İşığımız gur, suyumuz bol,
yollarımız rahatdır
Prezident İlham ƏLİYEV: "Bütün
sosial infrastruktur layihələri
tam icra ediləcək”
COVID-19-un iqtisadiyyata vurduğu zərbəyə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda bu il üçün nəzərdə tutulan sosial infrastruktur layihələri tam icra ediləcək. Bunu Prezident İlham Əliyev son iki ayda keçirdiyi tədbirlərdəki çıxışlarında dəfələrlə vurğulayıb.
Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrikində dövlət başçısı demişdir: "Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur... Sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək”.
Prezidentin vədi ilə işi həmişə olduğu kimi, yenə də vəhdət təşkil edir. Sözünün sahibi olan dövlət başçısı koronavirusun tüğyan etdiyi bir zamanda belə neçə-neçə sosial infrastruktur obyektini açmış, onların fəaliyyətinə xeyir-dua vermişdir. Bunların sırasında günün tələbləri ilə bağlı mart ayında Bakıda istifadəyə verilən "Yeni klinika” və apreldə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi qeyd olunmalıdır.
Azərbaycanda tibbi maska istehsalına başlanılması özündə bir çox mühüm məqamları ehtiva edir. Bu, ilk növbədə, əhalinin sağlamlığının qorunmasına yönəldilib. Bundan başqa, müəssisənin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, həm də idxaldan asılılığı azaldacaq.
Mart ayında Prezident İlham Əliyevin iştirakı ilə Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu.
Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verildi. Bu dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.
İstifadəyə verilən xətt üzərində qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün ümumilikdə 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.
Mart ayında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin də açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.
Burada 11 yaşayış binası inşa olunub. 4 bina 10 mərtəbəli, 7-si isə 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə təklif edilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədi ilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Kompleksdə 1920 şagird yerlik məktəb binası, habelə hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da inşa olunub.
Aprelin əvvəlində Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu. Dövlət başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak etdi.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması üçün bu layihənin gerçəkləşdirilməsi olduqca gərəklidir. Belə ki, layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq.
Tədbir zamanı dövlət başçısına məlumat verildi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrinə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi işləri beşinci aydır davam edir. Məqsəd 20 Yanvar - "Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Bundan əlavə, "Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlanıb. Beləliklə, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəkdir.
20 Yanvar dairəsindən hərəkətin istiqaməti yol nişanları ilə ayrılacaq. Binəqədiyə, Biləcəriyə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər. Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və iki hərəkət zolaqlı yan yolu açılıb. Daha bir yenilik isə Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişinin məhdudlaşdırılmasıdır. Bu hissədə işlərin artıq 80 faizi yerinə yetirilib.
Ölkədə içməli və suvarma suyu ilə bağlı da heç bir problem yoxdur. Keçən il qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Bu il isə 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və bu iş il ərzində investisiya proqramı çərçivəsində həll olunacaq.
Bu günlərdə isə "Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışı olmuşdur. Belə ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq müasir memarlıq üslubunda, yüksək səviyyədə yenidən qurulmuşdur. Binanın ətrafında abadlıq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır.
Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisi sisteminin bir sıra digər obyektlərində də yenidənqurma işlərinin davam etdiriləcəyini bildirmişdir. Bu da bir daha ölkəmizdə sosial infrastruktur layihələrinin davamlı şəkildə həyata keçirildiyini təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.-2020.-
26 aprel.- S.1;4.