Xalqımızın liderinə
inamı və sədaqəti tükənməzdir
Bunu Azərbaycan Prezidentinə
ünvanlanan təşəkkür məktublarından
aydın görürük
Azərbaycan xalqı taleyüklü məsələlərin həllində daim dövlətin və hökumətin yanında olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edərkən xalq üzləşdiyi siyasi, iqtisadi, humanitar böhranla əlaqədar Ulu Öndər Heydər Əliyevi köməyə çağırdı. Əlbəttə, xalq yaxşı bilirdi ki, məhz çətin günlərdə Ümummilli Liderin siyasi iradəsi, qətiyyəti istənilən problemi həll edə bilər. Ömrünü-gününü, eləcə də ictimai-siyasi fəaliyyətini xalqın rifahına həsr edən Ulu Öndər Heydər Əliyev həmin inamı, etibarı bütünlüklə fəaliyyəti boyu qazanmışdı.
Bu gün də xalqımızın və dövlətimizin müvəqqəti çətin günləridir. Baxmayaraq ki, hərtərəfli inkişaf etmiş Azərbaycan nəinki regionda, hətta Avropada da söz sahibidir, həmçinin bir sıra beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin müəllifidir. Hazırda bütün dünya sanki COVID-19 koronavirus pandemiyasının qarşısının alınması kimi bir sınağa çəkilib. Gizli deyil ki, dövlətimizin bu pandemiyadan az itki ilə çıxması üçün hər cür mümkün vasitələrdən istifadə edilir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqının ona olan güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, onu "göydən gələn bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas etmək üçün ön sırada mübarizə aparır, yollar arayır. Şükürlər olsun ki, vaxtında görülən qabaqlayıcı tədbirlər də artıq öz müsbət və ürəkaçan nəticələrini verməyə başlayıb: hər gün yoluxanların sayı azalmaqda, sağalanlarınkı isə artmaqda davam edir. Bu da imkan verəcək ki, ölkə iqtisadiyyatına mənfi təsir göstərən karantin rejiminin qaydaları və qadağaları yavaş-yavaş yumşalsın, nəhayət, may ayında xalq bu bəladan uzaqlaşsın və milli müstəqilliyinin bərpasının növbəti ildönümünə hazırlaşsın.
Xalq
dövlətinə və onun başçısına güvənir
Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının birmənalı şəkildə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü, hətta təqdir edildi, təşəkkürlər eşidildi.
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn təşəkkür dolu məktublar isə yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun olmasından soraq verir. Həmin məktublardan sətirlər də bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Bu bəladan tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın bütün sahələrinə dəyən zərəri aradan qaldırılacaq.
Azərbaycan Prezidentinin ünvanına təşəkkür məktubu yazanların arasında Gəncədə məskunlaşmış kəlbəcərli gənclər də var. Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədovun, eləcə də Raul Məmmədovun, Ələkbər Sadıqzadənin, Xəyal Məmmədzadənin, Tural Abdullazadənin, Qədir İsmayılovun, Yaşar İsgəndərovun, Vüsal Nadirovun və digərlərinin imzaladığı məktubda deyilir: "Hörmətli Prezident! Bəşəriyyətin koronavirusun törətdiyi problemlə üz-üzə dayandığı bir zamanda Siz əvəzolunmaz addımlar atdınız. Belə ki, Azərbaycanda vəziyyətin nəzarət altına alınması üçün vaxtında sosial izolyasiya tədbirləri ilə yanaşı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əmək haqqınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı verdiyiniz qərarlar bir daha göstərdi ki, Prezident öz xalqının daim yanındadır.
Cənab Prezident! Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, göstərdiyiniz diqqət və qayğıya görə biz - kəlbəcərli gənclər Sizə minnətdarlığımızı və sonsuz sevgimizi bildiririk. Allah Sizi və ailənizi qorusun! Bu çətin günlərdə ölkəmizi düşdüyü ağır vəziyyətdən az itkilərlə çıxaracağınıza inanırıq”.
"Azərbaycanın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır”
Xocalı əhalisinin bir hissəsi Göygöl rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik yeni qəsəbədə məskunlaşıb. Doğulduqları yurdları yerlə-yeksan olunduqdan sonra burada məskunlaşmış xocalılıların ömrünün ixtiyar çağlarını yaşayanlardan biri də Kosalar kəndində dünyaya göz açmış Kamran Məmmədovun ailəsidir. Xocalının işğalına kimi onun müdafiəsində dayananlardan biri kimi tanınan Kamran Məmmədov mərhum komandir Əlif Hacıyevin döyüş yoldaşlarından biridir. Dünyanı bürümüş koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınmasında dövlətin və hökumətin apardığı məqsədyönlü sosial siyasəti ürəkdən bəyəndiyini və hər kəsin tətbiq olunan karantin qayda-qanunlarına əməl etməyinin vacibliyini bildirən Kamran Məmmədov məktubunda yazır: "Cənab Prezident! Bu gün də Sizin xalqa, dövlətə hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Oğlum Aqil Məmmədov da həkimdir. Bu gün həkimlərimizin gecə-gündüzü yoxdur. Onlar xalqımızın sağlamlığı uğrunda özlərini hər an təhlükə ilə üz-üzə qoyurlar. Onların və eləcə də dövlət başçısının xalqımızı bu bəladan sağ-salamat qurtarması üçün fədakarlıqlarını görməmək nadanlıq olardı.
Hörmətli Prezident! Siz dövlət başçısı olandan həyatınız daim mübarizələrdə keçib. Ulu Öndər Heydər Əliyevin də həyatı sərt siyasi mübarizələrdə keçərək qranitləşmişdi. Azərbaycanımızın bu gün dünyada pandemiyaya qarşı mübarizədə ön sıralarda olması heç də təsadüfi deyil. Dünyada iqtisadiyyatına görə bizim dövlətdən də güclü, ölkələr var. Lakin onların istər qaçqınların yerləşdirilməsi, məskunlaşdırılması, istərsə də sosial həyat tərzinin bərpasında necə aciz qaldıqlarını gördük. Avropa qaçqınları qəbul edə bilmir, dəryalarda batırır, yaxud da onlar özləri səfalət içində aclıqdan məhv olurdular. Azərbaycan dövləti isə bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalmayaraq, hər cür sosial infrastrukturla təmin olunan 100-dən artıq yeni yaşayış məntəqələri tikərək onları məskunlaşdırdı. Həmçinin həyat şəraitimizin tam təminatı üçün lazım olanı dövlət bu gün də edir.
Möhtərəm cənab Prezident! Sizin bu günlərdə televiziya çıxışlarınızın birində qeyd etdiyiniz kimi, Azərbaycanımızın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır. Xaricdən ölkəmizə uzanan qara niyyətli əllər daxildə çaxnaşma salmağa çalışır, dövlət başçısının göstərdiyi inamlı mübarizəni görməməzliyə vurur, xalqımızı hakimiyyətə qarşı itaətsizliyə səsləyirlər. Bu, bir Azərbaycan vətəndaşı, xocalılı məcburi köçkün, nəhayət, ömrünün səksəninci fəslini yola salmış el ağsaqqalı olaraq məni hiddətləndirir! Bu gün bütün siyasi partiyalar ölkəmizdə bir araya gələrək dövlətin gördüyü tədbirləri alqışladığı halda nankorlar bundan da sui-istifadə etməyə çalışırlar”.
"Dünya xalqlarının həsədlə izlədiyi ölkəmizdəki müsbət nəticələr hər birimizi sevindirir”
Kamran Məmmədov məktubunda onu da qeyd edir ki, dünyada geniş yayılan koronavirus infeksiyası, təəssüf ki, Azərbaycanımızdan da yan keçmədi. Ən güclü ölkələr belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldı: "...Şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi: pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi. Xalqın rifahı və sağlamlığı üçün atdığınız mühüm addımlar artıq müsbət nəticəsini verməkdədir. Bu qayğınız üçün Sizə təşəkkür edirəm!”
Abşeron rayonundan Səlimə Rüstəmovanın məktubundan bəzi sətirlər: "Hörmətli cənab Prezident! Bir azərbaycanlı olaraq Sizə təşəkkür edirəm. Hazırda 200-dən çox ölkədə yayılmış koronavirusun bir çox dövlətlərdə qarşısının alınması çətinləşib. Belə bir vəziyyətdə Sizin operativ qərarlarınız və dövlətimizin göstərişləriniz əsasında gördüyü işlər sayəsində bu "gözəgörünməz ölüm”ə qarşı güclü mübarizə aparılır. Azərbaycanda yaşayan insanlara və xaricdə təhsil alan vətəndaşlarımıza olan qayğı və diqqətiniz üçün minnətdarıq. Biz Sizə inanırıq. Bir zaman Ulu Öndər Heydər Əliyev xalqımızı xilas etdiyi kimi, Siz də bizi Allahın izni ilə bu bəlalardan qoruyursuz. Bir gənc vətənpərvər olaraq Sizinlə qürur duyuruq”.
Azərbaycan Prezidentinə ünvanlanmış məktublardan birinin müəllifi Bakı şəhər Yasamal rayonunda yaşayan Şahin Əliyevdir. Özünü gənc vətənpərvər kimi təqdim edən məktub müəllifi yazır: "Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir dövrdə Sizin rəhbərliyinizlə hazırlanan xüsusi qabaqlayıcı tədbirlər planı xalqımızın bu pandemiyadan mümkün qədər az can itkisi vermək və rifah halının qorunması məqsədini daşıyır. Bu, artıq öz bəhrəsini verməkdədir. Çünki dünya xalqlarının həsədlə izlədiyi ölkəmizdəki müsbət nəticələr hər birimizi sevindirir”.
Məktubda daha sonra deyilir: "Güclü rəhbəri olan xalq heç zaman məğlub olmaz” misrası məhz Azərbaycan xalqına aiddir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir. Siz, cənab Prezidentimiz, bu çətin vəzifəni öz çiyinlərinizdə daşıyır, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını beynəlxalq tribunalardan tələb edirsiniz.
Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə təşəkkür edirik, dövlətimizin bundan sonra da çiçəklənməsi və inkişafı uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayırıq!”
"Bu, müdrik atanın öz övladları üçün etdiyi böyük fədakarlıqdır”
Bakı şəhərinin Yasamal rayonundan daha bir məktub
var. Mahirə Ələkbərova da gəncdir. Məktubunda
qeyd edir ki, şəxsən mən və ailəm adından, cənab
Prezident, Sizin bütün fəaliyyətinizi
alqışlayır və dəstəkləyirik. Sizin son vaxtlar gəncliyə göstərdiyiniz diqqət,
onların potensialından istifadəni ön plana
çıxarmağınız xalqımızın ürəyincədir:
"Axı gənclik enerji, pozitivlik simvolu və nümunəsidir.
Gələcəyin gənclərə əmanət
olması heç də təsadüfi deyilməyib. Bu gün gənclər dövlət və hakimiyyət
strukturlarında yetərincə təmsil olunur. Sizin xalqımız üçün etdiyiniz
şücaətləri hər zaman dəstəkləyirik.
Nəinki mən, bütün Azərbaycan xalqı, o cümlədən
də gənclik Sizin icra etdiyiniz və edəcəyiniz
işlərin dəyərini çox gözəl anlayır və
Sizə güvənir.
Hazırda
Yer kürəsini öz çənginə alan
COVID-19 virusu ilə bağlı ölkəmizdə hərtərəfli
mübarizə təbliğatı aparılır. Bu, hörmətli Prezident, Sizin uzaqgörən siyasətinizdir.
Əlbəttə, aparılan qabaqlayıcı tədbirlər
və xalqın Sizə inamı sayəsində, "Biz birlikdə
güclüyük” nidası altında bu pandemiyaya qalib gələcəyik.
Bir gənc olaraq iftixar və qürur hissi ilə demək
istəyirəm ki, cənab Prezident, müasir Azərbaycan gəncliyinin
formalaşması üçün həyata keçirdiyiniz
ardıcıl və sistemli tədbirlər nəticəsində
onlar hər bir sahədə inamla irəliləyir və
mühüm addımlar atırlar. Möhtərəm Prezident, uca Yaradan
Sizi, ailənizi və xalqımızı qorusun!”
"Mən Mərdanova Aytac Asəf qızı
oxuduğum Odlar Yurdu Universitetinin gəncləri,
özümün, dostlarımın, həmçinin də ailəmizin
adından, hörmətli Prezident, Sizə təşəkkürümü
bildirirəm”.
Bu
cümlələrlə başlayan məktubda daha sonra göstərilir
ki, Azərbaycanın inkişafı, xalqımızın həyat
səviyyəsinin daha da yaxşılaşması
üçün dövlət başçısının
apardığı uzaqgörən və strateji əhəmiyyət
daşıyan çevik, praqmatik siyasət gəncləri də
çox sevindirir: "Sizin biz gənclərə göstərdiyiniz
yüksək atalıq qayğısı hər birimizdən
daha böyük məsuliyyət tələb edir. Biz gənclər həmişə
çalışırıq ki, Sizdən öyrənək,
Sizin ətrafınızda daha sıx birləşək, bir
sözlə, Sizə və Azərbaycanımıza layiq olaq!
Cənab Prezident, həmişə Sizinləyik! Biz Sizin zirvələrə
ucaltdığınız Azərbaycan gəncləriyik!
Bu gün dünyanı saran koronavirus təhlükəsinin
ölkəmizdə yaradacağı ağır vəziyyətin
qarşısını almaq üçün necə
böyük işlər gördüyünüzü unutmaq
mümkün deyil. Bu, müdrik atanın öz
övladları üçün etdiyi böyük fədakarlıqdır.
Bu xalqa olan böyük rəhbər sevgisidir.
Allah Azərbaycan xalqını bu sevgidən məhrum etməsin!
Allah Sizi, gözəl ailənizi qorusun! Biz gənclər
Sizinləyik!”
İsmayıllı
rayonundan Amin Məmmədov məktubunda yazır: "Hörmətli
cənab Prezident! Mən bir gənc olaraq
çox şadam ki, respublikamıza Sizin kimi alicənab,
müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə son zamanlar ölkəmizdə
gənclərin aparıcı qüvvəyə çevrilməsi
istiqamətində iri addımlar atılır, vətənpərvər,
dövlətçiliyə bağlı, yüksək
intellektli və geniş dünyagörüşünə
malik gənc nəsil formalaşır. Biz
Sizə güvənir, Sizin gördüyünüz işlərin
dəyərini çox yaxşı bilir və ürəkdən
bəyənirik.
Son vaxtlar dünyada geniş yayılmış COVID-19
pandemiyası əfsus ki, Azərbaycanda da yayılmağa
başlayıb. Ölkəmizdə Sizin diqqətiniz və
rəhbərliyiniz altında bu pandemiyanın geniş
yayılmasının qarşısının alınması məqsədilə
dövlət tərəfindən atılan sistemli addımlar
göz önündədir. Biz xalq olaraq bu
çətinliyin öhdəsindən birgə gələcəyimizə
inanırıq. Vətəndaşların
sağlamlığını düşünərək
qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə
uyğun lazımi addımların atılması, insanların
sosial müdafiəsinin bütövlükdə təmin
olunması istiqamətində gördüyünüz
bütün işlərə görə İsmayıllı gəncləri
adından Sizə təşəkkür edir, bu məsuliyyətli
və şərəfli fəaliyyətinizdə uğurlar
arzulayırıq. Allah Sizin və ailənizin
timsalında bütün Azərbaycan xalqını qorusun,
amin!”
Azərbaycan
Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqının sədri, professor Habil
Qurbanovdan gələn məktubda deyilir: "Əziz
Prezidentimiz, xalqımızın dünyanı bürüyən
koronavirus bəlasından xilas olması üçün
göstərdiyiniz səylər, verdiyiniz
tapşırıqlar, vətəndaşlara infeksiyadanqorunmaqla
bağlı etdiyiniz müraciətlər bizi çox
sevindirir. Koronavirusdan əziyyət çəkən
ölkələrin əksəriyyətindən fərqli
olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta
yeni sosial layihələrin icrası bir daha
respublikamızın iqtisadi və maliyyə dayanıqlığının
sübutudur”.
Məktubda
daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqı kollektivinin koronavirus (COVID-19) pandemiyası ilə
mübarizədə xalqın qayğısına bu qədər
qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının
saxlanılması, işsiz kimi qeydiyyata alınmış
şəxslərə 190 manat məbləğində vəsaitin
ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi,
kommunal ödənişlərdə güzəştlərin nəzərdə
tutulması, digər sosial müdafiə üzrə ciddi
addımların atılması barədə Prezident İlham
Əliyevin qətiyyətli tapşırıqlarının dəstəkləndiyi
bildirilir, dövlət başçısının ətrafında
daha sıx birləşərək bu bəladan xilas
olunacağı qeyd edilir. Əminliklə o da
vurğulanır ki, müdrik və uzaqgörən siyasət,
xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla
çıxaraq dövlətimizin qüdrətini dünyaya bir
daha sübut edəcəyik.
Koronavirus
pandemiyasının ölkə iqtisadiyyatına təsirinin
azaldılması üçün dövlət
başçısının tapşırıqlarına əsasən
çalışdığı müəssisəyə olunan
maddi yardıma görə dərin minnətdarlığını
bildirən "AzərGeoMaş” Elmi İstehsalat Müəssisəsinin
kollektivi adından Əli Əliyev yazır: "20 ildən
çox fəaliyyətimiz dövründə əvvəlcə
Ulu Öndər Heydər Əliyevin, daha sonra möhtərəm
Prezident, Sizin sahibkarlara göstərdiyiniz qayğı və
diqqəti hər zaman hiss etmişik. İqtisadiyyatımızın
belə çətin günlərində bizi
unutmadığınıza görə Sizə minnətdarıq”.
"Şükürlər
olsun: yoluxanlar az, sağalanlar isə
gündən-günə artmaqdadır”
Azərbaycan Prezidentinin ünvanına təşəkkür
məktubu yazan Samir İsmayılov Bakı şəhər
Sabunçu rayonunun Maştağa qəsəbəsinin
sakinidir. O, səmimi
salamlarını çatdırmaqla yanaşı, qeyd edir ki,
koronavirus pandemiyası 200-dən artıq ölkəni öz
çənginə almış və bu bəla bizim ölkədən
də yan keçməmişdir: "Ancaq çox sevindirici
haldır ki, koronavirus pandemiyası respublikada ciddi yoluxmaya və
çoxsaylı insan tələfatına səbəb
olmamışdır. Bu da məhz ölkəmizdə
qabaqlayıcı tədbirlərin görülməsi ilə
bağlı aidiyyəti orqanlara verilən
tapşırıqlar və bununla bağlı xüsusi karantin
rejiminin tətbiq olunması ilə əlaqədardır.
Hörmətli Prezident! Ölkəmizdə
koronavirusun geniş yayılma sürətinin
qarşısının alınması bizi çox sevindirir.
Siz daim Azərbaycan xalqının yanında
olmusunuz. Bu çətin günlərdə
də xalqımız bir daha bunun şahidi oldu. Mən də öz növbəmdə Sizə dərin
minnətdarlığımı bildirirəm və birliyimizin
daha da möhkəm olmasını diləyirəm”.
Balacayev
İsmayıl Mustafa oğlu, İsmayılova Aişənur
Rafiq qızı, Cəmilova Sevda Əşrəf qızı,
Əsədullayev Zaur Ələddin oğlunun
imzaladığı məktub Şəki şəhərindən
gəlib. Məktubda qeyd edilir: "Möhtərəm Prezident,
xalqımıza, millətimizə daim göstərdiyiniz isti
münasibət və qayğıya görə Sizə minnətdarlıq
etməyi özümüzə borc bilirik…Görünməyən
təhlükəli düşmənlə mübarizədə
atdığınız addımlar xalqımızı çox
məmnun edir. Böyük ölkələrin
bacara bilmədiyi işlərin öhdəsindən Azərbaycan
Sizin sayənizdə məharətlə gəldi. Bu çətin günlərdə atılan qətiyyətli
addımlar nəticəsində, çox şükürlər
olsun ki, itkilərimiz minimum səviyyədədir. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə görülən tədbirlər də xüsusi
alqışlara layiqdir. Həssas qrupa aid
olan xəstələr üçün qanvermə
aksiyasını çox müsbət
qarşılayırıq.
Cənab
Prezident, bu ağır günlərdə işləməyən
insanlara birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiqdir.
Onların sayının 600 min nəfərə
çatdırılması isə Sizin
humanist addımlarınızdan biridir. Allah Sizdən
razı olsun. Bir vətəndaş olaraq
daim Sizi dəstəkləyirik. Allah Sizi və
gözəl ailənizi qorusun”.
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
pandemiya elan olunmuş, hazırda həyatımıza təsir
edən koronavirus bu gün bütün ölkələri
bürüyüb”.
Bu fikirlər Azərbaycan Prezidentinə ünvanlanan
çoxminli oxucu-vətəndaş məktublarından
götürülən həyəcan dolu sətirlərdəndir. Həyat şəraitinə
və inkişaf səviyyəsinə görə qabaqcıl
hesab edilən ölkələrdə virusa yoluxanların və
xəstəlikdən həyatını itirənlərin
sayının artması hər gün müşahidə
olunduğu halda bizdə isə tamamilə əksinədir:
yoluxanlar az, sağalanlar, həyata
qaytarılanlarımız isə gündən-günə
artmaqdadır.
Azərbaycanın
isə iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə
yürütdüyü düzgün və məqsədyönlü
siyasət, Ümummilli Lider Heydər Əliyev ideyalarından bəhrələnən
idarəçilik təcrübəsi, xalqımızın hər
bir təbəqəsinə göstərilən sistemli və
ardıcıl diqqət və qayğı nəticəsində
biz bu bəladan, inşallah, az itkilərlə
çıxmağı bacaracağıq. Bu, əlbəttə,
təqdirəlayiqdir, dövlət
başçısının xalqa olan məhəbbəti və
sevgisinin parlaq təzahürüdür.
Prezident-xalq
birliyinin təcəssümü
Bakı şəhərindən dövlət
başçısına ürək sözlərini yazan
Hüseyn Əlixanovun məktubunda hər cümlə səmimiyyətdən
soraq verir. Bu da xalq-iqtidar vəhdətinin nümunəsidir.
Məktub müəllifi yazır: "Dünyanın bir
parçası olaraq, ölkəmizin bu bəlanı
yaşadığı ilkin dövrdə
gördüyünüz təxirəsalınmaz təsirli tədbirlər,
cənab Prezident, öz nəticəsini verməkdədir.
Heç də təsadüfi deyil ki, insanların həyat və
rifahının Sizin üçün ən
önəmli olduğu barədə
çıxışlarınızda dəfələrlə
etdiyiniz qeydlər reallıqla üst-üstə
düşür. Vaxtında verdiyiniz göstərişlər
və qəbul etdiyiniz qərarlar sayəsində
xalqımız bəzi Avropa ölkələrinin
qarşılaşdığı faciəvi halla üzləşmədi.
Qonşu
ölkələrlə sərhədlərdə gediş-gəlişin
maksimum dərəcədə məhdudlaşdırılması,
xarici ölkələrdən vətənə qayıtmaq istəyən
vətəndaşlarımızın xüsusi reyslərlə
sistemli və ardıcıllıqla daşınmasının təmin
olunması, minlərlə şəxsin karantində saxlanmaqla
testdən keçirilməsi, Azərbaycanın bütün
şəhər və rayonlarında xüsusi karantin rejiminin tətbiqi,
hər kəs tərəfindən bu qaydalara riayət
olunmasına ciddi nəzarətin təşkili, yoluxmaya meyilli
risk qrupuna aid insanlara, o cümlədən tək yaşayan
yaşlılara fərdi qaydada zəruri xidmətlər və
yardımların göstərilməsi, küçələrin,
eləcə də fəaliyyəti zəruri hesab edilən idarə,
müəssisə və təşkilatların yerləşdiyi
binaların dezinfeksiya olunması və çoxsaylı digər
tədbirlər virusdan yoluxma hallarının artmasının
qarşısını aldı”.
Məktubun diqqətçəkən məqamı: "Virusun ən çox yayıldığı ölkələrin bayraqlarının həmrəylik simvolu olaraq Heydər Əliyev Mərkəzinin binasının üzərində möhtəşəm formatda nümayiş olunması Sizlərin simasında Azərbaycan xalqının bütün dünya ilə həmrəyliyinin təcəssümüdür. Xalqımızın Sizin "Biz birlikdə güclüyük!” çağırışınıza qoşulması alqışa layiqdir.
Möhtərəm cənab Prezident, Sizin dərin məzmunlu çıxışlarınız və tövsiyələriniz xalqımızın əhvali-ruhiyyəsini yüksəklərə qaldırır, koronavirus deyilən bu bəlaya qısa müddətdə qalib gələcəyimizə zəmin yaradır. Ailəmiz adından Sizə dərin minnətdarlığımızı ifadə etməklə, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik. Biz Sizinlə "birlikdə güclüyük!”
Bəli, məktublardan da görünür ki, bu çətin günlərdə hər birimizin sağlamlığının qorunması üçün bütün zəruri tədbirləri reallaşdıran dövlət başçısının, öz həyatlarını risk altında qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çalışan fədakar həkimlərimizin, eləcə də hələ özlərinə və özgələrinə laqeyd qalaraq küçələrdə maskasız və əlcəksiz gəzən və haqlı olaraq cərimələnən yaşlı, qoca və cavanlara vəziyyətin ciddiliyini aşılayarkən belə təhqir və təhdidlərə məruz qalan polislərimizin fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir!
Karantindəki şəxslərin saxlanma şəraitinin yüksək səviyyədə olması bir qədər də optimistliyə stimul verir. Xaricdə olan tələbələrimizin, müəyyən səbəblərdən orada qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, onlara diqqət və qayğı birbaşa Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adı ilə bağlıdır.
Nəhayət,
Prezident-xalq birliyinin təcəssümü bu gün
özünü daha qabarıq şəkildə koronavirus
pandemiyasının ölkəmizdə geniş
yayılmasının qarşısının
alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi
ilə bağlı vətəndaşların dövlət
başçısına ünvanladığı ürək
sözlərindən ibarət məktublarda da öz əksini
tapır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 26 aprel.- S.1-2.