“Siz bir daha
əsl liderlik missiyası nümayiş etdirdiniz”
Qlobal pandemiyaya
çevrilən koronavirus
infeksiyası Azərbaycandan
da ötmədi. Lakin respublikamızda
virusun yayılmasının
qarşısının alınması
və ağır nəticələrə səbəb
olmaması üçün
ilk gündən təxirəsalınmaz
tədbirlər həyata
keçirildi.
Bütün bunları ilk gündən
nəzarətdə saxlayan
Prezident İlham Əliyevin təşəbbüsü
ilə problemin vətəndaşların sosial
rifahına və iqtisadi həyatımıza
çətinlik yaratmaması
üçün müvafiq
proqramlar da həyata keçirilməkdədir.
Azərbaycan ictimaiyyəti bütün
bu tədbirləri böyük razılıqla
qarşılayaraq təqdir
edir. Bu günlərdə ölkənin hər yerindən dövlət başçısına ünvanlanan
məktublarda vətəndaşların
səmimi təşəkkürləri
ifadə olunur. Eyni zamanda bu məktubların
hər birində xalqımızın nümayiş
etdirdiyi milli həmrəyliyi görürük.
Bakı şəhərindən
Arif Hüseynzadə adına 20 saylı
məktəb-liseyin şagird
və müəllimləri
də ölkə başçısına minnətdarlıq
məktubu ünvanlayıblar.
Bu gün bəşəriyyətin
ağır sınaq qarşısında olduğunu,
pandemiya təhlükəsindən
sərhədlərin bağlandığını,
nəticədə bir
çox ölkələrdə
səhiyyənin, təhsilin,
iqtisadiyyatın və
digər sahələrin
çətin vəziyyətə
düşdüyünü, hətta inkişaf etmiş dövlətlərin
belə koronavirus qarşısında aciz qaldığını qeyd
edən məktəb-liseyin
direktoru, Əməkdar
müəllim Səadət
Veysova dövlət başçısına xitabən
yazır: "Cənab
Prezident, məhz Sizin qətiyyətli iradəniz və təşəbbüskarlığınız sayəsində ilk gündən
ölkəmizdə koronavirusun
geniş yayılmasının
qarşısını almaq
məqsədilə vətəndaşlarımızın
sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı
addımlar atıldı.
Azərbaycan vətəndaşlarının
sağlamlığının qorunması, pandemiyadan zərər çəkən
bütün təbəqələrin
sosial qayğı ilə əhatə olunması, xaricdə olan soydaşlarımıza
diqqət göstərilməsi,
həmçinin tibb işçilərinə xüsusi
qayğının göstərilməsi
ilə bağlı həyata keçirdiyiniz strateji əhəmiyyətli
fəaliyyətlər həm
Azərbaycan xalqının
təhlükəsizliyinə zəmin yaradır, həm də bu çətin günlərdə onlara mənəvi və maddi dəstək verir. Bütün bunların nəticəsidir
ki, Azərbaycan koronavirusla mübarizədə
beynəlxalq səviyyədə
təqdir olunan fəaliyyət ortaya qoyur”.
Səadət Veysova daha sonra yazır: "Bu günlərdə Siz bir daha əsl
liderlik missiyası nümayiş etdirdiniz. Bir daha təsdiq etdiniz ki, xalqımızın
layiqli rəhbərisiniz.
Çünki hər bir məsələdə vətəndaşların
yanındasız. Biz də
təhsil işçiləri
olaraq həmişə
Sizin yanınızdayıq.
Bu gün üçün
müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu anlayırıq.
Sizin
"Biz birlikdə güclüyük!”
çağırışınız xalqımızın bütün
tarixi dövrlərdə
birlikdə olmasının
nə qədər vacib olduğunu göstərən aydın
baxışın ifadəsidir.
Bu narahat günlərdə
biz təhsil işçiləri
öz məsuliyyətimizi
anlayır və karantin günlərində
də şagirdlərimizi
onlayn vasitələrlə
tədrisə cəlb
edirik. Qarşımızda
duran əsas məqsəd Sizin
və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi tövsiyə və tapşırıqları indiki
şəraitdə də
layiqincə yerinə yetirməkdir. İnanırıq ki, respublikamızın
hər yerində təhsil işçiləri
öz vəzifə borclarını əsl vətəndaşlıq missiyası
ilə həyata keçirirlər. Çünki təhsil işçilərinin
öz vəzifələrini
layiqincə yerinə yetirmələri həm də Sizin liderliyinizlə
xalqımızın milli
həmrəyliyinin təcəssümü
və "Biz birlikdə
güclüyük!” çağırışınızın
uğurla reallaşmasının
göstəricisidir.
Hörmətli cənab Prezident,
biz Sizinlə sıx birlik və həmrəylik nümayiş
etdirir, Azərbaycanımız
naminə həyata keçirdiyiniz məsuliyyətli
və şərəfli
fəaliyyətinizdə Sizə
daha böyük və yeni-yeni uğurlar arzulayırıq.
Allah Sizi və öz şərəfli missiyası ilə ölkəmizin inkişafına
layiqli töhfələr
verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanı qorusun! Biz Sizlərlə
fəxr edirik!”
Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Həmidə
Sanıyevanın məktubunda
qeyd olunur ki, Prezident İlham
Əliyevin operativ şəkildə verdiyi tapşırıqlar nəticəsində
koronavirusun geniş yayılmasının qarşısı
alınır. Bu, ilk növbədə,
məhz Prezidentin vətəndaşlara diqqət
və qayğısının
həmişə ön
planda olmasını göstərir.
"Siz və Birinci vitse-prezident Mehriban Əliyevanın məktəbimizin açılışı zamanı kollektivimiz qarşısında qoyduğunuz tapşırıq və göstərişləri əzmlə yerinə yetirməyə çalışırıq. Məktəbin açılışına gəlməyiniz kollektivimizi daha da ruhlandırmış və yeni-yeni nailiyyətlər qazanmağa sövq etmişdir. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək Sizin etimadınızı doğruldacağıq.
"Biz birlikdə güclüyük!” çağırışınıza biz təhsil işçiləri də qoşularaq belə bir şəraitdə şagirdlərin təhsildən geri qalmaması üçün onlayn şəkildə dərsləri davam etdirməyi özümüzə borc bilirik.
İnanırıq ki, qısa müddət ərzində bəşəriyyət üçün bəlaya çevrilən pandemiyaya qalib gələcəyik. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə güclüyük!”, - deyə H.Sanıyeva yazır.
20 nömrəli məktəb-liseyin XI sinif şagirdi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Ən yaxşı təqdimat” ümumrespublika müsabiqəsinin qalibi Elnur Qaracayev da Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. O yazır: "Möhtərəm Prezident! Artıq bir neçə aydır ki, dünya, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycanda pandemiya ilə mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu çətin dövrdə bir çox vacib amillərin (təhsil, sosial və s.) Sizin tərəfinizdən daim diqqətdə saxlanılması xalqımızda böyük inam və əminlik hissi yaradır.
Cənab Prezident! Biz şagirdlər Sizin koronavirusla mübarizə ilə bağlı tələb və tövsiyələrinizə əməl edib evdə qalsaq da, təşkil olunmuş teledərslər və müəllimlərimizin keçdiyi onlayn dərslər sayəsində təhsilimizi davam etdiririk. 2020-ci ilin abituriyentləri olacaq biz XI-ləri qarşıda ali məktəblərə qəbul imtahanları gözlədiyi üçün bu dərslərə daha məsuliyyətlə yanaşırıq. Belə bir şəraitin yaradılması şəxsən Sizin Azərbaycanın gələcəyinə və təhsilinə göstərdiyiniz yüksək münasibətin, diqqət və qayğınızın nəticəsidir. Bunun üçün biz şagirdlər Sizə minnətdarıq, əziz Prezidentimiz!
Cənab Prezident! Biz anlayırıq ki, indi ən vacib məsələ, Sizin qeyd etdiyiniz kimi, ölkəmizin bu pandemiyadan maksimum az itkilərlə xilas olmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, məsuliyyətimizi dərindən dərk etməli, Sizin rəhbərliyinizlə bütöv xalq olaraq sıx birlik və həmrəylik nümayiş etdirməliyik. Biz inanırıq ki, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq!”
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 23 aprel.- S.2.