Fransa portalı Azərbaycan Milli Məclisinin qadın Sədrindən yazır
2020-ci il martın
10-da Sahibə Qafarova Azərbaycan parlamentinin yeni Sədri seçilərək dünyada
58-ci qadın spiker oldu. Bu hadisə
ölkənin demokratiya
yolunda irəliyə doğru növbəti addımı idi. Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratiyanın
ümumi tələbləri
çərçivəsində keçirildiyini bildirdilər.
Bu proses ölkənin
böyük Qərb dövlətləri ilə
əlaqələrinin əhəmiyyətli
dərəcədə inkişafına
imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Fransanın
“Billetdefrance” portalında
dərc edilmiş “Azərbaycan parlamentinin qadın spikeri: Sahibə Qafarova” adlı məqalədə
yazılıb.
Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında
ətraflı məlumat
verilən məqalədə
qeyd edilib ki, Prezident İlham
Əliyev son illər ərzində ölkəni
Qafqaz regionunda sabit iqtisadiyyatlı və böyük ambisiyalı gücə çevirib. Böyük karbohidrogen ehtiyatlarına
əsaslanan Azərbaycan
hökuməti ölkənin
şaxələndirilmiş iqtisadi inkişafından istifadə edərək uğurlu sosial siyasət həyata keçirir.
Məqalədə bildirilir ki, seçkilərin nəticəsi
mübahisə doğurmadı. Yeni Azərbaycan
Partiyası 125 yerdən
72 yeri qazanaraq böyük üstünlük
əldə etdi.
Seçkilərin nəticələri hökumətin yürütdüyü
siyasətə xalqın
böyük dəstəyi
kimi qiymətləndirildi.
Qeyd edilir ki, Sahibə Qafarovanın Milli Məclisə yeni qadın spiker seçilməsi cəmiyyətdə
intellektual və siyasi dairələrdə qadınlara verilən əhəmiyyəti əks
etdirir. Bu, Qafqaz
və Orta Asiya ölkələri üçün avanqard nümunədir.
Məqalədə S.Qafarovanın tərcümeyi-halına toxunularaq, karyerasına universitetdən başladığı yazılır. 2004-cü ildə elmlər doktoru elmi dərəcəsi almış S.Qafarovanın Bakı Slavyan Universitetində və ABŞ-ın Pinceton Universitetində (Miçiqan) müəllim kimi fəaliyyət göstərdiyi bildirilir. Onun 2004-cü ildə Yeni Azərbaycan Partiyasının üzvü olduğu və həmin vaxtdan siyasət meydanına qədəm qoyduğu diqqətə çatdırılır. 2010-cu ildə Yeni Azərbaycan Partiyasından Milli Məclisə üzv seçilmiş S.Qafarovanın bu illər ərzində təhsil sahəsində əldə etdiyi uğurları, beynəlxalq siyasi arenada da, xüsusilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi davam etdirdiyi vurğulanır. Onun AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlərin işi üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici olduğu bildirilir. Qeyd edilir ki, o, öz ölkəsində olduğu kimi beynəlxalq səviyyədə də qadınlar və kişilər arasında bərabərliyi təbliğ edən təşkilatlarda fəal rol oynayıb. S.Qafarova AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya üzrə komitəsinin məruzəçisi kimi qurumun “Qadınlara münasibətdə zorakılığa qarşı mübarizənin ən yaxşı təcrübələrinin tətbiqinə” dair 2084 saylı qətnaməsini hazırlayıb. Qadın hüquqlarının hər bir ölkənin demokratikləşməsinin əsas əlaməti olduğunu əminliklə qeyd edən S.Qafarova ötən il Parisdə Fransa Milli Assambleyasında təşkil edilmiş simpoziumda deyib: “Həqiqətən əminəm ki, qadın hüquqlarının inkişafı ölkədə demokratiyanın səviyyəsinin ən yaxşı göstəricisidir. Keçmiş sovet ölkələrində bu mövzu ciddi məsələdir”.
Vurğulanır ki, ki, bu baxımdan, Azərbaycan bəzi Qərbi Avropa ölkələri ilə müqayisədə öndədir. Azərbaycan hələ 1919-cu ildə, Fransadan təxminən 30 il əvvəl qadınlara səsvermə hüququ verib və bu baxımdan ilk müsəlman ölkəsidir. Həmin il bir qadın parlament üzvü seçilmişdi və 100 il sonra ölkənin siyasi səhnəsində qadınlar mühüm vəzifələr tutur. Bu gün qadınlar ölkənin beynəlxalq münasibətlərində mühüm rol oynayır. Azərbaycan regionda yerini bərkitməklə kifayətlənmir, planet səviyyəsində milli və beynəlxalq aktora çevrilmək istəyir. Milli Məclisə yenicə sədr seçilmiş S.Qafarova bunu təsdiq edərək deyir: “Bizim ölkə sabitdir və xarici siyasətində beynəlxalq hüquq normalarını ciddi şəkildə tətbiq edir. Bu, Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş olmaq imkanı qazandırır”. Buna misal olaraq, 2019-cu ildə Azərbaycan beynəlxalq və ya ikitərəfli görüşlər çərçivəsində 40-dan çox ölkə və hökumət başçısını qəbul edib. Bu rəqəm Avropa və Asiyanın kəsişməsində yerləşən bu Qafqaz ölkəsinin beynəlxalq səviyyədə artan nüfuzuna dəlalət edir.
Məqalədə uzun illərdən
bəri Azərbaycan siyasətini izləyən deputat
Jan-Lük Reitzerin
müşahidəçi kimi seçkilərlə
bağlı müsbət fikirləri də yer
alıb.
Azərbaycan.-2020.- 22 aprel.- S.3.