Real tarixdə
izi olmayan dövlət
Fərdlərin xəyalları olduğu kimi, bütövlükdə xalqların da özünəməxsus xəyal dünyası var. Bir çox miflər elə xəyallardan yaranır. Büsbütün uydurulmuş, yaxud müəyyən real hadisələrin zamana uyğun tam təhrifi üzərində qurulmuş miflər absurd tarixşünaslıq ənənəsinin təməlini qoymuş olur. Ona görə də deyirlər ki, hər şey öz əndazəsində gözəldir. İstənilən bir xalq mifləri həqiqət kimi təqdim etməyə cəhd göstərəndə, onları dövlət ideologiyasının sütunlarına çevirəndə, öz uydurulmuş miflərinə görə real tarixi, sənədləşdirilmiş keçmişi saxtalaşdırmağa başlayanda, ən əsası isə, onlar üzərində gerçək siyasət qurub başqalarına qarşı əsassız iddialara başlayanda bu, ikrah doğurur. Eyni zamanda bəşəriyyət üçün böyük faciələrə gətirib çıxarır.
Uydurmalar, saxtakarlıqlarla dolu erməni tarixşünaslığının bu gün analoqu yoxdur. Çünki erməni xalqının, erməni dövlətçiliyinin tarixinin aparıcı hissəsi faktlara deyil, faktoidlərə, yəni fakt kimi təqdim olunan saxta məlumatlara söykənir. Qriqorian məzhəbinin yazılı tarixi isə qədim əsatirlərdən, xristian rəvayətlərinin tanınmaz hala salınan variantlarından, bir çox hallarda başqa xalqların mifologiyasından götürülmüş hissələrdən ibarətdir. Burada mifoloji məzmun və əsatir personajları ilə gerçək hadisələr və şəxslər arasındakı sərhəd həm nisbi, həm də illüziya xarakterlidir. Hazırda bu barədə bütün dünya alimləri öz tədqiqatlarında yazırlar. Vaxtilə pravoslav kilsəsinin yepiskopu, şərqşünas və arxeoloq Porfiri Uspenski də "Mənim Yaranış kitabım” əsərində ermənilərin saxta din tarixi yaratmaqda ənənəvi ustalıqlarını xüsusi qeyd etmiş, hətta onların "qədim yazılı sübutlar” yaratmaq texnologiyası ilə tanış olduqdan sonra bu sözləri demişdir: "İnanmayın! Ermənilərin tarixi sənədlərinə inanmayın! Onlar fırıldaqçıdırlar, saxta sənədlər düzəldirlər. Onların "qocalması”, saralması, köhnəlməsi üçün bu kağızları ya təzək qalağı altında saxlayır, ya da rütubətli yerlərə qoyurlar”.
Əfsuslar olsun ki, yalan miflər uydurmaqda və bu miflərə görə tarixi saxtalaşdırmaqda, onlardan siyasət aləti kimi faydalanmaqda "tayı-bərabəri olmayan” bir xalqla qonşu olmaq taleyimizə yazılıb. Ermənilərin mif yaradıcılığını diqqətlə nəzərdən keçirdikdə asanlıqla yəqin etmək olur ki, bu riyakar, xisləti mənfur insanlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə hətta bəşəriyyəti qabaqlayırlar. Belə bir hal onların demək olar ki, bütün nümayəndələrinin ən ağır formada yoluxduqları kollektiv xəstəlik simptomları kimi nəzərə çarpır. Bir xalqın dəlilik mərəzinə tutulması isə çox acınacaqlı və başqaları üçün faciəvi nəticələrə gətirib çıxaran təhlükəli bir prosesdir.
Erməni saxtakarlığı və əqli mülkiyyət
Aprelin sonlarına doğru erməni saxtakarlığı, onların tarixi təhrif etmək hərisliyi, bu sahədə "zəngin təcrübəsi” mövzusunda söhbət açmağımız heç də təsadüfi deyil. Dünyada əqli mülkiyyət hüququ ilə bağlı iki əlamətdar gün məhz aprelin sonlarına təsadüf edir. Belə ki, hər il bütün dünyada 23 aprel UNESKO-nun "Ümumdünya kitab və müəlliflik hüququ günü”, 26 aprel isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Beynəlxalq əqli mülkiyyət günü” kimi qeyd edilir. Erməni saxtakarlığı problemi əqli mülkiyyət hüquqlarının qorunması, müəllif-hüquq münasibətləri kontekstində də mühüm aktuallıq daşıyır. Məsələ burasındadır ki, ermənilərin tarixi saxtalaşdırmaları, başqalarının maddi-mənəvi irsini oğurlamağı özlərinə daimi peşə etmələri təkcə Azərbaycan xalqının deyil, digər xalqların da hüquqlarına ciddi xələl gətirir.
Tədqiqatçıların fikrincə, ermənilərin yüzillər boyu sınanmış mənimsəmə texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə mənimsəmə üçün seçilən nümunənin "erməni mənşəyi” barədə "qədim erməni folkloru” səviyyəsində rəvayətlər uydurulur və ölkə daxilində dövriyyəyə buraxılır. Rəvayət ictimai təfəkkürdə özünə möhkəm yer tutduqdan, kütlə həqiqətən onun "erməni köklü” olmasına inandırıldıqdan sonra kitablara və orta məktəb dərsliklərinə salınır. Növbəti mərhələdə isə həmin rəvayətin "təkzibedilməz tarixi faktlara söykəndiyini” əsaslandırmaq üçün "qədim mənbələrin” formalaşdırılması prosesinə başlanılır. Bu mərhələdə, bir qayda olaraq, həmin mənbələr "XVIII-XIX əsrlərdə erməni rahibləri tərəfindən üzü köçürülən, orijinal nüsxələri isə 1915-ci il hadisələri nəticəsində it-bata düşən "qədim salnamələrdən” ibarət olur. Sonrakı, daha mürəkkəb mərhələdə isə həmin "qədim mənbələrdəki sitat və faktlar” müxtəlif yollarla xarici müəlliflərin əsərlərinə nüfuz etdirilir. Sonda isə bu mənimsəmənin erməni mənşəli olmasını göstərmək üçün daha folklor nümunələrinə deyil, nüfuzlu əcnəbi alimlərin əsərlərinə istinad edilir (Nazim Mustafa, "Uydurma erməni soyqırımının ideya müəllifləri və onların "aksioma” çevrilən saxta kitabları haqqında”, məqalə)
Frans Kafka yazırdı: "Hər şey, o cümlədən yalan da onlar üçün həqiqətə xidmət edir”. Amma yalan üzərində qurulan həqiqətin isə ömrü uzun olmur...
M.Xorenskidən gələn saxtakarlıq
Məşhur latın zərb-məsəllərindən birində deyilir ki, "Hər bir sonluq onun başlanğıcından asılıdır”. Erməni saxtakarlığı da başlanğıcını erməni tarixinin atası sayılan M.Xorenskidən götürür. Bu başlanğıc belə bir acı həqiqəti ortaya qoyur ki, saxtakarlıq bu xalqın qanındadır. İstənilən sənədli, sənədsiz tarix ermənilər üçün keçmiş haqqında soraqdan, bilik mənbəyindən daha çox, ilk növbədə, saxtalaşdırma predmetidir. Tarixin atası Herodotun eramızdan əvvəl 5-ci əsrdə qələmə aldığı "Tarix” kitabının böyük bir hissəsi min il sonra erməni tarixinin yaradıcısı kimi tanınan M.Xorenskinin müəllifliyi altında saxtalaşdırılıb. Nə zaman, hansı əsasla bəlli deyil. Çünki ermənilər M.Xorenskinin özünü də saxtalaşdırıblar. Belə bir ad altında tarixşünaslığa kimliyi məlum olmayan saxta bir mənbə təqdim ediblər.
Yenə də tədqiqatçıların yazdıqlarına müraciət edək. Bu tarixçinin həyatı və fəaliyyəti, yaşadığı dövr əsərlərinin mətnləri qədər sirlidir və müəmmalarla doludur. Müxtəlif mənbələrdə onun həyatı barədə yazılanlara, eləcə də əsərlərindəki hadisələrin xronologiyasına inansaq, bu insanın az qala ümumiləşdirilmiş mifik personaj olması, təqribən 350-400 illik fərqi əhatə edən bir dövrdə, V-VIII əsrlər arasında yaşayıb-yaratması haqqında müxtəlif cür ehtimallar irəli sürülür. Elə son dəqiqləşdirmələr də onun doğum-ölüm tarixinin VIII əsr olduğunu təsdiqləməkdədir. "Erməni saxtakarlığı: Yalan üzərində qurulan tarix” kitabında yazılır ki, M.Xorenskinin qələmindən çıxan "Tarix” əsərinin mətni təqribən doqquz yüz il sonra - XVII əsrdə o qədər təhrif olunmuşdu ki, saxtakarlar ora hətta IX yüzillikdə baş vermiş hadisələri və onun həmin olaylara "obyektiv münasibətini” də daxil etmişdilər. Əsərin adını da dəyişib "Ermənistan tarixi” qoymuşdular. Təsadüfi deyil ki Qərb tarixçilərindən Avqust Karier hələ 1896-cı ildə M.Xorenskinin əsərlərindəki faktoloji uyğunsuzluqları, habelə saxtakarlıqları nəzərə alaraq yazırdı: "Qədim erməni tarixçilərinin məlumatına inanmaq naşılıqdır. Bu məlumatların böyük hissəsi uydurmadır”. Beləliklə, M.Xorenskini tarix saxtakarlarının ilk və ən böyük qurbanı hesab etmək olar.
Məlum olduğu kimi, Herodotun "Tarix”inin 100-cü fəslindən 103-cü fəslinə qədəri Midiyaya və massagetlərə həsr olunub (Kamran İmanov, "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, Bakı, 2020).
Mütəxəssislərin də etirafına görə, bu tarixi məlumatlar folklor nümunələri üzərində, yəni "Astiaq” və "Tomiris” rəvayətləri əsasında qurulub. Movses Xorenskinin müəllifliyi ilə təqdim olunan "Hayların tarix”ində elə həmin hadisələr başqa məna verməklə təsvir edilir. Bunlar hər şeydən əvvəl erməni xalqının həyatında tarixi mərhələ və onun qonşu xalqlara qarşı qəhrəmanlıq qarşıdurması kimi təqdim edilir. "Astiaq” əfsanəsi erməniləşdirilmiş variantla saxtalaşdırılır və mövcud olmayan "Tiqran və Əjdaha” adlı əfsanə yaradılır. Elə bu cür də "Tomiris” əfsanəsi "Artaşes və Satenik” əfsanəsi ilə dəyişdirilir. Bununla məşhur "Tomiris” tarixi adı unudulmağa məruz qalır. Ermənistanın hərbi gücü şişirdilir. Ən başlıcası isə, yalan və təhrif yolu ilə mövcud olmayan əfsanələr yaradılır. Belə bir başlanğıcı nəzərə alanda erməni xalqının tarixin saxtalaşdırılması sahəsində əsrlər boyu qazandığı təcrübənin hüdudlarını, daha dəqiq desək, hüdudsuzluğunu yaxşı təsəvvür etmək mümkün olur. Müasir erməni tarixçiləri bu əsəri müqəddəs kitab səviyyəsində qəbul edir, ona güclü istinadlar olunur, yeni uydurma və qərəzli nəşrlərin sifarişini verirlər.
"İncil” necə erməniləşdirildi
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun ötən il çapdan çıxmış 1, bu il isə 3 kitabı erməni saxtakarlığının ifşası baxımından çox maraqlı faktlara işıq salır. Sözügedən kitablar bunlardır: "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri”, "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri”.
M.Xorenskinin "Haylar tarixi”nin erməni saxtakarlığı nöqteyi-nəzərindən maraqlı tarixçəsinə toxunan K.İmanov bu əsərə aid təhriflərin, yalanların kitabın adından, yazıldığı tarixdən, müəllifindən başlamış tərcüməsinə qədər davam etdiyini tutarlı dəlillərlə sübuta yetirir. Yazının orijinalının olmadığını, hansı dildə - siro-aramey, yunan və ya qrabar dilində yazılmasının müəyyənləşmədiyini göstərir. Bu kitaba bütün istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur. "Maraqlıdır ki, X əsrə qədər hay istorioqrafiyasında M.Xorenskinin adı çəkilmir”.
Daha sonra müəllif yazır ki, bir sıra alimlərin fikrincə, M.Xorenski adı altında anonim keşiş tarixçisi çıxış edir. Çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə (latın dilində 1736-cı ildə Londonda nəşr olunub) yazının adı "Ermənilər tarixi”nə, 1858-ci ildə isə "Armeniya tarixi”nə çevrilib. Bununla da haylar-ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib.
Ermənilər M.Xorenskinin adından istifadə edərək xristianlığın müqəddəs kitabı "İncil”i saxtalaşdırmaqdan belə çəkinməyiblər. "İncil”də müəyyən təftişlər apararaq bununla "İncil”in erməni variantını təqdim ediblər. Saxtakarlığın məkrli niyyəti isə "Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarının uydurulması və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik, sakaların, qədim türklərin soykökü ilə "qohumluq” yaratmaqdan ibarət idi.
Tarixi vətən və əcdadlar haqqında nağıllar
Əfsuslar olsun ki, keçmişdəki yalanlardan bəhrələnərək bu gün də çağdaş erməni uydurmaları və saxtakarlıqları yaradılır. Tarixi vətən və əcdadlar haqqında təhrifə məruz qalmış arayışlar davam etdirilir. Ermənilər özlərini haylar kimi təqdim etməklə bərabər mifik Aramla uydurulmuş qədim tarixi də saxlamaq və bununla yanaşı, arameylərin məşhur tarixindən bəhrələnmək, özlərini qədim Ərməniyyə dövlətinə bağlamağı məqsəd götürürdülər. Qafqaz Albaniyasına iddia etmək və bu dövlətin Azərbaycana guya heç bir aidiyyətinin olmaması barədə həyasız tezislər irəli sürmək isə erməni saxtakarlığının ayrı-ayrı istiqamətləridir. Kamran İmanovun kitabında ümumiləşdirilən tarixi faktlar, istinad etdiyi mötəbər elmi mənbələr isə bu saxtakarlıqların hər birini ifşa edir. Müəllif eləcə də əksəriyyəti turanlı olan Ərməniyyə əhalisi arasında haylara yer olmadığını göstərir. Sak və Albanlara gəlincə, onların Xattlar kökündən olduqları, Azərbaycan ərazisində yaşadıqları, Azərbaycan xalqının əcdadlarından biri olduqları bir daha sənədli mənbələr əsasında öz təsdiqini tapır.
Kamran İmanov qədim mətnlərdə və klassik mənbələrdə bir sıra xalqların yaşayış məkanı kimi əks olunmuş "Armeniya” anlayışının düşünülmüş halda "Haylar ölkəsi - Hayastanla” qarışdırılmasını və saxtalaşdırılmış süni sinonimlik vasitəsilə qədim diyarın tarixinin hay-ermənilərin xeyrinə özününküləşdirilməsini erməni tarixşünaslığının başlıca tezisi kimi ifşa edir.
Cənubi Qafqaz torpaqlarında hay-erməni avtoxtonluğuna aid sayılan və qədim mətnlərə, klassik mənbələrə istinadən guya "erməni çarlıqları” kimi təqdim olunan ölkələrin siyasi, etnik və dövlətçilik baxımından mahiyyətini açıqlamaqla erməni saxtakarlıqlarını gün işığına çıxarır. Müəllif yazır: "Şərqi Anadoluda yerləşən Ərminiyyə ərazisi qədim zamanlardan başlayaraq, bir sıra avtoxton etnosların yaşayış məkanı olmuş (xatti, xettlər, xurrilər, alarodi-urartular, sonradan qəmərlilər və saklar və digər turan mənşəli xalqlar), haylar isə bu əraziyə gəldiyi andan başlayaraq heç zaman buradakı xalqlar toplusunun çoxluğunu təşkil etməmişlər və kiçik koloniya şəklində yaşamışlar. Haylar Ərminiyyə ərazisinə gəldikdən öncə semit olan və əcdadlarını Aram adlandıran arameylərin güclü təsiri altında toplu kimi formalaşıblar.
Haylar orta əsrlərdə "ermənilər” etnonimini mənimsəməklə bir neçə məqsəd güdmüşlər: uydurma "Ermənilər” adı altında avtoxton xalqların ərazilərini özününküləşdirmək, onların tarixini "Haylar tarixinə” çevirmək, VI əsrdə Yustinianın inzibati islahatı ilə bağlı özlərinə legitimlik qazanmaq və həmin zamanlardan işlənilən "Armeniya” terminini çağdaş hay-ermənilərə aid etmək”.
Kitabda verilən sitatlarda isə oxuyuruq: " İ.Şopen (fransız mənşəli rus alimi): "Ermənilərin və hayların mənşəyi fərqlidir. Ermənilər pelasqlardan (qədim ionlar, sonrakı etrusklar), haylar isə semitdilər... Ermənilər parfiyalılara etnik yaxındılar (ərsaklar, saklar)”. ...”Alimlərə aydın olmayan səbəblərə görə hayları və onların vətəni Hayastanı Ermənilərlə və Ərməniyyə ilə qarışdırıblar. Erməni şimaldan gələn, Yafət soyundan olan (madiylər, aşkenazlar, qəmərlilər, torklar və s.), Hayk cənubdan gələn, Sim soyludur”. ...”Haykın törəmələri "Armen”, "Somex” adlarını tanımaq istəmirlər... Bu xalqın ədəbiyyatı yalnız Haykanlar adından yazılıb və heç bir izahı yoxdur ki, hansı səbəbdən bugünkü ermənişünas alimlər Hayların və Hayastanın adlarını "Armen” və "Armeniya” kimi tərcümə edirlər”. İ.Şopen hesab edirdi ki, müasir hay-ermənilər "ermənilərin, parfların, hayların və yəhudilərin qarışığından əmələ gələn, öz mənsubiyyətini və doğma adını unutmuş xalqdır”.
Bununla da müəllif qədim mətnlər və klassik mənbələr əsasında "əsrlərdən gələn və 2,5 min il tarixi olan” kəsilməz hay-erməni dövlətçiliyi ənənəsinin uydurma olduğunu göstərir.
Ermənilər tarixi
saxtalaşdırmaq, özlərini ərazidəki qədim
xalqların davamçıları kimi təqdim
etmək məqsədilə xəritələrdən də
istifadə etməyə çalışırlar. Amma bu xəritələrin
özü də onların
saxtakarlığını ifşa edən
tutarlı mənbələrdəndir. Məlumdur ki, ərazinin hansısa xalqa
aidiyyətini bildirən əsas soraqlardan biri də toponimlər - yəni yer adlarıdır. Budur, qədim
xəritələr ən azı 2500 il bundan əvvəl də bu
regionda türk mənşəli
toponimlərin, o cümlədən
hidronimlərin (su obyektinin
adı) olduğunu göstərir. Bu, ərazinin ən qədim dövrlərdən
saka-türklərin torpaqları olmasına bir
sübutdur. Bunun müqabilində
regionda bir dənə, hətta 1000 il tarixi
olan erməni (hay) toponimi yoxdur. Bunun özü də ermənilərin (haylar) gəlmələr olduğunu
isbat edir.
Zamanın lap qədim qatlarındakı
mübahisəli sualları
aydınlaşdırmaqdan ötrü
müasir tarixşünaslıqda
DNK analizi metodundan geniş istifadə edilir. Qafqazda kimin yerli (avtoxton), kimin gəlmə olduğunu müəyyən etməkdən
ötrü bu regiondakı xalqlarla bağlı DNK analizləri
aparılıb. Nəticələr özlərini Qafqazın əsas avtoxton xalqı kimi göstərməyə çalışan
ermənilər üçün
arzuolunmazdır. Genetik araşdırmalar
sübut edir ki, ermənilər 13 müxtəlif qədim qəbilə birliyinin nəticəsidir və güman ki, onların birləşməsində
dil müvafiq rol oynayıb. Ermənilər gəlmələrdir. Kamran İmanovun kitabında bu məsələyə də xüsusi diqqət yetirilib.
Fəxr edirik ki, azərbaycanlıyıq
Professor K.İmanovun kitablarında UNESKO-nun 76 ölkə arasında keçirdiyi maraqlı bir sorğunun nəticələri də öz əksini tapıb. Təbii ki, hər bir fərd özünü müəyyən mədəni qrupa aid etmək hüququna malikdir. Bununla da öz identikliyini etnik, dini, milli-vətəndaş və ya istənilən başqa bir qrupda müəyyənləşdirir. İdentiklik "icma”, "ölkə” və "dünya” qrupları arasından seçilə bilər. "İcma” dedikdə sırf etnik, yəni lokal, ərazi və ya mədəni məkana, "ölkə” dedikdə - milli və ya vətəndaş, "dünya” dedikdə isə bəşəriyyətə olan seçim məxsusluğu nəzərdə tutulur. Erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərdən təsəvvür edərək, "müstəsnalıq”, "xüsusilik” iddiası ilə özünü "izolyasiya” edir. Digərlərinə qarşı etnik təmizləməni təşviq edir. Belə şəraitdə "icma” (etnik) göstəricisi yüksək olur. Müsbət sxem əsasında qurulan identiklik isə digərlərinə düşmən baxışı yox, əksinə, qruplararası münasibətlərdə kompromis axtarışına, konsensusun tapılmasına yönəlir. Bu vəziyyətdə isə "ölkə”, "dünya” identiklik göstəriciləri daha böyük üstünlük təşkil edərək "icma” göstəricisindən qabağa çıxır. Azərbaycan xalqının tarixdən gələn tolerantlıq ənənələri buna sübutdur. Multikultural cəmiyyətdə pozitiv sxemi ilə qurulan identiklik qalib gəlir və getdikcə milli-vətəndaş identikliyi etnik (icma) identikliyi üstələyir.
UNESKO-nun 76 ölkədə identikliklə bağlı keçirilmiş "World Values” sorğusundakı rəqəmlər əsasında K.İmanovun apardığı araşdırmalarsa göstərir ki, bizim multikultural dəyərlərimizi, tolerantlıq əlamətlərimizi təsdiqləyən mühüm faktorlar çox aşağı səviyyədə olan "icma” (24%) və çox yüksək olan "dünya” (21%) identikliyi göstəricilərimiz və bu mənzərəni tamamlayan yüksək "ölkə” identikliyimizdir (55%). Bu o deməkdir ki, ölkəmizdə vətəndaş həmrəyliyi, milli-vətəndaş identikliyi icma, lokal, etnik identikliyi qat-qat üstələyir. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyi ümumbəşəri prinsiplərə əsaslanan siyasət əhali tərəfindən dəstəklənərək, yüksək "dünya” məxsusluğu identikliyini formalaşdırır.
Ermənistana gəlincə, onun "icma”- etnik identiklik göstəricisi çox yüksək olaraq 38 faizdir. "Dünya” identikliyi isə yalnız 11 faizdır. Bu isə ermənilərin təkcə öz qonşuları üçün yox, əslində, bəşəriyyət üçün təhlükəli düşüncələrlə silahlanmış xalq olmalarına dəlalət edir.
* * *
Professor Kamran İmanov erməni saxtakarlığının maraqlı və bir o qədər də qorxulu məntiqini təqdim edir. Çünki "erməni milli ideyasına” qulluğun məqsədi birdir: bunlar "Böyük Ermənistan”, "Dənizdən dənizə olan Ermənistan” xülyası "dəyirmanına su tökür”. Uydurmaların yaranması üsulları da onların riyakarlıq diapazonu kimi məhdudiyyətsizdir: hamını aldatmaq, təhrif olunmuş faktlara inandırmaq... İllər əvvələ qədər bu yalanlarla bəlkə də kimlərisə aldatmaq olardı. Amma bu yalanların qarşısına real həqiqətlərlə çıxan Azərbaycanın apardığı haqq davası, effektiv informasiya müharibəsi erməni saxtakarlığının meydanını get-gedə daraltmaqdadır.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 24 aprel.- S.5.