Əhalinin təhlükəsizliyi
uğurla təmin olunur
Dünyanı bürüyən koronavirus pandemiyası hələ də miqyasını genişləndirməkdədir. Elə bu səbəbdən virusdan həm ölənlərin, həm də yoluxanların sayı artmaqda davam edir. Hazırda pandemiya dünyada genişmiqyaslı böhran yaradıb və hətta inkişaf etmiş ölkələr belə bunun yaratdığı problemlər qarşısında aciz duruma düşüb. Belə bir dönəmdə Azərbaycanda virus əleyhinə görülən işlər, atılan addımlar sayəsində pandemiyanın ölkəmizə təsirinin minimal həddə olması təqdirəlayiq haldır.
Nazirlər Kabineti tərəfindən karantin müddətinin mayın 4-dək uzadılması da virusa qarşı mübarizədə mühüm addımlardan biri sayılır. Bütün bunlara paralel olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, xüsusən də əhaliyə genişmiqyaslı dəstək pandemiyanın Azərbaycana təsirinin daha da azaldılmasında mühüm əhəmiyyət kəsb edir.
Görünən budur ki, koronavirusun neqativ təsirlərinin neytrallaşdırılması istiqamətində atılan addımlar qarşıdakı dövr ərzində Azərbaycanın pandemiyadan daha az zərər çəkən ölkələr sırasında yer almasını şərtləndirməkdə davam edəcək. Bütün bunlar məhz dövlətin müvafiq addımları sayəsində mümkün olub və təsadüfi deyildir ki, Azərbaycan bu baxımdan dünya miqyasında koronavirusa qarşı mübarizədə model yaradan ölkələrdən biri qismində qəbul edilir. Sosial təcridin reallaşması da xüsusi diqqət mərkəzindədir və bu hal koronavirusun yayılmasının qarşısını almaqda müstəsna əhəmiyyət kəsb edir.
Aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən Prezident İlham Əliyev sosial izolyasiya tədbirləri ilə bağlı aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi. Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bir daha qeyd etdi ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, hökumət qabaqlayıcı tədbirlərini vəziyyətə uyğun şəkildə görməlidir: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.
Eyni zamanda təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.
Bu gün Azərbaycanda pandemiyaya qarşı mübarizədə görülən işlər bir çox dövlətlər üçün nümunədir. Prezident İlham Əliyenin qabaqlayıcı tədbirləri həqiqətən də effektiv nəticələrini verməkdədir. Hazırda 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilib. O cümlədən Prezidentin açılışını etdiyi 575 çarpayılıq "Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır.
Eyni zamanda Azərbaycan Tibb Universitetinin vaxtilə dövlət başçısının təşəbbüsü ilə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikasında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında da bir çox xəstələr müalicədədirlər. Bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələrin müalicəsi üçün 500 çarpayı mövcuddur. Yəni mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilib. Prezidentin daha bir göstərişinə əsasən hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Bu xəstəxanalar da işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək. Həmçinin bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması üçün 18 laboratoriya var. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın gücünü artırır.
Qeyd edək ki, mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin Ehtiyat Fondu və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə, iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün hələlik 2.5 milyard manat məbləğində vəsait yönləndirilib. Ancaq karantin rejiminin uzadılması əlavə xərclər yaradıb və buna görə də Prezident İlham Əliyev dövlət dəstəyi proqramlarının maliyyə həcminin 3 və ya 3,5 milyard dollara qədər artırılacağını bəyan edib.
Xatırladaq ki, proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan Prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradılıb. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir.
Qeyd edilənlər bir daha təsdiq edir ki, Prezidentin genişmiqyaslı iqtisadi və sosial dəstək paketi bir çox sahələrə tətbiq ediləcək. Paket pandemiyadan sonra iqtisadiyyatda yaranan boşluqları aradan qaldırmaq və minimum zərərlə çıxmağı da hədəfləyir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 22 aprel.- S.1;3.