Azərbaycan yenə nümunə göstərir

 

 

Prezident İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” bəyanatı bu çətin günlərdə də əməli tədbirlərlə özünü təsdiqləyir

 

 

Koronavirus (COVID-19) dünyaya ayaq açıb yayılandan bəri özü ilə təkcə dərd-bəla, ölüm-itim, böhran gətirməyib, həm də artıq beş aydır meydan sulamasına baxmayaraq, çoxsaylı sualları cavabsız qoyub.

Həmin cavabsız suallar isə onun mənşəyindən tutmuş yayılma coğrafiyasınacan olan ən müxtəlif və ən müəmmalı sahələri əhatə edir. çox qəribədir ki, tanınmış virusoloqlar, infeksionistlər bir yana, hətta bu xəstəliyin təhlükəsi barədə ilk həyəcan qaldıran, onun qarşısının alınması istiqamətində görülən və görüləcək tədbirləri koordinasiya edən Ümumdünya Səhiyyə Təşkilatı da bu sualların cavablarını bilmədiklərini boyunlarına alırlar.

Mütəxəssis olmadığımız üçün bu acizliyin səbəbini bilmirik. Ola bilsin koronavirusun COVID-19 növü yeni olduğu üçün mütəxəssislər onu öyrənməyə macal tapmayıblar. Mümkündür ki, elm lazım olandan artıq kommersiyalaşdığı üçün insan sağlamlığının qayğısına qalmaqdan çox qazanc dalınca qaçır. Bəlkə də bir çoxlarının güman etdikləri kimi, koronavirus böhranı kimlərəsə hansısa məqsədlərinə çatmaq üçün lazımmış. Nəinki deyə, hətta ehtimal edə bilmərik. Amma bütün hallarda bu gün koronavirusdan qorunmaq qədər aktual olan cavabsız suallara yaxın, yaxud uzaq günlərdə aydınlıq gətiriləcəyinə zərrə qədər də şübhəmiz yoxdur.

Hələliksə, bütün elmiictimai müstəvilərdə, ali və məişət səviyyələrində COVID-19-la bağlı ən müxtəlif versiyalar irəli sürülür, ağlabatan və ağlagəlməz yozumlar söylənir. Bəzən yumor, bəzən də satira janrında təqdim edilən "xalq yaradıcılığı”ndan başlayıb tanınmış və tanınmamış mütəxəssislərin rəyləri ilə tamamlanan sosial şəbəkə materialları isə həmin versiya və yozumların əhali tərəfindən nə qədər ciddiliyə alındığını göstərir. Özü də söhbət yalnız bizim yerli mütəxəssis və həkimlərin rəylərindən, sadə camaatın ehtimallarından getmir. Müasir informasiya-kommunikasiya texnologiyaları koronavirusla bağlı bütün dünyada baş verənlərdən, söylənilən fikir və münasibətlərdən anındaca xəbər tutmağa imkan verir. İmkan verir bilək ki, COVID-19 bir virus kimi təhlükədən savayı, həm də çoxsaylı suallar daşıyıcısıdır.

Məsələn, ilk dəfə ÇXR-in Uhan şəhərində baş qaldırmış koronavirusun nədən sonrakı ünvanı, məsələn, Pekin, Şanxay yox, Qərbi Avropa ölkələri və hətta Amerika oldu? Nədən bu qorxulu virus inkişaf etmiş, xüsusən səhiyyəsi yüksək səviyyədə, əhalisi qanunpərəst olan ölkələrdə kasıb, adi sanitariyagigiyena normalarının, kommunal infrastrukturunolduğu bilinməyən və ya illərdir ərazilərində silahlı qarşıdurmalar, vətəndaş müharibələri getdiyindən daşı daş üstə qalmayan, məsələn, Hindistan, Pakistan, İndoneziya, Əfqanıstan, Suriya, Liviyadan daha sürətlə yayıldı? Yaxud, eyni regionda yerləşən və eyni sosial-iqtisadi imkanlara malik, lakin pandemiyaya fərqli reaksiya verən və münasibət göstərən İsveç və Danimarkanı götürək. Hansı səbəbdən koronavirusdan ciddi karantin qadağaları ilə qorunan Danimarkada vəziyyət epidemiyanı yalnız xəbərdarlıq və tövsiyələrlə zərərsizləşdirmək yolunu tutan İsveçdən daha ağırdır?

Bir neçə günün faktıdır. Rusiyanın 1-ci telekanalının "Vremya pokajettokşousunda Moskva klinikalarının birinin baş həkimi etiraf etdi ki, COVID-19-u adi sətəlcəmdən seçmək çətin olduğu üçün oxşar simptomlarla qəbul etdikləri xəstələrin hamısına koronavirus diaqnozu qoyurlar. Bu nədir? Naşılıq, yoxsa sığortalanmaq? Və bir də görəsən, belə hallar digər ölkələrin klinikalarında da baş verirmi?

COVID-19-un ətrafında bu cür cavabsız suallar, izahsız müəmmalar çoxdur və artıq bu barədə müxtəlif ölkələrdən müxtəlif səviyyələrdə səslər eşidilməyə başlayıb. Bununla belə, müəyyən istisnaları nəzərə almasaq, heç kim koronanın təhlükəli virus olduğunuona qarşı görülən tədbirlərin vacibliyiniinkar etmir. Əksinə, bu sahədə fərqlənən ölkələrin həyata keçirdikləri tədbirlər təqdir olunur, öyrənilir və virusun çox yayıldığı regionlarda tətbiqi tövsiyə edilir.

Azərbaycan da məhz təcrübəsinin öyrənilib tətbiq edilməsinin tövsiyə olunduğu ölkələrdəndir. Baxmayaraq ki, dövlətimiz nisbətən gəncdir və o üzdən pandemiya kimi problemlə ilk dəfədir qarşılaşıb, Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti və lider keyfiyyətləri sayəsində Azərbaycan bu gün koronavirusa yoluxanların və ondan dünyasını dəyişənlərin sayının azlığına görə nəinki regionda, hətta dünyada seçilən ölkələrdən sayılır. Martın 24-dən tətbiq olunan və mərhələlərlə sərtləşdirilən xüsusi karantin rejimi nəticəsində, şükürlər olsun ki, biz pandemiyanın məlum ölkələrdəki kimi acı nəticələrini yaşamırıq.

Təbii ki, söhbət Prezidentin timsalında dövlətimizin ən çox diqqət verdiyi əhalinin sağlamlığından gedir. " ...bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik. "Bu sitat Prezidentin aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevİqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasdakı çıxışındandır. Göründüyü kimi, dövlət başçısı bu mürəkkəb günlərdə də bəzi həmkarlarından fərqli olaraq, ölkənin iqtisadi problemlərinin həllindən öncə əhalinin qayğısına qalır və bu qayğı təkcə insanların sağlamlığını yox, həmçinin sosial problemlərini əhatə edir. "... bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”, - deyən Prezident elə həmin videoiclasda hər iki nazirliyin qarşısına konkret vəzifələr qoymuşdur - ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) iki ay birdəfəlik ödəmə verilən qeyri-formal işləyənlərin sayını 200 mindən 600 minə çatdırmaq; ictimai yerlərinin sayını 90 minə qaldırmaq; işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsini genişləndirmək, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi vermək; ilin sonunacan daha 12 min ailəni özünüməşğulluq proqramına cəlb etmək; xüsusi karantin rejimi dövründə ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən ailələrə bu yardımın verilməsini karantin rejimi başa çatdığı tarixdən növbəti ayın əvvəlinəcən uzatmaq.

Amma bunlaracan da ölkəmizdə Prezidentin birbaşa tapşırıqları, tövsiyələri və sərəncamları ilə pandemiyanın törətdiyi çətinliklərlə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Tədbirlər həm dövlət, həm də özəl sektorlarda çalışanları əhatə edir. Hər iki sektorda 1,6 milyondan çox insanın yerlərinin qorunmasına elektron sistem üzərindən gündəlik nəzarət olunur. Bunlardan əlavə, 300 min muzdlu işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir və bir o qədər fərdi sahibkara dəstək verilir.

Pandemiya dövründə sosial sahələr üzrə ölkəmizdə görülən və görüləcək tədbirlərin siyahısını uzatmaq da olar. Lakin əminik ki, elə sadaladıqlarımız da bu çətin günlərdə, sualların cavabları üstələdiyi bir vaxtda, COVID-19-un sabahının proqnozlaşdırılması mümkün olmadığı indiki zamanda Azərbaycan dövlətinin vətəndaşa münasibət sarıdan nümunəvi siyasətinə heç kimdə şübhə qalmamasına kifayət edər.

 

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 23 aprel.- S.1;4.