Azərbaycan Prezidenti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilir

 

200 min əvəzinə 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək

 

Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin,

insanların sağlamlığının qorunması və bəladan az itki ilə çıxmaq məqsədilə imzaladığı fərman və sərəncamların icrası müsbət nəticələr verməkdədir. Görülən işlər ölkə ictimaiyyəti, xüsusilə ziyalılar tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilk olaraq özünün, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarını ora köçürmələri, virusun geniş yayılmaması üçün xalqa müraciətləri, bu çətin günlərdə hamını bir olmağa, özünütəcrid qaydalarına əməl etməyə çağırmaları vətəndaşlarımızda sağlam gələcəyə böyük əminlik yaradıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət İlham Əliyevin Azərbaycan xalqının qarantı və hər bir vətəndaşın Prezidenti olmasının bariz nümunəsidir.

Cari il aprelin 17-də Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevİqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda demişdir: "Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunurmaksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir”.

Azərbaycan Prezidentinin aztəminatlı ailələrin müdafiəsi mövqeyindən gündəmə gətirdiyi bu fikirlər ictimaiyyət nümayəndələri, xüsusilə özünü bu kateqoriyadan sayan insanlar arasında böyük rəğbətlə qarşılanmışdır. Ölkə rəhbərinin tövsiyəsinə əsasən aztəminatlı ailələrin problemlərinə həmişə olduğu kimi, bu çətin günlərdə də daha geniş şəkildə diqqət göstərilir. Əvvəla, hökumət tərəfindən nəzərdə tutulmuş karantin rejiminin müddəti uzadılmışdır. Digər tərəfdən, yardım üçün müraciət edən aztəminatlıların sayı müəyyən qədər artmışdır. Odur ki, ölkə başçısının tapşırığına əsasən indi aidiyyəti dövlət qurumlarında bu təkliflər, bu müraciətlər geniş təhlil olunur və veriləcək yardımın insanlara çatdırılmasında şəffaflığın təmin olunmasına şərait yaradılır. Dövlətdən yardım alan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır.

Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevİqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasdakı çıxışında xüsusi olaraq vurğulamışdır: "Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında - iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir”.

Pandemiyanın geniş yayılmasının qarşısını almaq haqqında Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar məsuliyyətlə yerinə yetirilir. Bütün vətəndaşlara, xüsusilə yaşlılara, köməyə ehtiyacı olanlara diqqət və qayğı göstərilir. Hətta yerlərdə Azərbaycan Prezidentinin aztəminatlı ailələrə dəstək təşəbbüsünə qoşulan idarə, müəssisə və təşkilatlar, imkanlı fərdi insanlar bu işdə əllərindən gələni əsirgəmirlər. Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial layihəyə qoşulan "BRAVO” marketlər şəbəkəsi yaşı 65-dən yuxarı olan tənha yaşlılara ərzaq məhsulları ilə yardım etmişdir. Belə ki, ölkə ərazisində ehtiyacı olan ahıl şəxslərə şirkət tərəfindən bitki yağı, un, düyü, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğans. bu kimi qida məhsullarından ibarət 10 mindən artıq ərzaq paketi çatdırılmışdır.

Şəmkir rayonu İrmaşlı kənd icra nümayəndəliyi, İrmaşlı bələdiyyəsi və kənd sakinləri tərəfindən redaksiyamıza daxil olan teleqramda isə bildirilir ki, ölkə başçısı cənab İlham Əliyevin "Biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk” fikrinə ürəkdən dəstək olan şəmkirlilər, o cümlədən əslən İrmaşlıdan olan, hazırda Rusiya Federasiyasında yaşayan iki sahibkar tərəfindən kənddə 130 ailəyə hər biri 3 kiloqram olmaqla, ümumilikdə 400 kiloqram dana əti paylanmışdır.

Azərbaycan Prezidentinin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və əhvali-ruhiyyəsinin yüksəldilməsi istiqamətində atdığı addımlar nəinki respublikamızda, eləcə də xarici ölkələrdə ictimai rəydə yüksək qiymətləndirilir. Bunu sıravi ölkə vətəndaşlarından tutmuş beynəlxalq təşkilatların, tanınmış dövlət və ictimai xadimlərin Azərbaycan Prezidentinə ünvanladıqları təşəkkür məktublarından da görmək mümkündür.

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 22 aprel.- S.2.