Milli birlik və həmrəyliyin mənəvi gücü
Xalq inanır
ki, Prezident İlham Əliyevin müdrik
qərarları ilə Azərbaycan qlobal pandemiyadan minimum zərərlə
qurtulacaq
Dünyanın bir çox böyük dövlətlərinin "taclı bəla”nın ağır fəsadları qarşısında naəlac qaldığı bir məqamda Azərbaycanda artıq pandemiya ilə mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Koronavirusa yoluxanların sayının sağalanların sayından az olması bunu deməyə əsas verir.
Eyni zamanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması, həmçinin karantin müddətində xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində düşünülmüş addımlar atılıb. Görünən odur ki, Azərbaycan dövləti bu ağır sınaqdan az itkilərlə çıxacaq.
Pandemiyanın ilk anından "Biz birlikdə güclüyük!” devizini səsləndirərək dövlətin bütün resurslarını səfərbər edən cənab İlham Əliyevin tarixi xidmətlərini xalq çox yüksək dəyərləndirdi. Prezidentin ünvanına hətta xarici ölkələrdən soydaşlarımızın göndərdiyi minnətdarlıq məktublarına nəzər yetirdikdə bunun bir daha şahidi oluruq.
Dünya ölkələri üçün örnək
Kəlbəcər rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq məktubu ünvanlayan Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, 87 yaşlı Qənbər Qurbanov yazır ki, bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri xalqda böyük qürur hissi yaradıb.
Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Prezidentin uzaqgörənliklə başlatdığı tədbirlər sayəsində ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalq dövlət başçısına minnətdarlığını ifadə edir və Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olduğunu qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.
Müəllif qeyd edir ki, bu xəstəliklə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, "Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirilən müşavirələr, dövlət strukturlarına verilən tapşırıqlar bir daha Azərbaycan Prezidentinin bu sahədəki siyasətinin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur: "Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhvali-ruhiyyə yaradıb.
Bu çətin günlərdə bütün xalqımız Sizin "Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhvali-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır”, - deyən 87 yaşlı ağsaqqal hesab edir ki, Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində xalq tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq.
"Dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafınızda birləşdirərək Siz xalqımızı, o cümlədən də bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 nəfərlik üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm”. Bu fikirlər isə Lənkəran rayon sakini Saleh Cəfərovun Prezidentə ünvanladığı məktubda yer alır.
Laçın
rayonundan məcburi köçkün olan Türkanə
Xaspoladzadənin minnətdarlıq məktubunda isə qeyd
edilir ki, dünyanın bəşəri problemə çevrilən
koronavirusun ağuşunda olduğu bu çətin dövrdə
xalqın rifahı naminə Prezidentin imzaladığı sərəncamlar
Azərbaycan xalqının sağlamlığının, əmin-amanlığının,
hər zaman olduğu kimi, yenə də dövlət
başçısı üçün ən önəmli məsələ
olduğunu təsdiqləyir.
Milli həmrəylik bu günədək müşahidə edilməyən səviyyədədir
Bakıdan Musa Nəbioğlu və Elmira Rəfailovanın minnətdarlıq məktublarında isə vurğulanır ki, Azərbaycan bu gün dünyanı bürümüş koronavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş bu pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Son günlərdə isə sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, cənab Prezidentin bilavasitə göstərişi əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xalqımız və eləcə də dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür fors-major hallara hazırdır: "Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız. Sizinlə fəxr edirik, cənab Prezident və inanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq”.
Ağdamdan Məhəmməd İsmayılov və başqalarından daxil olan minnətdarlıq məktublarında deyilir ki, ölkəmizdə milli həmrəylik bu günədək müşahidə edilməyən səviyyədədir. Bu, Prezident İlham Əliyevin xalqa olan diqqət və qayğısına cavabdır: "Tövsiyələrinizə, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə kömək göstərir. Siz eyni zamanda sahibkarlara da böyük dəstək verirsiniz. Bizlərə də karantin şəraitində müxtəlif yardımlar edilir. Bütün bunlara görə Sizə təşəkkür edir, "Çox sağ olun!” deyirik. Tanrı Sizi qorusun”.
Füzuli rayonundan Ləman Əliyeva, Xızıdan Sevər Şərifova, Gəncə şəhərindən Hicran Məmmədovanın dövlət başçısına ünvanladıqları məktublarda vurğulanır ki, heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və onlara əməl etməlidir.
Dünyanı
aciz vəziyyətə salan, səhiyyəsi, iqtisadiyyatı
güclü inkişaf etmiş ölkələri belə
çətinliklər qarşısında qoyan koronavirusla
mübarizədə Prezident İlham Əliyevin xalqın
sağlamlığı üçün uzaqgörən qərarları
insanların inam və güvənini bir az da artıraraq daha
da möhkəmləndirdi: "Xalqın hər bir nümayəndəsinə
göstərdiyiniz qayğı, əsasən də
yaşlı insanların sağlamlığının
qorunması üçün verdiyiniz qərarlar
xalqımızın mənəvi dəyərlərinə
verdiyiniz yüksək qiymətin daha bir nümunəsidir. Siz bir daha sübut
etdiniz ki, hər bir vətəndaşın
Prezidentisiniz. Sizin "Biz birlikdə güclüyük!” çağırışınız
xalqımızın milli
birliyinə stimul oldu, pandemiyaya qarşı mübarizədə
həmrəyliyə səslədi”.
Azərbaycan xaricdəki soydaşlarımıza
da yardım edir
Bakıdan Murad Məmmədov,
Saatlıdan Lətif Şimşəkov, Qobustandan
Baba Mahmudzadə, Siyəzəndən
Balabəy Balabəyov
və Ucardan Zaur Eyvazovun Prezidentə ünvanladıqları
minnətdarlıq məktublarında
da dövlət başçısının əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
qəbul etdiyi qətiyyətli qərarlar
çox yüksək
qiymətləndirilir.
"Dünya ölkələrinin
iflic vəziyyətdə
olduğu bu günlərdə bütün
qüvvələri səfərbər
edərək ölkəmizi
qoruduğunuza, həm
də xaricdə yaşayan azərbaycanlılara
yardım etdiyinizə
görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir.
Allah Sizi və
ailənizi qorusun”.
Bu fikirlər isə Türkiyənin
Adana şəhərindəki soydaşımız Vüsalə
Abdulovanın məktubunda
öz əksini tapıb. Vüsalə
xanım son dövrlər
Prezidentin tapşırığı
ilə Azərbaycan hökumətinin Türkiyədəki
soydaşlarımıza göstərdiyi
maddi və mənəvi yardımları
yada salır: "Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət
edərkən "Azərbaycan
dövləti arxanızdadır”
sözlərini eşitdim.
Oğlum
zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm
də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə
özümü yalnız
hiss etmədim.
Sevimli dövlət
başçımız, Siz
siyasətinizin mərkəzində
məhz xalqımızın
dayandığını bir
daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi
davam edir. Bu ağır günlərimdə
mən hər an Sizi yanımda
hiss etdim”.
Bütün bunlar bir daha
təsdiq edir ki, xalq hər
zaman Prezident İlham Əliyevin dəstəkçisidir və
dövlət başçısını
özünə alternativsiz
lider kimi qəbul edir. Ötən
həftə keçirilən
rəy sorğusunda xalqın Prezidentə olan inamının 94,7 faiz olması
bunu bir daha təsdiqləyir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 23 aprel.- S.1-2.