Həyata keçirilən çeviksistemli tədbirlər bəhrəsini verir

 

Ölkədə koronavirusla bağlı pozitiv statistika tendensiya halını alır

 

Dünya ölkələri bütün səylərini qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün deyil. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm qabaqlayıcı və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çeviksistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirildi, ölkədə 18 laboratoriyanın fəaliyyəti təmin edildi, paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrıldı.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verildi, martın sonunda istifadəyə verilmiş "Yeni klinikamüasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq üçün qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanıldı.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlandı, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirildi, xaricdən xəstəliyin idxalının qarşısı alındı.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alındı, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olundu. Vətəndaşların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejimi mayın 4-dək uzadıldı. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

 

 

"Siz gördüyünüz işlərə görə özünüzlə fəxr etməlisiniz”

 

 

 

 

"Hər bir ölkə səhiyyə sisteminə vaxt qazandıra bilmək üçün karantin rejiminin müddətini uzadır və "evdə qal” kampaniyasını davam etdirir. Eyni zamanda digər tədbirlər də görür”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda xüsusi karantin rejiminin aprelin 20-dən mayın 4-dək uzadılmasına münasibət bildirərkən deyib. ÜST rəsmisi qeyd edib ki, vacib məsələlərdən biri potensial virus daşıyıcılarının hər birini müayinədən keçirmək və onları karantinə götürməkdir: "Virus daşıyıcıları ilə təmasda olan şəxslər də karantinə götürülməli, cəmiyyətdən təcrid olunmalıdır. Əgər bunları etsəniz, ölkənizdə yoluxmanın qarşısını ala və pandemiyanı dayandıra bilərsiniz. Əlbəttə, demək asandır, tətbiq etmək çətin. Məhz buna görə bütün cəmiyyətlər virusun yayılmasının qarşısını almaq üçün birgə fəaliyyət göstərir və çətin dövrdən keçdiklərini qəbul edirlər”.

Marqaret Harris Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan xalqına koronavirusla bağlı tövsiyələrini çatdırarkən deyib: "Baxmayaraq ki, ağırdır, çətindir. Hamımız eyni dünyada yaşayırıq. Tədbirləri davam etdirin. Siz gördüyünüz işlərə görə özünüzlə fəxr etməlisiniz”.

 

 

"Pozitiv tendensiya artıq özünü təsdiqləyib”

 

 

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan "Hədəf” verilişində deyib ki, Azərbaycanda koronavirusla bağlı iki günün rəqəmləri ölkədə pozitiv statistikanın tendensiya halını aldığını göstərir. Bu da artıq üçüncü mərhələnin başlanması deməkdir: "Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin 11-dək demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi. Artıq aprelin 19-da pozitiv tendensiya təsdiqlənib - 25 yoluxma, 122 sağalma. Demək olar ki, sağalma 5 dəfə yoluxmanı üstələyib. Aprelin 20-də isə sağalma 2 dəfə yoluxmanı üstələyib. Son günlər ard-arda sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi bizə onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib və biz artıq pozitiv istiqamətdə irəliləməkdəyik”.

İ.Məmmədovun sözlərinə görə, bu həftə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq. Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: "Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmayacağıq. Bu, gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaqbu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”.

 

 

Qəbul imtahanlarının vaxtı mayın 4-dən sonra bilinəcək

 

 

Təhsil Nazirliyi bu həftənin şənbə günündən "Mədəniyyət” kanalında yeni "Dərsdən sonra” adlı verilişin yayımına start verəcək. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, 40-45 dəqiqəlik proqramda məktəbdənkənar fəaliyyətlə bağlı mövzulara toxunulacaq: "Söhbət rəqsdən tutmuş rəsm, musiqi və məktəbəqədər yaşda uşaqların diqqətində olan məsələlərlə bağlı televiziya proqramının yayımından gedir. Güman edirəm ki, bu proqram məktəblilərimizin diqqətini cəlb edəcək və xoşlarına gələcək”.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” telekanallarında "Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, qəbul imtahanının və sənəd qəbulunun tarixi yalnız mayın 4-dən sonra elan oluna bilər. İmtahanların vaxtı elan olunanda sənəd qəbulunun da qrafiki açıqlanacaq.

"Sənəd qəbulunu indi elan etsək, kimin kompüteri var o qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq”, - deyə M.Abbaszadə söyləyib. O qeyd edib ki, məktəblər bağlı olduğundan sənəd qəbulu komissiyaları açıq deyil. Ona görə də məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq.

DİM sədri onu da vurğulayıb ki, hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdirilir: "İmtahanların formatı üzərində işləyirik. Karantin rejimi zamanı regiondan regiona vətəndaşlar icazəsiz gedə bilməz. Evdən icazəli çıxmaq üçün səbəblərdə də imtahana getmək yoxdur. Ona görə də imtahanların formatı da karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən ediləcək. Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. Həmin imtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən ediləcək. Keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur: "Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq”.

 

 

"COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi

 

AMEA-nın Coğrafiya İnstitutu günün reallığından irəli gələn və Azərbaycan üçün əhəmiyyətli olan layihə icra edib. İnstitutun direktoru, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Geoinformatikakartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin əməkdaşı Fatih Ocak tərəfindən "COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi” işlənib hazırlanıb. Layihənin əsas məqsədi Azərbaycanda və dünyada koronavirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır. Tətbiqdə dünya ölkələri, eləcə də Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunurbu rəqəmlər sutka ərzində azı bir dəfə yenilənir.

 

 

Dünya koronavirusla mübarizədə...

 

Məlumat üçün bildirək ki, dünyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfərə çatır. Virus qurbanlarının sayı 170 min nəfəri ötüb. COVID-19-a yoluxmuş 645 min insan sağalıb.

Ayrı-ayrı ölkələrdə son statistikalara göz gəzdirək.

ABŞ-da koronavirusa yoluxanların sayı 782 159 nəfər təşkil edir. Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 42 minə yaxınlaşır. Virus daşıyıcısı olmuş 72 min xəstə isə artıq sağalıb.

İspaniyada koronavirusa yoluxanların sayı 204 178 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 21 282 nəfərə çatıb, 82 514 nəfər sağalıb.

İtaliyada yeni növ koronavirusa daha 2256 yoluxma halı qeydə alınıb. Ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 181 228, ölənlərin ümumi sayı 24 114 nəfərə çatıb.

Fransada COVID-19 virusuna yoluxanların sayı 114657 olub. Ölkədə epidemiya başlayandan 20265 ölüm faktı qeydə alınıb.

Almaniyada koronavirus infeksiyasından ölənlərin sayı 4598-ə yüksəlib. Yoluxanların sayı daha 1 785 nəfər artaraq 143 457 olub.

İsraildə son sutkada virusa daha 229 nəfər yoluxub. Bununla da yoluxanların sayı 13 883-ə çatıb. Virusdan ölənlərin say 181-dir.

Rusiyada yoluxanların sayı 47 121 nəfərdir. Ölkədə virusdan ölənlərin sayı 456-ya yüksəlib. Koronavirusa yoluxan 3 873 nəfər sağalıb.

Ukraynada daha 415 nəfərdə koronavirus aşkarlanıb. Nəticədə yoluxma faktlarının sayı 6 125-ə çatıb. Virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 161 nəfərə yüksəlib. İndiyədək 359 nəfər koronavirusdan sağalıb.

COVID-19 infeksiyasından Türkiyədə ölənlərin ümumi sayı 2140 nəfərə çatıb. Aprelin 20-də ölkə üzrə 39703 nəfər üzərində test aparılıb. Onlardan 4674 nəfərdə infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin ümumi sayı 673980 nəfərə çatıb. Ümumilikdə 90 980 nəfər müalicəyə cəlb olunub. İndiyə qədər 13430 nəfərin müalicəsi uğurlu olub.

Qırğızıstanda koronavirusa yoluxma faktlarının sayı 590-a yüksəlib. Ölkədə indiyədək 7 nəfər COVID-19-dan dünyasını dəyişib.

Özbəkistanda indiyədək 1657 infeksiya faktı aşkarlanıb. 5 nəfər koronavirusun qurbanı olub.

Gürcüstanda yoluxanların sayı 408-ə çatıb. Onlardan 95-i sağalıb, 4-ü isə dünyasını dəyişib. Hazırda karantində 4779, stasionar nəzarətdə isə 561 nəfər saxlanılır.

Ermənistanda koronavirusa yoluxanların sayı 1401 nəfərdir. Ümumilikdə xəstəlikdən ölənlərin sayı 24 nəfərdir. 609 nəfər isə sağalıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında koronavirusa 1122 nəfər yoluxma, 6 ölüm faktı qeydə alınıb. Beləliklə, Krallıqda indiyədək koronavirusa yoluxanların sayı 10484 nəfərə çatıb, 103 pasiyent isə həyatını itirib.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son sutka ərzində 484 nəfərin koronavirusa yoluxduğu, 2 insanın öldüyü barədə məlumat yayıb. Ölkədə indiyədək COVID-19 virusuna 7625 yoluxma, 39 ölüm faktı aşkarlanıb. Küveytdə koronavirusa 1995 yoluxma, 9 ölüm faktı qeydə alınıb. Qətərdə isə indiyədək koronavirusa 6015 nəfər yoluxub, 9 insan isə həyatını itirib.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 22 aprel.- S.5.