu
mövqe, cəmiyyətə ünvanladığı mesajlar
insanları daha anlayışlı olmağa, durumun ciddiyyətini
düzgün dəyərləndirməyə, məsuliyyətli
davranmağa sövq edir.
Onu hər
hansı vəzifə öhdəlikləri, rəsmi titullar
çərçivəsindən çıxararaq, hər bir
Azərbaycan ailəsinin doğma üzvünə
çevirmiş fəaliyyətinin ən dəqiq simvolu kimi
"Sizin Mehriban” imzası ilə bitən və ilk
baxışdan bu sadə müraciətlər əslində məsələyə,
problemə əsl mütəfəkkir yanaşmasıdır...
Mehriban
xanım bu müraciətlərində insanları dəyərlər
barədə düşünməyə, həyatımızdakı
sadə həqiqətləri dərk etməyə, öyrənməyə
və öyrəndiklərimizə əməl etməyə
çağırır: "Biz bir-birimizdən fərqliyik,
amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.
Virusa qarşı immunitet vaksin tapıldıqdan
sonra yaranacaq. Biganəliyə qarşı
immuniteti isə hər kəs özündə
formalaşdırmalıdır”.
Pandemiyadan
sonrakı dünyaya, gələcəyə doğru yolumuzda
bundan da dəyərli mənəvi bələdçi ola bilərmi?!
***
Bir halda ki, bu mövzudan söhbət açıram, bir
məqama da toxunmasam, olmaz. Azərbaycan xalqı olaraq bizim
xeyirxahlıq, başqalarına təmənnasız kömək
qədər nəcib əməllərə birbaşa aidiyyəti
olan başqa bir dəyərimiz də var: "Sağ əlin
verdiyini sol əl bilməməlidir”.
Düzdür, xeyirxahlıq hansısa formada təbliğ
olunmalıdır, göstərilməlidir ki, bu
başqalarına da sirayət etsin, qətiyyən buna
qarşı deyiləm. Amma bu məsələdə də
mütləq təvazökarlığın sərhədləri
gözlənilməlidir. Yoxsa bir də görürsən,
kimsə tutaq ki, aşağı-yuxarı 500 manatlıq
yardım edib, amma televiziyalarda, informasiya portallarında bunun
reklamına çəkdiyi xərci "çötkəyə
vursan”, 5 min manatdan da çox edər. Balaca bir
qutunun reklamı bütün saytları, televiziyaları
bürüyür, buna nə hacət?!
Ya da baxırsan ki, kimlərsə bir əlində
yardım torbası, o birində də kameralı telefon
düşüblər küçələrin canına. Yardım verməkdən
çox özlərinin reklamı, başqalarının
ittihamı ilə məşğul olurlar. Əgər
niyyətin yardım etməkdisə, et,
Allah razı olsun! Amma daha məsələni
kontekstdən çıxararaq siyasiləşdirib, bu həssas
dönəmdə insanların hissləri ilə niyə
oynayırsan?!
Əfsus ki, belə təsadüfi avantüristləri
sonuncu parlament seçkisi vaxtı da çox gördük. Stəkanda
fırtına yaratmaq üçün ucuz şoulara baş
vuranlar, qışqır-bağırla, tərbiyəsizliklə
yalanına həqiqət donu geyindirməyə uğursuz cəhd
göstərənlər, daim avantüraları,
boşboğazlıqları, bacarıqsızlıqları ilə
tanınan macəraçılar həmin günlər əslində
cəmiyyətimizdə mənəvi koronavirus
yayıcıları idilər. Xaricdə əyləşib
özünü bizdən biri sayan, yalançı
"xeyirxah” obrazları ilə əslində gecə-gündüz
Azərbaycanın mənafelərinə, birbaşa dövlətimizə
qarşı çalışan ünsürlərin maliyyələşdirdikləri
bu adamların qəsdi ölkədə gərginlik yaratmaq,
insanları üz-üzə qoymaq, sağlam inkişaf meyillərini
əngəlləmək idi.
Belələri indi də ortalarda dolaşıb
"xeyirxahlıq” adı ilə su bulandırmağa, qərəz
bəslədikləri insanları sıradan
çıxarmağa çalışırlar. Amma kimin kim
olduğunu yaxşı bilən cəmiyyətimiz buna imkan verərmi
heç?!
Azərbaycan insanı nələrdən keçib, nələr
adladıb?!
Yaşım
daha az sayılmaz. O sınaqların
çoxunu özüm gündəlik həyatımda
yaşamışam, İkinci Dünya müharibəsindən
sonranın aclıq-qıtlıq illərini də
görmüşəm, 60-cı illərin ərzaq
talonlarını da, 90-cı illərin əvvəllərinin
sıxıntılarını, çörək növbələrini,
bir-birindən ağır mərhumiyyətlərini də,
torpaqlarından didərgin salınmış qaçqın və
məcburi köçkünlərimizlə bağlı
üzləşdiyimiz humanitar fəlakəti də. Ona görə də geniş müqayisə
imkanına malikəm. Azərbaycan cəmiyyəti
o sınaqların heç biri qarşısında indiki qədər
məğrur, ümidli, gələcəyə inam dolu
olmayıb.
Çünki
indi bütün bunlara əsas yaradan, sabaha təminat verən
güclü dövləti, ən çətin şərtlər
daxilində belə bu dövlətin davamlı
inkişafını təmin etməyə qabil güclü
Lideri var...
***
Dünyadır, ola bilər ki, COVID-19-dan sonra tamam fərqli inkişaf səviyyəsində görünsün. Pandemiya dünyadakı iqtisadi böhranı daha da dərinləşdirsin. Bundan sonra çox şeylər əvvəlki kimi olmayacaq, etiraf edək. Qlobal dünyanın, beynəlxalq iqtisadiyyatın bir hissəsi kimi Azərbaycanda da müəyyən problemlər, onillərdir yüksələn xətt üzrə irəliləməsinə adət etdiyimiz iqtisadi inkişaf dinamikasında müəyyən səngimələr gözləniləndir. Çünki əgər dünya iqtisadiyyatı geriləyirsə, bu, Azərbaycan iqtisadiyyatına da istər-istəməz nüfuz edəcək. İqtisadiyyatımızın əsas barometrlərindən olan neftin qiyməti hələlik tənəzzüldədir və tezliklə yüksəlməsi ehtimalı da real görünmür. Azərbaycan qlobal logistika zəncirinin əsas həlqələrindəndir. Hazırda böhrandan dolayı tranzit imkanları zəifləyib və bu zəncir tam gücündə çalışmır. Karantinlə bağlı bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Əlbəttə, bütün bunlar küll halında Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. Şübhəsiz, əhalinin dolanışığında da müəyyən mənfi təsirlər yaranacaq. İqtisadi inkişafla əhalinin sosial rifahının bir-birinə necə bağlı olduğunu hətta iqtisadiyyatdan heç bir anlayışı olmayanlar da yaxşı bilirlər.
Amma bütün bunların fonunda bir məqamı xüsusi vurğulayım ki, Azərbaycan bu problemlərdən çox tez bir zamanda və daha da güclənib çıxacaq. Bu problemlərin içində Azərbaycan daha da qüdrətlənəcək.
Bizi qüdrətləndirənsə bu dəfə iqtisadiyyatımızdan da çox milli birliyimiz olacaq. Əsas budur. Milli birlik olan yerdə iqtisadiyyat da düzələndi, inkişaf da yenidən yüksələndi, əhalinin rifahı da ən yüksək səviyyəsinə çatandı. Biz bunu bacaracağıq. Çünki əsas olana nail ola bilmişik.
Vəhdətin zəfəri bizimdir. Biz son günlərin sınaqları dövründə bu vəhdəti göstərdik. Bu zəfəri qazandıq.
Elə bu sətirləri yazdığım məqamda maraqlı bir sorğunun nəticəsi ilə tanış oldum. Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ilin birinci rübündə əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, cənab İlham Əliyevin vətəndaşlarımız arasındakı reytinqi 94,7 faiz təşkil edir. Sorğunun nəticələrindən də göründüyü kimi, ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini, onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyasını, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəkləyir.
Bu, bizə Vəhdətin zəfərini qazandırmış Liderə olan inam və etimaddır.
Vəhdətin zəfəri İlham Əliyevin zəfəridir...
Gerisi təfərrüatdır...
Hüseynbala
MİRƏLƏMOV,
Yeni Azərbaycan
Partiyası Xətai Rayon Təşkilatının sədri
Azərbaycan.-2020.- 22 aprel.- S.1;4.