Milli Məclisin Mədəniyyət komitəsinin iclası olub

 

Aprelin 21-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib.

Parlamentin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda dörd məsələyə baxılıb.

Əvvəlcə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputatlara ikinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat verib. Bildirib ki, "Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Televiziyaradio yayımı haqqında”, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və "İctimai televiziyaradio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsindən (ikinci oxunuş) məqsəd "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklər (ikinci oxunuş) 2019-cu ildə qəbul olunmuş "Reklam haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Komitə sədri nəzərə çatdırıb ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziyaradio yayımı haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” və "İctimai televiziyaradio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi zərurəti (ikinci oxunuş) Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adı çəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziyaradioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır.

İclasda bildirilib ki, gündəlikdəki sonuncu məsələ – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) də "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanının icrası ilə əlaqədardır.

Onlayn iclasda fikir mübadiləsində komitə üzvləri Cavanşir Feyziyev, Fazil Mustafa, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Nizami Cəfərov, Əziz Ələkbərli, Ülviyyə Həmzəyeva, Sabir Rüstəmxanlı, Mixail Zabelin iştirak ediblər.

İclasın sonunda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

 

 

Azərbaycan.-2020.- 22 aprel.- S.3.