Azərbaycan uzadılmış
karantin rejimindən mərhələli
çıxış ərəfəsindədir
Hansı mərhələnin daha tez
yumşaldılmasına başlanması və
ardıcıllığı müzakirə olunur
Qlobal pandemiya elan edilən koronavirusdan qurtulmaq üçün bütün dünya səfərbər olub. Azərbaycanda da infeksiyanın yayıldığı ilk zamanlardan etibarən ona qarşı mübarizə tədbirləri həyata keçirilir. COVID-19-un ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.
Virusun erkən aşkarlanması istiqamətində aparılan testlərin sayı get-gedə artırıldı. Azərbaycanda indiyədək koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.
Virusun yayılmasının qarşısının alınması istiqamətində ölkədə xüsusi karantin rejimi tətbiq olundu və hazırda bu rejim 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır.
Prezident İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir
Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu həftə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq. Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: "Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmayacağıq. Bu, gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. Hansı mərhələnin daha tez yumşaldılmasına başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”.
Ölkəmizdə koronavirusa qarşı gördüyü effektiv tədbirlərə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir. Ölkənin müxtəlif guşələrindən dövlət başçısına məktublar ünvanlayan vətəndaşlar koronavirusun qarşısının alınması, virusa yoluxmuş insanların müalicəsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirirlər.
Birdəfəlik ödəmələrin verilmə prosesi hər gün davam edir
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və
xüsusi karantin rejiminə görə işini itirən
qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik
ödəmə (190 manat) ilə təmin olunması
üçün müvafiq vəsaiti aidiyyəti üzrə
köçürüb.
Nazirlikdən
verilən məlumata görə, həmin kateqoriyalardan olan
şəxslərdən artıq 290 min nəfərə birdəfəlik
ödəniş edilib və bunun üçün
köçürülən maliyyə vəsaitinin məbləği
55,1 milyon manatdır.
İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb, 600 min şəxsə aprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.
Aprel ayı üzrə ödənişlərin bu ayın sonu - gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.
Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O, bu mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda "Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.
Pandemiyadan zərər çəkənlərin sosial yükü azaldılacaq
Azərbaycanda kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq. Bu, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi sənədinə əsasən həyata keçiriləcək.
Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Karantin rejimini pozanlar məsuliyyətə cəlb
olunurlar
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 21.04.2020-ci il saat 00:00-dan 22.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində
respublikanın avtomobil
yollarında nəqliyyat
vasitələri ilə
hərəkətdə olan
1822 nəfər Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə
inzibati məsuliyyətə
cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən
verilən məlumata görə, ümumilikdə
01.04.2020-ci il tarixindən bu günədək respublikanın,
o cümlədən paytaxtın
avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35 156 hərəkət
iştirakçısı inzibati
məsuliyyətə cəlb
olunub.
Koronavirus
dünyada
Dünyada COVID-19 virusundan sağalanların
sayı 700 mini keçib. Koronavirusdan ölənlərin
sayı isə 178 281 nəfərdir.
İspaniyada son sutka ərzində yeni növ koronavirusdan
435 nəfər vəfat
edib və ölkədə indiyə
kimi bu virusdan
ölənlərin sayı
21 717 nəfərə çatıb. Bu günə kimi ölkədə 208 389 nəfər
COVID-19 virusuna yoluxub ki, onlardan 85 915 nəfər sağalıb.
Almaniyada son sutka ərzində yeni növ koronavirusa
2237 yoluxma qeydə alınıb, 281 nəfər
vəfat edib. Robert Kox
İnstitutunun məlumatına
görə, ölkədə
indiyə kimi 145 694 nəfər bu virusa yoluxub, 99 mindən çox insan sağalıb, 4879 nəfər ölüb.
Meksikada son sutka ərzində
COVID-19-a 729 yeni yoluxma
qeydə alınıb,
145 nəfər ölüb. Ölkədə indiyə kimi 9501 nəfər koronavirusa yoluxub.
Pakistanda isə son sutkada yeni növ koronavirusdan
17 nəfər ölüb,
533 yeni yoluxma qeydə alınıb. Ölkədə virusa yoluxanların sayı 9759 nəfərə,
xəstəlikdən ölənlərin
sayı isə 209 nəfərə çatıb.
İndiyə kimi 2156 nəfər
xəstəlikdən sağalıb.
Ölkədə ən çox
yoluxma Pəncab əyalətində qeydə
alınıb.
İsraildə yeni növ koronavirusa
384 yoluxma qeydə alınıb, 3 nəfər
vəfat edib. İsrail Səhiyyə
Nazirliyi məlumat yayıb ki, ölkədə koronavirusa
yoluxanların sayı
14 326 nəfərə çatıb,
xəstəlikdən 187 nəfər
ölüb.
Rusiyada son sutka
ərzində daha 5236
nəfər yeni növ koronavirusa yoluxub və bununla da ölkə
ərazisində COVID-19-a yoluxanların
sayı 57 999 nəfərə
çatıb. Son sutka
ərzində 57 nəfər
ölüb, ümumilikdə
ölənlərin sayı
513 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 4420 nəfərdir.
Ukraynada son sutka ərzində
COVID-19-a 467 yoluxma qeydə
alınıb, 13 nəfər
ölüb. Ukraynada indiyə kimi
6592 nəfər koronavirusa
yoluxub, 174 nəfər
ölüb.
Gürcüstanda yeni növ koronavirusa
yoluxanların sayı
411 nəfərə çatıb. Hazırda
ölkə üzrə
karantində 5015 nəfər
saxlanılır, stasionar
müalicədə isə
573 nəfər var. Virusa
yoluxmuş şəxslərdən
97-si sağalıb, 4 nəfər
isə vəfat edib.
İranda son 24 saat ərzində yeni növ koronavirusdan
94 nəfər vəfat
edib və bununla da ölkədə
bu virusdan ölənlərin sayı
5391 nəfərə çatıb. Burada
son 24 saat ərzində
1194 yeni yoluxma faktı qeydə alınıb və indiyədək COVID-19 virusuna
yoluxanların sayı
85 996 nəfərə çatıb.
Ermənistanda son sutka ərzində yeni növ koronavirusa
72 yoluxma qeydə alınıb. Bununla da xəstəliyə
yoluxanların sayı
1473 nəfərə çatıb.
Burada koronavirusdan 24 nəfər
ölüb.
Bəzi
ölkələrdə karantin
rejimi yumşaldılacaq,
amma...
Slovakiyadakı koronavirusla bağlı tətbiq edilmiş karantin rejimi aprelin 22-dən yumşaldılacaq. Ölkənin
Baş Naziri İqor Matoviç bildirib ki, çərşənbə
günündən etibarən
respublikada ilk karantin güzəştləri ediləcək:
"Xüsusilə sahəsi
300 kvadratmetrə qədər
olan mağazalar və xidmət müəssisələri açılacaq.
Eyni zamanda stadionlarda idman etməyə, müvafiq iaşə xidmətlərindən istifadəyə,
yəni bufeti və yeməkxanaları olmayan yataqxanaların, açıq ərazilərdəki
fermer bazarlarının,
avtomobil salonlarının
fəaliyyətinə icazə
veriləcək”.
Hollandiya hökuməti tərəfindən
iyunun 1-dək qüvvədə
olan kütləvi tədbirlərə qoyulan
qadağa sentyabrın
1-dək uzadılıb. Bu barədə
Hollandiyanın Baş
Naziri Mark Ryutte bildirib ki, məhdudiyyətlər
həmçinin böyük
yay musiqi festivallarına, eləcə
də idman yarışlarına da şamil ediləcək:
"Ölkədə koronavirusun
yayılması səbəbindən
bu il futbol
çempionatı oynanılmayacaq.
Bəli,
bu, kədərli xəbərdir. Bu tədbirləri qurban verməyə məcburuq”.
Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı
ölkənin dini konfessiyalarının nümayəndələri
ilə telekonfrans zamanı bildirib ki, Fransadakı dini obyektlər mayın 11-dən, yəni
karantin rejimi ləğv edildikdən sonra açılmayacaq:
"Görünür, bu
obyektlər yalnız iyunun ortalarından etibarən fəaliyyətə
başlaya biləcək”.
ABŞ-ın bu ştatı
Çin hökumətini
məhkəməyə verib
"ABŞ-ın Missuri
ştatı Çin hökumətini məhkəməyə
verərək ölkəni
koronavirusa yoluxdurmaqda günahlandırıb”. Bu barədə ştatın
baş prokuroru Erik Şmitt açıqlamasında
bildirib.
Prokurorun
sözlərinə görə,
Çin hökuməti
COVID-19 təhlükələri və yoluxucu olması barədə dünyaya yalan məlumat verib, şikayət edənləri
susdurub və xəstəliyin yayılmasını
dayandırmaq üçün
heç bir iş görməyib:
"Çin hökuməti
hərəkətlərinə görə cavab verməlidir”.
Məhkəmənin iddiasına görə, Çin hakimiyyəti ictimaiyyəti aldatmaqda, vacib məlumatları yayımlamamaqda, şikayətçiləri
həbs etməkdə,
virusun insandan insana ötürülmə
faktını rədd
etməkdə, tibbi araşdırmaları məhv
etməkdə, milyonlarla
insanın virusla təmasda olmasına imkan verməkdə ittiham edilir.
Çin
hakimiyyətinin isə bu və digər iddiaları rədd
etdiyi bildirilir.
Taclı bəlaya qarşı yeni peyvənd sınaqları
Almaniyada yeni növ koronavirusa qarşı hazırlanmış peyvəndin klinik sınağına icazə verilib. Bu barədə ölkənin Peyvəndlər üzrə Federal İnstitutu məlumat yayıb.
Peyvəndin effektivliyini yoxlamaq üçün klinik sınaqlarda 18-55 yaş aralığında 200 nəfər sağlam şəxs iştirak edəcək.
Bundan başqa, Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib ki, bu gün ölkəsində Oksford Universiteti tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin sınağına başlanılacaq.
Qeyd
edək ki, Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) hazırda COVID-19-a qarşı 20 peyvəndin üzərində
iş getdiyini bildirib.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 23 aprel.- S.6.