Koronaviruslu günlərdə
ziyafət...
Bəşəriyyət can hayında, onlarsa..
Dünya koronavirus
adlı mərəzin əsirinə çevrilib.
Bir neçə aydır ki,
bu bəladan çıxmaq üçün çırpınır,
çarə yolları axtarır, dərman tapmağa
çalışır. Hələliksə bunlara
nail olunmayıb. Koronavirus
sürətlə yayılaraq dünyada 2 milyondan çox insana yoluxub, 150 mindən
artıq insanın həyatına son qoyub. Nə yazıq ki, bu statistika artan
tendensiya ilə davam edir. Amma yayıldığı
ilk zamanlarda onu ciddiyə almayan, dərhal təhlükəsizlik
tədbirləri görməyən,
sosial izolyasiya qaydalarını tətbiq
etməyən ölkələrə
qarşı daha amansız olur, yoluxma hallarını, aldığı canların
sayını çoxaldır.
Bu virusun yayılması
hava-damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək
yalnız profilaktik tədbirlər görməklə,
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) tövsiyələrinə əməl
etməklə mümkündür. Buna görə də Azərbaycanda virusun üzə çıxdığı
ilk zamanlardan etibarən
ciddi və təxirəsalınmaz tədbirlər
həyata keçirilməyə
başlanıldı. Koronavirusun geniş
vüsət almasına
imkan verməmək və insanların sağlamlığını qorumaq
üçün həyata
keçirilən tədbirlərin
əhatə dairəsi
genişləndirildi.
Qalib gəlmək üçün
vacib şərt...
Ölkə üzrə xüsusi
rejimli xəstəxanalarda
olan xəstələrin
səhhəti, karantinə
yerləşdirilən şəxslərdən
götürülən test nümunələri, eləcə
də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji
vəziyyət təhlil
edilib, insanların həyat və sağlamlıqlarının daha
səmərəli qorunması,
virusun yayılması
sürətinin kəskin
azaldılması məqsədi
ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayıldı.
Bu baxımdan xüsusi
karantin rejiminin 20 aprel 2020-ci il
saat 00:00-dan 4 may 2020-ci il
saat 00:00-dək uzadılmasına
qərar verildi. Bununla əlaqədar Azərbaycan Respublikası
ərazisinə yerüstü
və hava nəqliyyatı yolu ilə giriş-çıxışa,
yerli hava uçuşlarına tətbiq
olunan məhdudiyyətlər,
eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə
prosesinin dayandırılması
4 may 2020-ci il saat 00:00-dək uzadıldı.
Bütün bu tədbirlər qlobal pandemiyanı nəzarətdə saxlamağa
və yoluxmanın tempini aşağı salmağa imkan yaradır. Bununla yanaşı, xəstəliyin
erkən aşkarlanması,
yoluxan insanların sağaldılması, aztəminatlı,
kimsəsiz və yaşı 65-dən yuxarı
olan tənha insanlara yardım edilməsi və digər zəruri tədbirlər də ölkəmizdə pandemiyanın
fəsadlarını xeyli
azaldır.
Fərqində olmamaq...
Amma koronavirusa
qalib gəlmək və bu bəladan
qurtulmaq həm də vətəndaşların
sosial məsuliyyəti
sayəsində mümkündür. Səbirlə,
təmkinlə qoyulan qaydalara uymaq, vacib iş olmadan
küçəyə çıxmamaq,
evlərimizdə qalmaq
isə ən vacib şərtdir, amma nə yazıq
ki, bəziləri hələ də dünyanı tərsinə
çevirən bu gözəgörünməz bəlanın
ciddiliyinin, təhlükəsinin
fərqində deyil...
Belə olmasaydı, karantin rejimi başlayandan minlərlə şəxs
məsuliyyətsiz davranaraq
müxtəlif yollarla
qoyulan qaydaları pozmazdı. İcazəsiz küçələrdə dolaşanlar, yaxınının
yas mərasimi adı ilə evdən çıxanlar, maşınının yük
yerində yaxınını
gizlədərək postlardan
keçmək istəyənlər
və daha neçə-neçə bu
cür faktlar aşkarlandı. Gizli
fəaliyyət göstərmək
istəyən kafelər,
saxta icazə sənədləri hazırlayanlar
üzə çıxarıldı...
Təkcə 18-20 aprel tarixləri
arasında yaxın qohumunun yas mərasimində
iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə
uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən
edildi və onlar inzibati qaydada cəzalandırıldı.
Qeyd edək
ki, bu cür
sui-istifadə hallarına
yol verənlər barəsində İnzibati
Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə
müvafiq tədbirlər
görülüb və
onların hər biri 100 manat məbləğində cərimə
edilib.
Kür qırağının əcəb
seyrəngahı var, amma...
Ötən həftə 19 nəfərin
Kür çayı sahilində karantin rejimini heçə sayaraq düzənlədikləri
qonaqlıq görüntüləri
isə sözün əsl mənasında hər kəsi heyrətə saldı...
Ayın 20-də isə bənzər mənzərə Qubada təkrarlandı. Rayonun 2-ci Nügədi kəndi ərazisində yerləşən Çənlibel
gölü ətrafında
toplaşaraq yeyib-içmək
məclisi təşkil
edərək karantin qaydalarını pozan 5 gənc saxlanıldı.
Koronavirusla mübarizə aparılan çətin günlərdə
qeydə alınan belə qayda pozuntularının siyahısını
uzatmaq da olar, amma elə
həmin iki fakt da bəs
edir düşünəsən
ki, bu necə
arxayınlıq, bu necə məsuliyyətsizlikdir? Görəsən, həmin şəxslərin
ölkədə, dünyada
baş verənlərdən
xəbəri yoxdurmu?
İnsanlığın yaşam savaşı
verdiyi belə bir anda hansı
sevincli, əlamətdar
günü qeyd edirlər?
İnsanların sağlamlığı, həyatı
ilə oynadıqlarını,
virusun daha da yayılmasında vasitəçi olduqlarını
düşünmürlərmi?
Bu çətin, sınaqlarla
dolu zamanda kimsənin problem yaşamaması
üçün dövlətimiz
bütün aztəminatlı
ailələrə mütəmadi
yardımlar edir, onların dayağında durmağa çalışır.
Yaxşı olmazmı ki, karantin rejimini pozaraq qonaqlıqlar, ziyafətlər təşkil
edənlər özlərinin,
doğmalarının və
digərlərinin həyatını
riskə atmaqdansa, köməyə ehtiyacı
olanlara yardım edərək dövlətimizə
dəstək olsunlar...
Həm
də müqəddəs Ramazan ayının başladığı
bu günlərdə əməlisaleh bir işə imza
atmış olsunlar...
Qaydalara uyaq,
uymayanları da riayət etməyə
çağıraq...
Yaşana biləcək faciəvi ssenarilərin qarşısına keçmək mümkündür və bu, bizim əlimizdədir. Sosial izolyasiyaya əməl etməklə təhlükəni aradan qaldıra bilərik.
Dövlətimizin gördüyü tədbirlərin effektivliyi həm də fərdi qaydada hər bir vətəndaşın üzərinə düşən müvafiq məsuliyyəti yerinə yetirməsindən asılıdır. Bütün bunlar milli təhlükəsizlik, həmrəylik məsələsidir və vətəndaşlardan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb edir.
Tətbiq olunan qaydalara ciddi riayət etməyimiz, evdə qalmağımız özümüzün və sevdiklərimizin həyatını, ümumilikdə insanlığı xilas etmiş olacaq…
Gəlin vətəndaş olaq, nəfsimizin qurbanına çevrilib, mahiyyətsiz bir əyləncə, düşünülməmiş bir addım nəticəsində insanlara qənim kəsilməyək.
Bir olaq, birlik olaq, bir-birimizə dayaq duraq, düşmənə də birgə qalib gələk...
Qaydalara
uyaq, uymayanları da riayət etməyə
çağıraq...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 22 aprel.- S.5.