Tarixdəki erməni
saxtakarlıqları
Ermənilərin
"24 aprel soyqırımı" yalanı
Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə özlərinin böyük dövlətlərini yaratmaq olub. Ermənilər 1905, 1915 və 1918-ci illərdə istər Azərbaycanda, istərsə də Türkiyədə dəhşətli soyqırımı aktları törədiblər. Bakıda, Şamaxıda, Qubada, İsmayıllıda və başqa yerlərdə qadına, uşağa, qocaya məhəl qoymadan dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bakının küçələrində qan su yerinə axıb. Son vaxtlarda üzə çıxan dəhşətli faktlardan biri də Qubada və Şamaxıda törətdikləri vəhşiliklərdir. Ermənilər öldürdükləri insanları quyulara doldurub üstünü torpaqlayıblar. 1992-ci ildə Xocalıda həyata keçirdikləri qətliamlar isə sözün həqiqi mənasında hər kəsi dəhşətə gətirirdi.
Ermənilər bütün bu soyqırımlarını türklərin boynuna qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Xocalı soyqırımını lentə çəkib uydurma 1915-ci il hadisələri kimi qələmə vermək istəyiblər. Hətta həmin soyqırımı haqqında film çəkmək üçün bir italyan kinorejissoru ilə də razılaşıblar, lentləri ona veriblər. Sonradan kinorejissor lentlərin 1915-ci ildə yox, lap son vaxtlarda çəkildiyini bilib və genosid haqqında film çəkməkdən imtina edib. Ermənilər yüz ildən artıqdır ki, 1915-ci ildə özlərinin dinc türk əhalisinə qarşı törətdikləri soyqırımını türklərin üzərinə yıxmaq istəyir və buna dünyanı inandırmaq üçün bütün tarixi faktları kökündən saxtalaşdırırlar.
Ermənilərin uzunmüddətli planları var və bu planları həyata keçirmək üçün, ilk növbədə, güclü təbliğat aparır, görəcəkləri işlər üçün ideoloji mühit yaradır, ictimai fikir formalaşdırırlar. Onlar təbliğatın gücünü yaxşı bilir və ondan maksimum yararlanmağa çalışırlar. Ermənistan dövlətini yaratmağa rəsmi olaraq 1650-ci ildən başlayan ermənilər 370 illik təbliğatın nəticəsində onu yalnız 1920-ci ildə Rusiyanın köməyi ilə Azərbaycan torpağında reallaşdırmağa nail olublar.
1920-ci ilə qədər tarixin heç bir dövründə Ermənistan adlı dövlət olmayıb və onun haqqında yazılanlar erməni uydurmasından başqa bir şey deyil. İ.M.Dyakonov yazır ki, tarixi qaynaqlarda adına rast gəlinən Urartu dövlətini biz bilə-bilə Ermənistan elədik. Rus şərqşünası İqor Peçenev 1920-ci ilə qədər tarixdə Ermənistan dövlətinin olmadığı fikrini böyük cəsarətlə söyləmişdir. Tiqran da erməni uydurmasından başqa bir şey deyil.
1650-ci il ermənilərin dövlət yaratmaq məqsədilə ilk dəfə toplanıb havadarlıq üçün Avropa dövlətlərinə üz tutmağı qərara aldıqları tarixdir. Onlar həmin vaxtdan başlayaraq Romaya, Avstriyaya, Almaniyaya və Fransaya nümayəndələr göndərib, hamısından da qovulublar. Yalnız bundan sonra Rusiyaya üz tutub, 1701-ci ildə Birinci Pyotrla görüşüblər. Avropa dövlətlərindən qovulana qədər ermənilər Rusiyanı ikiüzlü adlandırıblar.
Ermənilər təbliğatı özfəaliyyət şəklində deyil, düşünülmüş siyasətlə aparırlar. Onlar bu işi görmək üçün hələ XIX əsrdə ayrı-ayrı ölkələrdə bir neçə təşkilat yaradıblar. "Qnçaq” və "Daşnaksütyun” partiyalarını yaradanların da məqsədi məhz erməni təbliğatını gücləndirmək və onu bir mərkəzdən idarə etmək idi. Nəhayət, ermənilər katolikosluğun nüfuzundan məharətlə bəhrələniblər. Erməni katolikosluğu yarandığı gündən bu təbliğatın idarəolunma mərkəzinə çevrilib və bütün təşkilatlar indi də onun koordinasiyası altında fəaliyyət göstərir. Bu gün erməni təbliğatının başında katalikosun durduğu hamıya bəllidir.
Ermənilər Qarabağ problemini açıb-ağartmazdan çox-çox əvvəl onun da ideoloji bazasını yaratmağa başlayıb, bu məqsədlə təbliğat maşınlarını işə salıblar. Əvvəlcə bizim maddi və mənəvi mədəniyyətimizi mənimsəyiblər. Qazıntılar zamanı tapılmış saysız-hesabsız türk mədəniyyət abidələrini öz adlarına çıxarıblar, yüzlərlə əlyazmalarımızı tərcümə edib özününküləşdirərək orijinalları məhv ediblər.
Bu gün "qədim erməni mənbələri” adlandırılmış əsərlərin hamısı erməni dilinə tərcümə edilmiş və ciddi şəkildə dəyişdirilmiş türk əlyazma kitablarıdır. Burada anonim erməni xronikalarını mütləq qeyd etmək lazımdır. Bu gün erməni tarixçiləri guya IV-V əsrlərdə yazılmış bir neçə anonim erməni xronikasının adını çəkirlər. Həmin anonim xronikalarda yalnız XIX yüzilliyin ikinci yarısında türk dilindən erməni dilinə keçmiş sözlərə rast gəlinməsi onların həqiqətən saxta olduğunu və həmin dövrdə yazıldığını, yaxud üzünün köçürüldüyünü təsdiqləyir. Bunlar təkzibedilməz faktlardır.
Musa Kolankatlının "Ağvan tarixi” əsəri erməni tərcüməçilərinin qələmindən çıxandan sonra orijinalın ən azı 50 faizi dəyişdirilib. Bu işin ilk ustadı K.Patkanyan olub. Onun saxtakarlıqları haqqında akademik B.A.Dorn hələ 1875-ci ildə məlumat verib. Sonra S.Sumbatyan da Musa Kolankatlının "Ağvan tarixi” əsərinin məzmununu bir xeyli dəyişdirərək, özündən əlavələr də edib. T.İ.Ter-Qriqoryan yazır ki, "Ağvan tarixi” əsəri öz əvvəlki şəklində gəlib bizə çatmayıb. Onun üzünü köçürənlər erməni katolikoslarının göstərişi ilə mətni təhrif edib, sonradan öz xeyirlərinə nələrisə artırıblar.
Erməni müəllifləri M.Qoçun "Qanun” kitabının adını "Erməni qanunnaməsi” qoyub içini də erməniləşdirəndə bircə onu düşünüblər ki, 100 ildən sonra onların bu yalanlarına hamı inanacaq. Halbuki Muxtar Qoçun nə özü ermənidir, nə də kitabında ermənilərdən danışılır.
VII əsrdə yaşamış Azərbaycan (Ağvan) şairi Dəvdəyin "Cavanşirin ölümünə ağı” poemasının orijinalı ermənilərin əllərinə düşüb. Onlar əsəri erməni dilinə tərcümə etdikdən sonra əslini ya gizlədib, ya da məhv ediblər. Sonra onu erməni ədəbiyyatının nümunəsi kimi dünyanın əksər dillərinə tərcümə edib geniş şəkildə yayıblar. Kitab ərəb dilinin bir neçə ləhcəsində çap edilib. Erməni dilində "ə” səsi olmadığına görə, Dəvdəyin adını da Davdağ eləyiblər. Bəzi Azərbaycan alimləri də Dəvdəyin adını Davdağ şəklində yazırlar.
Aqatangelin
"Tarix” kitabının yunan dilindəki orijinalı 2, erməni
qələmindən çıxmış variantı 3 fəsildən
ibarətdir. Kitabın adını da
dəyişib "Erməni tarixi” qoyublar. Kitabın yunan dilindəki mətnində bir
dəfə də olsun "erməni” və
"Ermənistan” sözləri işlənmədiyi halda, onun içini
"erməni” və "Ermənistan” sözləri ilə doldurmaqla tərcümədən sonra əsəri ermənilər əməlli-başlı
erməni tarixi ediblər. Arakel Təbrizlinin "Tarix”
kitabının da əsli 2, müəllif
öləndən sonra kilsədə
işlənmiş saxta variantı 3 fəsildir.
Bu gün ermənilər saxta tarix yazmaqda dünyada görünməmiş təcrübə toplayıb, həmin işi yüksək səviyyədə görməyi bacaran mütəxəssislər hazırlayıblar. Ona görə də ermənilərin təbliğat maşını dayanmadan işləyir.
Təəssüflə demək lazımdır ki, Azərbaycan tarixçiləri də bir çox hallarda tarixi qaynaqları bilmədiklərinə görə saxtalaşdırılmış kitablara istinad edir və son nəticədə ermənilərin dəyirmanına su tökürlər. Məsələn, bir çox tarix kitablarında, o cümlədən "Azərbaycan tarixi” dərsliklərində XVI, XVII, XVIII, XIX əsrlərdə Ermənistan dövlətindən danışılır.
Ermənilər Dağlıq Qarabağdan danışarkan tarixi sənədləri kobud şəkildə saxtalaşdırırlar. Bunlardan biri Fəhlə-Kəndli Partiyası (b) Zaqafqaziya bürosunun rəsmi qərarıdır. 4 iyul 1921-ci ildə Zaqafqaziya bürosu Qarabağ məsələsini iki formatda müzakirəyə qoyub:
- Qarabağ Azərbaycanın tərkibində saxlansın.
- Qarabağın Dağlıq hissəsi Ermənistanın tərkibinə verilsin.
Zaqafqaziya bürosunun ilk qərarı belə olmuşdur: "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə verilsin”.
İ.V.Stalin bu iclasda iştirak etsə də, səsverməyə qoşulmayıb. Əslində, məsələ qabaqcadan həll edildiyindən onun səsvermədə iştirakına ehtiyac qalmayıb, çünki iclasda azərbaycanlı kimi yalnız Nəriman Nərimanov iştirak edib və o, tək qalıb. İclasda iştirak edənlərin adlarına fikir versək çox şey aydın olar:
Q.K.Orconikidze (sədr), İ.V.Stalin, F.İ.Maxaradze, S.M.Kirov, N.N.Nərimanov, A.F.Myasnikyan, A.Nazaretyan, M.Oraxelaşvili, Y.P.Fiqatner. N.Nərimanovdan başqa onların hamısı Azərbaycanı sevməyən və buna görə də erməniləri dəstəkləyən adamlardır. Azərbaycan torpaqlarının taleyini 1921-ci il kimi qarışıq bir vaxtda məhz onlar həll edirdilər. Nəriman Nərimanov iclasda iştirak etsə də tək qalmış, buradakı daşnak hiyləgərliyini görüb, məkrli niyyətlərini duyduğuna görə, büronun qərarı ilə razılaşmayaraq məsələnin yenidən müzakirə olunmasını rəsmi tələb etmişdir: "Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq onun FKP(b) Mərkəzi Komitəsinə çıxarılmasını vacib hesab edirəm”.
Zaqafqaziya bürosu N.Nərimanovun yuxarıdakı müraciətinə baxaraq onun FKP MK-nın müzakirəsinə verilməsi barədə qərar qəbul etmişdir.
FKP (b) Qafqaz bürosu iyulun 5-də, yəni bir gün sonra Qarabağ məsələsini yenidən müzakirəyə çıxarır və son qərarını qəbul edir. Qafqaz bürosunun 5 iyul tarixli qərarı belədir: Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlansın.
Ermənilər bütün yazılarında 4 iyul qərarının ya adını çəkmir, ya da onu tamamilə təhrif edərək "Ermənistanın tərkibinə verilsin” əvəzinə "Ermənistanın tərkibində saxlansın” şəklinə salırlar. "Ermənistanın tərkibinə verilsin” və "Ermənistanın tərkibində saxlansın” cümlələrinin məna fərqi onlara tam aydındır. Ona görə də ermənilər FKP (b) Qafqaz bürosunun 5 iyul tarixli son qərarında "Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlansın” cümləsindəki "saxlansın” sözünü "verilsin” eləməklə tarixi həqiqəti kökündən təhrif etmiş, onu öz istəklərinə uyğunlaşdırmışlar. Ermənilər bu yolla dünya ictimaiyyətində yanlış fikir formalaşdırırlar ki, guya Dağlıq Qarabağ Ermənistanın olub, onu nə vaxtsa Azərbaycana birləşdiriblər.
Erməni təbliğat maşını bu gün də gecə-gündüz işləyir və tarixi həqiqətləri, rəsmi sənədləri kobudcasına, hətta belə demək olarsa, vəhşicəsinə saxtalaşdıraraq dünya ictimaiyyətində yanlış fikirlər formalaşdırırlar. Onlar bu işə də çoxdan başlayıblar. 1978-ci ildə erməni yazarları Moskva mətbuatını "Türkmənçay” müqaviləsinin 150 illiyi ilə bağlı saxta yazılarla doldururlar. Tarixi sənədləri saxtalaşdıraraq, guya 1828-ci ildə "Türkmənçay” müqaviləsinə əsasən Ermənistanın Rusiyaya birləşdirilməsi haqqında görünməmiş yalançı təbliğat aparırlar. Tarixi həqiqətlərə dərindən bələd olan, hətta "Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ikiyə bölünüb, Quzey hissəsinin Rusiyaya birləşdirildiyini gözəl bilən rusiyalı alimlər ermənilərin Azərbaycan sözlərinin yerinə Ermənistan yazdıqlarına da göz yumurlar. Azərbaycan alimləri də bu işlərə baş qoşub, "ağrımayan başlarına yaş dəsmal bağlamaq” istəmirlər.
Burada bircə faktı diqqətə çatdırmaq bəs eləyir. 1978-ci ildə Marietta Şaginyan "Literaturnaya qazeta”da çap olunmuş məqaləsini "Tarixdə mühüm tarix” (Ermənistanın Rusiyaya daxil olmasının 150 illiyi) adlandırmışdır. Müəllif Azərbaycan sözlərinin yerinə Ermənistan yazmaqla bütün tarixi faktları saxtalaşdırmışdır.
Ukraynalı alim Aleksandr Merejko "Dağlıq Qarabağ məsələsi və beynəlxalq hüquq” adlı çox dəyərli bir kitab yazır. Həmin nəşr 2013-cü ildə Kiyevdə, 2014-cü ildə Bakıda "Azərnəşr”də çap olunur. Kitab bütün hüquq normaları nəzərə alınmaqla yüksək elmi səviyyədə yazılmışdır. Onu da qeyd edək ki, A.Merejko beynəlxalq hüquq üzrə dünyanın tanınmış mütəxəssislərindəndir. Kiyevdə Milli Linqvistika Universitetinin Hüquq kafedrasının müdiri, Polşanın Krakov şəhərindəki Modjevski adına Universitetin professorudur. Polşada, ABŞ-da, Qazaxıstanda, hətta Ermənistanda da beynəlxalq hüquqdan mühazirələr oxuyub. A.Merejko əlində olan sənədləri beynəlxalq hüquq normaları əsasında araşdıraraq Dağlıq Qarabağın heç vaxt Ermənistanın tərkibində olmadığını sübut etmişdir. Onun bütün araşdırmalarının sonu yalnız bir fikrə gətirib çıxarır ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub, heç vaxt ondan ayrılmayıb.
A.Merejkonun kitabında da FKP(b) Qafqaz bürosunun 4 və 5 iyul 1921-ci il tarixli qərarlarına toxunulur. Təəssüf ki, müəllif qərarın əslinə yox, S.Avakyanın kitabına istinad edib. S.Avakyan yazır ki, guya 1921-ci ilin iyulunda Dağlıq Qarabağ Azərbaycana verilib. Əgər A.Merejko FKP(b) Qafqaz bürosunun qərarının əsli ilə tanış olsaydı, onda ermənilərin nə qədər mahir saxtakarlıq ustası olduqlarını daha yaxşı bilərdi, əsl həqiqətin üstünə aydın işıq salardı. Ümumiyyətlə, A.Merejko Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixi haqqında sənədlərin toplandığı "Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixinə dair” kitabı ilə tanış olsaydı, həqiqəti güzgü kimi görərdi.
A.Merejkonun kitabında verilmiş ikinci fakt saxtakarlığı Dağlıq Qarabağda əhalinin sayı və etnik tərkibi ilə bağlıdır. Erməni mənbələrindən götürülmüş bu məlumata görə, guya 1989-cu ilin siyahıyaalınmasında Dağlıq Qarabağda 189 min 29 nəfər əhali olub ki, onun da 145 min 450-si erməni, 40 min 632 nəfəri azərbaycanlı və 2 min 417 nəfəri slavyan xalqlarıdır. Sözsüz ki, bu rəqəm xeyli şişirdilib. Birincisi, 1989-cu ildə Dağlıq Qarabağda müharibə gedirdi, dünyanın bir çox yerindən gəlmiş ermənilər və muzdlular Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşurdular. İkincisi, 1989-cu ildə azərbaycanlı əhalinin bir hissəsi Dağlıq Qarabağdan çıxarılmışdı. Üçüncüsü, hələ sovetlər dönəmində Bakıda, Gəncədə və Azərbaycanın digər şəhərlərində yaşayan erməniləri eyni vaxtda həm də Dağlıq Qarabağda, xüsusilə Xankəndidə pasport qeydiyyatına alıb bu yolla Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırırdılar. Dördüncüsü, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Orada siyahıyaalmanı yalnız Azərbaycan apara bilərdi. 1989-cu ildə Dağlıq Qarabağda elə bir çətin durum var idi ki, burada heç vaxt düzgün siyahıyaalma aparıla bilməzdi. Ermənilərin şişirtmələrini çıxsaq, Dağlıq Qarabağda heç vaxt 60 mindən artıq erməni yaşamayıb.
Dağlıq Qarabağla bağlı erməni təbliğatını qulaqardına vurmaqla biz çox şeyləri uduzmuşuq. Vaxtında həqiqətləri dünyaya çatdırmamışıq, gözləmə mövqeyi tutmuşuq, ermənilərin yalanlarının, saxtakarlıqlarının üstünü açmaq əvəzinə susmuşuq.
Bir neçə il bundan əvvəl M.N.Saplinin iki cilddən ibarət "Ümumdünya sivilizasiyalar tarixi” adlı kitabı çap olunub. Bu kitab təkrar-təkrar nəşr edilərək geniş yayılıb. Kitabda həm Azərbaycana, həm də Ermənistana yer ayrılıb. Bu toplunu oxuyanda adama elə gəlir ki, əvvəlcə Azərbaycan haqqında faktlar əsasında irihəcmli bir yazı qələmə alınmış, sonra dörd yerə bölünərək bir payı Azərbaycan adı ilə saxlanılmışdır. Qalan dörddə üç hissəsində isə Azərbaycan sözünün yerinə erməni və ya Ermənistan sözləri yazılaraq kitaba daxil edilmişdir. Bu fikri təsdiqləmək üçün bircə faktı xatırlatmaq bəs eləyir. Müəllif Azərbaycana aid bölmədə "Türkmənçay” müqaviləsinin adını da çəkmir. Lakin Ermənistan bölməsində yazır: "Rusiya Şərqi Ermənistanı işğal etmişdir”. "Türkmənçay” müqaviləsinə əsasən Şərqi Ermənistan Rusiyaya birləşdirilmişdir”. Halbuki Türkmənçay müqaviləsinə əsasən Azərbaycan Rusiya və İran arasında ikiyə bölünüb. Bunu hamı yaxşı bilir. "Türkmənçay” müqaviləsində Ermənistandan söhbət gedə bilməzdi, çünki o zaman Ermənistan adında bir dövlət yox idi. Müqavilədə də erməni və Ermənistan sözləri yoxdur.
M.N.Saplinin kitabında "Naxçıvan Azərbaycana verilmişdir”, "Erməni vilayəti” olan Arsaq (Qarabağ) Azərbaycana verilmişdir” kimi cümlələr kifayət qədərdir. M.N.Saplin Qarabağın guya Azərbaycana verilmə tarixini də göstərmişdir: 05.07.1921.
Yenə söhbət FKP(b) MK Qafqaz bürosunun 4 və 5 iyul 1921-ci il tarixli qərarlarından gedir. Müəllif 4 iyul 1921-ci il tarixdəki iclasa və onun qərarına toxunmur, ona göz yumur, 5 iyul 1921-ci il tarixli qərarı isə saxtalaşdırıb "Azərbaycanın tərkibində saxlansın” cümləsini "Azərbaycana verilsin” şəklinə salmaqla belə fikir yaradır ki, guya Dağlıq Qarabağ Ermənistanın tərkibində olub, Qafqaz bürosu onu alıb Azərbaycana verib.
M.N.Saplinin kitabını oxuyan hər kəsdə belə bir təəssürat yaranır ki, Azərbaycan və Ermənistanla bağlı materialları ermənilər özləri hazırlayıb müəllifə veriblər. O da hazır materialı götürüb kitabına daxil edib. Yoxsa M.N.Saplin özü tarixi faktları bu dərəcədə saxtalaşdıra bilməzdi. Bunun üçün mütləq erməni olmaq lazımdır.
Tarixin obyektiv tədqiqi göstərir ki, 1920-ci ilə qədər ermənilərin heç vaxt dövləti olmayıb. Onlar ilk dövlətlərini 1920-ci ildə Rusiyanın havadarlığı ilə Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaradıblar. Bu dövlət indiki Ermənistandır. Bu torpaqlarda 1828-ci ilə qədər bir dənə də erməni qəbri, erməni dilinə məxsus toponim olmayıb. Çünki ermənilər bu torpaqlara 1828-ci ildən sonra kütləvi şəkildə köçürülüblər. Ermənilər Azərbaycan torpaqlarına köçürüldükləri ilk gündən türk xalqına qarşı soyqırımına və terrora başlayıblar. İndiki Ermənistan ərazisində 1813-cü il Gülüstan müqaviləsinə qədər bir nəfər də erməni yaşamayıb. Burada ancaq türklər yaşayıblar. Bu gün həmin torpaqlarda bir nəfər də türk yoxdur. Ermənilərin törətdikləri soyqırımın və terrorun son nəticəsi budur.
İslam SADIQ,
filologiya elmləri doktoru
Azərbaycan.-2020.- 24 aprel.- S.6.