Erməni terrorizmi - dünyanı izləyən qara kabus

 

Terrorizm müasir dünyanın lənətidir, deyirlər. Erməni terrorizmi isə tarixin keçmiş dönəmlərindən başlayaraq 100 ildən çoxdur ki, bəşəriyyəti kabus kimi təqib etməkdədir. Kütləvi vahimə yaratmaq metodu kimi qətllərin xüsusi qəddarlıqla törədilməsi erməni terrorizminin xüsusi üslubudur. Eyni zamanda bu təşkilatlar çoxluqdan fərqli düşünüb terroru rədd edən üzvlərinə, onu maliyyələşdirməkdən boyun qaçıran ermənilərə qarşı amansızlığı ilə də seçilir.

Erməni terrorizminin sırf beynəlxalq miqyasda formalaşması 1885-ci ildə olmuşdur. İlk erməni siyasi partiyası "Armenakan”ın təsis edilməsi ilə başlanmışdı. Təşkilat yarandığı gündən mütəşəkkil, sistemli, planlı xarakterə malik beynəlxalq terrorçu qurum modeli idi.

Partiyanın üzvləri Osmanlı dövləti və Avropa ölkələri ilə yanaşı Rusiyaİran ərazilərində də fəaliyyət göstərirdilər. Partiyanın rəhbəri Fransanın Marsel şəhərinə mühacirət etmiş M.Portakalyan idi. O, Marseldə silah alınması üçün pul toplanması ilə məşğul olan "Erməni vətənpərvərlik cəmiyyəti”ni təşkil etmişdi. Alınmış müasir silahlar Vandaonun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu. Orada onlara təxribat-terror müharibəsinin aparılması sənətini öyrədir və "dost dövlətlərin göstərdiyi dəstəyə arxalanaraq ümumi üsyana” hazırlayırdılar.

1887-ci ildə Cenevrədə Nazarbekyan tərəfindən "Qnçak” ("Zəng”) partiyası yaradıldı. Bu partiya Osmanlı dövlətinə qarşı mübarizənin əsas metodunun terror olduğunu öz proqramında bəyan etmişdi. Partiyanın proqramının 4-cü bəndində yazılırdı: "...Nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün inqilabçı hökumət aşağıdakı metodlara müraciət etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması, fəhlə-kəndli hərəkatının inkişafı və s.”.

Erməni terrorizminin ən dəhşətli təsisatlarından olan başqa bir siyasi qurumun - Erməni İnqilabi Federasiyasının, yəni "Daşnaksütyunun yaradılması da özünü çox gözlətmədi. Bu təşkilat 1890-cı ildə Tiflisdə təsis olundu. "Daşnaksütyunun mərkəzi çap orqanı da vardı və "Droşak” ("Bayraq”) adlanan qəzet 1891-ci ildən 1930-cu ilə qədər Cenevrədə çap olunmuşdu.

Digər erməni siyasi partiyaları kimi, "Daşnaksütyunda öz fəaliyyətinin başlanğıcından bu təşkilatın ideoloqlarının "böyük Ermənistan” adlandırdığı "dənizdən-dənizə vahid, müstəqil Ermənistan” yaradılması üçün türklərin siyasi, ictimai, dövlət xadimlərinə qarşı mübarizənin əsas forması olaraq terroru önə çəkirdi.

"Daşnaksütyun” qısa müddətdə Cənubi Qafqaz şəhərlərində, İranda, Türkiyədə və Avropa ölkələrində özünün özəklərini yaratdı. İrandabaşqa ölkələrdə sonralar bir çox dövlətlərin ərazisində çoxsaylı terror aksiyaları yerinə yetirəcək döyüşçülərin bazalarını formalaşdırdı.

"Daşnaksütyunun tədqiqatçılarından M.Varandyanın K.S.Papazyana istinadən yazdığı kimi, "Rusiya xalqçıları və italyan karbonariləri daxil olmaqla, bəlkə heç vaxt "Daşnaksütyunkimi terror aktlarının həyata keçirilməsi sahəsində belə zəngin təcrübəyə malik inqilabçı partiya olmayıb. Bu partiya çətin şəraitdə ən amansız terrorçular, həmçinin qisas almaq üçün tapança, bomba və xəncərdən bacarıqla istifadə edən yüzlərlə peşəkar hazırlayıb”.

Bu qeydlərdən də göründüyü kimi, ilk erməni siyasi partiyaları müxtəlif ölkələrdə yaradılırdı və bu partiyaların hər birinin proqramında terror məqsədə doğru vasitə kimi təsbit edilirdi. Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi, bir qayda olaraq, təhdidlər və qorxutma ("könüllü ianə”) yolu ilə pul yığılması hesabına həyata keçirilirdi. Bu terror təşkilatlarının döyüş dəstələri və fəalları üçün silah, faktiki olaraq, dünyanın bir çox ölkəsində toplanılan "könüllü ianələr”lə alınırdı.

Beləliklə, XIX əsrin ikinci yarısında aparıcı dövlətlərin regionda qurduqları geopolitik oyunlar, həyata keçirdikləri siyasət terrorizmin bəşəriyyəti bu günə qədər təhdid edən xüsusi bir növünün - erməni terrorizminin formalaşmasına gətirib çıxardı.

Təcavüzkar separatizmə və milli dözümsüzlüyə əsaslanan erməni terrorizmi həmin illərdən bəri silahı yerə qoymayıb. Etnik təmizləmə, kütləvi talanlar və çoxsaylı insan tələfatları ilə müşayiət olunan sonsuz qəddarlıqlarını, şəraitdən asılı olaraq həm aşkarda, həm gizlində öldürmək qabiliyyətini hər fürsətdə nümayiş etdirməyə çalışıb və buna nail olub.

1972-ci ildə "Daşnaksütyun” partiyasının Vyanada keçirilən qurultayı zamanı "Erməni soyqırımı ədalət kommandosları” qrupunun fəaliyyətə başlaması qərarı bütün dünyada erməni terrorizminin yeni dalğasının başlanğıcı idi. Bu təşkilatın üzvləri 1980-1982-ci illər ərzində Avstriya, DanimarkaPortuqaliyada türk diplomatlarını qətlə yetirmişdilər.

1975-ci ildə isə "Erməni gizli azadlıq ordusu” (ASOA) və "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA) səhnəyə çıxdı. Hər iki təşkilat Beyrutda yaradılmışdı. ASOA fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının qətlinə səbəb olan teraktlar həyata keçirmişdi.

Təlim-məşq bazaları Suriyada yerləşən ASALA-nın məqsədi isə ermənilərin "böyük Ermənistan” xülyasını Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ ərazilərində reallaşdırmaqdır.

ASALA 1980-ci ilin aprelində PKK ilə birgə terror aksiyalarının keçirilməsinə dair razılığa gəlmiş və bu niyyət Livanda rəsmiləşdirilmişdir.

1979-cu ildə yaradılmış "Erməni azadlıq cəbhəsi” terror təşkilatı da ASALA-nın tərkib hissəsi sayılır.

1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılaraq, 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmiş "Orli qrupu”, 1988-ci ildə Moskvada yaradılan, ASALA ilə sıx əlaqədə çalışan, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edən, Dağlıq Qarabağa silahmuzdlu döyüşçülərin ötürülməsində yaxından iştirak edən "Erməni birliyi”, habelə 1991-ci ildə Fransada təsis olunmuş "Erməni azadlıq hərəkatı” (AOD) da ötən əsrin sonlarında beynəlxalq erməni terrorçu şəbəkəsinə daxil olan qruplardandır.

2001-ci ilin fevralında isə ASALA tərəfindən "Geqaronterror təşkilatı yaradılmış, Cənubi QafqazOrta Asiya ərazilərində fəaliyyət göstərən türk mənşəli siyasi liderlərə, diplomat və biznesmenlərə qarşı terror aktlarının həyata keçirilməsi bu təşkilatın əsas məqsədi kimi müəyyənləşdirilmişdir.

2001-ci il aprel ayının 29-da Ermənistan, SuriyaLivan vətəndaşlarından ibarət Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış "Apostol” təşkilatının məqsədi də Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən erməni terrorizmi keçmiş SSRİ məkanında da meydana çıxdı və sürətlə irəliləməyə başladı. Azərbaycan torpaqları hesabına "birləşmiş” erməni dövlətinin yaradılması ideyasını - "Miatsumu (ermənicə - birləşmə) irəli sürən ermənilər Qarabağın Ermənistana birləşdirilməsi, Ermənistan və Qarabağda yaşayan azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması üçün hərəkətə keçdilər.

Ermənistan xüsusi xidmət orqanları və erməni terror təşkilatları Azərbaycanın müxtəlif ərazilərində - Bakıda, Gəncədə və digər şəhərlərimizdə dinc əhaliyə qarşı təxribat və terror aktları həyata keçirməyə, sənaye obyektlərini və nəqliyyat vasitələrini hədəfə almağa başladılar.

Erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri terror aktları, aparılan hərbi əməliyyatlar nəticəsində on minlərlə soydaşımız həlak oldu, Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edildi, bir milyona yaxın vətəndaşımız qaçqın düşdü. Ermənilər bəşər tarixinin ən dəhşətli cinayətlərindən birini - azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdilər. Bu soyqırımı aktının həyata keçirilməsi zamanı yol verilən ağlasığmaz qəddarlıqlar erməni terrorizminin əsrlərdən bəri qorunan mahiyyətinin daha bir təzahürü idi. Bu mahiyyət onlara o qədər doğmadır ki, SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Ermənistan Respublikası terroru özünün dövlət siyasətinin əsas tərkib hissəsinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları, müxtəlif illərdə Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktları bunları sübuta yetirir.

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 23 aprel.- S.7.