Prezidentə xalq məhəbbəti
Pandemiyaya qarşı mübarizə - karantin dövründə dövlət başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədi xalq-hakimiyyət vəhdətində özünün təsdiqini bir daha tapdı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona inamı və güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "gözə görünməz bəla” hesab edilən koronavirus pandemiyasından xilas olmaq üçün qətiyyətlə mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az itki ilə çıxmaq yollarını arayır.
Bütün bunları xalq görür və əlbəttə, yüksək dəyərləndirir. Məhz bunun nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətləri cavabsız qalmadı. Bu da xalq-hakimiyyət vəhdətinin növbəti təcəssümüdür ki, dünya ictimaiyyəti də gördü və hətta bunu təqdir edərək nümunəyə çevirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın bütün bölgələrindən gələn təşəkkür dolu məktublar səmimiyyətin etirafı ilə yanaşı, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Məktublar bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır ki, bu bəladan da tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.
"Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur”
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə respublikanın hər kiçik yaşayış məntəqəsindən belə gəlməkdə olan minnətdarlıq məktublarından da bu görünür və hiss edilir.
Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Əbdül Əhməd oğlu Oruclu yazır: "Möhtərəm cənab Prezident, icazə verin, ailəmiz üçün ən çətin anlarda - atam Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.
Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük. Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq. Tanrı Sizi qorusun, cənab Prezident!”
Belə təşəkkür dolu məktublardan birini Zərdab rayonunun Qoruqbağı kəndindən ömrünün səksəninci fəslində koronavirus pandemiyasının dünyanı vahiməyə salmasına baxmayaraq, Azərbaycanda dövlət başçısının təşəbbüs və qətiyyətli addımları ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin bəhrəsinə inanan Mustafa Mustafayev yazıb. Məktubdan oxuyuruq: "Hörmətli cənab Prezident! Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər almaqla yanaşı, bu günlərdə xüsusi diqqət və qayğı ilə də əhatə olunuruq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr verirlər.
Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin xalqsevərliyiniz qarşısında baş əyirik. Ölkəmizin vətəndaşları Sizin bu zəhmətinizi heç vaxt unutmayacaq. Bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin, amin!”
Masallı rayonunun ağsaqqalları adından Azərbaycan Prezidentinə məktub ünvanlayan Ələşrəf Niftiyevlə Füzuli Abdullayev yazırlar: "Möhtərəm Prezident! Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bildiririk.
Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Dünyanı bürüyən amansız düşmənə - koronavirusa qarşı uzaqgörən siyasətinizlə xilaskarlıq missiyasını davam etdirirsiniz.
Cənab
Prezident, Siz daim xalqla birlikdəsiniz! Xalqımız
da çağırışlarınıza və tövsiyələrinizə
əməl edir. Yaxşı bilirik ki, Sizin
yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli
addımlarınızı bəyənir və tezliklə
pandemiya üzərində qələbə
çalacağımıza əminik”.
"Cənab
Prezident! Siz dünya liderləri arasında əvəzolunmaz
şəxsiyyət, biz gənclərin isə
idealısınız”
"Möhtərəm cənab Prezident! Mən bir azərbaycanlı
gənc, eləcə də tələbə kimi bu məktubu
yazmağı özümə borc bildim. Hər
şeydən əvvəl onu qeyd edim ki, biz gənclər, eyni
zamanda, bütün Azərbaycan vətəndaşları
Sizinlə qürur duyuruq”.
Bu sətirlərin müəllifi Orxan Fərmayıl
oğlu Vəliyev Azərbaycan Dövlət İqtisad
Universitetinin tələbəsi, "UNEC Könüllüləri”
Təşkilatının sədridir. Qaradağ rayonunda yaşayan Orxan
yazır: "Möhtərəm Prezident! Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir
və fəaliyyətimizdə onları rəhbər tuturuq.
Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin
kimi qüdrətli liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və
düşünülmüş siyasətiniz biz azərbaycanlılara
bütün çətin sınaqlardan çıxmağa
kömək edəcək. Şəxsən ailəmiz
və təhsil aldığım Azərbaycan Dövlət
İqtisad Universitetinin "UNEC Könüllüləri”
adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Məlumdur ki, dünyanı
çənginə almış yeni növ koronavirus
pandemiyası Azərbaycanımızdan da yan keçmədi.
Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin
kimi güclü liderimiz var. Dünyanın bir çox
inkişaf etmiş ölkələri virusun qurbanına
çevrilsə də, Azərbaycan bu gün tale əhəmiyyətli
sınaqdan uğurla çıxmaqdadır. Təbii ki,
bu, Sizin uzaqgörən siyasətinizin
uğurlu nəticəsidir.
Cənab
Prezident! Sizə hər zaman xalqınızın
yanında olduğunuz üçün bütün gənclər
adından təşəkkürümüzü bildiririk.
Var olun. Allah Sizi
xalqımıza çox görməsin. Siz
dünya liderlərinin arasında əvəzolunmaz şəxsiyyətsiniz
və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.
"Biz
qüdrətli Azərbaycanın vətəndaşıyıq”
İlin-günün
bu çağında, xüsusən bahar fəslində cənnəti
xatırladan Zaqatala rayonu gənclərindən biri kimi
özünü təqdim edən Famil Rəhimovun məktubunda
isə qeyd edilir ki, yaxşı və çətin gündə
xalqımızın, o cümlədən gənclərimizin
yanında olan dövlət başçısı
pandemiyanın tüğyan elədiyi dövrdə bir daha təsdiqlədi
ki, Prezidentimiz bizim qayğımızı,
sağlamlığımızı hər şeydən öndə
bilir, dəyərləndirir, təhlükəsizliyimizin təmin
olunmasında var qüvvəsini əsirgəmir. Məktubda
deyilir: "Cənab Prezident! Sizin
xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək
əhvali-ruhiyyə yaradıb. Bu gərgin
və məsuliyyətli günlərdə etdiyiniz "Biz
birlikdə güclüyük!”
çağırışını biz Zaqatala rayonu gəncləri
də yekdilliklə dəstəkləyirik. Tərəfinizdən koronavirus pandemiyası ilə
bağlı görülən bütün tədbirlərə,
vətəndaşların sağlamlığına və
sosial rifahına göstərdiyiniz yüksək diqqət və
qayğıya görə Sizə təşəkkür edirik.
Hər zaman çətin məqamlarda ölkə
vətəndaşlarının yanında olduğunuzu bir daha
sübut edirsiniz. Sizin siyasətinizin əsasında
Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik
ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu, cənab
Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil
Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından
xalqımızın, gələcək nəsillərin
xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və
ailənizə cansağlığı və uzun ömür
arzulayıram”.
Şabran şəhərindən şair təbli Zakir
Bayramlının yazdığı məktub da dövlət
başçısının pandemiyaya qarşı mübarizənin
önündə getdiyi üçün minnətdarlıq məzmunludur. Məktubda qeyd edilir ki,
dövlət başçısının rəhbərliyi və
təşkilatçılığı ilə
respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi
üzrə görülən tədbirlər xalq, o cümlədən
şabranlılar tərəfindən də
alqışlanır: "Hörmətli Prezident! Sərəncamlarınız və verdiyiniz xüsusi
tapşırıqlar əsasında vaxtında
qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində
ölkəmizdə bu qorxulu və dəhşətli
pandemiyanın yayılması sürətini xeyli
aşağı salmaq mümkün olmuşdur.
Karantin müddətində əhalinin normal
yaşaması və sosial rifahının təmin edilməsi
üçün operativ və təxirəsalınmaz işlər
həyata keçirilmişdir. Bütün bunlar Sizin
baş verəcək hadisələri qabaqcadan görmək
bacarığınızdan, çətin və qorxulu
situasiyaları qiymətləndirmək səriştənizdən,
siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən
irəli gəlir. Bütün sanitar-gigiyenik tədbirlərin
görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını,
cərimələrin tətbiqini və s. respublikamızda
koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk.
Var gücünüzlə, qəlbən
respublika əhalisinin qorxunc bəladan qurtulmasına
çalışdığınıza görə, hörmətli
Prezident, Sizə öz minnətdarlığımızı
bildiririk”.
Siyasi
çeviklik və xalqa dərin məhəbbətin nümunəsi
Kürdəmir rayonunda yaşayan Elmir Həsənovdan gələn
məktubda da xalq-hakimiyyət birliyindən, dövlət
başçısının bu ağır günlərdə
ölkəmizin hər bir vətəndaşının
sağlamlığının qayğısına
qalmasından söz açılır. Qeyd edilir ki,
hazırda bütün dünyanı hərəkətə gətirmiş
yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bəşəriyyət
böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli
virus ilə əlaqədar var güclərini səfərbər
ediblər.
Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər
belə bu cür təhlükənin qarşısını
almaq üçün zamanında ciddi tədbirlər görmədilər. Bunun nəticəsi
kimi bəzi ölkələrdə böyük miqyasda insan tələfatı
baş verir. Ancaq çox az sayda bu
cür təhlükəli virusa qarşı çevik reaksiya
verən dövlətlər də oldu. Onlardan biri də və
bəlkə də birincisi bizim Azərbaycandır:
"Hörmətli Prezident! Bu çevik addımların
atılmasında Sizin
tapşırıqlarınız və rolunuz danılmazdır.
Azərbaycan xalqı uzun illər boyu bundan da
böyük çətinliklərə qalib gəlib,
çünki dözümlüdür. Onu da qeyd edim ki,
bu xalqın Sizin kimi əvəzsiz lideri, güclü, demokratik
siyasətçisi var. Mən bir gənc, tələbə
olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə
çalışıram və Sizin hər zaman dərin mənalı
çıxışlarınıza baxaraq qürur duyuram. Allah hər zaman Sizi qorusun, cənab Prezident!”
Dünya
Quliyeva, Almaz Verdiyeva, Sədaqət Şərifova, Mirux Cəfərova
və Zərəngiz Məmmədovanın imzaları ilə
Azərbaycan Prezidentinin ünvanına Göygöl rayonundan gələn
məktubda deyilir: "Son zamanlar bütün dünyanı lərzəyə
gətirmiş koronavirus pandemiyası Azərbaycanda da müəyyən
narahatlıqlar yaratdı, xalqımızı və dövlətimizin
başçısını ciddi qayğılandırdı. Lakin, cənab Prezident, Sizin qətiyyətiniz ölkəmizi
böyük ziyanlardan qorudu. Vətəndaşların
sağlamlığı Sizin
üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarındakı
çıxışlarınız,
açılışlarında şəxsən iştirak
etdiyiniz səhiyyə ocaqlarındakı müraciətləriniz,
tapşırıq və tələbləriniz bunun bariz
nümunələridir”.
Məktub
müəllifləri daha sonra yazırlar: "Cənab
Prezident, məlum vəziyyətlə əlaqədar verilən
bütün qərarlarınızı dəstəkləyirik.
Çünki bu, birbaşa bizim
sağlamlığımızın qorunması
üçün atılmış addımlardır. "Evdə qal!” aksiyasında iştirak edən
yaşlı və aztəminatlı təbəqənin
nümayəndələri heç nədən korluq çəkmədi.
Bu cür qayğı və diqqətə
görə Sizə təşəkkür edirik. Hörmətli
Prezident, Göygöl rayonunun ahıl insanları və
ağsaqqalları hər zaman Sizin daxili və
xarici siyasətinizi dəstəkləyirlər”.
"Biz
qayğıkeş, qətiyyətli Prezidentimizlə bu
"düşmən”ə qalib gələcəyik”
Maraqlı cəhətlərdən biri də budur ki,
dövlət başçısına yazılan məktubların
müəllifləri sosial və yaş baxımından
müxtəlifdir. Onların arasında məktəbli, tələbə,
evdar qadın, müəllim, həkim, bir sözlə, müxtəlif
sahələrdə çalışan insanlarla yanaşı
ömrünün ixtiyar çağlarında belə bu bəla
ilə üzləşəcəklərini xəyallarına gətirməyən,
dünyagörmüş el ağsaqqalı və
ağbirçəkləri də az deyil. Cəlilabad rayonunun Üçtəpə və
Suluçeşmə kəndlərindən Azərbaycan
Prezidentinə məktub yazan Yaqut Abuzər qızı
Baxışova ilə Əliməmməd Ağamoğlan
oğlu Qürbətov da ahıl yaşlarındadır.
Məktubda göstərilir ki, son zamanlar bütün
dünyanı çənginə alan
koronavirus pandemiyasına yoluxmayan ölkə qalmayıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə
vadar etdi. Ölkəmizdə hazırda epidemiyaya qalib gəlmək
üçün genişmiqyaslı tədbirlər
görülür: "Cənab Prezident, Siz dəfələrlə
vəziyyətin çox ciddi olduğunu, bizim həmrəylik
və birlik nümayiş etdirdiyimiz təqdirdə bu yoluxmaya
qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü,
qayğıkeş, qətiyyətli Prezidentimiz olduğunuza
görə Sizinlə qazanacağıq”.
Məktub
aşağıdakı minnətdarlıq ifadə edən
fikirlərlə bitir: "Cənab Prezident, Sizin bu çətin
günlərdə necə gərgin iş rejimində işlədiyinizin
şahidiyik. Vermiş olduğunuz hər bir
tapşırıq vətəndaşların
sağlamlığına xidmət edir. Biz
ahıllar "Evdə qal” aksiyasına qoşularaq karantin
rejiminin qaydalarına riayət edirik. Karantin rejimində
olmağımıza baxmayaraq, daim Sizin və
dövlət qurumlarının diqqət mərkəzindəyik.
Hər gün bizə qayğı göstərilir
və tələbatlarımız ödənilir. Biz ahıllar da göstərilən diqqət və
qayğıya görə Sizə minnətdarıq”.
Paytaxt
Bakıdan, daha doğrusu, Suraxanı rayonundan Kamil Bayraməli
oğlu Mənsimov yazır: "Möhtərəm cənab
Prezident, neçə ildir ki, Azərbaycan öz
torpaqlarını azad etmək, Vətənimizin
bütövlüyü uğrunda xain, təcavüzkar, mənfur
bir düşmənlə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən
bütün işlər Azərbaycanı qələbəyə
yaxınlaşdırır. Bir neçə
aydır ki, ölkəmiz gözəgörünməz daha bir
düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq
qabiliyyətiniz bu bəla üzərində qələbəni
qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə
hər iki cəbhədə minimum itkilərlə qələbə
qazanacağımıza əminik”.
Məktubda ölkə başçısının
koronavirus pandemiyası ilə mübarizə üçün
bütün imkanları səfərbər etdiyi məmnunluqla
xatırlanır. Qeyd edilir ki, dünyanın inkişaf etmiş ölkələrini
diz çökdürən pandemiya Azərbaycanda uğurla həyata
keçirilən qabaqlayıcı və səmərəli tədbirlər
qarşısında təslim olaraq geri çəkilməyə
başladı: "Biz hamımız inanırıq ki, Azərbaycanın
gələcəyi Sizinlə daha da parlaq olacaq. Xalqımız
Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən
gələcək. Tanrı Sizi və ailənizi
hifz eləsin, amin!”
"Çətin günün ömrü az olar!”
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğala məruz qalması nəticəsində məcburi
köçkün həyatı yaşamağa məcbur
olmuş Laçın rayonu əhalisinin xeyli hissəsi
Ağcabədinin Taxtakörpü yaşayış məntəqəsində
məskunlaşıb. Süleyman Səməd oğlu Şahverdiyev, Sənani
İzzət oğlu Əhmədov, Nüsrət Məhərrəm
oğlu Fərzəliyev, Mirzə Qənbər oğlu Kərimov,
Ədalət Kərim oğlu İbrahimovun da ailələri bu
ərazidə müvəqqəti sığınacaq tapıb.
Onların Azərbaycan Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
ünvanladıqları məktub-müraciətdə deyilir:
"Hər bir vətəndaşımızın həyatını
düşündüyünüz üçün Sizə minnətdarıq,
cənab Prezident, Ali Baş Komandan! Ölkəmizdə
yaranmış vəziyyətlə əlaqədar "Evdə
qal” çağırışınıza əməl edib evdə
qaldığımız halda, Siz yorulmadan bizim
sağlamlığımız üçün gərgin rejimdə
işləyirsiniz. Məcburi
köçkünlərə xüsusi diqqət və
qayğınızın nəticəsidir ki, bizim ailələr
Ağcabədi rayonunda salınmış yeni qəsəbədə
evlə təmin olunmuşdur. Bundan
başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar
məktəblərin müvəqqəti bağlanmasına
baxmayaraq, övladlarımız təhsildən kənarda
qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən
yararlanırlar. Əməkhaqlarımız
da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü
bildiririk. Sizə gərgin və yorulmaz
işlərinizdə uğurlar arzulayırıq. Allah yardımçınız olsun. Tanrı Sizi qorusun, tezliklə ölkəmizi
koronavirus bəlasından xilas etsin!”
Sevinc
Daşdəmir qızı Mirzəyeva, Fərid Vaqif oğlu
Tanrıverdiyev, Ülviyyə Hümbət qızı
Əliyeva Gəncə şəhərindəki Yeni Gəncə
qəsəbəsinin sakinləridir. Onların
sözlərinə görə, bütün dünyanı
çənginə almış koronavirus Azərbaycandan da yan
ötməyib. Ancaq dövlət
başçısının uzaqgörən siyasəti nəticəsində
ölkəmizdə pandemiyanın təsirinin
azaldılması, onun miqyasının məhdudlaşdırılması
istiqamətində çox mühüm addımlar
atılıb: "...Pandemiyaya qarşı kompleks mübarizə
tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin
azaldılması, xüsusilə aztəminatlı ailələr
tərəfindən onun fəsadlarının hiss olunmaması
üçün dövlətimiz tərəfindən iqtisadi və
sosial sahələrdə də mühüm təşəbbüslər
irəli sürülüb. Bir sözlə,
dövlətimizin bütün imkanları epidemiyanın
qarşısının alınmasına və nəticələrinin
aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, cənab Prezident,
Sizin yürütdüyünüz siyasətin mərkəzində
Azərbaycan vətəndaşı və onun firavanlığı
dayanır”.
Məktub
dövlət başçısına aşağıdakı
minnətdarlıqla bitir: "Cənab Prezident, bütün bu
işlərə görə Sizə dərin təşəkkürümüzü
bildiririk. Sizinlə fəxr edirik”.
Horadizdən
Olqa Stepanovna yazır ki…
Azərbaycanın işğal altında olan ərazilərinin
müəyyən hissəsi ordumuzun və Ali Baş
Komandanın qətiyyəti ilə azad edilib və orada həyat
davam edir. Belə ərazilərimizdən biri də Füzuli
rayonunun Horadiz şəhəridir. Orada
yaşayanların arasında milliyyətcə rus olan, Azərbaycanı
özünə doğma vətən bilib onun
inkişafında əməyini əsirgəməyən Olqa
Stepanovna Nəsirova da var.
Azərbaycan
Prezidentinin koronavirus pandemiyasına qarşı göstərdiyi
inamlı, qətiyyətli mübarizədən
xalqımızı salamat çıxaracağına əminliyini
ifadə edən Olqa Nəsirova yazır: "Möhtərəm
cənab Prezident! Koronavirus epidemiyasının respublikamızda
yayılmasının qarşısının alınması,
insanların sağlamlığının qorunması, sosial
rifahının yaxşılaşdırılması istiqamətində
Sizin rəhbərliyinizlə həyata
keçirilən tədbirləri yüksək qiymətləndirirəm.
Sizin və Mehriban xanım Əliyevanın
virusun qarşısının alınması,
insanlarımızın sağlam qalması üçün
necə gərgin və əzmlə
çalışdığınızı görürəm
və bundan qürur duyuram.
Milliyyətcə rus olsam da, Azərbaycan
Respublikasının vətəndaşıyam, cəbhə
bölgəsində yerləşən Füzuli rayonunun Horadiz
şəhərində yaşayıram. Sizin bu
ağır və çətin günlərdə necə
vicdanla işlədiyinizi, xalqın qayğısı ilə
yaşadığınızı, daim insanların yanında
olduğunuzu görürəm. Sizin
tapşırığınızla karantin dövründə
aztəminatlı ailələrə 190 manat pul vəsaitinin
ödənilməsi sübut edir ki,
yürütdüyünüz siyasətin mərkəzində
Azərbaycan vətəndaşı və onun rifahı
dayanır. Biz füzulililər də hər
zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq,
Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız
nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik.
Allah Sizi və Mehriban xanımı qorusun!”
"Biz sizinlə qalibik, cənab Prezident!”
Qəbələdən
Pərviz Sabirlinin məktubundan oxuyuruq: "Koronavirus
pandemiyasının ölkəmizdə geniş
yayılmasının qarşısının alınması
istiqamətində dövlət başçısının
atdığı inamlı addımlar, qətiyyətli
mövqe, əzmkar mübarizə vətənini sevən hər
kəs kimi, məni də qürurlandırdı. Əziz Prezidentimiz, belə çətin bir dövrdə
ölkə vətəndaşlarının
qayğısına qalaraq və əhalinin
sağlamlığını düşünərək
atdığınız addımlara, o cümlədən
sahibkarlara verilən dövlət dəstəyinə, vergi
güzəştlərinə, əhalinin həssas təbəqəsinə
edilən yardımlara görə sonsuz minnətdarlığımızı
bildiririk.
Biz də
apardığınız şərəfli mübarizədə
Sizin ətrafınızda sıx birləşərək bu
çətin sınaqdan ən az zərərlə
çıxmaq üçün əlimizdən gələni
edir, vətəndaşlıq mövqeyimizi nümayiş
etdiririk.
Hörmətli cənab Prezident, ölkəmiz,
xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz
xidmətlərinizi yüksək qiymətləndirir, Sizə
uzun ömür, möhkəm cansağlığı arzu
edirik”.
Bu gün
bütün dünyanı az qala
işğal edən, on minlərlə insanın
ölümünə səbəb olan koronavirus
epidemiyasının qarşısının alınması
istiqamətində ölkəmizdə məqsədyönlü
şəkildə aparılan mübarizə respublika əhalisinin
sağlamlığının qayğısına
qalınması deməkdir. Bu, birmənalı
şəkildə artıq xalq tərəfindən
anlaşılır və karantin qayda-qanunlarına əməl
etmək vətəndaşların borcuna çevrilib.
Azərbaycan Prezidentinin ünvanına axın-axın gələn
səmimi ürək sözlərindən ibarət məktublarda
da bu öz əksini tapır. Füzuli rayonunda anadan olmuş Ceyhun
Bahadur oğlu Məmmədovun yazdığı məktubdan bəzi
sətirlərə diqqət yetirək: "Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
həyata keçirilən ardıcıl və sistemli tədbirləri,
dövlətin bütün resurslarının epidemiyanın təsirinin
azaldılması üçün səfərbər edilməsini
Füzuli rayonunun əhalisi də alqışlayır. Cəbhə
bölgəsində yaşayan Füzulinin məcburi
köçkünləri inanır ki, cənab Prezident, Sizin və
Mehriban xanım Əliyevanın gecəli-gündüzlü
yorulmaz fəaliyyətiniz, müdrik və
düşünülmüş qərarlarınız nəticəsində
biz koronavirus epidemiyasına da qalib gələcəyik.
Sizin bu ağır və çətin günlərdə
yorulmadan işlədiyinizi, xalqın qayğısı ilə
yaşadığınızı, hər zaman olduğu kimi,
indi də insanların yanında olduğunuzu bilirik və Azərbaycan
vətəndaşları olaraq bundan qürur duyuruq. Virusun ölkə
iqtisadiyyatına mənfi təsirinin azaldılması
üçün böyük məbləğdə vəsait
ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək
Fondunun yaradılması, yeni tibb ocaqlarının, tibbi maska və
qoruyucu vasitələr istehsalı müəssisələrinin
istifadəyə verilməsi, atdığınız bir
çox digər addımlar xalqımızı sevməyinizin,
ona xidmət etməyinizin bariz nümunələridir”.
Məktubda
daha sonra qeyd edilir ki, yaşı 65-dən yuxarı olan vətəndaşlara,
o cümlədən imtiyazlı ailələrə ərzaq
yardımlarının göstərilməsi, işsiz və
aztəminatlı insanlara karantin dövründə 190 manat vəsaitin
ödənilməsi sübut edir ki, dövlət
başçısının yürütdüyü siyasətin
mərkəzində Azərbaycan vətəndaşı və
onun rifahı dayanır: "Əziz və möhtərəm
Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm
kimi yüksək insani keyfiyyətlərə sahibsiniz.
Sizin və
Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin
ali məqsədi - ana xətti Azərbaycanın
daha gözəl, qüdrətli olmasına,
insanlarımızın isə xoşbəxt və firavan
yaşamasına xidmət edir.
Biz füzulililər çox şadıq ki, Siz bizim
Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə
inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə
güclüyük!”
Cəmalə
İsmayılova ilə Yaşar Rəşidov Kürdəmirdən
yazırlar: "Biz Kürdəmir rayonunda çalışan
bütün müəllimlərin adından öncə təhsilə
göstərdiyiniz qayğıya, sonra isə koronavirus
pandemiyasına qarşı görülən tədbirlərə
görə, cənab Prezident, Sizə təşəkkürümüzü
bildiririk. Təhsil işçiləri daim Sizi dəstəkləyir.
Xalqımıza olan diqqət və
qayğınız üçün Sizə minnətdarıq!”
Dünyanın "başağrısı”nın dərmanı tapılacaq
Şəkidən Vüsal Baxışovdan Azərbaycan Prezidentinin ünvanına yazılan məktubda göstərilir ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasət vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib: "Biz bu siyasətin müsbət nəticələrini hər birimiz demək olar ki, öz həyatımızda hiss edirik. Möhtərəm Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib.
Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi kimi sosial cəhətdən həssas qruplardan olanlara, eləcə də sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən humanist siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.
Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.
Dünyanın "başağrısı” olan koronavirusla cihad aparmağın, ona qalib gəlməyin asan olmadığı artıq hamıya məlumdur. Burada insan qətiyyəti, iradəsi, onunla necə mübarizə aparılmasından çox şey asılıdır. Hazırda yaşadığımız dövr tarixə pandemiyanın dünyanı çalxalaması kimi yazılacaq. Bütün bunlardan öncə isə unutmayaq ki, koronavirus dövlətlərin hansı iqtisadi, sosial vəziyyətdə, həmçinin hakimiyyət-xalq münasibətlərində olduğunu da bir daha ortaya qoymuş oldu. Dünyanın inkişaf etmiş Avropa ölkələri ilə Azərbaycan arasındakı qalibiyyət fərqi isə bir daha dövlət başçısı İlham Əliyevin xalqımızın bu bəladan az itkilərlə çıxması üçün mübarizənin ön cəbhəsində olduğunu təsdiqlədi.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 25 aprel.- S.1-2.