Ombudsman
parlamentdə məruzə etdi
Milli
Məclis adından Türkiyə Böyük Millət Məclisinə
yaranmasının 100 illiyi ilə bağlı təbrik məktubu
ünvanlanıb
Aprelin 24-də Milli Məclisin növbəti plenar
iclası keçirildi. Əvvəlcə deputatlar cari məsələlərlə
bağlı fikirlərini bildirdilər.
Heydər
Əliyev azərbaycanlıları sovet illərində
soyqırımından xilas etmişdi
İlk
söz alan deputat Məlahət
İbrahimqızı respublikamızda könüllülər
həftəsinin və şəhidlər həftəsinin
keçirilməsi təklifi ilə çıxış etdi.
O cümlədən qanunvericilikdə xeyriyyəçilik fəaliyyətinin
təşviq olunması ilə bağlı dəyişiklik
edilməsini məqsədəuyğun saydı.
Deputat Tahir Kərimli 24 aprel qondarma erməni
soyqırımı ilə bağlı fikirlərini bildirdi. Sovet hakimiyyəti
illərində Ulu Öndər Heydər Əliyevin
soydaşlarımızı soyqırımı təhlükəsindən
xilas etdiyini qeyd etdi. Tahir Kərimli bir qrup qadının
Bakıda keçirmək istədiyi icazəsiz aksiyaya
"Amnesty İnternational” təşkilatının münasibətini
də kəskin tənqid etdi.
"Pandemiyaya
qarşı mübarizədə xalqımızın vahidliyini
və birliyini xüsusi olaraq qeyd etdiyimiz bir zamanda biz eləcə
də ideologiyasından və hakimiyyətə münasibətindən
asılı olmayaraq, son 20 ildə ilk dəfə olaraq iqtidar,
müxalifət və müxtəlif partiyalar arasında
formalaşan anlaşma, dialoq və gələcəyə birgə
baxış ətrafında böyük dəyişiklikləri
görürük”. Bu barədə danışan Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc daha
sonra dedi ki, mövcud dəyişiklikləri cəmiyyətimiz
üçün də xatırlatmaq çox vacibdir: "Bu,
ilk növbədə, Prezident tərəfindən
Administrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin
yaradılmasında özünü göstərdi. Daha sonra biz iqtidara münasibəti nəzərə
alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi
olduq. Siyasi radikalizm və
qarşılıqlı inkarçılığın aradan
götürülməsində bunun böyük faydası
vardır”.
Bu cərgədən kənarda dayanan kiçik bir qrupun
proseslərə kölgə salmağa
çalışdığını deyən Zahid Oruc
dövlətin partiyaların inkişafını istədiyini
diqqətə çatdıraraq, bütün partiyaları bu
prosesi müsbət qiymətləndirməyə
çağırdı.
Ermənistanın
xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov Ermənistanın xarici işlər nazirinin
bəyanatı ilə bağlı fikirlərini bildirdi. "Qarabağ
Azərbaycandır və nida işarəsi. Bu, sadəcə sözlər deyil. Bu, bir fəlsəfədir,
azərbaycançılıq mövqeyidir”, - deyən Səməd
Seyidovun sözlərinə görə, Ermənistanın
xarici işlər nazirinin son bəyanatı ilk təxribat
deyil.
Ermənistan həmişə əlindən gələni
edib ki, status-kvo qalsın. Səməd Seyidov qeyd
etdi ki, ermənilər prezidentlərini devirib, parlamentlərini
güllələyib və insanlığa qarşı
bütün cinayətləri ediblər ki, təki
işğal olunmuş torpaqları saxlasınlar, yəni
status-kvo dəyişməsin. "Bu da
baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda
5 dəqiqə fasilə istəyərək təyyarəyə
minib qaçmışdı. Təəssüf
ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti
başqa yolla davam etdirir”.
Komitə
sədri onu da bildirdi ki, Azərbaycanın işğal
olunmuş ərazilərində keçirilən qanunsuz
seçkilər dünyada tanınmayıb: "Azərbaycanın
mərhələli həll yolu prinsipi qəbul ediləndən
sonra Ermənistan danışıqları pozmağa
çalışdı. Biz ATƏT-in Minsk qrupunu
bununla bağlı münasibətini bildirməyə
çağırırıq. Azərbaycan
güclü dövlətdir. Prezident öz
mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni
Azərbaycanın ərazi bütövlüyü müzakirə
oluna bilməz”.
Səməd Seyidov Xarici İşlər Nazirliyinin
nümayəndələrinin dəvət edilməsini və
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı mövzuda parlamentin komitələrində
iclasların keçirilməsini də təklif etdi.
Milli Məclisin Sədri Sahibə Qafarova təklifin nəzərə
alınacağını bildirdi.
İclasda
parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə
Paşayeva, deputatlardan Sahib Alıyev, Rauf Əliyev, Jalə
Əliyeva, Aydın Mirzəzadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov
və Vahid Əhmədov müxtəlif məsələlərlə
bağlı fikirlərini bildirdilər.
Ötən
il insan hüquqlarının müdafiəsi
baxımından da uğurlu olub
Daha sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycan
Respublikasının insan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) illik məruzəsi dinlənildi.
Səbinə
Əliyeva qeyd etdi ki, 2019-cu il uğurlu olub
və bütün sahələrdə inkişaf təmin
edilib. Ötən il iqtisadi islahatların həyata
keçirilməsi, vətəndaşların sosial
rifahının daha da yaxşılaşdırılması
istiqamətində 100-dən çox fərman və sərəncam
imzalanıb. 4,2 milyon vətəndaşı
əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində
ölkə vətəndaşlarının
dayandığını təsdiq edir.
Ombudsman
bildirdi ki, ötən il insan
hüquqlarının etibarlı müdafiəsi
baxımından da uğurlu olub. Məruzədə bu barədə
qeyd olundu ki, dövlət qurumları, vətəndaş cəmiyyəti
institutları, kütləvi informasiya vasitələri, icmalar
və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq
şəraitində fəaliyyətini davam etdirən ombudsman
Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər
çərçivəsində insan hüquqlarının
müdafiəsi sahəsində əhatəli iş
aparmış, müxtəlif tədbirləri həyata
keçirmişdir.
2019-cu il ərzində ombudsmanın ünvanına
25.500 müraciət daxil olmuşdur ki, bu da əvvəlki illə
müqayisədə 25 faiz çoxdur. Ombudsman və əməkdaşlar
tərəfindən aparatda, regional mərkəzlərdə,
habelə respublikanın müxtəlif şəhər və
rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları
qəsəbələrdə əhali qrupları ilə
görüşlər, həmçinin cəzaçəkmə
müəssisələrinə, istintaq təcridxanalarına,
müvəqqəti saxlama yerlərinə, qanunsuz
miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə,
hauptvaxtlara, eyni zamanda uşaqlar, pensiya yaşına
çatmış, habelə əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrinə,
internatlara, səhiyyə və təhsil müəssisələrinə
baxışlar və başçəkmələr zamanı
ümumilikdə 3013 şəxs qəbul edilmişdir.
Məruzədə
ombudsmanın mülki və siyasi, iqtisadi-sosial və mədəni
hüquqların, əhali qruplarının
hüquqlarının müdafiəsi ilə bağlı, o
cümlədən insan hüquqları sahəsində maarifləndirmə,
elmi-analitik iş, vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq sahəsində
gördüyü işlər də öz əksini tapıb.
Parlamentin
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Məlahət
İbrahimqızı, Əli Məsimli, Tahir Kərimli,
Aydın Mirzəzadə, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev,
Azər Badamov məruzə ilə bağlı fikirlərini
bildirdilər, habelə sual və təkliflərlə
çıxış etdilər.
Müzakirələr
zamanı qeyd olunan məsələlərə münasibət
bildirən spiker Sahibə Qafarova dedi ki, Türkiyə
Böyük Millət Məclisinin yaranmasının 100-cü
ildönümü münasibəti ilə Azərbaycan Milli Məclisi
adından onlar təbrik edilib. Sahibə Qafarova
qeyd etdi ki, Türkiyə parlamentinin sədri ilə telefonla
danışıb və Milli Məclis adından təbrik edib.
Müzakirələrdən sonra məruzə səsə
qoyularaq qəbul edildi.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki,
gündəlikdəki 10 məsələ (2-11-ci məsələyədək)
parlamentə bir paketdə daxil olub. Bu layihələrə
nəzərdə tutulan dəyişikliklər "Normativ
hüquqi aktlar haqqında” Konstitusiya Qanununa
uyğunlaşdırmaq məqsədi daşıyır. Yəni bu sənədlərin hər biri
ayrı-ayrılıqda müzakirə edilərək bir
oxunuşda qəbul ediləcək.
Baytarlıq
və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə
icazə verilir
İlk məsələ
- "Torpaq icarəsi haqqında” və "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında parlamentin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verdi. Bildirdi ki, layihəyə əsasən
baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin
"Torpaq icarəsi haqqında” qanunda icarəyə verilən
dövlət torpaqları siyahısından, "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” qanunda isə özəlləşdirilməsi
qadağan edilən dövlət mülkiyyətində
saxlanılan əmlak növləri siyahısından
çıxarılması təklif edilir. Qanun
layihəsi baytarlıq və fitosanitar nəzarəti sahəsində
həyata keçirilən islahatlar nəticəsində həmin
xidmətlərin müstəqil qurum kimi ləğv edilməsi
(baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin
mövcud olmaması) ilə əlaqədar hazırlanıb.
Hazırda baytarlıq və fitosanitar nəzarəti
sahəsində fəaliyyətlər öz səlahiyyətləri
daxilində Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Xidmət Agentliyi tərəfindən həyata
keçirilir.
Layihə səsverməyə çıxarılaraq qəbul
edildi.
İclasda
həmçinin "Azərbaycan Respublikasının 1999-cu il
8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında” Qanun tətbiqi haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə, "Ətraf
mühitin mühafizəsi haqqında” və "Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”,
həmçinin "Ətraf mühitin mühafizəsi
haqqında”, "Ovçuluq haqqında” qanunlarda və Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihələrinə
edilən əlavələr təsdiqləndi.
Elmi
müəssisələrin akkreditasiyası ali
attestasiya komissiyası tərəfindən həyata
keçiriləcək
"Elm haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında parlamentin Elm və təhsil komitəsinin
sədri Bəxtiyar Əliyev məlumat verərək bildirdi
ki, qüvvədə olan qanuna əsasən elmi müəssisələrin
akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti
orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiya
qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla
fəaliyyət göstərir. Layihəyə əsasən
elmi müəssisələrin (təşkilatların)
akkreditasiyası ali attestasiya orqanı tərəfindən
həyata keçiriləcək.
Layihədə elmi təşkilatlara yeni hüquq verilməsi
də əksini tapıb. Dəyişikliyə əsasən elmi təşkilatlar
dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək
məqsədilə beynəlxalq akkreditasiyadan keçmək
hüququna malik olacaq.
Müzakirədən sonra sənəd səsverməyə
çıxarılaraq qəbul edildi.
"Təhsil
haqqında” və "Lisenziyalar və icazələr
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında da Elm və təhsil komitəsinin sədri
Bəxtiyar Əliyev məlumat verdi. Komitə sədri vurğuladı ki, dəyişikliyə
əsasən yüksək texniki peşə təhsilini bitirərək
subbakalavr peşə-ixtisas dərəcəsi almış
şəxslər orta ixtisas təhsilini bitirmiş
subbakalavrlara bərabər tutulacaq.
Digər dəyişikliyə əsasən isə
yaradılması və fəaliyyəti lisenziya tələb
olunan fəaliyyət növlərinin siyahısında dəyişiklik
edilir. Layihəyə
əsasən dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin
yaradılması və fəaliyyəti lisenziya tələb
olunan fəaliyyət növlərinin sırasından
çıxarılır.
Deputatlar dəyişikliyə müsbət münasibət
bildirdilər.
İclasda
həmçinin "Elm haqqında” və "Peşə təhsili
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə,
"Nəqliyyat haqqında”, "Aviasiya haqqında”,
"Avtomobil nəqliyyatı haqqında” və "Dəniz
limanları haqqında”, həmçinin "Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında”, "Məktəbəqədər təhsil
haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihələri də səsverməyə
çıxarılaraq qəbul edildi.
Konsul əməliyyatları
üçün dövlət rüsumunun dərəcələri
azaldılır
Gündəlikdəki
Cinayət-Prosessual Məcəlləsində və
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsi haqqında (birinci oxunuş) Milli
Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli məlumat verdi. Sənədə
əsasən hüquqi şəxslər barəsində tətbiq
oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin
edilməsi qaydası dəyişir. Bu maddəyə
təklif edilən əlavəyə əsasən hüquqi
şəxsin yenidən təşkil edilməsinin və ya ləğv
olunmasının qadağan edilməsi barədə məhkəmənin
qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına
göndəriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul
edildi.
"Dövlət rüsumu haqqında” qanuna təklif
edilən dəyişikliyə əsasən isə ölkədə
və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları
üçün dövlət rüsumunun dərəcələri
azaldılır. Təklif edilən dəyişikliyə əsasən
ümumvətəndaş pasportlarının alınması məqsədilə
sənədlərin səfirlikdə və ya konsulluqda tərtib
edilib göndərilməsinə görə dövlət
rüsumu 55 dollardan 25 dollara, ölkəyə qayıtmaq
üçün pasportu əvəz edən qayıdış
şəhadətnaməsinin verilməsinə görə
dövlət rüsumu 40 dollardan 10 dollara, vətəndaşlığın
bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə
görə dövlət rüsumu 150 dollardan 60 dollara qədər
azaldılır.
Digər rüsumlara görə də azalma nəzərdə
tutulur. Sənəd bir sıra konsul əməliyyatları
üçün dövlət rüsumunun dərəcələrinin
sosialyönümlülük prinsiplərinə uyğun olaraq
azaldılması məqsədilə hazırlanıb.
Dəyişikliklər səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edildi.
Milli Məclisin
komitəsi Operativ Qərargaha da müraciət edəcək
Gündəlikdəki
"İstehsalat və məişət tullantıları
haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik
haqqında”, "Bələdiyyələrin su təsərrüfatı
haqqında” və "Ətraf mühitə dair informasiya almaq
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı bələdiyyələrin
fəaliyyəti ilə bağlı fikirlər səsləndi.
Öncə
sənədi təqdim edən parlamentin Aqrar siyasət komitəsinin
sədri Tahir Rzayev dedi ki, dəyişikliyə əsasən bələdiyyənin
vəzifələri sırasına tullantı sularını təmizləyərək
təkrar dövriyyəyə yönəltmək, bu,
mümkün olmadıqda zərərsizləşdirərək
istehsal sahələrindən, şəhər və qəsəbələrdən
kənara axıdılmasını təşkil etmək vəzifəsi
qoyulur.
Müzakirələrdə çıxış edən
deputat Kamran Bayramov 9 minə qədər bələdiyyə
qulluqçusu və işçisinin maaşlarının bir
hissəsinin dövlət tərəfindən verilməsini təklif
etdi.
Bələdiyyələrin hazırda vergi yığa
bilmədiyini söyləyən parlamentin Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov isə bildirdi ki, bələdiyyələr
maaşlarının verilməsinə görə dövlət
büdcəsindən maliyyələşmirlər. Bələdiyyələrə
dövlət tərəfindən dotasiyalar verilir. Bununla bağlı Regional məsələlər
komitəsi Nazirlər Kabineti yanında Operativ Qərargaha da
müraciət edəcək.
Sənəd səsverməyə çıxarılaraq qəbul
edildi.
İclasda "Yol hərəkəti haqqında”, "Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında”, "Dövlət rüsumu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında” və "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) təsdiqləndi.
Deputatlar
həmçinin iclasda Əmək Məcəlləsində,
Torpaq Məcəlləsində, Vergi Məcəlləsində,
Gömrük Məcəlləsində və Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik edilməsi
haqqında (ikinci oxunuş), Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında (ikinci oxunuş),
"Dövlət rüsumu haqqında” (ikinci oxunuş),
"Dövlət satınalmaları haqqında” (ikinci
oxunuş), "Nağdsız hesablaşmalar haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə
(ikinci oxunuş) müsbət münasibət bildirdilər.
Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçildi
Gündəlikdəki üç sənəd - Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov geniş məlumat verdi.
Müzakirələr zamanı çıxış edən deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Aydın Hüseynov, Rəşad Mahmudov, Arzu Nağıyev, Razi Nurullayev çıxış edərək öz fikir və təkliflərini bildirdilər və sənədlər ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.
Gündəliyin sonuncu məsələsi Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında sənəd idi. Milli Məclisin qərar layihəsinə əsasən 82 işçi qrupuna yeni rəhbərlər seçilib. Qərar (qəzetimizin bugünkü nömrəsində dərc edilib) səsverməyə çıxarılaraq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad
CƏFƏRLİ,
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 25 aprel.- S.1;5.