Sumqayıtlılar karantin rejiminin tələblərinə riayət edirlər

 

Bəşəriyyəti ciddi narahat edən yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, təxirəsalınmaz tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması ilə bağlıdır.

Dünyanı bürüyən bu virusa qarşı aparılan mübarizədə sumqayıtlılar da yaxından iştirak edirlər. Cənubi Qafqazın ikinci böyük sənaye şəhərində insanlar bu virusa qarşı birlikdə mübarizə aparırlar.

Şəhərdə bütün sahələrdə - küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Parkxiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri tibbi ləvazimatlarla təmizlənir.

Sumqayıtda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda "evdə qal!” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardımlar paylanılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən artıq ailəyə ərzaq bağlamaları çatdırılıb. Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Yaşı 65-i adlamış Əntiqə Abdinova bu cür qayğını göz yaşları ilə paylaşdı. Ahıl çağlarını yaşayan xanım bildirdi ki, koronavirusla mübarizə başlayandan verilən bütün tapşırıqlara riayət edirik. Əhalimizə göstərilən qayğı dövlətimizin siyasətinin tərkib hissəsidir. Nəvələrimizlə söhbət edəndə qürurla danışırıq. Çünki hər kəsin arxalandığı və hamının dəstəklədiyi dövlətimiz var.

Ofelya İbrahimova tənha qadındır. Sumqayıtın yaşıdı olan bu xanım da öz minnətdarlığını belə bildirdi:

- Bu şəhərdə doğulub böyümüşəm. Çətinlikdə, xoş gündə, bayramda xalqımız həmişə bir olub. Bu gün bizə edilən yardım alqışlanmalıdır. Dövlətimizin başçısı və Birinci vitse-prezidentimiz insana verdikləri dəyərin yüksək olduğunu əməldə sübuta yetirirlər. Qürur duyur, fəxr edirik ki, Sizin kimi dövlət başçımız var.

Şəhərdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində köməyə və dəstəyə ehtiyacı olan ölkə vətəndaşlarına yardım çağırışına ilk qoşulanlardan olan könüllülər nəcib təşəbbüslərinə davam edirlər. Hazırda yüzlərlə könüllü bu təşəbbüsün iştirakçısıdır. Gənclər ahıl insanların ehtiyaclarının ödənilməsində fəallıq göstərir, onların əvəzinə bazarlıq edir, ev işlərində yardımçı olurlar.

Sumqayıtda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mübarizə tədbirlərinin xəritəsi genişdir. Ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiyahemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının azaldığını nəzərə alaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etmişdir. Bu çağırışa cavab olaraq Sumqayıt şəhərində də qanvermə aksiyasına başlanılıb.

Artıq bir neçə gündür ki, şəhərdə qanvermə aksiyası keçirilir. Şəhər sakinlərindən könüllü olaraq bu xeyirxah aksiyada iştirak etmək istəyənlər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən qan bankına müraciət edirlər.

Çətin gündə dərdin böyüklüyü dost köməyi ilə azalar. Ötən ilin sonlarında Çinin MienyenSian şəhərlərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə koronavirusla mübarizə məqsədilə müvafiq köməyin göstərilməsi ilə bağlı müraciət daxil olmuşdu. Sumqayıtdan bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Pandemiyaya qalib gələn çinlilər də humanitar yardım edərək xüsusi qoruyucu vasitələri, tibbi ləvazimatları Sumqayıta göndərmişlər. Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar Azərbaycan Hava Yollarının karqo terminalına çatdıqdan sonra dezinfeksiya edilərək Sumqayıt şəhərinə gətirilib. Hazırda Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım aidiyyəti üzrə tibb müəssisələrinə paylanılır.

Həmçinin bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Belə bir müəssisənin Sumqayıtda yerləşən Kimya Sənaye Parkında yaradılmasının özünün məkan baxımından əhəmiyyəti böyükdür.

Ölkə başçısının diqqət və qayğısı nəticəsində insan sağlamlığının mühafizəsi daim önə çəkilir. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirləri ilə videobağlantı formatında iclasda bildirib: "Məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır”.

Bu gün sumqayıtlılar hamı bir nəfər kimi pandemiyaya qarşı mübarizə aparır. Bu isə gələcək inkişafımızı davam etdirən hər bir azərbaycanlının qorunması üçündür. Sumqayıtlılar zəhmətkeş insanlardır. Onlar karantin rejiminin tələblərinə riayət edirlər. Tezliklə karantin bitəcək, etibar və qayğı görən hər bir ölkə vətəndaşı kimi, sumqayıtlılar da dövlət qarşısında öz əməlləri ilə borclarını ödəyəcəklər.

 

Akif ƏLİYEV

Azərbaycan.-2020.- 23 aprel.- S.5.