Naftalanlılar dövlət başçısının çağırışına qoşularaq pandemiyaya qarşı mübarizədə fəallıq göstərirlər

 

Dünyanı çənginə almış koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə dövlətimizin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim xalqımızın yanında olması indi hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

İnsanların sağlamlığının qorunması, rifahının yüksəldilməsi üçün ölkə başçısı tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər hamını ürəkdən sevindirir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb müəssisələrinin fəaliyyətə başlaması, tibb işçilərinin əməkhaqlarının artırılması, əhaliyə müavinətlərin verilməsi kimi tədbirlərin reallaşması bütün Azərbaycan xalqının ürəyindən xəbər verir.

Respublikamızın hər yerində olduğu kimi, unikal sağlamlıq mərkəzi olan Naftalanda da həyata keçirilən bütün tədbirlər razılıqla qarşılanır. Görülən işlər bir daha insanları əmin edir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır və onun sağlamlığının qorunması həmişə diqqət mərkəzindədir. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı verdiyi qərarlara hörmətlə yanaşan naftalanlılar yaxşı bilirlər ki, onların bu virusdan qorunmasında özlərindən də çox şey asılıdır. Şəhər əhalisi ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına qoşularaq evdə qalmaqla bu bəladan uzaq olmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.

Qeyd edək ki, Naftalanda əhalinin bu dəhşətli bəladan qorunması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Operativ Qərargahın verdiyi bütün qərarlara əsasən şəhərdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə əhali arasında profilaktik təbliğat aparılır, onlara karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılır, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanır. Tez-tez şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə əhaliyə tibbi maska, spirt və əlcək paylanır.

Diqqətə çatdıraq ki, koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq, ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Naftalan şəhərində profilaktik tədbirlərlə yanaşı sosial tədbirlər də həyata keçirilir. Karantin dövründə şəhər icra hakimiyyətinin əməkdaşları tənha yaşayan ahıl vətəndaşların və bir qrup əlilin evinə baş çəkmiş, onlara ərzaq və tibbi ləvazimatlar vermiş, hətta kommunal xidmətlər göstərmişlər. Bu görüşlər zamanı vətəndaşlara infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilmiş, onlardan xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə olunmuşdur. Ərzaq və tibbi ləvazimatlarla təmin olunmuş vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də şəhər icra hakimiyyətinə minnətdarlıq etmişlər.

Yaşı 65-dən yuxarı olan ahıllara və imkansız ailələrə yardım edilməsi kampaniyası bu gündavam etdirilir. Sevindirici haldır ki, bu aksiyada bütün idarə və təşkilatlar fəallıqla iştirak edirlər. Elə bu günlərdə tənha yaşayan ahıllara dəstək məqsədilə həyata keçirilən xeyriyyə aksiyasında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının könüllüləri və "Bravo” supermarketlər şəbəkəsi tərəfindən 70-dən çox ailəyə ərzaq yardımı paylanmışdır.

Qeyd etmək lazımdır ki, hazırda dünyada, eləcə də ölkəmizdə hökm sürən koronavirus (COVID-19) pandemiyasının təhlükələri barədə təbliğat geniş miqyasda davam etdirilir. Bu işdə məktəblilərin daha çox maarifləndirilməsinə diqqət yetirilir. Elə bu məqsədlə 13-18 aprel tarixlərində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında "Koronavirusla mübarizə - Naftalan şagirdlərinin gözü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Karantin rejimi müddətində evdə qalan məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və şagirdlərin bu sahədə aparılan işlər barədə fikirlərinin öyrənilməsi məqsədilə keçirilən müsabiqədə mövzunun məzmununa və dolğunluğuna uyğun olaraq 5 yeri tutmuş şagirdlərə şəhər icra hakimiyyəti tərəfindən hədiyyə və fəxri fərmanlar verilmişdir.

Şəhərdə koronavirus pandemiyasına qarşı mübarizəyə məktəblilər də öz töhfələrini verirlər. Bu məqsədlə onlar maraqlı video-çarx hazırlamışlar. Videoçarxda bütün məktəblilər "evdə qal” çağırışına qoşulmağa dəvət edilmişkarantin rejimində onlar evdə qaldıqları müddətdə öz həmyaşıdlarını dərs oxumağa, musiqi, idman və müxtəlif yaradıcılıq sahələri ilə məşğul olmağa çağırmışlar.

Bundan başqa, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə icra hakimiyyəti aparatı işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunmuş 3 aylıq ekspres ingilis dili kursunda tədris olunan məşğələlər onlayn qaydada davam etdirilmişdir.

Hazırda hökm sürən pandemiyaya qarşı mübarizə Naftalanda uğurla davam etdirilir. Xəstəliyin yayılmaması üçün demək olar ki, bütün şəhər, o cümlədən əhalinin yaşadığı bina və ərazilər dezinfeksiya edilməklə yanaşı, təbliğat işləri də aparılır. Naftalanlılar inanırlar ki, tezliklə bu bəladan xilas olacaqlar.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 23 aprel.- S.5.