Bəşəriyyətin ən
gözəl ixtirası - kitablar
İyirmi beş il öncə təqvimdəki əlamətdar günlərin sırasına biri də əlavə olunub. Belə ki, kitabları və müəllif hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edən, kitab işinin, qiraətin təşviqinə köməklik göstərən UNESKO tərəfindən 1995-ci ildə Ümumdünya kitab və müəlliflik hüququ günü təsdiq edilib. Azərbaycanda bu əlamətdar gün 1997-ci ildən qeyd olunmağa başlayıb.
UNESKO-nun Baş direktoru Odri Azule məktubunda bu çətin dövrümüzdə kitabların insan dühasının rəngarəngliyinin təcəssümü, bəşəriyyətin zəngin təcrübəsinin saxlanc yeri olduğunu, həyatın mənasının axtarışına və özünüifadəyə doğru ümumi səylərimizi əks etdirdiyini, bu səylərin isə bütün cəmiyyətlərimizi irəliyə hərəkətə vadar etdiyini diqqətə çatdırıb. O vurğulayıb: "Kitablar ümumi gələcəyin qurulması naminə bəşəriyyətin ümumi keçmişə, tarixə və mədəni irsə malik olan vahid ailədə birləşməsinə kömək edir, bu cür ümumi gələcəkdə isə insan səylərinin möhtəşəm xorunda hər birimizin səsi aydın səslənəcəkdir”.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla bu tarixi günlə bağlı xeyli söhbət etdik. O bildirdi ki, hər il aprelin 23-də bu günü qeyd edərkən biz kitabların - bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının - bilik xaliqlərinin müəllif hüquqlarını tanıyırıq. "Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpülər qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir. 23 aprel tarixini qeyd edərkən biz ideya və biliklərin yayıcılarına - müəlliflərə, naşirlərə, kitab ticarətçilərinə və kitabxanalara da lazımi qiymət veririk”.
Dövlət başçısının titanik səylərini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği, incilərinin tanınması istiqamətində yorulmaz fəaliyyətini qeyd edərək Kamran İmanov söylədi ki, UNESKO-nun qeyd etdiyi kimi, kitablar, müəlliflər və ümumilikdə kitab işi insanın əsas azadlıqlarının kəsişməsində yerləşir, bu azadlıqlardan ən mühümləri fikirlərin heç bir təsirə məruz qalmadan ifadə edilməsi və nəşriyyat fəaliyyətinin tam sərbəstliyidir: "Bu azadlıqlar kifayət qədər kövrəkdirlər, çünki müəllif hüquqlarına və mədəni müxtəlifliyə qəsddən tutmuş müəllif və naşirlərin məruz qaldıqları təhdid və təhqirlərə, eləcə də əlyazmalarının və kitabların məhv edilməsinə kimi çoxsaylı problemlərlə üzləşirlər. Saxtakarlıq və plagiat, bilərəkdən çap edilən yalan və saxta əsərlər bu azadlıqlara yeri doldurulmaz ziyan vurur. Əxlaqi baxımdan çirkin və hüquqi cəhətdən qanuna zidd olan bu hərəkətlər fiziki şəxslər, ayrı-ayrı fərdlər tərəfindən yerinə yetirilə bilir və bunlar müəllif hüquqlarını pozan və ya saxtakarlıq naminə özünü ifadəetmə azadlığından qəsdən istifadə edən müxtəlif ölkə vətəndaşları, söhbət sənaye mülkiyyətindən getdikdə isə, həm də hüquqi şəxslər ola bilər. Geniş mənada bu cür əməllər mədəni plagiat və ya mədəni dələduzluqdur. Söhbət intellektual oğurluqlardan və etnosun mədəni irsinin saxtalaşdırılmasından, onun mədəni ənənələrinin mənimsənilməsindən və ya yanlış inkar edilməsindən, başqa xalqın sərvətinə iddialardan getdikdə isə, plagiatçılıq və saxtalaşdırma məsələsi xüsusi əhəmiyyət kəsb edir”.
Söhbət əsnasında Kamran İmanov onu da vurğuladı ki, müasir mədəniyyət - ilk növbədə, qorunub saxlanması ali prioritet kimi qəbul edilən mədəni müxtəliflikdir və mədəniyyətlərin dialoqunu, qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Yəqin ki, mədəniyyətlərin tolerantlığının və bərabərhüquqluluğunun qarşılıqlı tanınmasında multikulturallığın əsası qoyulmuşdur. Eyni zamanda bir mədəniyyətin digərini əxz etməsi həmin mədəniyyətin zənginləşməsindən başqa bir şey deyildir. Bu, həm ayrı-ayrı fərdlər səviyyəsində, həm də müxtəlif etnoslar, xüsusən də bir coğrafi arealda yaşayan xalqlar səviyyəsində baş verir. Hər zaman müəllif adına həssas və diqqətli olan dünya, eyni zamanda, həm də əxzetmələrə imkan vermişdir. Müsahibimin fikrincə, söhbət, əgər belə demək mümkünsə, hansısa xalqın müəllifliyindən gedirsə, deməli, bu, ilk növbədə ona məxsus olan mədəniyyətin - yəni ənənəvi mədəni nümunələrin (folklorun) ənənəvi biliklər və müəllif əsərləri, başqa sözlə, qeyri-maddi mədəni irsdə öz əksini tapmış mədəni ənənələridir.
"Etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementləri təbiidir, onların əxz edilməsinə yol verilə bilər, çünki onlar bilik və yaradıcılıq təcrübəsi ilə zənginləşdirilərək yeni yaradıcılığın və kreativliyin inkişafı üçün tramplin rolunu oynayırlar. Etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementlərinin biliklə zənginləşdirmə çərçivəsində əxz edilməsinə də yol verilir. Bir şərtlə ki, mənbə göstərilməli, müəlliflik hüququ qaydaları çərçivəsində istinad olunmalıdır. Əxzetmə mənbəni və ya orijinalı nəzərə almadan mənimsənilməyə keçildiyi təqdirdə bu cür plagiat oğurluğa, yaradıcıların şərəf və ləyaqətinə xələl gətirən özünəməxsus uydurmaya çevrilir və mahiyyət etibarilə başqa xalqlardan oğurluq etməklə onların hüquqlarına xələl gətirir”, - deyə Kamran müəllim bildirdi. Bu cür plagiat, eyni zamanda, mənəvi terrordur, çünki o, həmin mənbələrin və onların yaradıcılarının mənəvi və psixoloji tapdanmasına, onların dəyərləri üzərində istehzaya, adət və ənənələrində təcəssüm olunmuş müqəddəs məfhumlar üzərində təhqirlərə, onları mənimsəməyə və ya məhv etməyə gətirib çıxarır: "Bu əməllərin həyata keçirilmə alətləri fiziki terror halında olduğu kimi, fiziki zorakılıq vasitələri deyil, bir qayda olaraq, saxtalaşdırmalar, uydurmalar və aldatmalardır”.
Kamran İmanovun sözlərinə görə, bu gün "Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi üzrə erməni ənənəsi” məhz bu cür xarakter almışdır. Bu ənənənin indi də yaşadılması və yeni mənasız ifadələrlə "zənginləşməsi” ilə əlaqədar intellektual oğrulara və saxtakarlara bunu xatırlatmaq yerinə düşərdi ki, müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan hələ XIX əsrdə yazırdı: "Qədim və yeni dilin [erməni] əsas fərqi danışıq tərzindən və sintaktik strukturdan ibarətdir. Bu baxımdan qədim erməni dili ["qrabar”] Avropa dilinə, yeni erməni dili isə ["aşxarabar”] türk [Azərbaycan] dillərinə bənzəyir” (X.Abovyan, Naxaşaviq, Yerevan, 1940-cı il, erməni dilində). Bir sözlə, X.Abovyana görə müasir türkləşdirilmiş (azərbaycanlaşdırılmış) erməni dili yaranıb. X.Abovyanın işinin davamçısı Qazaros Ağayan isə öz növbəsində həmin əsrdə yazırdı: "... Türklər [azərbaycanlılar] onu [Koroğlunu] türk [azərbaycanlı], kürdlər kürd, ermənilər isə azərbaycanlılaşmış erməni hesab edirlər. Onun nəğmələrini türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər oxuyur, digər xalqlar isə öz dillərində oxuyurlar” (Q.Ağayan, Seçilmiş əsərləri, Yerevan, 1939-cu il, erməni dilində). Bir sözlə, Q.Ağayana görə bizim Koroğlu "azərbaycanlılaşmış erməni” olmuşdur. Bu da azərbaycanlılaşdırmanın erməni etnosuna və onun istifadə etdiyi dilə obyektiv təsiri olub, sonradan Azərbaycan xalqının yaradıcılığının mənimsəyici, subyektiv "erməniləşdirilmə”sinə çevrilib.
Kamran İmanov bildirib: "Bu uydurmaları və mənimsənilməni mütləq qaydada müşayiət edən amillər də vardır. Hər şeydən əvvəl, bunlar intellektual oğurluqlara "bəraət qazandırmaq” məqsədi daşıyan ərazi iddiaları və bununla yanaşı tarixi-coğrafi uydurmalar, region üzrə qonşularının tarixini paralel şəkildə təhrif etməklə öz yalan tarixini formalaşdırmaqdır”.
Prezident İlham Əliyev 10 mart 2020-ci ildə altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qeyd etdi ki, "...biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərimizə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır... Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada, ümumiyyətlə, söhbət belə getmir... Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir...”
"Bəli, həqiqətlər bundan ibarətdir və bizim borcumuz onları hər imkan olduğu halda dünyaya çatdırmaqdan ibarətdir”, - deyə Kamran İmanov xüsusi vurğuladı.
Bu səbəblərdən Əqli Mülkiyyət Agentliyi 23 aprel ərəfəsində həm də görkəmli ispan yazıçısı Servantesin ölüm gününü anaraq, onun "Don bəzəyər də, ifşa edər də” sözlərini özünə deviz götürərək artıq ənənəyə çevrilmiş "Qədim mətnlər və klassik mənbələr ermənilərin saxtalaşdırılmalarını və uydurmalarını ifşa edir...” adlı konfrans keçirir.
Onu da qeyd edək ki, dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə aparılan iqtisadi və institusional islahatların nəticəsində yaradılmış və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir.
Ötən il ərzində 387 müəllifin 834 əsəri qeydiyyatdan keçirilmiş və 834 şəhadətnamə verilmişdir, o cümlədən "Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin müraciəti əsasında 32 əsər qeydiyyata alınmışdır. 1996-cı ildən 2020-ci il 1 yanvar tarixinədək agentlikdə bütövlükdə 12956 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət” bölməsi vasitəsilə 109 müəllifin 225 əsəri nəzərdən keçirilib qeydiyyata alınmışdır. 2019-cu ildə hüquqi və fiziki şəxslərdən onlarla müraciət daxil olmuş, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılmış, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilmiş, bir qismi isə aidiyyəti qurumlara göndərilmişdir.
Onu da qeyd etmək lazımdır ki, görülən tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 23 faizə, audio-video məhsul bazarında 90 faizdən 58 faizə, proqram təminatında 96 faizdən 72 faizə düşmüşdür.
Hüquqi maarifləndirilmə məqsədilə agentliyin təşkilatçılığı və iştirakı ilə 15-ə yaxın tədbir keçirilmiş, KİV-də 350-dən artıq informasiya, maarfləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında 35-dən çox veriliş və süjetlər göstərilmiş, agentliyin təşkil etdiyi tədbirlərdə ölkəmizi, xarici və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər, alimlər, beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən əqli mülkiyyət məsələlərinə dair 90-a yaxın prezentasiya və çıxışlar edilmiş, agentliyin nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə 15-ə yaxın təqdimatla çıxış etmişlər.
2019-cu ildə 1630 nüsxədən çox kitab, kitabça və broşurlar buraxılmış, çoxsaylı maarifləndirici materiallar, o cümlədən müəllif-hüquq sahəsi üzrə beynəlxalq konvensiya və müqavilələr, milli qanunvericilik aktları, digər normativ aktlar Azərbaycan, rus və ingilis dillərində təkrar nəşr edilərək yayılmış, xüsusi kitab sərgiləri təşkil edilmişdir. "Patent könüllüləri” layihəsində müxtəlif ixtisaslı 41 nəfər könüllü iştirak etmiş, hazırda layihə iştirakçılarının bir neçəsi könüllü kimi agentliyin tabeliyində olan qurumlarda uğurla fəaliyyət göstərir.
Mədəni irsin qorunması və erməni plagiatına qarşı mübarizə tədbirləri ötən il də agentliyin diqqət mərkəzində olmuş, ermənilərin maddi və qeyri-maddi mədəni irs nümunələrimizə iddiaları növbəti dəfə təkzibedilməz elmi və tarixi faktlarla ifşa edilmişdir.
Sənaye mülkiyyəti sahəsində də agentlik təxirəsalınmaz işlər aparır, o cümlədən ixtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirlər davam edir, "vahid pəncərə” prinsipi, patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək məqsədilə yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin, PƏNAH sisteminin verdiyi imkanlar hesabına əqli mülkiyyət hüquqlarının daha dürüst və kütləviliyini artıran işlər tamamlanıb. Bununla yanaşı, ekspertizanın aparılma müddəti azaldılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə qarşısında qoyduğu institusional vəzifələri, habelə dövlət başçısının ölkənin innovativ inkişafı ilə bağlı göstəriş və tapşırıqlarını əsas tutaraq, Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, əqli mülkiyyət innovasiyaların əsasını təşkil edir. Məhz bu səbəbdən əqli mülkiyyət hüquqlarının qorunması və təminatı investisiyaların cəlb edilməsi və innovasiyaların dəstəklənməsi üçün imkanlar yaradacaqdır. Və agentlik bütün əqli mülkiyyət istifadəçilərini bu hüquqlardan istifadə edərkən qorunma normalarına və ölkəmizin bu sahədəki beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə çağırır.
Bu il dünyanı öz cənginə alan koronavirus pandemiyası geniş şəkildə qeyd olunması ənənəyə çevrilmiş tədbirlərin keçirilməsində maneçilik yaradıb. Kamran İmanov bu məsələyə də münasibətini bildirdi və vurğuladı ki, Azərbaycan dövləti planetimizi bürüyən bu böhran vəziyyətindən minimal itkilərlə çıxmaq üçün əlindən gələni edir, infeksiyanın yayılmaması, koronavirusa qarşı mübarizə və karantin rejimi nəzərə alınmaqla səhiyyə sisteminin hazırlığı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizin test-müayinələrinin keçirilməsində və xəstəlik hallarının vaxtında aşkara çıxarılmasında liderlər sırasında olduğunu diqqətə çatdıran Kamran İmanov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini, onu pandemiyaya qarşı mübarizədə nümunəvi hesab etdiyini söylədi. O dedi ki, ölkə rəhbərliyinin düşünülmüş və hadisələrin arzuolunmaz inkişafını qabaqlayan siyasətinin əsasında vətəndaşlarımıza qayğı və həssas münasibət durur. Prezident İlham Əliyevin dediyi kimi, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır.
Söhbətimizin
sonunda Kamran İmanov ümidvar olduğunu bildirdi ki, bir qədər
sonra, koronavirus pandemiyası imkan verdikdə biz bütün tədbirlərimizi
yüksək səviyyədə keçirəcəyik.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2020.- 23 aprel.- S.7.