Dövlətin əsas məqsədi
insanların sağlamlığının təminidir
Koronavirus
pandemiyasının qarşısının alınmasında məsuliyyət,
nizam-intizam, milli birlik və həmrəylik də yüksək
səviyyədə nümayiş etdirilməlidir
Ötən ilin dekabr ayından başlayaraq COVID-19 pandemiyasına qarşı mübarizə ümumdünya hərəkatına çevrilib. Buna görə də ölkələr öz vətəndaşlarına yeni təhlükələrin öhdəsindən gəlməkdə kömək etmək məqsədilə təsirlərin azaldılması üçün uyğunlaşdırma tədbirləri planlaşdırır. Bu il ÜST gözəgörünməz bir bəlanın - koronavirus pandemiyası təhlükəsinin qarşısının alınması ilə məşğuldur.
Tarix boyu
virus, yaxud bakterial pandemiyalar olub. İndi
də var, sabah, yəni
gələcəkdə olmayacağına
da heç kim təminat vermir. Sadəcə mikroorqanizm sayılan
koronavirusla insan arasındakı vəhdət
pozulduğundan, o, özünü
bəşəriyyətə qarşı aqressiv aparmağa başlayıb.
Müharibəni dövlətlər aparır. Xalq da dövlətinin və liderinin ətrafında monolit birləşərək,
bu müharibəni, yaxud mübarizəni (bu, müharibədir, insan itkisi müharibəyə
xasdır) başa çatdırmaqda böyük
səy göstərir.
Azərbaycan Prezidenti istər Sumqayıt Kimya Sənaye Parkında, istərsə də Türk Şurasının
videokonfransında koronavirusla
bağlı vəziyyətə
aydınlıq gətirərkən
bir daha vurğuladı ki, əsas məqsədimiz insanların sağlamlığını
təmin etməkdir.
Hazırda respublikada əhalinin infeksiyaya yoluxmaması və sağlamlığının
təmin edilməsi üçün ciddi tədbirlər görülür.
Dünyanın inkişaf etmiş ölkələrində gündə
yüzlərlə insan
dünyasını dəyişir. Heç bir
ölkənin səhiyyə
sistemi sayı artmaqda olan xəstələrin
müalicəsini tam təşkil
edə bilmir. Respublikamızda isə əhali
koronavirus infeksiyası
ilə əlaqədar
testdən keçirilir.
Azərbaycan dünyada aparıcı
ölkələrdəndir ki,
on minlərlə insan
qısa müddət ərzində müayinə
edilir. Həmçinin tibbi maska istehsalına başlanması
da xüsusi əhəmiyyət kəsb
edir. Əlbəttə, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə
mühüm töhfə,
həm də Azərbaycanın bu sahədə asılılığını
aradan qaldıran amildir.
Bundan başqa,
ölkəmizdə qısa
müddət ərzində
dezinfeksiya vasitələrinin
istehsalı da təşkil edilib. Dövlət
başçısı xüsusi
vurğuladı ki, əsas məsələlərdən
biri apteklərdə və digər ticarət yerlərində
süni qiymət artımına yol verməməkdir: "Yaradılmış
infrastruktur imkan verir ki, lazım
olan istehsalat sahələri qısa müddət ərzində
təşkil olunsun. Bunun üçün bütün
zəruri tədbirlər
görülür. Məhz bu
qabaqlayıcı tədbirlərin
görülməsi nəticəsində
ölkəmizdə koronavirus
xəstəliyinin geniş
yayılmasının qarşısı
alınır.
Aprelin əvvəllərindən qüvvəyə
minmiş yeni karantin qaydalarının bir məqsədi var: bu xəstəlik
Azərbaycanda geniş
yayılmasın. Buna görə də insanlar məsuliyyətli olmalı, özlərini, yaxınlarını, ailə
üzvlərini qorumalıdırlar.
Bu, ilk növbədə, hər bir vətəndaşdan
asılıdır. Karantin rejimi
insanların sağlamlığı,
təhlükəsizliyi, rahatlığı
üçündür”.
Xalqımız ən çətin günlərində milli birlik, həmrəylik və məsuliyyət nümayiş etdirib. Bu gün də bunlar tələb olunur. Hazırda ölkəmizin müəyyən
edilmiş xəstəxanalarında
koronavirus xəstələri
müalicə alır.
Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən
müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə
verilib ki, orada da koronavirus
xəstələri müalicə
edilirlər.
Azərbaycan Prezidenti müraciətində
onu da bildirdi
ki, yaxın zamanlarda Bakıda və bir neçə
bölgədə müasir
modul tipli xəstəxanaların yaradılması
nəzərdə tutulur. Çox yaxşı
haldır ki, yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar
bütün lazımi
avadanlıqlarla da təchiz ediləcək.
Yeri gəlmişkən, vaxt amili, həkimlərin peşəkarlığı, mövcud
imkanların vəhdəti
Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına imkan yaradır. Bu gün
karantində olan insanların əksəriyyəti
yaradılan şəraitdən
çox razıdırlar,
buna görə də dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.
İqtisadi cəhətdən güclü
olan Azərbaycan dövləti koronavirusdan zərər çəkən
sahələrdə çalışan
insanların problemlərini
də nəzərə
aldı. Koronavirusla müharibənin ön cəbhəsində
təbii ki, "ağxalatlılar” - sağlamlıq
keşikçiləri, daha
dəqiq desək, səhiyyə işçiləri
dayanıb. Əməkdaşı
olduğum Azərbaycan
Tibb Universiteti Tədris-Terapiya Klinikasının
kollektivi də, başda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, eləcə
də klinikanın direktoru, professor Surxay Musayev olmaqla, gecə-gündüz çalışmaqdadır.
Azərbaycan dövləti, onun
səhiyyə strukturları
(Səhiyyə Nazirliyi,
TƏBİB və s.) dünyada
tək-tək səslənən
populist şüarlarla deyil,
dövlət başçısının
müraciət və tövsiyələrinə əsaslanaraq
xalqın sağlamlığı
ilə əlaqədar
ciddi tədbirlər görməkdədir. Azərbaycan dövlətini
və onun başçısını düşündürən
ilk növbədə xalqın
sağlamlığı qayğısına
qalmaqdır. Dövlət büdcəsindən ayırmalar,
həmçinin yaradılan
Koronavirusla Mübarizəyə
Dəstək Fonduna qısa müddət ərzində özəl sektor, eləcə də fərdi vətəndaşlar tərəfindən
toplanan ianələrin
səmərəli sərfi
də bunu təsdiqləməkdədir. Xalqdan isə yalnız bir şey tələb olunur: bu istiqamətdə
ölkə rəhbərliyinin,
eləcə də
ÜST-ün tövsiyələrinə
heç bir əsas, hansısa bəhanə gətirmədən
əməl etmək.
Bu mübarizə yalnız
fərdin yox, ilk növbədə, xalqın
sağlamlığı məsələsidir. Fərdin və
xalqın (toplumun) sağlamlığına zərər
vuranlara, qanuna tabe olmayanlara ilk dəfə hüquq mühafizə əməkdaşları
tərəfindən xəbərdarlıq
edilir. Qanuna təkrar məhəl
qoymayanlar haqlı olaraq inzibati, hüquqi şəkildə
cəzalandırılırlar.
Əlbəttə, bu pandemiya da
tarixin arxivinə gedəcək. Amma onun ibrətamiz dərsləri qalacaq: bəşəriyyət, düşünən,
ağıllı, təfəkkürlü
insanlar üçün.
Koronavirus bütpərəst çinliyə də, müsəlman iranlıya da, xristian italyana
da, iudist yəhudiyə də eyni şəkildə yanaşdı. Tanrının yaratdığı varlıq
kimi - dininə, dilinə fərq qoymadan, məzhəbinə
baxmadan.
Bu gün bədbin
olmağa, pessimizmə
yer yoxdur. 30 illik həkimlik təcrübəmə əsaslanıb
deyə bilərəm
ki, Azərbaycan xalqı genotip cəhətdən sağlam
olanlardandır. Bu, əsasən insanların milli-dini sağlamlığından,
saflığından keçir.
Bir sıra patologiyaların mövcud olduğu vətəndaşlarımız xüsusi risk qrupu təşkil edir ki, onlara sadəcə
ayrıca diqqət və qayğı olmalıdır. Bu qrupa xüsusilə şəkərli-diabet, bronxit-ağciyər
xəstəlikləri, ürək
çatışmazlığı ilə müşayiət olunan hallar, onkoloji patologiyalar və s. aiddir.
Maraqlı bir faktı da yadda saxlamaq
lazımdır: virus infeksiyaları
payız və yaz fəslində daha çox təsadüf edir. Hətta cərrahiyyə əməliyyatları
zamanı istifadə olunan alətlər ultrabənövşəyi şüalarla
dezinfeksiya edilir.
Atmosferin
son vaxtlar təmizliyini
də bura əlavə edək.
Daha dəqiqi yaz aylarının sonuna doğru Günəş də öz köməkliyini bizdən
- xalqımızdan əsirgəməyəcək.
Səxavətli Azərbaycan torpağı
öz məhsulları
ilə virusu yerində oturtmaq üçün immunitetimizə
layiqli töhfəsini
verəcək.
Koronavirusa münasibətdə yaş
anlayışı yoxdur. Sadəcə orqanizmin immun-bioloji müqavimət məsələsi
var. Təbii ki, yaşın rolu həmişə olub.
Amma bu o demək deyil ki, infeksiyaya
barmaqarası baxılmalıdır.
Əsla yox! Qorunmaq və özgələrini
də qorumaq hər birimizin məsuliyyətinə daxildir.
Nağdəli ZAMANOV,
Azərbaycan Tibb Universitetinin
dosenti
Azərbaycan.-2020.- 23 aprel.- S.5.