Mehriban
ƏLİYEVA: “Bu qələbə
mütləq baş tutacaq!”
Respublikamızda koronavirusla mübarizə sahəsində diqqətimizi çəkən əsas məsələlərdən biri ölkə rəhbərliyinin problemin həllində nümayiş etdirdiyi olduqca prinsipial və nümunəvi mövqedir. İlham Əliyevin son aylardakı fəaliyyətinə diqqət yetirsək, dövlət başçısının öz fəaliyyətini virusun Azərbaycanda yayılmasının qarşısının alınmasına və problemin sosial-iqtisadi sferaya təsirlərinin aradan qaldırılmasına yönəltdiyini görərik.
Bəli, Prezident İlham Əliyevin ilk gündən nəzarətində saxladığı bu problemlə əlaqədar vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi tədbirlər dövlət başçısının problemi kompleks şəkildə diqqət mərkəzində saxladığını göstərir. Azərbaycan ictimaiyyəti əmindir ki, xalqımız İlham Əliyevin rəhbərliyi ilə bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq.
"Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun!”
Eyni zamanda Azərbaycan ictimaiyyəti bu çətin günlərdə əsl vətəndaşlıq təəssübündən çıxış edən Birinci vitse-prezident Mehriban Əliyevanın problemə olduqca həssas münasibətini müşahidə etməkdədir. Bunu Mehriban Əliyevanın son dövrlərdə koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciəti, eləcə də rəsmi "Instagram” səhifəsində etdiyi paylaşımlar təsdiq edir.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva ilk dəfə martın 18-də koronavirus infeksiyası ilə bağlı xalqa müraciət edib.
Müraciətində bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıran Mehriban Əliyeva eyni zamanda hər kəsi böyükləri qorumağa səsləyib: "Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”.
Eyni
zamanda Mehriban Əliyeva müdrik xalqımızın ən
gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və
mərdlik, mərhəmət və şəfqət, inam və
məhəbbət sayəsində birlikdə bu ciddi
çağırışın öhdəsindən gələcəyinə
əmin olduğunu bildirib.
"Həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik”
Bu günlərdə ən böyük missiyanı isə həkimlərimiz yerinə yetirdilər. Məhz onların fədakarlığı, öz peşə borclarını layiqincə yerinə yetirmələrinin nəticəsi olaraq virusun Azərbaycanda geniş yayılmasına imkan verilmədi. Həmçinin yüzlərlə insan məhz həkimlərimizin sayəsində sağalaraq normal həyata qovuşdu. Son günlərdə xəstəlikdən sağalanların sayının yoluxanlara nisbətən üstünlük təşkil etməsi məhz həkimlərimizin əməyinin nəticəsidir.
Rəsmi "Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edən Birinci vitse-prezident Mehriban Əliyeva yazıb: "Ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.
Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin - təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər”.
Fədakarlıqlarına, əməklərinə, hər gün nümayiş etdirdikləri qəhrəmanlığa görə həkimlərin hər birinə dərin minnətdarlığını çatdıran Mehriban Əliyeva əmin olduğunu bildirib ki, onlar bu qorxunc epidemiyanın qarşısının alınması üçün əllərindən gələni edirlər və bundan sonra da edəcəklər.
"Bir
insanın laqeydliyi onlarca günahsız insanın
ölümünə gətirib çıxara bilər”
Təcrübə göstərir ki, koronavirusa yoluxmamağın ən yaxşı yolu evdə qalmaqdır. Təsadüfi deyil ki, Azərbaycanda virusun göründüyü ilk vaxtdan sosial izolyasiya tədbirlərinə start verildi. Martın əvvəllərindən ölkədə bütün orta və ali məktəblər, uşaq bağçaları bağlanıldı. Daha sonra respublikamızda əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsi tədricən daha da genişləndirildi, ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyəti tamamilə dayandırıldı.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə aprelin 5-dən əlavə tədbirlərə start verildi. Bu tədbirlərə əsasən koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olundu.
Bütün bu addımları atarkən qarşıda duran yeganə məqsəd vətəndaşların sağlamlığı oldu. Nəticə etibarilə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə və virusun geniş yayılmasının qarşısını almağa imkan verdi.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə də bağlı paylaşım edib. Bu paylaşımda "Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminə əməl edir və hamı sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatı qaçılmaz olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarca günahsız insanın ölümünə gətirib çıxara bilər” yazan Mehriban Əliyeva hər kəsi dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq başa düşməyə və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırdı. "Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək taleyin hökmü ilə üzləşdiyimiz qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün hər kəsi qoruya bilərik”, - deyə Mehriban Əliyeva bildirirdi.
Məhz ölkəmizdə həyata keçirilən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin və vətəndaşların ölkə rəhbərliyinin çağırışlarına səs verərək məsuliyyət nümayiş etdirmələrinin nəticəsidir ki, Azərbaycan koronavirus təhlükəsini dəf etməkdədir. Dövlətimizin koronavirus üzərində qələbəsinə isə lap az qaldı. Mehriban Əliyevanın qeyd etdiyi kimi, "Bu qələbə mütləq baş tutacaq!”
Reallıq da göstərir ki, başqa dövlətlərdəki ağır vəziyyətin Azərbaycanda təkrarlanması mümkün deyil. Çünki ölkəmiz koronavirusu kifayət qədər hazırlıqlı qarşıladığı üçün onun geniş ayaq açmasına imkan vermədi.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 26 aprel.- S.3.