Azərbaycan yoluxma
zəncirini qırır
Prezident İlham Əliyevin koronavirusla
mübarizədə həyata keçirdiyi
uğurlu model effektiv nəticəsini verir
Dünyanı çənginə almış koronavirus pandemiyasının ölkələrə vurduğu zərər hələ hesablanmasa da, görünən odur ki, qarşıdakı illərdə əksər dövlətlər ciddi iqtisadi böhran yaşayacaq. Pandemiya makroiqtisadi siyasətdən qlobal ticarətədək bütün sahələrə öz mənfi təsirini göstərəcək.
Ancaq bəzi ölkələr getdikcə daha da qorxulu mənzərə alan pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görərək prosesdən az itkilərlə çıxmağa çalışırlar. Beynəlxalq iqtisadçı ekspertlər də hesab edirlər ki, məhz postpandemiya dövründə bu ölkələrin iqtisadiyyatı uğurlu inkişafını təmin edə biləcək.
Hər bir sürətli inkişaf böhrandan sonra başlayır
Əlbəttə ki, bu proseslər Azərbaycandan da yan keçməyib. Ancaq pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, səhiyyə sisteminə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər sayəsində artıq müsbət dinamika müşahidə olunmaqdadır. Bir çox beynəlxalq ekspertlərin açıqlamalarına diqqət yetirsək görərik ki, Azərbaycanın pandemiya ilə mübarizə modeli çox yüksək dəyərləndirilir və bəzi dövlətlərə nümunə kimi göstərilir.
Bir çox ekspert hesab edir ki, 2020-ci il dünya iqtisadiyyatı üçün itirilmiş il olacaq. Yəni dünya iqtisadiyyatı 2021-ci ildən tez artım göstərə bilməyəcək. Qlobal problem istənilən ölkənin ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək. İstənilən halda ixracın azalması müşahidə olunacaq. Amma bu şərait həm də gələcək sürətli inkişafa nail olmaq üçün yaxşı bir sınaqdır. Hər bir sürətli inkişaf böhrandan sonra başlayır. Əsas odur ki, dövlət bu şəraitdən yaxşı nəticələr çıxarsın.
Azərbaycan
ən yaxşı nümunələrdən birini göstərdi
Bununla yanaşı, qeyd edilir ki, pandemiyadan sonrakı dövrdə dünyada müasir texnologiyalar hökmran olacaq. Hansı ölkə modern texnologiyalardan yararlanacaqsa daha sürətli inkişaf edəcək.
Amerikalı ekspert, Avropa və Amerikadakı hökumətlər, universitetlər və korporasiyaların beynəlxalq məsələlər üzrə strateji məsləhətçisi Piter Teys ölkəmizdə qlobal böhran dövründə həyata keçirilən tədbirləri dəyərləndirərək maraqlı fikirlər səsləndirib. Piter Teys hesab edir ki, Azərbaycan ictimai səhiyyə sahəsində böhranı aradan qaldırmaq və koronavirus pandemiyası fonunda fövqəladə halların fəsadlarını milli səviyyədə azaltmaqda böyük uğurlar əldə edib. Ekspert Azərbaycan hökumətinin səhiyyə və iqtisadiyyat sahəsində çox səmərəli tədbirlər gördüyünü belə izah edib: "Son üç ayda Azərbaycan pandemiyaya qarşı mübarizədə ən yaxşı nümunələrdən birini göstərdi və böhrandan çıxmaq üçün lazımi tədbirlər gördü. Ölkədə bütün xəstəxanalarda ən yaxşı heyət və tibb işçiləri çalışır. Azərbaycanda bu beynəlxalq böhranın öhdəsindən gəlməyə və onun nəticələrini azaltmağa kömək edən maliyyə sektorunda uğurlu fəaliyyət mövcuddur. İstehsal, qida sənayesi və əczaçılıq müəssisələrinə hökumət tərəfindən göstərilən dəstək sayəsində ölkədə ciddi iqtisadi azalma və işsizliyin artması müşahidə olunmur”.
P.Teysin sözlərinə görə, Azərbaycan səhiyyə sahəsində bir çox tədbirlər görüb, makroiqtisadi strategiya həyata keçirib və işsizliyin azaldılması üzrə uğurlu yol xəritəsinə başlayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti milli iqtisadiyyatın bir çox strateji sahələrinin fasiləsiz fəaliyyətini təmin edən effektiv tədbirlər həyata keçirib. Bu kontekstdə hökumət işçi qüvvəsini qorumaq və sahibkarları daha da həvəsləndirmək üçün mükəmməl qərarlar qəbul edib: "Bu qərarlar Azərbaycan xalqına böyük fayda və milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. 600 min vətəndaşa göstərilən dövlət sosial yardımı 2020-ci ilin ikinci yarısında ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edəcək”.
Hökumət iqtisadi fəaliyyətin bərpası üçün effektiv plan hazırlayacaq
Digər amerikalı ekspert Rob Sobhani isə hesab edir ki, Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir. Çünki çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir.
Amerikalı ekspert sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusilə qeyd edib. "Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir”, - deyə amerikalı ekspert vurğulayıb.
R.Sobhani
həmçinin Azərbaycanda karantində olan əhaliyə
maddi yardım göstərilməsini də yüksək qiymətləndirib:
"Əminəm ki, Azərbaycan rəhbərliyi karantin
rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin
tam bərpası üçün effektiv bir plan
hazırlayacaq”.
Ukrayna Azərbaycanda həyata keçirilən tədbirlərdən istifadə edir
Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko da Azərbaycanın COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərdən danışarkən vurğulayıb ki, görülən hər şey xüsusi diqqətə layiqdir. Əsas da karantin tədbirlərinin tətbiqi və orta-kiçik sahibkarlığa dəstək çox yüksək qiymətləndirilir: "Ukrayna koronavirusa qarşı mübarizədə dost və qonşuların təcrübəsini yüksək qiymətləndirir və bunun ən yaxşılarından, o cümlədən Azərbaycanda həyata keçirilən tədbirlərdən istifadə edir”.
Deputatın sözlərinə görə, digər ölkələrlə müqayisədə Ukraynada bir sıra tədbirlərin görülməsi nəticəsində vəziyyətin dəhşətli ssenari üzrə getməsinə imkan verilməyib.
Bir sözlə, koronavirusla mübarizədə Azərbaycan dövlətinin gördüyü işlər beynəlxalq ekspertlər, siyasətçilər tərəfindən də çox yüksək dəyərləndirilərək nümunəvi model kimi qiymətləndirilir.
Prezident İlham Əliyev də həyata keçirilən tədbirlərdən danışarkən vurğulayıb ki, ilk növbədə məqsəd yoluxma zəncirini qırmaq olub. Son nəticələr, yəni yoluxma, ölüm və sağalma faktları təsdiqləyir ki, görülən işlərin ilkin müsbət təzahürləri var.
Beləcə,
bu günə qədər həm məhdudlaşdırıcı
tədbirlərin görülməsi, həm bu tədbirlərin
mərhələ-mərhələ sərtləşdirilməsi,
həm də pandemiyadan ziyan çəkmiş sahələrdə
çalışan insanların sosial müdafiəsinin təmin
edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə
həyata keçirdiyi düzgün siyasəti əks etdirir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 22 aprel.- S.1;5.