Pandemiya dövründə
distant təhsil
Üstünlükləri,
çatışmazlıqları və ictimai fikir
Azərbaycan
Respublikasının ərazisində yeni növ koronavirus
(COVID-19) pandemiyasının yayılmasının
qarşısının alınması məqsədi ilə
2020-ci il mart ayının 3-dən
bütün təhsil müəssisələrində tədris
prosesi müvəqqəti dayandırılıb. Bu proses
dünya ölkələrinin əksəriyyətini əhatə
etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq
üçün distant təhsil proqramlarından istifadəni
tövsiyə edib.
Bəs distant təhsil nədir? Distant təhsil - tədris
prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında
təşkil olunması formasıdır. Distant
təhsil - müəllim və tələbələrin
bir-biriləri ilə məsafədən
qarşılıqlı əlaqəsidir ki, burada təhsil
prosesinə xas olan bütün komponentləri (məqsədləri,
məzmunu, metodları, təşkilati formaları, tədris
vasitələri) əks etdirən və internet
texnologiyalarının xüsusi vasitələri və ya
interaktivliyini özündə cəmləşdirən digər
vasitələrdən istifadə olunur.
Distant təhsil formasını ilk yaratmaq cəhdi
1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları
vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə
stenoqrafiyanı öyrətməyə
başlamışdı. Azərbaycanda isə
distant təhsilin rəsmi yaranma tarixini "Təhsil
haqqında” yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu ili hesab etmək
olar. Qanunun 13-cü maddəsinə əsasən,
əyani və qiyabi təhsil formaları ilə yanaşı,
distant təhsil forması da qəbul olunmuşdur.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi isə bu gözlənilməz
hadisəyə doğru reaksiya verdi. Qısa müddətdə teledərs, virtual məktəb
layihələrini həyata keçirməklə yaranan
boşluğu qismən də olsa doldurdu. Bundan
başqa, məktəblər müxtəlif tətbiq
proqramları ilə bu şagirdləri bilgiləndirməyə
çalışdı. Azərbaycan müəlliminin
fədakarlığı bu prosesdə bir daha önə
çıxmış oldu.
Distant təhsilin aktual olduğu bir dövrdə valideynlər
arasında sorğu keçirdik. Aparılan sorğu bu
tədris formasının valideyn və müəllimlər
üçün yaratdığı üstünlük və
çatışmazlıqları müəyyən edib, distant
təhsildən daha səmərəli istifadəni təşkil
etmək məqsədi daşımışdır. Qeyd edək ki, sorğuda 1200-ə yaxın respondent
iştirak etmişdir.
İlk olaraq respondentlər distant təhsilə olan
münasibətlərini bildirmişlər. Onlardan 39,6%-i distant təhsili
xüsusi hallar üçün faydalı hesab etsələr də,
31%-i yaxşı və 18,9%-i isə əla olaraq dəyərləndirmişlər.
Demək lazımdır ki, distant təhsil yaranan
şəraitlə əlaqədar olaraq tədrisin davam etdirilməsi
üçün təxirəsalınmaz qərar olaraq
verilmişdir. Qəbul etməliyik ki, nə müəllimlər,
nə valideynlər və nə də şagirdlər bu təhsil
formasına hazır deyildilər, hətta məlumatsız da ola bilərdilər. Buna görə
də respondentlərin 10%-i distant təhsilə qənaətbəxş
olmayan bir forma kimi yanaşmışlar.
Distant təhsil forması və onlayn dərslər
internet üzərindən aparıldığı
üçün müəyyən texniki problemlərin və
avadanlıq nasazlığı sıxıntılarını
da qaçılmaz edir. Sorğu iştirakçılarının yarıdan
çoxu - 53,3%-i bu qəbildən olan
sıxıntıların çox az olduğunu, 32%-i çox
olduğunu, 14,7%-i isə demək olar ki, heç
olmadığını qeyd etmişdir.
Onlayn dərslər zamanı fənnin öyrədilməsi
və öyrənilməsinin izlənilməsi də vacib
şərtlərdən hesab edilir. Bu prosesin öyrənənlərə
daha asan və yaxud daha çətin olması sorğusuna
respondentlərin 41,7%-i kəskin bir fərq
olmadığını, 33,2%-i daha çətin olduğunu və
10,5%-i isə daha asan olduğunu qeyd etmişdir. Çox
maraqlıdır ki, 14,6% iştirakçılar
bu suala cavab verməkdə çətinlik çəkmişlər.
Cavablardan da göründüyü kimi, bu sualda
fikirlərin müxtəlifliyi hələ müəyyən təcrübə
çatışmazlığı göstəricisi olaraq izah
edilə bilər.
Distant təhsil
zamanı onlayn dərs prosesində müəllimlərin
kameranın arxasında qalması, onların təhsilalanlarla
canlı ünsiyyət qura bilməməsi, həmçinin
emosiya və duyğuların nisbətən az
ötürülməsinin şagirdlərə təsiri necədir,
onlarla canlı ünsiyyəti əvəz edirmi? Bu suallara
respondentlərin 69,4%-i canlı ünsiyyətə
ehtiyac duyduqlarını, 21,6%-i virtual ünsiyyətin yetərli
olduğunu, digərləri isə cavab verməkdə çətinlik
çəkdiklərini söyləmişlər. Ənənəvi təhsil zamanı
qarşılıqlı emosional əlaqənin və
duyğuların ötürülməsi onlayn dərslərə
nisbətən daha güclü olsa da, bu dərslərin də
şagirdlər arasında müəyyən marağa səbəb
olduğu, onlarda texnologiya ilə əlaqələndiyi
üçün dərslərə daha həvəslə
yanaşılması müşahidə edilmişdir.
Onlayn dərs prosesi zamanı təlim nəticələrinin
daha effektiv olub-olmaması da əhəmiyyətli məqamlardan
biridir.
Respondentlərin böyük əksəriyyətinin, yəni
74,3%-nin fikrincə, canlı dərslər
zamanı nəticələr daha yaxşı və daha effektiv
olur. Onlayn və yaxud da canlı dərs olaraq nəticə əldə
etməyin heç bir fərqi olmadığını
iştirakçıların 15,5%-i
cavablandırmışdır.
İştirakçıların 5,7%-i isə,
yəni say olaraq təxminən 65 nəfər onlayn dərslərdən
əldə olunan nəticəni qənaətbəxş hesab
etmişdir. Yerdə qalan faiz (4,5) bu
sualı dəyərləndirməyə çətinlik
çəkdiklərini söyləmişlər.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev "İndi biz XXI əsrdə
yaşayırıq. XXI əsr yüksək
texnologiyalar əsridir. Bu əsrdə
hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə,
o ölkə öz maraqlarını təmin edəcəkdir”
deməklə müasir təhsil vasitələri və onlardan
istifadə etməklə bilik və bacarıqların əldə
edilməsinin zəruriliyini bizlər üçün
vurğulamışdır. Müasir tədris
formalarından istifadə edərək, həmçinin
texnoloji avadanlıqlardan yararlanaraq bilik və
bacarıqların əldə edilməsi də zamanın tələblərindən
biridir. Sorğuda verilən suallardan biri də
şagirdlərin texnoloji vasitələrlə tədris
almasına münasibət məsələsi ilə
bağlı olmuşdur. Bu suala respondentlərin 36,5%-i (418 nəfər) müsbət münasibətini
göstərmişdir. Təxmini o qədər də, yəni
34,5%-i (396 nəfər) isə lazım
olmadığı təqdirdə bu formada tədrisdən
istifadə etməyəcəklərini bildirmişlər.
İştirakçıların 28,9%-i (331
nəfər) bu prosesə neytral münasibət bildirmişlər.
Distant təhsil
zamanı onlayn dərs prosesi bilavasitə şagirdlərin ev mühitində keçirildiyindən,
mövcud vəziyyətlə əlaqədar olaraq valideynlərin
də bu prosesdə iştirakını zəruri etmişdir. Belə ki, valideynlər dərslərin keçirilməsi
zamanı övladlarının yanında olmalı, dərs
prosesini təşkil etməkdə köməklik göstərməli,
dərs prosesinin effektiv keçməsi üçün şərait
yaratmalıdırlar. Sorğu
iştirakçılarının 34,9%-i bu köməkliyin hərdən,
yəni övladları müraciət edərkən, 22,8%-i
imkan daxilində göstərildiyini, 22,7%-i heç bir köməklik
etmədiyini və 19,6%-i isə hər zaman köməklik
göstərdiyini söyləmişdir. Həmçinin
müşahidələr valideyn məsuliyyəti və dərs
prosesinə nəzarətinin onlayn dərslər zamanı zəruri
olduğunu göstərir. Ümumiyyətlə,
valideynin məsuliyyəti tədrisin bütün
formalarında çox vacibdir.
Distant, yəni müəyyən məsafədən
keçirilən təlim-tədris sistemi hamı
üçün münasibdir. Bu, illər
ötdükcə daha çox inkişaf edəcək
müasir təhsil formasıdır. Respondentlər
bu formanın hansı şagird qrupları üçün
faydalı olduğunu cavablandıraraq maraqlı statistika
ortalığa çıxarmışlar. Belə ki, 38,1% iştirakçı bu təhsil
formasının xüsusi hallar üçün, müvəqqəti
məktəbə gedə bilməyən (xəstəlik,
başqa yerə köçmə və s. səbəblərdən)
şagirdlər üçün yararlı olduğunu söyləmişlər.
Respondentlərin 28,5%-i distant təhsil
formasının müstəqil biliklərə yiyələnmə
qabiliyyəti olan şagirdlər üçün, 26,5%-i isə
bütün şagirdlər üçün effektiv ola biləcəyini
qeyd etmişlər. 3,8% cavablar müəllimlə
ünsiyyətdə çətinliklər yaşayan
şagirdlər üçün, 3,2% isə müəyyən
bir fənndən geri qalan, zəifliyi olan şagirdlər
üçün yararlı olduğunu düşünən
cavablar olmuşdur.
Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Düzdür,
ənənəvi üsullardan da istifadə edilir, amma müəllim
eyni yanaşmanı sərgiləyərsə, dərsinin
alınmayacağına əmin olmalıdır. Virtual şəkildə şagirdi idarə etmək
müəllimdən tamam başqa bacarıqlar istəyir.
Burada yenə bizim üçün aydın olan bir məsələ
yada düşür: yaradıcı müəllim. Yaradıcı müəllim operativ şəkildə
vəziyyətdən çıxmağı
bacardığı üçün onlayn dərslərdə
də problem yaşamayacağı bəllidir.
Sorğuda
iştirak edənlər distant təhsil zamanı
müşahidə etdikləri üstünlükləri 33,3% olaraq bu prosesin evdə təşkil
olunduğu üçün qeyd etmişlər. 25,9% respondent isə bu prosesin şagirdlərdə
müstəqil öyrənmə bacarıqlarının
inkişafı üçün faydalı olduğunu
düşünmüşlər.
İştirakçıların 23,2%-i isə
bu prosesin heç bir üstünlüyünü
görmür. Maraqlıdır ki, cavabların 17,6
faizi bu prosesin vaxta qənaət edəcəyini
üstünlük kimi görmüşlər. Digər
cavabları ümumiləşdirərək qeyd etmək olar
ki, distant təhsilin bir sıra üstünlükləri
vardır: kompüterdə işləmək maraq cəlb edir;
psixoloji komfort durumu; zamana qənaət; gələcək
üçün lazım ola biləcək
distant təhsil ilə işləmək
bacarıqlarının inkişafı; əlavə tədris
materiallarının daha dərindən öyrənmə
imkanı; tədris materiallarının müstəqil öyrənmə
bacarıqlarının inkişafı; evdə təhsil alma
imkanı.
Hazırda istər müəllim kontingentini, istərsə
də valideynləri düşündürən qlobal suallardan
biri də dərslər bərpa olunarsa, bu müddətin
hansı tarixə qədər uzadılması, dərslərin
bitmə zamanının müəyyənləşməsidir. Respondentlərin 38,2%-i karantin zamanı onlayn dərslərin
keçirildiyini nəzərə alaraq elə dərslərin
bitmə tarixinin 15 iyun olmasını düzgün hesab
etmişlər. Çox maraqlıdır ki, təxminən elə
o qədər də respondent, yəni 35,5%-i
dərslərin elə sentyabrda açılmasının tərəfdarı
olduğunu söyləmişdir. 14,3%-i bu
müddətin 1 iyuladək uzadılmasını labüd hesab
etmişdir. Sorğu
iştirakçılarının 12%-i isə dərslərin
15 iyuladək uzadılmasına səs vermişdir. Gördüyünüz kimi, valideynlər dərslərin
yay aylarında keçirilməsini istəmirlər. Düzdür, bu, valideynin övladının
sağlamlığına daha üstün qiymət verməsinin
göstəricisidir. Lakin onu da nəzərə
alaq ki, ölkəmizin hər yerində, bütün məktəblərdə
onlayn dərsi təmin etmək mümkün olmayıb, buna
görə də keçilməyən dərslərin öyrənilməməsi
narahatedici görünür.
Distant təhsildə
30-40 dəqiqə ərzində müəllim hər hansı
bir mövzunu tədris edərək şagirdlərini öyrədir
və ev tapşırığı verərək
bu prosesin daha dərindən öyrənilməsini təmin
edir. Distant təhsil adi təhsil sistemini əvəz
etmir və əvəz də etməməlidir, amma distant təhsilin
gələcək üçün inkişafının təmin
edilməsi də artıq vacib hal alıb.
Qəfil
yaxalandığımız bu proses bizə onu göstərdi
ki, distant təhsil forması ölkəmizdə rəsmiləşdirilməli,
distant təhsilə cavab verən müəllimlər kurslara cəlb
edilməli, distant təhsilə cavab verəcək internet
sistemi olmalı, distant təhsilin metodologiyası işlənməli,
distant təhsilin menecmentliyi ali məktəb
proqramlarına salınmalı və distant təhsilin
pedaqogikası hazırlanmalıdır.
Şəmil SADİQ,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Aytən HÜSEYNOVA
Azərbaycan.-2020.- 25 aprel.- S.7.